Avropa Parlamenti ilə münasibətlərin rəsmən dayandırılması göstərir ki, Azərbaycanla təzyiq və şantaj dilində danışmaq olmaz
Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığı dayandırmaqla bağlı qərar qəbul etməsi, Azərbaycanın milli maraqlarını və suveren hüquqlarını qorumaq yolunda atdığı prinsipial və qətiyyətli addımdır.
Bu həm də onu göstərir ki, Bakı artıq qərəzli qətnamələri sadəcə pisləməklə kifayətlənmir, antiazərbaycançı qüvvələri layiqincə yerlərinə otuzdurur. Milli Məclisin son qərarı da korrupsiya mərkəzinə çevrilmiş ermənipərəst Avropa Parlamentinə kəskin və strateji cavabdır.
Qərəzli qətnamələr və təhrif olunmuş reallıqlar
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfər və suverenliyini tam bərpa etməsi bəzi beynəlxalq dairələrdə, xüsusilə də Avropa Parlamentində ciddi narahatlıq doğurubdur. Uzun illərdir ölkəmizə qarşı ikili standartlar və "qara piar" kampaniyası yürüdən bu qurum, son addımları ilə artıq dialoq imkanlarını tamamilə tükəndirib. Milli Məclisin Avropa Parlamenti ilə bütün əlaqələri kəsməsi də bu səbəbdəndir.
AP-nin sərgilədiyi bədnam mövqe, bu qurumun reallıqdan nə qədər uzaq düşdüyünü göstərir. 2021-ci ildən bəri Azərbaycan əleyhinə 10-dan çox qətnamə qəbul edən riyakar qurum faktiki olaraq erməni lobbisinin və islamofob dairələrin ruporuna çevrildiyini ortaya qoyur. Avropa Parlamentinin cari il aprelin 30-da sərgilədiyi bədnam mövqe, bu qurumun riyakarlığının növbəti sübutudur.
Həmin tarixdə qəbul edilmiş qətnamədə də ölkəmizə qarşı əsassız və qərəzli müddəalar, həqiqətdən uzaq iddialar yer alıb. Qarabağda həyata keçirilən antiterror tədbirlərindən sonra burada yaşayan erməniəsilli əhaliyə Azərbaycan bayrağı altında yaşamaq təklif olundu, onlara hər cür şərait və təhlükəsizlik zəmanəti verildi. Onu da qeyd etməliyik ki, antiterror tədbirləri aparılanda da mülki əhaliyə zərər verilməməsi üçün lazım olan bütün tədbirlər görüldü və bir erməninin belə burnu qanamadı. Lakin erməniəsilli əhali könüllü şəkildə ölkəmizi tərk etməyi seçdi və gedərkən də onlara hər cür şərait yaradıldı, hətta qida ilə də təmin edildilər. O da gün kimi aydın idi ki, qərəzli dairələr Qarabağdan gedən erməniəsilli şəxslərdən öz çirkin məqsədləri üçün istifadə edəcəklər. Həqiqətən də vaxtaşırı bu məsələdən ölkəmizə qarşı çirkin məqsədlərlə istifadə edildiyinin şahidi oluruq.
AP-nin sözügedən qərəzli qətnaməsində insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər törətmiş erməniəsilli şəxslərin "müharibə əsiri" statusunda qeyd edilməsi də anti-Azərbaycan ritorikasından xəbər verir.
Avropa Parlamenti 30 il boyunca bir milyon azərbaycanlının hüquqlarının tapdalanmasına, ərazilərimizin minalanmasına və mədəni irsimizin məhv edilməsinə susduğu halda, bu gün "insan haqları" pərdəsi altında daxili işlərimizə müdaxilə etməyə çalışır. Ötən ilin avqustunda Vaşinqtonda əldə olunmuş sülh irəliləyişlərini və regionda formalaşan yeni reallıqları həzm edə bilməyən AP, sülh prosesini dolayı yolla əngəlləmək missiyasını öz üzərinə götürüb.
Avropa Parlamentinin bu "fəallığının" arxasında dayanan səbəblər heç də demokratik dəyərlər deyil. Korrupsiya şəbəkələri və müxtəlif maraq qruplarının təsiri göstərir ki, bu təsisat artıq qanunverici orqan deyil, siyasi sifarişlərin icraçısıdır. Avropada tüğyan edən islamofobiya, antisemitizm və miqrant problemlərini həll etmək əvəzinə, Azərbaycanı hədəf seçmək riyakarlığın zirvəsidir.
Prezident İlham Əliyevin 2026-cı ilin yanvarında vurğuladığı kimi: "Avropa Parlamentinin Azərbaycana qarşı olan bu qərəzli vəziyyəti Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının fəaliyyətinin nəticəsidir".
AP Azərbaycan üçün heç bir siyasi çəkiyə malik deyil
Avropa Parlamentinin növbəti qərəzli qətnaməsi bir daha sübut etdi ki, bir çox avroparlamentari səs verdiyi mətnin mahiyyətindən belə xəbərsizdir. Bu, Avropa parlamentarizminin düşdüyü acınacaqlı vəziyyətin aydın təzahürüdür. Buna görə də artıq Azərbaycan üçün AP ilə hansısa ortaq platformada təmsil olunmaq əhəmiyyətini itirib. Milli Məclisin adıçəkilən qurumun Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar qəbul etdiyi qərarda da deyilir ki, bu gün demokratik dəyərlərin iflasa uğradığı, korrupsiya və rüşvətxorluğun dərin kök saldığı, lobbi qruplarına və müxtəlif maraq dairələrinə xidmət edən Avropa Parlamenti Azərbaycanofob və islamofob düşüncənin ardıcıl surətdə ifadə olunduğu struktura çevrilmişdir: "Əsas narahatlıq doğuran məqamlardan biri də budur ki, bu qurum yalnız Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafına maneə törətmir. Bu həm də regionumuzda uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi istiqamətində atılan addımlara qarşı çıxır, revanşist qüvvələri təhrik etməklə regionumuzu yenidən münaqişə ocağına çevirməyə cəhd göstərir. Bütün bunlar isə Avropa Parlamenti ilə əməkdaşlığın mahiyyətini heçə endirir".
Milli Məclis qərara alıb: Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılsın; Azərbaycan Milli Məclisinin Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətində iştirakına son qoyulsun; Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılsın və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmasın.
Mayın 1-də Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə, Avropa Parlamenti tərəfindən 30 aprel tarixində qəbul edilmiş qətnamədə ölkəmizə qarşı yer almış əsassız və qərəzli müddəalar qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib.
Sözügedən qətnamədəki müddəaların reallıqları təhrif etdiyi, obyektivlik prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəliklərinə zidd olduğu vurğulanıb. Avropa Parlamentinin bu cür yanaşma sərgiləməsinin regionda normallaşma prosesinə, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivlərinə mənfi təsir etdiyi vurğulanıb.
Görüşdə, Avropa İttifaqı tərəfi Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, eləcə də regionda sülh və normallaşma prosesinə zərər vuran bu kimi addımların qarşısını almağa çağırılıb.
Bütün bunlar sadəcə etiraz deyil, həm də xəbərdarlıqdır. Azərbaycan öz suverenliyini heç bir kənar təzyiqə və şantaja qurban verməyəcək. Ermənistana neft məhsulları ixrac edən, regionda humanizm və sülh prinsipləri ilə çıxış edən rəsmi Bakı, buna qarşılıq olaraq əleyhinə aparılan qarayaxma kampaniyalarını qəbul etməyəcək.
Avropa Parlamenti özünün qərəzli və islamofob siyasəti ilə Azərbaycan kimi mühüm tərəfdaşı itirmək yolunu seçdi. Azərbaycan isə beynəlxalq hüquqa və öz gücünə dayanaraq, diktə ilə deyil, bərabərhüquqlu tərəfdaşlıqla yoluna davam edir.
Bir sözlə, Avropanın korrupsiya və riyakarlıq simvoluna çevrilmiş bu qurum artıq Azərbaycan üçün heç bir siyasi və mənəvi çəkiyə malik deyil.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"