Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Okamponun və onun oğlu Tomas Okampo ilə birgə videosu, həmçinin digər görüntülər bir daha göstərdi ki, Azərbaycana qarşı qərəzli iddialar irəli sürən, ölkəmizi heç bir hüquqi əsaslar olmadan günahlandıran, bu və ya digər qruplar tərəfindən maliyyələşən şəxslər onların iradəsinə uyğun mövqe sərgiləyirlər.
Burada mürəkkəb mexanizmdən söhbət gedir. Okampo timsalında bu şəxslər erməni diasporunun nümayəndələrindən maliyyə dəstəyi alır və həmin vəsait fonunda süni şəkildə yaradılmış ittihamnamələr irəli sürərək, Azərbaycanı ləkələməyə çalışırlar. Burada Avropa institutları da müəyyən formada rol oynayırlar.
Avropa Parlamentinin korrupsiyalaşmış deputatların çox olduğunu vurğulayan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi Sultan Zahidov qəzetimizə açıqlamasında deyib ki, onlar Avropa İttifaqının dəyərlərinə, hüquqi əsaslarına uyğun fəaliyyət göstərmirlər. Bunun da bariz nümunəsi Avropa Parlamentinin aprelin 30-da qəbul etdiyi qərəzli qətnamədir. Bu sənədin məcburetmə effekti yoxdur, amma bununla belə Avropa daxilində bir gündəlik formalaşdırır. "Bu qətnamə onu göstərir ki, Avropa Parlamentində hələ də erməni diasporundan və erməniəsilli oliqarxlardan dəstək alan deputatlar mövcuddur. Okampo videoda Avropa Parlamentində müəyyən əlaqələrə sahib olduğunu açıq-aşkar qeyd edir. Hətta Cozef Borelin müşavirinin onun əlində olduğunu bildirir və onun əli ilə komissiyaya təzyiqlər göstərəcəyini deyir. Bu, Azərbaycana qarşı yönəlmiş çirkin korrupsiyalaşmış bir şəbəkəni ifşa edir. Bu şəbəkədə həm ABŞ-dəki erməni diapsor nümayəndələri, həm Rusiyadakı erməni oliqarxlar, həm də Karapetyan, Vardanyan kimi şəxslər yer alır. Eyni zamanda Avropa İttifaqının daxilindəki məmurlar da bu şəbəkənin üzvləridirlər", - deyə o bildirib.
Ekspert Okamponun hələ Beynəlxalq Cinayət Məhkəməsinin hakimi işləyərkən böyük qalmaqalları olduğunu xatırladaraq deyib ki, "Şpigel" və Avropa Araşdırmaçı Æurnalistlər Əməkdaşlığı şəbəkəsi onun əməllərini ifşa etmişdi. Məlum olmuşdu ki, o, liviyalı bir milyarderdən pul alıb, eyni zamanda vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Ofşor banklarda qeyri-qanuni hesablara malik olub ki, bu da onun vergidən yayınmaq məqsədlərinin təzahürüdür. Bu cür kirlənmiş bir şəxsin növbəti dəfə kirlənməsi təəccüblü deyil. Yəni Okampo öz mənəviyyatını, dəyərləri pula satmış şəxsdir. Ondan fərqli mövqe gözləməməliyik.
S.Zahidov qeyd edib ki, Azərbaycan və Ermənistanın dayanıqlı sülh üçün çalışdığı, münasibətlərin normallaşmağa doğru getdiyi bir vaxtda Avropa Parlamentinin qərəzli qətnamə qəbul etməsi sülh prosesinə təhlükə törətmək məqsədi daşıyır: "Bu, təəssüfedici haldır. Sülhü, sabitliyi, inkişafı, əməkdaşlığı daim təbliğ edən qurum kimi Azərbaycanın regionda sülh, əməkdaşlıq yolunda atdığı addımları təqdir etmək əvəzinə əksini görürük. Bu, Avropa Parlamentinin və Avropadakı bəzi institutların pul müqabilində müəyyən qruplara xidmət etdiyinə işarədir. Bütün bunlar göstərir ki, Avropa İttifaqı öz siyasətinə ciddi şəkildə yenidən baxmalıdır. Okamponun Aİ-dəki fəaliyyəti və parlamentdəki yardımçıları ilə bağlı Brüsseldə ciddi araşdırma aparılmalıdır, əks təqdirdə bu kimi hallar Aİ-nin nüfuzuna ciddi xələl gətirəcək".
Okamponun çıxışında Paşinyanın devrilməsi ilə bağlı məsələnin yer aldığına toxunan mütəxəssis bildirib ki, bu, Ermənistanın daxili işlərinə müdaxilədir. Əgər Avropa İttifaqı Paşinyanı dəstəkləyirsə, deməli, Okampo kimilərin İrəvanın daxili işlərinə müdaxiləsinin qarşısını almaq üçün də addımlar atmalıdır.
Əsmər QABİLQIZI,
"Azərbaycan"