10 Oktyabr 2025 08:30
1667
Mədəniyyət
A- A+
Ürəklərdə əbədi yaşayan ziyalı, nəcib insan

Ürəklərdə əbədi yaşayan ziyalı, nəcib insan


Biz hər zaman Azərbaycan elmini, onun  ayrı-ayrı sahələrini öz fəaliyyətləri ilə daha da  zənginləşdirən qadınlarımızın adlarını böyük  qürur hissi ilə çəkirik. Xalqın milli sərvəti hesab olunan belə ziyalı qadınlar arasında görkəmli şərqşünas alim, pedaqoq və ictimai xadim Aida  İmanquliyevanın öz yeri var. Azərbaycan elmini Şərq dünyasında tanıdan böyük ziyalı, ədəbi fikir tariximizin istedadlı nümayəndəsi Aida xanım İmanquliyeva şəxsiyyətinə ehtiram oyadan başlıca amil onun  daxili dünyasının gözəlliyi, mənəvi zənginliyi olmuşdur. 

O, daxilən də, zahirən də gözəl idi. Bu daxili gözəlliyi, nəcibliyi  ona verən isə doğulub tərbiyə aldığı ailə, böyüdüyü mühit idi. Orta məktəbi qızıl medalla, universiteti fərqlənmə diplomu ilə bitirib şərqşünas olan Aida xanım ilk müsəlman qadın şərqşünas alim kimi bütün Şərq dünyasında tanınmışdır. 

Aida xanım vətənpərvər ziyalı kimi qələmə aldığı hər bir əsərində özünün vətəndaş mövqeyindən çıxış edir, vətəninə, xalqına müqəddəs münasibətini sübut edirdi. Onun hər bir əsəri böyük cəsarətlə insanları daxili azadlığa, mənəvi kamilliyə səsləyir. 

Zərif çiyinlərinə belə ağır bir yük götürmüş Aida xanım bütün elmi yaradıcılığı boyu yalnız öz ağlının gücünə arxalanıb, pillə-pillə, addım-addım ucalmışdır. Novator alimin istər tədqiqat əsərləri, istər tərcümələri ədəbiyyat xəzinəmizin parlaq nümunələridir. Həcmindən asılı olmayaraq, bütün yaradıcılıq nümunələri, hətta elmi konfrans və simpoziumlardakı dərin mənalı və dolğun məzmunlu çıxışları onun böyük söz sahibi və kamil şəxsiyyət olduğunu bir daha təsdiq edirdi.

Bu gün ölkəmizdə mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Onun elmi əsərləri şərqşünaslıq tariximizin inciləri hesab olunur. Aida xanım İmanquliyevanın Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə yüzlərlə kitab və monoqrafiya, tərcümə və elmi məqalə toplusu nəşr olunmuşdur. O, ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında böyük xidmət göstərmiş, yaradıcı fəaliyyətinin hər bir istiqaməti ilə qədim Şərqə tükənməz sevgisini sübut etmişdir. Məhz bu baxımdan Aida İmanquliyevanın yaradıcılığı çox dəyərlidir. Digər tərəfdən Aida İmanquliyevanın araşdırmaları  gender stereotiplərinin, qadına qarşı diskriminasiya hallarının qarşısının alınması, ailədə və cəmiyyətdə qadın hüquqlarının qorunması  istiqamətində tədqiqatlar aramaq üçün qiymətli bir vəsaitdir.  O, qadın hüququ, qadın azadlığı, cəmiyyətdə kişi-qadın bərabərliyi  məsələlərinə toxunur, Şərq və Qərb mətnində paralellər aparmaqla qadının məruz qaldığı mənəvi-ideoloji problemlərin həllini  təhlil edirdi. 

Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlayıb. Akademik Ziya Bünyadov görkəmli şərqşünasın elmi-pedaqoji fəaliyyətinin bu cəhətini xüsusi vurğulayıb. O qeyd edirdi ki, Aida xanım həmişə dərin elmi biliyini gənc alim və aspirantlarla bölüşür, əlindən gələn köməyi onlardan əsirgəmirdi. Onu tanıyanlar Aida xanımın böyük zəhmətkeş və özünə qarşı həddindən ziyadə tələbkar bir alim olduğunu yaxşı bilirdilər. AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Zakir Məmmədov vaxtilə öz tələbə yoldaşı haqqında bu fikirləri bildirmişdir ki, Aida İmanquliyeva tədqiqatında ana yurdundan mühacirət edən, əksəriyyəti Amerikada məskunlaşan, öz dilini, mədəniyyətini qorumağa və təbliğ etməyə çalışan ərəb ziyalılarının həyatını, fəaliyyətini işıqlandırıb: "Ərəb xalqının odövrkü ictimai-siyasi cəhətdən ağır məhrumiyyətlərə məruz qalmasını, cəhalətdən yaranmış faciələri və itkiləri ürək ağrısı ilə qələmə alan bu ziyalıların fəaliyyəti onun 3 monoqrafiyası ilə, məqalələrində dolğun şəkildə öz ifadəsini tapmışdır".

O, çoxsaylı elmi əsərlərində (3 monoqrafiya, 70-dən çox elmi məqalədə) Şərq və Qərb ədəbi-mədəni əlaqələri, ərəb ədəbiyyatında mövcud olan mühacir (məhcər) ədəbiyyatının inkişaf tarixi, ədəbi prosesdə baş verən janr, forma, metod təkamülünü analitik təfəkkür prizmasından keçirərək təhlil edib. Aida xanım tədqiqatları davam etdirərək dünya ərəbşünaslığında ilk dəfə olaraq ərəb-Amerika, Qərbi Avropa və rus ədəbi əlaqələrinə toxunur, dünya ədəbiyyatının müxtəlif ədəbi cərəyan və üslublarının yeni ərəb ədəbiyyatına təsirini müəyyənləşdirir. O, aktiv bir vətəndaş-alim, elmi ictimaiyyətin hörmətini qazanmış nüfuzlu elm xadimi idi. Keçmiş SSRİ-də Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü idi. Azərbaycan şərqşünaslar məktəbinin nümayəndəsi kimi, Moskvada, Kiyevdə, Sankt-Peterburqda, Poltavada, Hamburqda, Düşənbədə, Tbilisidə və başqa şəhərlərdə keçirilən elmi konqreslərdə, simpoziumlarda, sessiyalarda məruzələr etmişdir.

Aida İmanquliyevanın elmi yaradıcılığı ilə yaxından tanış olduqda onun  Qərb-Şərq mədəniyyətlərini, ümumiyyətlə, dünyada mövcüd olan fəlsəfi, ədəbi, ictimai-siyasi fikir sistemlərini, ideya axınlarını, onların mənşə və mahiyyətini, tətbiq səviyyələrini çox dərindən bildiyi məlum olur. Alimin elmi fəaliyyətinə və ərəb xalqları ilə, Şərq-Qərb elmi əlaqələrinin genişlənməsi, həmçinin digər mədəni əlaqələrin inkişafı yolundakı fəaliyyətinə  dövrünün ən məşhur alimləri Ziya Bünyadov, İosif Bradinski, Anna Dolinina, Valeriya Kripçenko, Rüstəm Əliyev kimi dünyaşöhrətli şərqşünaslar yüksək qiymət vermişlər.

Aida İmanquliyeva elmin zirvəsini fəth edincə uzun və şərəfli bir yol keçmişdi. Mənsub olduğu nəslin nüfuzundan əsla istifadə etməyərək bu yolu öz əməyi ilə qət etmişdi. Bu gün onun şərqşünaslıq elmi üçün yetişdirdiyi onlarca tələbəsi və saysız-hesabsız xeyirxah əməlləri yadigar qalır. Ərəb məhcər ədəbiyyatının, bu ədəbiyyatın Cübran Xəlil Cübran, Mixail Nuaymə, Əmin ər-Reyhani, İlya Əbu Mazi kimi görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr etdiyi tədqiqatlar öz orijinallığını, zənginliyini, nəzəri dərinliyini, konseptuallığını daim qoruyub saxlayan, buna görə də mütəxəssislərin stolüstü kitablarına çevrilmiş əsərlərdir. Cəsarətlə demək olar ki, Aida xanım bu gün ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli, ən sanballı tədqiqatçısıdır. Bunu nəinki Azərbaycan və əski sovet ərəbşünasları, hətta Avropa şərqşünasları və ərəblərin özləri belə etiraf edirlər.

Məhcər ədəbiyyatının əsas xüsusiyyətləri, onun çoxəsrlik zəngin ərəb ədəbiyyatı ilə oxşar və fərqli cəhətləri, Qərb və rus ədəbiyyatları ilə əlaqələri, bütövlükdə ərəb ədəbiyyatına gətirdiyi yeniliklər, müasir ərəb ədəbiyyatı üçün açdığı üfüqlər və digər ümdə məsələlər Şərq-Qərb sintezində öz doğru-düzgün elmi həllini məhz Aida İmanquliyevanın çoxsaylı fundamental tədqiqatlarında tapmış, onun gəldiyi nəticələr beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək nüfuzlu elmi fikirlər kimi qəbul edilmişdir.

Xalq şairi Bəxtiyar Vahabzadə də xatirələrində Aida İmanquliyevanın elmi fəaliyyətini yüksək qiymətləndirib: "Mən Aida xanımla əsərləri vasitəsilə tanış olmuşam. Onun yaradıcılıq yolunu səhifələyərkən gözümüzün önündə sistemli, problemin məntiqi konturlarını aydın sezən, elmi təfəkkürü ilə bədii təfəkkürü harmoniya təşkil edən mədəni-intellektual qadın obrazı canlanır. Bu yüksək intellektə, mənəvi-əxlaqi kamilliyə malik, erudisiyalı, yaradıcı Azərbaycan xanımı həm də mənəviyyat simvolu idi. Daxili aləminin zənginliyi, zəkasının itiliyi və zahiri gözəlliyi tam harmoniya təşkil edirdi".

Xalq yazıçısı Elçinin Aida xanım haqqında söylədiyi fikirlər öz müdrikliyi ilə seçilir: "Elə insanlar var ki, haqq dünyasına köçərkən elə bil hərarətlərini, təbəssümlərini, qayğılarını bu dünyada qoyub gedirlər, bəlkə də o hərarəti, təbəssümü, o qayğını, sadəcə olaraq, özləri ilə apara bilmirlər, çünki yaxınlarını, əzizlərini bu dünyada qoyub gediblər və heç olmasa yaxınları, əzizləri o hərarətdə azacıq da olsa, qızınsınlar, o təbəssüm onların içində tamam boş qalmış yaralı yerə azacıq bir işıq saçsın, o qayğı yüngül bir meh kimi həmişə onların üstündən ötsün. Mənə elə gəlir ki, Aida İmanquliyeva da haqq dünyasına vaxtsız köçüb getmiş o insanlardan biri idi və mən başa düşürəm, olsun ki, bu hissiyyatda bir mistika var, amma mistika nədir - hissiyyatın ifadəsi deyilmi?" 

Tanınmış alim Vasim Məmmədəliyev isə onun zəngin elmi fəaliyyəti ilə yanaşı, insani keyfiyyətlərini önə çəkərək qeyd edirdi:  "Aida xanım gözəl həyat yoldaşı, mehriban ana, qayğıkeş nənə, vəfalı dost, olduqca zərif bir qadın idi. Yüksək vəzifələr, elmi titullar, ictimai həyatda fəallıq onu bu ümdə insani keyfiyyətlərdən əsla məhrum edə bilməmişdi. Allah-təala Aidanı xoş saatında yaratmış, bir qadın kimi ona hər bir gözəlliyi vermişdi. Şahanə gözəllik, qədd-qamət, zəriflik, yüksək zəka, əməksevərlik, mehribanlıq, qayğıkeşlik, həssaslıq, dostcanlılıq, səmimiyyət, həlimlik, şirin dil, əliaçıqlıq, yüksək əxlaq - bütün bunlar Aida xanıma xas olan keyfiyyətlərin natamam siyahısıdır. Söz yox ki, milli jurnalistikamızın patriarxlarından olan Nəsir İmanquliyev kimi bir ziyalının evində dünyaya göz açmış, Mir Cəlal Paşayev kimi məşhur yazıçının, alimin və pedaqoqun ailəsinə gəlin gəlmiş, taleyini, ömrünü akademik Arif Paşayev kimi gözəl bir insanla, dünyaşöhrətli alimlə, səmimi bir dostla bağlamış Aida xanım elə bu cür də olmalı idi. Aida evinin əsl xanımı idi. Ona səliqə-sahmanından qalmayan yüksəkzövqlü xanımlıq da, önlük taxıb ev işlərində çalışmaq, mətbəxdə yemək hazırlamaq da çox gözəl yaraşırdı. Əli duzlu, özü də cəld idi. Beş dəqiqənin içində gözəl süfrə açar, bişirdiyi yeməkləri səliqə ilə onun üstünə düzər, arada nəvələrinə qulluq göstərər, telefona cavab verər, şirin zarafatlarından da qalmazdı. Mən onun bu qədər işi eyni vaxtda tez görə bilməsinə sözün həqiqi mənasında təəccüb edərdim. Aida İmanquliyeva həddindən artıq əli-açıq adam idi. Mən onun neçə-neçə kasıb tələbəyə əl tutduğunun, neçə-neçə xəstəyə tapılmayan dərmanlar tapdığının, bununla da onları ağır dərddən xilas etdiyinin şahidiyəm".

Bu böyük insanın çoxşaxəli, zəngin  irsi təkcə onun yaradıcılığına aid olmayıb, eyni zamanda həm də ailəsinin, övladlarının varlığında yaşayır. Gündəlik gərgin iş rejimi Aida xanımı xanımlıqdan məhrum edə bilməmişdi. O, hər şeydən əvvəl öz ailəsini, həyat yoldaşını çox sevən gözəl qadın, qayğıkeş bir ana idi. Aida xanım sevimli qızları Nərgizin və Mehribanın təlim-tərbiyəsi ilə çox ciddi məşğul olardı. Aida xanım elmi-inzibati işlərlə həddindən çox yüklənməsinə baxmayaraq, sevimli nəvələrini bir an unutmaz, onların qayğısını və nazını çəkərdi. Azərbaycanın böyük ziyalılarından biri, ölkəmizdə ilk Milli Aviasiya Akademiyasının yaradıcısı, akademik, hörmətli Arif Paşayevlə bərabər böyütdüyü qızları M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz xanım Paşayeva və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva  bu gün vətənpərvər və xeyirxah ziyalılar kimi mənsub olduqları nəslin gözəl ənənələrini yaşadaraq Azərbaycanın ictimai-siyasi həyatında xüsusi fəaliyyətləri ilə fərqlənirlər. Bu ailə üzvlərinin gözəl xüsusiyyətlərindən biri də onların özlərinə və ətraflarındakı insanlara ciddi tələbkarlıqla, yüksək meyarlarla yanaşmaları,  hər bir işdə peşəkarlıq nümunəsi  göstərmələri, mənəvi harmoniyaya nail olmalarıdır. Aida xanımın böyük qızı Nərgiz Paşayevanın anası haqqında dediyi fikir bir övladın yaşadığı ağır itkinin acısı və bir alimin digər alimin şəxsiyyətinə verdiyi dəyərdir. Nərgiz xanım deyir: "O, (yəni Aida xanım) göründüyü kimi olmağı bacaran və olduğu kimi görünməyi bacaran insanlardan idi. Əfsuslar olsun ki, ömür vəfa etmədi və o, indi aramızda yoxdur. Əlbəttə, o, bizim ailəmizin və başımızın tacı olub. O, bizim ürəyimizin məlhəmi olub. Onun yoxluğu zaman kəsiyində həsrəti azaltmayıb. Çünki Anaya olan həsrəti heç bir zaman azalda bilməz. Yaxşı dosta olan həsrəti heç bir uzun zaman azalda bilməz. Sevimli insana olan həsrəti ən böyük zaman azalda bilməz". Mehriban  xanım Əliyeva isə Aida xanımın onun bir şəxsiyyət kimi yetişməsində, kamilləşməsində rolundan bəhs edərək, bildirib: "Məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar və intizamlı münasibəti mənə anam - nəcib, parlaq, prinsipial, istedadlı, məğrur, son dərəcə gözəl bir xanım olan Aida İmanquliyeva aşılayıb. Hər bir ədalətsizliyə qarşı barışmaz mövqedə dayanan, işinə, elmə və pedaqoji fəaliyyətə hədsiz sədaqətli olan anam öz qısa həyatında inanılmaz zirvələri fəth etdi. O, müasir ərəb ədəbiyyatının tədqiqi sahəsində öz yeni elmi məktəbini yaratdı, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru oldu. Anam dünyaşöhrətli alim idi, onun əsərləri bu gün də elmi dairələrdə yüksək qiymətləndirilir. Lakin bununla yanaşı, o, hər zaman adı böyük hərflərlə yazılan əsl Qadın olaraq qalırdı. Onun böyük sevən ürəyi, incə və səxavətli qəlbi var idi".

Onu da deməliyik ki, bu gün Aida xanımın arzu və əməlləri Nərgiz xanım Paşayevanın, xüsusilə Mehriban xanım Əliyevanın timsalında  əzmlə davam etdirilir. Bu gün biz fəxrlə deyə bilərik ki, Aida xanım İmanquliyevanın ailə ənənələri onun nəcabətli övladlarının, nəvələrinin timsalında yaşayır və nəsildən-nəslə keçərək əbədilik qazanır.

Aida İmanquliyeva həyatın bütün sınaqlarından şərəflə çıxmış məhz belə bir insan idi. Ədəbiyyatçı, şərqşünas alim, tərcüməçi, ən əsası isə xeyirxah insan. Onun  həyatdan vaxtsız gedişi hamı üçün gözlənilməz oldu, lakin zaman göstərdi ki, böyük alim və insan zamanı qabaqlayıb özünəməxsus ideyaya  və onu ifadə etmək qabiliyyətinə, elmi düşüncəsinə görə yeni əsrin adamı ola bilir və yaddaşlarda əbədi yaşayır. 


Hicran HÜSEYNOVA,   

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İqlim diplomatiyasının Azərbaycan zirvəsi: COP29

14:24
11 Noyabr

Başqalarına kömək etmək beyin qocalmasını ləngidir – TƏDQİQAT

11:07
11 Noyabr

COP30-un ilk günündə uşaqlar və gənclər iqlim müzakirələrinin mərkəzində oldular

10:31
11 Noyabr

COP29 Sədri estafeti COP30 Sədrliyinə ötürərək ölkələri əvvəlki vədləri yerinə yetirməyə çağırıb  

10:06
11 Noyabr

Tramp: Sabit və uğurlu Suriya region ölkələri üçün çox vacibdir  

10:04
11 Noyabr

Misirli alim yutub kanalında Azərbaycan Milli Xalça Muzeyi haqqında danışıb

01:28
11 Noyabr

Azərbaycan üzgüçüsü İslamiadada gümüş medal qazanıb

23:18
10 Noyabr

Ağ Ev administrasiyası hökumətin yenidən açılması planını dəstəkləyib

23:16
10 Noyabr

VII İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib

23:04
10 Noyabr

Türkiyəli ekspert: Azərbaycanın Zəfəri regionda yeni bir mərhələnin başlanğıcı oldu  

22:11
10 Noyabr

ABŞ-Mərkəzi Asiya dialoqunda Azərbaycanın rolu yüksək qiymətləndirilir 

21:05
10 Noyabr

Çingiz Hüseynzadə: İnanıram ki, İslamiadada medal sayı daha çox olacaq

20:17
10 Noyabr

İslamiada: Azərbaycanın cüdo yığması komanda yarışının qalibi olub  

20:16
10 Noyabr

Pekində Azərbaycan-Çin münasibətlərinə dair elmi konfrans keçirilib  

20:15
10 Noyabr

Muxtar Babayev: Bakıdan Belenə gedən yol qlobal həmrəyliyin və etimadın bərpasının rəmzinə çevrildi  

20:13
10 Noyabr

Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur  

20:12
10 Noyabr

Gəncədə keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatının ikinci günü yekunlaşıb  

20:06
10 Noyabr

Azərbaycan ağırlıqqaldıranı İslamiadada iki gümüş və bir bürünc medal qazanıb

20:00
10 Noyabr

COP30: Saymon Stil ölkələri “Bakıdan Belenə yol xəritəsi”ni reallaşdırmağa çağırıb  

19:57
10 Noyabr

Nikola Sarkozinin azadlığa buraxılması barədə qərar verilib  

19:52
10 Noyabr

Qarabağ Zəfəri bölgə üçün dönüş və mənəvi anlam daşıyır - təhlükəsizlik üzrə ekspert  

19:38
10 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!