05 May 2026 08:15
174
SİYASƏT
A- A+
Bütöv Azərbaycana gedən yolun təməllərini yaradan lider

Bütöv Azərbaycana gedən yolun təməllərini yaradan lider


Tarix sübut edib ki, xalqların taleyində həlledici dönüş nöqtələri çox vaxt fenomenal şəxsiyyətlərin iradəsi və uzaqgörənliyi ilə bağlı olur. Elə liderlər var ki, onlar bütöv bir millətin mənəvi simvolu, dövlətçilik dühası və tarixin axarını dəyişən qətiyyətli iradə sahibi kimi yaddaşlara həkk olunurlar. Müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyev məhz belə nadir fenomen, xalqımızın çoxəsrlik tarixinə və taleyinə silinməz möhürünü vuran uca şəxsiyyətdir. Mayın 10-da anadan olmasının 103-cü ildönümü tamam olan  Heydər Əliyevin siyasi fəaliyyəti başdan-başa Azərbaycanın var olması və tərəqqisi uğrunda yaşanan fədakar ömür salnaməsidir.

Ulu Öndərin millət, xalq sevgisinin ən uca zirvəsində hər zaman Qarabağ və Bütöv Azərbaycan idealları dayanıb. Dahi şəxsiyyət ən mürəkkəb siyasi zamanlarda belə xalqın milli maraqlarını hər şeydən üstün tutub, parçalanmaqda olan bir məmləkəti vahid ideallar ətrafında birləşdirərək zəfərə və bütövlüyə uzanan yolun təməlini  atıb.


Milli dirçəliş, iqtisadi tərəqqi 


Bəli, Azərbaycanın müasir dövlətçilik tarixinə nəzər saldıqda, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin təmini istiqamətində atılan hər bir addımın arxasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığını görürük. Ümummilli Liderin hələ 14 iyul 1969-cu ildə ölkə rəhbərliyinə gəlişi ilə respublikada milli dirçəlişin, hərtərəfli inkişafın əsası qoyuldu. Həmin vaxt Azərbaycanda kənd təsərrüfatından tutmuş sənayeyə qədər, ümumiyyətlə, bütün sahələrdə tənəzzül yaşanırdı. Ulu Öndər o dövrdə Azərbaycanı inkişaf etdirərək müstəqil yaşamağa qadir olan bir ölkəyə çevirməyi qarşısına prioritet qoydu və bu istiqamətdə məqsədyönlü addımlar atmağa başladı. Sonradan Ümummilli Lider həmin dövrün ümumi mənzərəsini belə təsvir etmişdi: "Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi".

O zaman Ulu Öndərin rəhbərliyi altında qarşıya qoyulan hədəflər bir-bir uğurla həyata keçirildi, sosial-iqtisadi həyatın bütün sahələrində müsbət dinamika əldə edildi.  Həmin dövrdə yaradılan güclü sənaye potensialı və kadr hazırlığı ilə əslində, həm də gələcək müstəqilliyimizin iqtisadi bünövrəsi yaradıldı. 

Xüsusilə Qarabağın inkişafı, bölgədə infrastrukturun qurulması və Şuşanın milli mədəniyyət mərkəzi kimi qorunması Ulu Öndərin strateji hədəflərindən biri olub. Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə Qarabağda separatçılıq meyllərinin qarşısı qətiyyətlə alınmışdı. Şuşada Molla Pənah Vaqifin məqbərəsinin ucaldılması, Natəvanın abidəsinin açılması isə bu qədim şəhərin Azərbaycan ruhunun sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirirdi.

Bir sözlə, Ulu Öndər Qarabağda azərbaycançılıq məfkurəsinin inkişafı, milli və tarixi köklərə bağlılığın artırılması və möhkəmlənməsi üçün səylə çalışırdı. Təbii ki, bütün bunlar Qarabağı Azərbaycandan qoparmaq istəyən və Moskvanın dəstəyini alan qüvvələr üçün məqbul deyildi. Buna görə də hər cür çirkin fəaliyyətlə çalışırdılar ki, nə yolla olur-olsun Heydər Əliyevi vəzifəsindən uzaqlaşdırsınlar.

Təəssüflə qeyd edilməlidir ki, 1980-ci illərin sonlarında Azərbaycana rəhbərlik edənlər qətiyyətli ola bilmədilər, respublikamızın və xalqımızın milli maraqlarından uzaq oldular. Ona görə həmin dövr və müstəqilliyimizin ilk illəri yaddaşlara xaos, anarxiya və böhran illəri kimi həkk olundu. Dövlət idarəçiliyinin iflici, vətəndaş müharibəsi təhlükəsi və torpaqlarımızın sürətlə işğalı Azərbaycanı bir dövlət kimi yox olma həddinə gətirmişdi. Belə bir ümidsiz məqamda xalqın təkidli tələbi ilə 1993-cü ilin yayında Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı əsl xilaskarlıq missiyasına çevrildi. Bu, uçurumun kənarında olan bir millətin dirçəlişə başladığı strateji dönüş nöqtəsi - Milli Qurtuluş Günü oldu. Heç bir mübaliğəyə varmadan demək olar ki, əgər 15 iyun tarixində Heydər Əliyev məsuliyyəti öz üzərinə götürməsəydi, bu gün xəritədə bütöv Azərbaycan dövləti olmazdı.

Belə bir çətin məqamda xalqı ölkəsi naminə taleyüklü qərar verən dahi şəxsiyyət Heydər Əliyev Qarabağın azadlığı üçün həm hərbi, həm iqtisadi, həm də diplomatik təməllər lazım olduğunu bilirdi. 1994-cü ildə onun Ali Baş Komandanlığı altında keçirilən uğurlu Horadiz əməliyyatı sarsılmış xalqın inamını özünə qaytaran ilk böyük hərbi nailiyyəti idi. Bu qələbə nəticəsində  Füzuli rayonunun 20 Arazboyu kəndinin, Horadiz qəsəbəsinin və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi nizami ordu quruculuğunun ilk töhfəsi oldu. Bununla həm də işğaldan qurtulan torpaqlarımıza ilk qayıdış gerçəkləşdirildi. 

Məhz Ulu Öndərin birbaşa təşəbbüsü və uzaqgörən hərbi siyasəti nəticəsində 1999-cu ilin aprelində Azərbaycan Ordusunun elit bölməsi olan Xüsusi Təyinatlı Qüvvələr yaradıldı. Bu, ordumuzun müasir standartlara keçidində atılan ən cəsarətli addımlardan biri idi. Dahi lider bu qüvvələrin formalaşması üçün qardaş Türkiyənin zəngin hərbi təcrübəsindən yararlanmağı strateji prioritet kimi müəyyən etdi və XTQ-nin ən müasir silah və texnika ilə təchizatını daim şəxsi nəzarətində saxladı.

Heydər Əliyevin xüsusi təyinatlıların formalaşmasına verdiyi bu dəstək, əslində, 20 il sonrakı böyük qələbənin gizli qəhrəmanlarını hazırlamaq missiyası idi. Bu döyüşçülərə təkcə fiziki güc deyil, sarsılmaz vətənpərvərlik ruhu və fədakarlıq hissi aşılanırdı. Ümummilli Liderin təməlini qoyduğu bu peşəkar məktəbin yetirmələri 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərdilər. Qarabağın mirvarisi Şuşanın sıldırımlarına dırmaşaraq, dünyanı heyrətə salan qəhrəmanlıq dastanı yazdılar. XTQ-nin bu gün bölgədə ən güclü elit birləşmələrdən biri olması vaxtilə Ulu Öndər Heydər Əliyevin milli ordu quruculuğunda göstərdiyi səylərin ən parlaq hərbi təzahürüdür.

1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın taleyini dünyanın böyük dövlətlərinin iqtisadi maraqları ilə bağlayan diplomatik və siyasi təhlükəsizlik qalxanı rolunu oynadı. Heydər Əliyev dünyanın ən iri neft şirkətlərini Bakıya gətirməklə həm də Azərbaycanın ərazi bütövlüyünə beynəlxalq maraq yaratdı. Bu müqavilədən əldə edilən ilk gəlirin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilməsi də təsadüfi xarakter daşımırdı. 2001-2002-ci illərdə imzalanan fərmanlarla Biləsuvar, Füzuli və Ağdamda müasir qəsəbələr salındı və acınacaqlı vəziyyətdə olan çadır şəhərcikləri ləğv edildi.

Ulu Öndər Heydər Əliyev gərgin iş qrafikinə baxmayaraq, istər bayramlarda, əlamətdar  günlərdə, hətta adi zamanlarda daim keçmiş məcburi köçkünlərlə bir araya gəlir, onların yaşayış şəraiti ilə yaxından maraqlanır, problemlərini dinləyib həllinə göstəriş verirdi. Ulu Öndərin çadır düşərgələrinə səfər etməsi, məcburi köçkünlərin dərdini dinləməsi, onların bir gün mütləq öz yurdlarına dönəcəyi ilə bağlı qəti inam ifadə edən sözləri bu insanlarımızın Vətənə qayıdış ümidini heç zaman sönməyə qoymurdu: "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır". 


Diplomatik cəbhədə göstərilən sarsılmaz iradə 


Heydər Əliyev dühasının ən parlaq təzahürlərindən biri də onun beynəlxalq müstəvidə yürütdüyü milli maraqlara söykənən diplomatik strategiyası idi. Ulu Öndər yaxşı bilirdi ki, müstəqilliyin əbədiliyi və ərazi bütövlüyünün bərpası üçün təkcə iqtisadi və hərbi güc kifayət etmir. Bunun  üçün həm də dünyanın ən nüfuzlu kürsülərində Azərbaycanın haqlı səsini diktə edən, tarixin axarını dəyişən siyasi iradə ortaya qoymaq lazımdır. Beləliklə, 1994-cü ildə atəşkəs razılaşmasına nail olmaqla ölkədə nisbi sabitliyi təmin edən Ulu Öndər, əslində, daha böyük bir diplomatik savaşın təməlini qoydu. Hakimiyyətdə olduğu 

10 il ərzində bu böyük siyasətçi bir an belə Qarabağ probleminin beynəlxalq gündəlikdən düşməsinə, "dondurulmuş münaqişə" kimi unudulmasına imkan vermədi. Heydər Əliyev hər bir xarici səfərini, hər bir mötəbər tribunanı Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün fürsətə çevirdi. BMT-nin kürsüsündən tutmuş ATƏT-in zirvə toplantılarına qədər bütün platformalarda o, Azərbaycanın üzləşdiyi işğal faktını, qaçqın və məcburi köçkünlərin ağır humanitar fəlakətini dünya liderlərinin diqqətinə çatdırırdı. Ulu Öndərin barışmaz mövqeyi və dəmir məntiqi sayəsində BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi hər zaman gündəmdə saxlanıldı. O, beynəlxalq birlikdən bu sənədlərin kağız üzərində qalmamasını, icra olunmasını qətiyyətlə tələb edirdi.

Dahi diplomat ən mürəkkəb danışıqlarda belə geri çəkilməyən, milli qüruru hər şeydən üstün tutan bir lider kimi beynəlxalq birliyi Azərbaycanın reallıqları ilə barışmağa məcbur edirdi. Bu diplomatik savaşın ən gərgin və həlledici məqamı isə 1996-cı ilin dekabrında ATƏT-in Lissabon sammitində yaşandı...

Tam inamla söyləmək olar ki, bu sammit Azərbaycanın diplomatik zəfərlərinin ilk və ən möhkəm hüquqi təməli oldu. O vaxt Ermənistan öz işğalçılıq siyasətini ört-basdır etməyə çalışaraq, münaqişənin həlli prinsiplərini özündə ehtiva edən 20-ci maddəyə veto qoymaq istəyirdi. Lakin Ulu Öndər Heydər Əliyev qətiyyətli və barışmaz mövqe nümayiş etdirərək bəyan etdi ki, əgər bu maddə sənədə salınmasa, o, sammitin bütün sənədlərinə veto qoyacaq.

Bu kəskin etiraz və gərgin müzakirələr nəticəsində 54 dövlətdən 53-ü Azərbaycanın haqlı mövqeyini dəstəklədi. Sammitin yekun sənədinə daxil edilən xüsusi bəyanatda - Ermənistan və Azərbaycanın ərazi bütövlüyü, Azərbaycan tərkibində Dağlıq Qarabağa ən yüksək dərəcəli özünüidarəetmə verən özünütəyinetmə əsasında Dağlıq Qarabağın sazişlə müəyyən edilmiş hüquqi statusu, tənzimləmə müddəalarına bütün tərəflərin əməl etməsini təmin edən qarşılıqlı öhdəliklər daxil olmaqla, Dağlıq Qarabağ və onun bütün əhalisinin təminatlı təhlükəsizliyi  öz əksini tapdı. Beləliklə, Heydər Əliyev Ermənistanın "konsensus" qaydasından sui-istifadə etmək cəhdini boşa çıxararaq, münaqişənin beynəlxalq hüquq müstəvisində həlli üçün dəyişməz formul ortaya qoydu. 

1996-cı il dekabrın 6-da ATƏT-in Lissabon Zirvə toplantısının yekunları ilə əlaqədar respublika ictimaiyyətinin nümayəndələrilə görüşündəki nitqində Ulu Öndər bu sammitin tarixi əhəmiyyətini belə izah etmişdi: "Lissabon Zirvə görüşünün müsbət nəticələrindən biri də ondan ibarətdir ki, bu günlər bütün dünya ictimaiyyəti, dünyanın bütün informasiya orqanlarının - qəzetlərin, televiziya və radionun diqqəti Lissabona cəlb olunmuşdu - bu, təbiidir, çünki orada böyük bir beynəlxalq tədbir həyata keçirilirdi, o cümlədən xüsusən Ermənistan-Azərbaycan münaqişəsinə cəlb olunmuşdu. Dünya ictimaiyyətinin nəzər-diqqətinin bu problemə belə geniş cəlb olunması, eyni zamanda onların bu məsələnin həlli yollarını axtararaq problemi dərindən araşdırması, öyrənməsi nəticəsində biz Azərbaycanın haqlı olmasını dünyaya yaya bildik, təbliğ edə, nümayiş etdirə bildik".

Ulu Öndərin gərgin diplomatik fəaliyyəti nəticəsində dünya Azərbaycanın ərazi bütövlüyünü sarsılmaz bir prinsip kimi tanıdı və bununla da gələcək tarixi Qarabağ qələbəmiz üçün həlledici olan hüquqi baza formalaşdırıldı.


Böyük inam


Ulu Öndər Heydər Əliyev fenomenini millətinin nəzərində ucaldan əsas amil onun hər zaman xalqının yanında olması idi. İnsanlar üçün o, hər bir azərbaycanlının taleyini düşünən "Ata" obrazı idi. Ulu Öndər parçalanmaqda olan xalqı azərbaycançılıq məfkurəsi ətrafında birləşdirərək milli həmrəyliyə nail oldu. Bu birlik sonradan zəfər həmrəyliyinə çevrilərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə öz zirvəsinə çatdı.  

Ümummilli Lider  Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük və bəlkə də ən taleyüklü xidməti özündən sonra ölkəni qüdrətli gələcəyə daşıyacaq siyasi varis yetişdirməsi oldu. Onun 2003-cü ildə xalqa müraciətində böyük bir səmimiyyət və qətiyyətlə dediyi "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" kəlamı siyasi vəsiyyət olmaqla yanaşı, Azərbaycanın bütövlüyünə və Zəfərinə açılan yeni səhifə idi. Ulu Öndər İlham Əliyev şəxsiyyətində həm özünün diplomatik məktəbini keçmiş peşəkar bir lider, həm də sarsılmaz milli iradəyə malik vətənpərvər şəxsiyyət yetişdirmişdi.

Bu tarixi etimad illər ötdükcə öz təsdiqini real işlərdə, qüdrətlənən orduda və möhkəmlənən dövlətçilikdə tapdı. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə başlatdığı və yarımçıq qalan arzuları Prezident İlham Əliyevin rəhbərliyi ilə addım-addım gerçəyə çevrilməyə başladı. 

2020-ci ilin payızında başlanan 44 günlük Vətən müharibəsi isə bu inamın ən böyük sınağı və parlaq təntənəsi oldu. Azərbaycanın həmin il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixinə yeni taktiki model gətirdi. İlk günlərdən ön cəbhə xəttinin uğurla yarılması, Murovdağ silsiləsi və Suqovuşan kimi strateji yüksəkliklərin azad edilməsi düşmənin 30 illik müdafiə sistemini iflic etdi. Qısa zaman ərzində 300-dən çox yaşayış məntəqəsinin azad edilməsi Azərbaycan Ordusunun həm texnoloji, həm də peşəkarlıq baxımından düşməndən qat-qat üstün olduğunu nümayiş etdirdi. Bu hərbi yürüşün kulminasiya nöqtəsi isə noyabrın 8-də Şuşanın azad edilməsi oldu ki, bu da düşmənin hərbi müqavimət iradəsini birdəfəlik qırdı.

Noyabrın 9-da daha 70 kəndin azad edilməsi ilə Ermənistanın qarşısında yalnız iki seçim qaldı. Ya tam məhv olmaq, ya da kapitulyasiya aktına qol qoymaq. 10 noyabr gecəsi imzalanmış üçtərəfli Bəyanat münaqişənin hərbi mərhələsinə son qoydu və Azərbaycanın diplomatik diktəsini təsdiqlədi. Ali Baş Komandanın tətbiq etdiyi mükəmməl hərbi-siyasi taktika sayəsində Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə atılmadan, itki verilmədən işğaldan azad edildi. 

Bəzən tarixin gərdişində elə rəmzi məqamlar olur ki, onlar hadisələrin təsadüf yox,  həm də ilahi ədalətin nəticəsi olduğunu sübut edir. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi 2023-cü il Azərbaycan tarixinə həm də separatizmin kökünün birdəfəlik kəsildiyi il kimi həkk olundu. 1993-cü ildə dahi liderin böyük fədakarlıqla qarşısını aldığı ölkəmizin parçalanma təhlükəsi, düz 30 il sonra - məhz onun 100-cü ildönümündə reallaşan antiterror tədbirləri ilə birdəfəlik tarixin arxivinə gömüldü.

Xankəndidə separatçı rejimin ağ bayraq qaldırması və Azərbaycanın suverenliyinin bütün ölkə ərazisində tam təmin edilməsi Ulu Öndər Heydər Əliyevin ruhunu şad etdi. Çünki Ümummilli Liderin vaxtilə böyük uzaqgörənliklə qurub-yaratdığı, hər daşında izi olan Xankəndi artıq yad nəfəslərdən təmizlənmiş, öz həqiqi sahiblərinə qovuşmuşdu. 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan bayrağını ucaltması, Ulu Öndər arzularının çin olması anlamına gəlirdi. 

Dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi ilində Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad, azad edilmiş torpaqlarda dalğalanan Azərbaycan bayrağı dünyaya mesaj verdi ki, Heydər Əliyevin qurduğu dövlət sarsılmazdır və onun vəsiyyəti tam, qəti və əbədi olaraq yerinə yetirilib. 

Prezident İlham Əliyevin Şuşa azad edildikdən sonra Şəhidlər xiyabanından xalqa müraciəti zamanı səsləndirdiyi kimi: "...Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!.." Bu kəlamın arxasında 17 illik gərgin hazırlıq, hər günü zərgər dəqiqliyi ilə hesablanmış diplomatiya və sarsılmaz iradə dayanırdı. Əgər Ulu Öndər Heydər Əliyev Azərbaycanı xilas edib təməllərini möhkəmləndirmişdisə, cənab İlham Əliyev bu təməllər üzərində bütöv Azərbaycanı inşa etdi. 

İndi Qarabağ və Şərqi Zəngəzur Ulu Öndərin xəyal etdiyi kimidir. Bərpa olunan şəhərləri, çiçəklənən kəndləri və hər bir qarışında milli kimliyimizin izləri ilə...

Vətən müharibəsindən dərhal sonra Azərbaycan öz gücünə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti və quruculuq işlərinə başladı. Bu gün həmin torpaqlara səfər edərkən burada dövlətimizin həyata keçirdiyi nəhəng layihələrin şahidi oluruq. Bu ərazilərdə artıq üç beynəlxalq hava limanı istifadəyə verilib - Zəngilan, Füzuli, Laçın. Həmçinin çoxsaylı körpülər, tunellər, elektrik stansiyaları tikilib, yeni yollar çəkilib.  

Ulu Öndərin mənəvi irsinin yaşadılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti müstəsna əhəmiyyət kəsb edir. Fondun işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa işləri Ümummilli Liderin ruhuna ehtiramdır. Qarabağ və Şərqi Zəngəzurda dini-mədəni abidələrimizin qısa müddətdə bərpası Heydər Əliyevin illər öncə tarixi torpaqlarımızda ucaltdığı milli ruhun qayıdışının rəmzidir.

Bir mühüm məqamı da vurğulamaq lazımdır ki, Azərbaycan qazanmış olduğu tarixi qələbə ilə həm də sülh prosesinin müəllifidir. Ötən ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalar, sülh istiqamətində atılan qətiyyətli addımlar, Zəngəzur dəhlizi (TRIPP) kimi nəhəng nəqliyyat-logistika təşəbbüsləri bölgədə tamamilə yeni reallıqlar formalaşdırır. Azərbaycan 44 günlük müharibədən sonra qarşı tərəfə sülh müqaviləsi təklif edən dünyadakı nadir ölkələrdən biri kimi tarixə düşdü. Bu sülhməramlı liderlik beynəlxalq müstəvidə də ən yüksək səviyyədə etiraf olunur.

Prezident İlham Əliyevin Əbu-Dabidə humanizm və qardaşlıq rəmzi olan "Zayed İnsan Qardaşlığı Mükafatı", eləcə də bu günlərdə "Sülh və Barışıq üçün Gernika mükafatı" ilə təltif edilməsi ölkəmizin dünyadakı artan nüfuzunun əyani sübutudur. Bu ali mükafatlar cənab İlham Əliyevə məhz regionda onilliklər boyu davam edən münaqişəyə son qoyan uzaqgörən siyasətinə görə verilmişdir.  

Azərbaycanın qazandığı bütün bu möhtəşəm nailiyyətlərin, qələbələrin, sülhün və qüdrətin arxasında isə böyük düha Heydər Əliyevin sönməz ideyaları dayanır. Ulu Öndərin yolu ilə inamla irəliləyən Azərbaycan bu gün bütöv, suveren və dünyada söz sahibi olan qalib dövlət kimi əbədiyaşarlıq qazanıb. 


Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Televiziya məkanında ictimaiyyətin narazılığına səbəb olan məsələlər diqqətdə saxlanılır

09:05
05 May

İlmə-ilmə toxunan həyat

09:00
05 May

Gənclər siyasəti dövlətin inkişaf strategiyasının əsas istiqamətlərindən biridir

08:55
05 May

Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib

08:50
05 May

Qərəzin və korrupsiyanın ünvanı olan Avropa strukturu

08:45
05 May

Avropa Parlamentində korrupsiyaya bulaşmış deputat çoxdur

08:40
05 May

Qətiyyətli cavab

08:35
05 May

Avropanın Azərbaycana artan marağı qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır

08:30
05 May

Sülhə qarşı hibrid hücumlar da iflasa məhkumdur

08:27
05 May

Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi

08:25
05 May

AİB-nin 59-cu illik toplantısının rəsmi açılış mərasimi keçirilib

08:20
05 May

Bütöv Azərbaycana gedən yolun təməllərini yaradan lider

08:15
05 May

Naxçıvanın xilaskarı

08:10
05 May

Heydər Əliyev siyasi irsi: inkişafımızın təməli

08:05
05 May

Avropaya ünvanlanan mesajlar

08:00
05 May

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş"in təsdiq edilməsi haqqında

05:01
05 May

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə"də və 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

05:01
05 May

Azərbaycan xalçaçılarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

05:00
05 May

“Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası”nın təsdiq edilməsi haqqında

04:59
05 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

04:58
05 May

“İstilik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında

04:57
05 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!