05 May 2026 08:05
180
SİYASƏT
A- A+
Heydər Əliyev siyasi irsi: inkişafımızın təməli

Heydər Əliyev siyasi irsi: inkişafımızın təməli


Mayın 10-da xalqımızın Ümummilli Lideri, əbədiyaşar şəxsiyyət Heydər Əliyevin anadan olmasının 103-cü ili tamam olur. Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onun siyasi və dövlətçilik fəaliyyətinin hər bir mərhələsi istər bugünkü, istərsə də gələcək nəsillər üçün bir nümunədir. Prezident İlham Əliyevin liderliyi ilə tarixinin ən qüdrətli dövlətinə çevrilən respublikamızda dövlətçiliyin etibarlı təməllərini məhz Heydər Əliyev yaratdı. Bu təməllər üzərində Azərbaycan inkişaf etdi, gücləndi, beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirdi və işğal altındakı torpaqlarını müharibə yolu ilə azad edərək qalib dövlətə çevrildi.

İllər keçdikcə biz Heydər Əliyev dühasının Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini daha dərindən və yaxından görürük. Anadan olmasının 103-cü ildönümündə Heydər Əliyevin tarixi xidmətlərinə nəzər salmaqla işıqlı xatirəsini bir daha ehtiramla yad edirik.


Heydər Əliyev və liderlik amili


Heydər Əliyev Azərbaycana iki dəfə - həm sovetlər dövründə, həm müstəqillik illərində rəhbərlik etmişdir. Hər iki tarixi dövrün reallıqları göstərir ki, Ulu Öndər rəhbərlik missiyasını Azərbaycanın olduqca çətin dövrlərində öz üzərinə götürmüş və hər dəfə respublikamızı ağır vəziyyətdən xilas etməklə, tariximizin şərəfli və qürurdoğuran səhifələrinin müəllifi olmuşdur. Azərbaycana hər iki rəhbərliyi illərində Heydər Əliyev respublikamızı böhranlardan xilas edib, xalqımızın şərəfli tarixini yazıb və yaradıb. 1969-cu ildən Azərbaycanda başlayan Heydər Əliyev epoxasının hər bir mərhələsi tariximizə yalnız qürurdoğuran həqiqətlərlə həkk olunub.

Bir vacib məqamı da qeyd etmək lazımdır ki, Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı xidmətləri liderlərin xalqların taleyindəki roluna dair müasir dünya tarixinin ən mükəmməl nümunələrindəndir. Ulu Öndərin siyasi fəaliyyəti göstərir ki, güclü lider yalnız ölkəni idarə edən siyasi rəhbər deyil. Güclü lider həm də xalqın milli birliyini təmin edir, onların taleyində dönüş yaradır, dövləti yeni inkişaf mərhələsinə çıxarır və milli yaddaşda silinməz iz qoyur. Məhz Heydər Əliyev kimi liderlər mürəkkəb tarixi dönəmlərdə düzgün istiqamət müəyyən edir, milli maraqları qoruyur və dövlətin davamlı inkişafı üçün möhkəm təməl yaradırlar. Buna görə də liderlik fenomeni dövlətçilik tarixinin ayrılmaz və müəyyənedici amillərindən biri kimi xüsusi əhəmiyyət kəsb edir.

Lider amili xüsusilə böhran dövrlərində daha aydın şəkildə özünü göstərir. Müharibələr, siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və ya dövlət quruculuğunun ilkin mərhələlərində güclü liderin mövcudluğu xalqın toparlanmasına, milli maraqların qorunmasına və strateji hədəflərin müəyyənləşdirilməsinə imkan yaradır. Azərbaycanın tarixində bütün bunları reallaşdırmağa müvəffəq olan Heydər Əliyevin siyasi və dövlət xadimi kimi həyata keçirdiyi fəaliyyət belə bir həqiqəti də təsdiq edir ki, liderlik fenomeni yalnız siyasi anlayış deyil, həm də dövlətlərin gələcəyini müəyyən edən strateji amil kimi qiymətləndirilməlidir. Bu baxımdan, müasir dünya tarixində siyasi liderlik faktoru Heydər Əliyevin dövlətçilik fəaliyyətinin nümunəsində aydın şəkildə özünü göstərir. 


Ulu Öndərin siyasi irsində dövlətçilik prinsipləri


Müasir beynəlxalq münasibətlər sistemində ideoloji və dövlətçilik prinsipləri hər bir dövlətin varlığını və davamlı inkişafını şərtləndirən əsas siyasi və institusional dayaqlardan biri kimi çıxış edir. Dünyanın inkişaf etmiş dövlətlərinin keçdiyi tarixi inkişaf yoluna nəzər salsaq, onların müəyyən prinsiplərə söykəndiyini görərik. 

Azərbaycan dövlətinin söykəndiyi ideoloji və dövlətçilik prinsiplərinin əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmişdir. Bunlar həm də Azərbaycan dövlətinin təməl prinsipləridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun olaraq yenilənmiş həmin prinsiplər Yeni Azərbaycan Partiyasının proqramında öz əksini tapmışdır. Bu prinsiplər Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafıdır.

Bu prinsiplərin hər biri Heydər Əliyevin siyasi irsinin əsasını təşkil edən ideoloji məsələlərdir. Müasir Azərbaycan dövlətinin formalaşması, möhkəmlənməsi və inkişafı Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi bu prinsiplərin və strateji siyasi kursun uğurla həyata keçirilməsinin nəticəsidir. Odur ki, Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyəti Azərbaycanın bu günü və gələcəyi üçün mükəmməl siyasi irs kimi özünü göstərir. Bu siyasi irs Azərbaycan xalqının müstəqilliyi, güclü dövlətçilik, iqtisadi inkişaf, sosial rifah və xalqımızın milli birliyi kimi fundamental istiqamətləri əhatə edir. 

Heydər Əliyevin siyasi irsinin əsas istiqamətlərindən biri güclü və müstəqil dövlət quruculuğudur. Ulu Öndər 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra xilas missiyasının göstəriciləri kimi ölkədə siyasi-ictimai sabitliyi təmin etdi, xaos və anarxiyanın qarşısını aldı. Bu sabitlik mütərəqqi dövlət quruculuğu üçün etibarlı zəmin yaratdı. Heydər Əliyevin dövlət quruculuğu strategiyası Azərbaycanın müstəqilliyini formal deyil, real və dayanıqlı bir sistemə çevirdi. 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyasında xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olduğu, dövlətin demokratik, hüquqi və dünyəvi xarakter daşıdığı kimi əsas prinsiplər öz əksini tapdı. 

Onu da qeyd edim ki, hüquqi və institusional islahatlar da siyasi irsin mühüm komponentidir. Qanunvericilik bazasının yenilənməsi, Konstitusiyanın qəbul edilməsi və dövlət institutlarının formalaşdırılması uzunmüddətli idarəetmə effektivliyini təmin edən mexanizmlər yaratdı. Bu addımlar dövlətin funksional dayanıqlığını artırdı və idarəetmədə ardıcıllıq prinsipini möhkəmləndirdi.

Heydər Əliyev siyasi irsində əsas məsələlərdən biri milli-ideoloji çərçivənin formalaşdırılmasıdır. Bu ideologiya eyni zamanda azərbaycançılıq məfkurəsi kimi formalaşaraq milli kimliyin əsas sütunlarından birinə çevrildi. Azərbaycançılıq milli və dini münasibətlərin harmonik inkişafını, dini-etnik qruplar arasında birgəyaşayışı, ən başlıcası, xalqımızın milli-mənəvi dəyərlərini özündə təcəssüm etdirir. Ona görə Heydər Əliyevin azərbaycançılıq məfkurəsini milli ideologiya səviyyəsinə qaldırması xalqımızın dövlətçilik tarixində mühüm hadisələrdən biridir. Bu məfkurə Azərbaycan dövlətinin tərəqqisini şərtləndirən bitkin ideoloji konsepsiyadır. 

Heydər Əliyevin siyasi irsində iqtisadi inkişaf strategiyası xüsusi yer tutur. Ulu Öndər 90-cı illərin ortalarından başlayaraq, bazar iqtisadiyyatı münasibətlərinə keçidlə bağlı strateji vəzifələri həyata keçirdi. Dünyanın inkişaf etmiş dövlətlərinin iqtisadi təcrübələri nəzərə alınaraq, keçirilən islahatlar nəticəsində sərbəst bazar münasibətlərinə əsaslanan və sosialyönümlü iqtisadi sistemin formalaşdırılması, ölkədə mövcud olan təbii iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın təsərrüfat dövriyyəsinə cəlb olunması, milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası təmin edildi. Əlverişli biznes mühitinin yaradılması ölkəmizə xarici investisiya qoyuluşunu sürətləndirdi. Keçmiş SSRİ məkanında ilk dəfə olaraq Azərbaycanda torpaq əsl sahibinə - kəndliyə qaytarıldı. Ölkə iqtisadiyyatında davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu islahatlar mahiyyət etibarı ilə inkişafın yeni - Azərbaycan modelini yaratdı. 

Heydər Əliyevin müəyyən etdiyi yeni neft strategiyası ölkəmizin beynəlxalq mövqeyini gücləndirdi və uzunmüddətli inkişaf üçün əsas oldu. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ölkənin iqtisadi gələcəyini müəyyənləşdirdi və Azərbaycanın qlobal enerji xəritəsində yerini möhkəmləndirdi. Bu siyasət nəticəsində xarici investisiyalar ölkəyə cəlb olundu, iqtisadi sabitlik təmin edildi, müasir infrastruktur formalaşdı, regional enerji layihələri reallaşdırıldı. Bütün bunlar Azərbaycanın qeyri-neft sektorunun inkişafına da geniş imkanlar açdı.

Heydər Əliyev milli maraqları qətiyyətlə təmin edən xarici siyasət kursunu müəyyən etdi. Balanslaşdırılmış və praqmatik yanaşmaya əsaslanan bu siyasət Azərbaycanın milli maraqlarını beynəlxalq münasibətlər sistemində prioritetə çevirdi. Bu siyasətin əsas xüsusiyyətləri kimi böyük güclər arasında balansın qorunması, region ölkələri ilə mehriban qonşuluq münasibətlərinin qurulması, beynəlxalq təşkilatlarla inteqrasiya Azərbaycanı beynəlxalq münasibətlər sisteminin etimad və ehtiram göstərilən subyektinə çevirdi. Ən əsası, bu siyasət artıq keçmişdə qalmış Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini bütün beynəlxalq platformalarda qətiyyətlə təmin etdi.

Beləliklə, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində 1993-2003-cü illərdə respublikamız hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoydu. O dövrdə Azərbaycanın keçdiyi inkişaf yoluna, qazanılan nailiyyətlərə nəzər saldıqda görürük ki, respublikamız, sözün əsl mənasında, mühüm zirvələr fəth edib, beynəlxalq münasibətlər sistemində söz və nüfuz sahibinə çevrilib. 

Bu mənada müasir Azərbaycan dövlətinin formalaşması, möhkəmlənməsi və inkişafı Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi və dövlətçilik prinsiplərinin və strateji siyasi kursun uğurla həyata keçirilməsinin nəticəsidir. Ulu Öndər Heydər Əliyev müstəqilliyimizi xilas etdi, müasir dövlətçiliyimizin etibarlı və sarsılmaz təməllərini yaratdı.

 

Heydər Əliyev yolu ilə uğurlara doğru


Ulu Öndərin siyasi irsi bu gün də ölkəmizin yüksəliş və tərəqqi yolunun alternativi olmayan istinadgahıdır. Prezident İlham Əliyevin yürütdüyü siyasət Heydər Əliyevin müəyyən etdiyi strateji kursun uğurlu davamı olmaqla yanaşı, yeni qlobal çağırışlarla zənginləşdirilir. Heydər Əliyev siyasi irsini layiqincə və qətiyyətlə davam etdirən Prezident İlham Əliyev bu təməllər üzərində Azərbaycanı regionda və dünyada söz sahibinə, qalib dövlətə çevirib. 

Ötən 22 ildən artıq dövrün reallıqları göstərir ki, Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməklə yanaşı, bu siyasəti zamanın çağırışlarından irəli gələrək ideoloji baxımdan daha da zənginləşdirib. Ölkəmizdə siyasi-ictimai sabitliyin, iqtisadi dayanıqlığın, hərbi təhlükəsizliyin, yüksək sosial rifahın və milli həmrəyliyin təmin olunması, xarici siyasətdə mükəmməl diplomatiyanın həyata keçirilməsi kimi vəzifələrin paralel şəkildə yerinə yetirilməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas məzmununu təşkil etməklə Azərbaycanı öz tarixinin ən qüdrətli dövləti səviyyəsinə yüksəldib. 

Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, "Cənub qaz dəhlizi"nin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi kimi hadisələr cənab İlham Əliyevin respublikamıza rəhbərliyinin əsas uğurlu hadisələri olmaqla bərabər, iqtisadi sahədə qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsini təmin etdi, qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdırdı. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü. Bu illər ərzində Azərbaycanda iqtisadiyyat ilə yanaşı, elm, təhsil, səhiyyə, idman inkişaf edib, respublikamız kosmik kluba daxil olub. Bu baxımdan, 22 illik inkişaf mərhələsinə nəzər saldıqda dövlətimizin uğurları sadəcə heyranlıq doğurur. Bu dövrdə Azərbaycanın keçdiyi inkişaf öz dinamizmi, məzmunu və əhatəliliyi ilə fərqlənir. Çünki bu inkişaf məhdud sfera ilə kifayətlənməyərək cəmiyyət həyatının bütün sahələrini əhatə edir və tarixinin ən qüdrətli Azərbaycanını dünyaya təqdim edir. 

Heydər Əliyevin siyasi irsində əsas strateji istiqamətlərdən biri də güclü ordu quruculuğu idi. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, dövlətin müstəqilliyi onun iqtisadi və hərbi gücü ilə birbaşa bağlıdır. Bu baxımdan güclü, Azərbaycan Ordusunun yaradılması, mükəmməl hərbi təhsil sisteminin formalaşdırılması Heydər Əliyevin dövlət quruculuğunun əsas səhifələrindən biridir. Bu istiqamətdə həyata keçirilən təkmil və uzaqgörən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanın 2020-ci ildə əldə etdiyi hərbi qələbənin əsasında dayandı. Beləliklə, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər və torpaqlarımızın işğaldan azad edilməsi hərbi əməliyyatların nəticəsi olmaqla yanaşı, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş strateji xəttin möhtəşəm nəticəsi idi.

Ulu Öndərin siyasi irsi ictimai fikirdə dövlətçilik və vətənpərvərlik kimi dəyərlərin özünə mühüm yer tutması üçün tarixi əhəmiyyət daşıyır. Buna görə də YAP Heydər Əliyev yolunu əsas amalı hesab edir və fəaliyyətini ona uyğun olaraq müəyyənləşdirir. Bütün bunlar hazırda 755 min nəfərdən çox üzvü olan YAP-ın möhtəşəm zirvələrə yol açan ümumxalq partiyası olduğunu, qüdrətli dövlət və yüksək rifah cəmiyyəti naminə üzərinə düşən missiyanı "Biz birlikdə güclüyük!" çağırışı ilə böyük əzm və qətiyyətlə yerinə yetirdiyini sübut edir.

Heydər Əliyevin siyasi irsi Azərbaycanın inkişaf modelinin əsasını təşkil edən kompleks bir sistemdir. Bu sistem sabitlik, milli ideologiya, iqtisadi strategiya və institusional quruculuğun vəhdəti üzərində qurulmuşdur. Heydər Əliyevin siyasi irsi həm də Azərbaycan dövlətçiliyinin ideoloji sütununu təşkil edir. Bu strateji kurs Azərbaycanın uzunmüddətli inkişaf modelinin əsasını təşkil edir. Ona görə Heydər Əliyev siyasi irsi Azərbaycanın yüksəlişini təmin edən, dövlətçilik ənənələrini gücləndirən və gələcək nəsillərə yol göstərən dərin bir siyasi-fəlsəfi dəyərlər sistemidir.

Regionda və dünyada söz sahibi olan güclü və qalib Azərbaycan dövləti Heydər Əliyev siyasi irsinin və bu irsi layiqincə davam etdirən, dövrün çağırışlarına uyğun zənginləşdirən Prezident İlham Əliyevin siyasi kursunun təntənəsidir. Bu siyasi irs hər zaman respublikamızın uğurlarının təməlində dayanacaqdır.


Mübariz QURBANLI,

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Televiziya məkanında ictimaiyyətin narazılığına səbəb olan məsələlər diqqətdə saxlanılır

09:05
05 May

İlmə-ilmə toxunan həyat

09:00
05 May

Gənclər siyasəti dövlətin inkişaf strategiyasının əsas istiqamətlərindən biridir

08:55
05 May

Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib

08:50
05 May

Qərəzin və korrupsiyanın ünvanı olan Avropa strukturu

08:45
05 May

Avropa Parlamentində korrupsiyaya bulaşmış deputat çoxdur

08:40
05 May

Qətiyyətli cavab

08:35
05 May

Avropanın Azərbaycana artan marağı qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır

08:30
05 May

Sülhə qarşı hibrid hücumlar da iflasa məhkumdur

08:27
05 May

Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi

08:25
05 May

AİB-nin 59-cu illik toplantısının rəsmi açılış mərasimi keçirilib

08:20
05 May

Bütöv Azərbaycana gedən yolun təməllərini yaradan lider

08:15
05 May

Naxçıvanın xilaskarı

08:10
05 May

Heydər Əliyev siyasi irsi: inkişafımızın təməli

08:05
05 May

Avropaya ünvanlanan mesajlar

08:00
05 May

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş"in təsdiq edilməsi haqqında

05:01
05 May

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə"də və 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

05:01
05 May

Azərbaycan xalçaçılarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

05:00
05 May

“Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası”nın təsdiq edilməsi haqqında

04:59
05 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

04:58
05 May

“İstilik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında

04:57
05 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!