Son dövrlərdə bu və ya digər ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana davamlı səfərləri ölkənin geosiyasi və geoiqtisadi əhəmiyyətinin artdığını aydın şəkildə nümayiş etdirir. Latviya Prezidenti Edqars Rinkeviçsdən və Ukrayna Prezidenti Volodimir Zelenskidən sonra Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfəri bunun bariz nümunəsidir. Bu səfərlər yalnız ikitərəfli münasibətlərin inkişafı deyil, eyni zamanda Azərbaycanın beynəlxalq arenada mövqeyinin gücləndiyini göstərən mühüm amildir. Avropa ölkələrinin Azərbaycana artan marağı onların regionda sabitlik, enerji təhlükəsizliyi və yeni nəqliyyat dəhlizləri ilə bağlı strateji hədəflərindən irəli gəlir.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında bildirib ki, bu gün Azərbaycan dayanıqlı iqtisadi tərəqqisi, təkmil inkişaf modeli ilə dünyanın diqqətindədir. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması bugünkü uğurlarında əhəmiyyətli rol oynayır. "Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası həm neft-qaz, həm də qeyri-neft sektorunda uğurlara yol açıb. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji layihələri Avropanın enerji təminatında mühüm rol oynayır. Azərbaycan təkcə enerji ixrac edən ölkə deyil, eyni zamanda enerji təhlükəsizliyinin təminatçısıdır", - deyə deputat bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən gərgin vəziyyət Avropa üçün enerji təhlükəsizliyi məsələsini prioritetə çevirib. Uzun illər ərzində Rusiya qazından asılı vəziyyətdə olan Avropa İttifaqı alternativ mənbələr axtarışını sürətləndirib. Bu kontekstdə Azərbaycan etibarlı tərəfdaş kimi ön plana çıxır. Avropa ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi, xüsusilə qaz ixracının artırılması ilə bağlı əldə olunan razılaşmalar qarşılıqlı marağın əsasını təşkil edir. Enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur.
"Azərbaycan Avropanın enerji təhlükəsizliyində bundan sonra da etibarlı tərəfdaş olacaq. Ölkəmiz Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Bundan sonra isə qaz təchizatçısı kimi də potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Bununla da ölkəmizin dünyanın, Avropanın enerji xəritəsində möhkəmlənən rolu daha da artacaq. Bu günlərdə Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə rəsmi səfəri çərçivəsində Qəbələdə keçirilən Azərbaycan-Çexiya biznes-forumu özündə bütün bu məqamları ehtiva edir. Prezident İlham Əliyev bəyanatında qeyd etdi ki, Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür", - deyə deputat bildirib.
V.Rəhimzadə vurğulayıb ki, bu fakt Azərbaycanın Avropa bazarındakı mövqeyinin gücləndiyini nümayiş etdirir: "Enerji təhlükəsizliyi beynəlxalq münasibətlər sistemində hər bir ölkənin geosiyasi mövqeyini, regional təsir imkanlarını və beynəlxalq etibarlılığını müəyyən edən əsas amillərdən biri kimi önə çəkilir. Azərbaycan bu gün etibarlı və arzuolunan tərəfdaş kimi dünyanın diqqətindədir. Azərbaycanın ikitərəfli əlaqələrinin gündəliyindən bəhs edərkən enerji amili xüsusi qeyd edilir. Hər bir ölkə Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olduğunu xüsusi qeyd edir. Azərbaycan qazı artıq Mərkəzi və Şərqi Avropa ilə yanaşı, Qərbi Avropa bazarına da daxil olmaqdadır. Bu kimi faktlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu bir daha təsdiqləyir. Onu da qeyd edək ki, 2022-ci ilin iyul ayında Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış Strateji Tərəfdaşlıq sənədi əməkdaşlığın yeni mərhələsinin təqdimatı oldu. Razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının Avropaya illik tədarük həcminin 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur".
Deputat qeyd edib ki, Zəngəzur dəhlizinin perspektivdə Mərkəzi Asiya ilə Avropa arasında enerji və nəqliyyat körpüsünə çevrilməsi Azərbaycanın sülh təşəbbüslərinin strateji əhəmiyyətini bir daha nümayiş etdirir. Azərbaycanın regional sabitliyə verdiyi töhfə Avropanın enerji təhlükəsizliyinin mühüm təminatlarından biridir. Azərbaycan regionda sülh, enerji təminatçısı kimi mövqeyini möhkəmləndirir. Bu əməkdaşlığın əsas sütunlarından biri "Cənub qaz dəhlizi" layihəsidir. Xəzər dənizinin enerji resurslarını Avropa bazarına birbaşa çıxaran bu dəhliz təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyətə malikdir. Layihə Avropanın enerji marşrutlarını şaxələndirməsinə imkan verir və Azərbaycanın strateji rolunu gücləndirir. Azərbaycanın coğrafi mövqeyi də Avropa üçün xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi Azərbaycanın tranzit potensialını artırır və onu qlobal ticarət sistemində vacib halqaya çevirir. Bu isə Avropa dövlətlərinin iqtisadi və logistika maraqları ilə üst-üstə düşür.
V.Rəhimzadə bildirib ki, Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır və dostluğa sadiqdir: "Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr tərəfdaş ölkələrin maraqlarını təmin edir, əməkdaşlığa da güclü zəmin yaradır. Azərbaycanın xarici siyasət uğurları bu gün istər ayrı-ayrı dövlətlərlə ikitərəfli, istərsə də beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafında, evsahibliyi etdiyi qlobal forumlarda, dövlət başçısı İlham Əliyevin iştirak etdiyi tədbirlərin sayında özünün aydın ifadəsini tapır. Bu günümüzün reallıqları Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun aydın mənzərəsini təqdim edir. Nəticə etibarilə, Avropa ölkələrinin Azərbaycana artan marağı çoxşaxəli və uzunmüddətli strateji hədəflərə əsaslanır. Enerji təhlükəsizliyi, geosiyasi mövqe, iqtisadi əməkdaşlıq və regional sabitlik kimi amillər bu marağı şərtləndirən əsas faktorlar kimi çıxış edir. Mövcud tendensiya göstərir ki, yaxın gələcəkdə Avropa ilə Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsi gözləniləndir".
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"