05 May 2026 08:27
170
SİYASƏT
A- A+
Sülhə qarşı hibrid hücumlar da iflasa məhkumdur

Sülhə qarşı hibrid hücumlar da iflasa məhkumdur


Cənubi Qafqaz regionu öz tarixinin həssas və eyni zamanda ümidverici dövrlərindən birini yaşayır. Onilliklər boyu davam edən qanlı münaqişənin sona çatması, regionun nəqliyyat və enerji qovşağına çevrilməsi artıq xəyal yox, real perspektivdir. Lakin tarixi təcrübələr göstərir ki, dayanıqlı sülh heç də maneəsiz, əngəlsiz baş tutmur. Son günlər Azərbaycana, xüsusən Bakı və İrəvan arasındakı sülh prosesinə qarşı yönələn hücumların intensivləşməsi də ondan xəbər verir ki, savaş meydanında məğlub olanlar, illər boyu münaqişədən siyasi dividend qazanan dairələr bütün qüvvələrini "hibrid müharibə"si müstəvisinə keçiriblər.

Söhbət sosial şəbəkələrdə 4-5 təxribatçının statusundan yox, mütəşəkkil, vahid mərkəzdən idarə olunan və nəhəng maliyyə resursları ilə dəstəklənən qrupların sistemli fəaliyyətindən gedir. Erməni lobbi təşkilatları və onların beynəlxalq tərəfdaşları tərəfindən idarə olunan bu kampaniya Azərbaycanın sülh gündəliyini zəiflətmək, ölkənin beynəlxalq nüfuzuna kölgə salmaq və regionda yenidən qeyri-müəyyənlik mühiti yaratmaq məqsədi daşıyır. 

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının aşkar etdiyi faktlar bu görünməz savaşın pərdəarxasını çılpaqlığı ilə ortaya qoyur. Parlamentin sözügedən komissiyası ermənipərəst dairələr tərəfindən Azərbaycana qarşı həyata keçirilən informasiya kampaniyasına dair açıqlama yayıb. Vurğulanıb ki, aparılan monitorinqlər zamanı son günlər Azərbaycanı, eləcə də sülh gündəliyini hədəfləyən dezinformasiya kampaniyasının həyata keçirildiyi müşahidə edilib. Araşdırmalar zamanı kampaniyanın vahid tezis ətrafında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi təşkilatları, müəyyən nüfuz və vəzifə sahibi olan xarici ölkə vətəndaşları, habelə media orqanları tərəfindən aparıldığı müəyyən olunub. 

Lobbi təşkilatları qarayaxma kampaniyasını qondarma "soyqırımı", "hərbi əsirlər" və Xankəndi şəhərindəki tikililər ətrafında ajiotaj yaratmaqla aparıblar. Son bir həftədə dezinformasiya kampaniyasında 130 fərqli hesab vasitəsilə 220-dən çox paylaşım edilib, ümumilikdə bir milyona yaxın qarşılıqlı əlaqə (reaksiya) qeydə alınıb. Paylaşımlar daha çox erməniəsilli bloqçuların, erməni xəbər saytlarının, həmçinin ermənipərəst xarici bloqçu və fəalların hesablarından edilib. 

Milli Məclisin müvafiq komissiyasının bəyanatı Azərbaycanın informasiya təhlükəsizliyi müstəvisində qarşılaşdığı mütəşəkkil hücumların miqyasını və metodologiyasını ifşa edən mühüm açıqlamadır. Hibrid savaşda qapalı kanallar və şifrəli mesajlaşma platformalarından istifadə edilməsi prosesin xüsusi xidmət orqanlarının və ya peşəkar lobbi şəbəkələrinin hazırladığı xüsusi əməliyyat olduğunu göstərir. Kampaniyanın müxtəlif ölkələrdən fərqli şəxslər tərəfindən aparılması "müstəqil rəy" illüziyası yaratmaq məqsədi daşıyır. Lakin komissiyanın "vahid tezis" vurğusu bu maskanı düşürür. 

Erməni lobbisi üç istiqaməti hədəf seçib. Birincisi, qondarma "soyqırımı"dır ki, bu, onilliklərdir istifadə olunan təzyiq rıçağıdır. Mütəmadi gündəmə gətirilən "hərbi əsirlər" mövzusu da Azərbaycanın beynəlxalq nüfuzuna insan haqları müstəvisində zərbə vurmaq cəhdidir. Azərbaycanın öz suveren ərazilərində apardığı quruculuq işlərini "mədəni irsin silinməsi" kimi qələmə vermək təşəbbüsü isə Qərb auditoriyası üçün hesablanmış həssas manipulyasiyadır. Bütün ərazilərimiz üzərində milli suverenliyimizin bərpasından sonra Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı sürətli bərpa-quruculuq işləri erməni diasporunu təşvişə salıb. Onlar Xankəndi və digər ərazilərdəki qanunsuz tikililərin sökülməsini və ya yenidən qurulmasını "tarixi irsin silinməsi" kimi təqdim edərək UNESCO və digər qurumları Azərbaycana qarşı qaldırmağa cəhd edirlər. 

Komissiyanın təqdim etdiyi statistika təhdidin ciddiliyini rəqəmlərlə sübut edir. 130 hesab tərəfindən 220 paylaşımın edilməsi, lakin buna qarşılıq 1 milyon qarşılıqlı əlaqənin olması paylaşımların süni şəkildə trendə salındığını göstərir. Uydurma "böyük reaksiya" rəqəmsal alqoritmləri aldadaraq dezinformasiyanın neytral xarici istifadəçilərin qarşısına çıxmasına səbəb olur. Maraqlı detallardan biri odur ki, kampaniya Meksikadan Vatikana, Polşadan Hindistana qədər geniş coğrafiyanı əhatə edir. Aydın məsələdir ki, nüfuzlu media quruluşlarında saxta xəbər yerləşdirmək çətin olduğundan, lobbi daha çox kiçik saytların imkanlarından yararlanır. Daha sonra önəmsiz saytlarda gedən yalan xəbərləri "beynəlxalq mətbuat yazır" deyərək istinad mənbəyinə çevirirlər. 

Bütün bu fəaliyyətlərin yekun məqsədi Ermənistan və Azərbaycan arasındakı kövrək sülh gündəliyini pozmaqdır. Komissiya haqlı olaraq qeyd edir ki, bu dairələr münaqişədən siyasi və maliyyə dividendi qazanan qüvvələrdir. Sülh onlar üçün "işsiz qalmaq" və təsir imkanlarını itirmək deməkdir. Parlamentin müvafiq komissiyasının açıqlaması Azərbaycanın aktiv monitorinq və ifşa mərhələsinə keçdiyini göstərir. Hibrid təhdidlərin rəsmi səviyyədə bu qədər detallı təhlil edilməsi dövlətimizin informasiya cəbhəsindəki ayıq-sayıqlığını nümayiş etdirir. Bu, həm daxili auditoriya üçün ehtiyatlı olun, yalanlara aldanmayın mesajıdır, həm də beynəlxalq birliyə yönəlmiş "oyunların fərqindəyik" xəbərdarlığıdır. 

Erməni lobbisinin indiki dövrdə aktivləşməsinin səbəbi bir neçə mühüm geosiyasi və daxili siyasi faktorlarla izah olunur. İyunun 7-də Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Hazırda Ermənistan daxilindəki revanşist qüvvələr və onları dəstəkləyən diaspor təşkilatları üçün bu seçkilər son şansdır. Lobbi sülh müqaviləsinə yaxın olan mövcud hakimiyyəti "milli maraqları satmaqda" ittiham edərək devirməyə və ya zəiflətməyə çalışır. Onlar Ermənistandakı radikal müxalifətə media resursları və birbaşa maliyyə yardımı edərək, İrəvanın sülh gündəliyini "satqınlıq" kimi qələmə verir, cəmiyyətdə fəlakət qorxusu yayır. Xüsusən "azərbaycanlıların Ermənistana qayıdışı" kimi həssas mövzular seçkiqabağı erməni cəmiyyətində qorxu və ajiotaj yaratmaq üçün ən əlverişli alətlərdir. Sülh sazişinin imzalanması erməni lobbisinin onilliklərdir üzərində qurduğu "münaqişə biznesi"nin və siyasi təsir rıçaqlarının sonu deməkdir. Buna görə də yekun müqavilə reallaşmazdan əvvəl beynəlxalq rəyi Azərbaycana qarşı çevirərək prosesi pozmağa, ən azından yubatmağa çalışırlar.

Lakin dəyişməz həqiqət ondan ibarətdir ki, Azərbaycan təkcə hərb meydanında yox, diplomatik və informasiya masasında da reallıqları diktə edən tərəf olduğunu sübut edib. Erməni lobbisinin ən böyük strateji məğlubiyyəti ondadır ki, artıq "mübahisəli ərazi" anlayışı tarixin arxivinə gömülüb. Azərbaycan dövlət sərhədlərinə tam nəzarət edir. Ölkəmiz Avropanın və regionun enerji təhlükəsizliyində oynadığı vacib rolla özünü mühüm tərəfdaş statusuna qaldırıb. Azərbaycanın təşəbbüskarı olduğu nəqliyyat və logistika layihələri region ölkələrini, gələcəkdə Ermənistanın özünü belə iqtisadi zəncirlərlə Bakıya bağlayır. Sülhü istəməyən dairələr bu iqtisadi məntiqin qarşısında aciz qalırlar. Lobbi təşkilatları hansısa ölkənin parlamentində qətnamə çıxartmağa nail olsalar da, həmin dövlətlərin hökumətləri real iqtisadi və strateji maraqları siyasi oyunlara qurban vermirlər. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Televiziya məkanında ictimaiyyətin narazılığına səbəb olan məsələlər diqqətdə saxlanılır

09:05
05 May

İlmə-ilmə toxunan həyat

09:00
05 May

Gənclər siyasəti dövlətin inkişaf strategiyasının əsas istiqamətlərindən biridir

08:55
05 May

Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib

08:50
05 May

Qərəzin və korrupsiyanın ünvanı olan Avropa strukturu

08:45
05 May

Avropa Parlamentində korrupsiyaya bulaşmış deputat çoxdur

08:40
05 May

Qətiyyətli cavab

08:35
05 May

Avropanın Azərbaycana artan marağı qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır

08:30
05 May

Sülhə qarşı hibrid hücumlar da iflasa məhkumdur

08:27
05 May

Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi

08:25
05 May

AİB-nin 59-cu illik toplantısının rəsmi açılış mərasimi keçirilib

08:20
05 May

Bütöv Azərbaycana gedən yolun təməllərini yaradan lider

08:15
05 May

Naxçıvanın xilaskarı

08:10
05 May

Heydər Əliyev siyasi irsi: inkişafımızın təməli

08:05
05 May

Avropaya ünvanlanan mesajlar

08:00
05 May

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş"in təsdiq edilməsi haqqında

05:01
05 May

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə"də və 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

05:01
05 May

Azərbaycan xalçaçılarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

05:00
05 May

“Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası”nın təsdiq edilməsi haqqında

04:59
05 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

04:58
05 May

“İstilik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında

04:57
05 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!