Azərbaycanın xarici siyasət uğurlarında tarixi Zəfərimizin və suverenliyimizin bərpasının yaratdığı yeni reallıqlar əhəmiyyətli rol oynayır. Ötən ilin avqustunda Ermənistanla Azərbaycan arasında tarixi sülh razılaşmasının əldə olunması ümumilikdə regionda dayanıqlı inkişafı və təhlükəsizliyi təmin edəcək əsas faktor kimi diqqət çəkir.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən "Cənub qaz dəhlizi" vasitəsilə Avropanın enerji xəritəsini şaxələndirən mühüm tərəfdaşdır. Xüsusilə qlobal enerji böhranı fonunda ölkəmiz qitənin enerji təhlükəsizliyinin əsas mərkəzlərindən birinə çevrilib. Hazırda tərəfdaşlıq karbohidrogen resurslarından bərpa-olunan enerjiyə doğru transformasiya olunur. "Azərbaycanın malik olduğu bərpaolunan enerji potensialı yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirir. Ölkəmizin Xəzər dənizindəki külək enerjisi potensialının Qara dəniz sualtı kabeli vasitəsilə Avropaya nəqli layihəsi əməkdaşlığın gələcək miqyasını və hədəfini müəyyən edir. 2024-cü ildə ölkəmizin yüksək səviyyədə evsahibliyi etdiyi və uğurlu nəticələrin əldə olunmasına imza atdığı COP29 iqlim konfransı çoxtərəfliliyin növbəti nümunəsi olmaqla yanaşı, ölkəmizin "yaşıl enerji"yə keçidinin təqdir edildiyini bir daha təsdiqlədi. Azərbaycanın enerji və nəqliyyat imkanları hər zaman beynəlxalq səviyyədə qeyd edilir. Bu imkanlar yeni körpülər qurulmasında əhəmiyyətli rol oynayır. Ölkəmizin tranzit imkanları beynəlxalq maliyyə qurumlarının, o cümlədən Davos İqtisadi Forumunun hesabatlarında liderliyini şərtləndirən əsas amillər sırasındadır. Azərbaycan "Şərq-Qərb" nəqliyyat dəhlizinin ən mühüm halqası kimi Avropanın Asiya bazarlarına təhlükəsiz və qısa çıxışını təmin edir. Bu, Bakını qitə üçün önəmli ticarət və logistika məkanına çevirir", - deyə o bildirib. Deputat qeyd edib ki, Azərbaycan Avropa İttifaqı üçün strateji əhəmiyyəti artan dövlətdir. Bu baxımdan Azərbaycan ilə Latviya arasında münasibətlərin inkişafı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-Latviya münasibətləri ümumilikdə dostluq və əməkdaşlıq xarakteri daşıyır, xüsusilə Avropa-Xəzər bölgələri arasında əlaqələrin inkişafı baxımından nümunə sayılır. İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin yanvarında qurulub və Azərbaycanın Latviyada səfirliyi 2005-ci ildə fəaliyyətə başlayıb. Azərbaycan-Latviya münasibətləri dostluq ruhunda inkişaf edərək konstruktiv xarakter daşıyır. Latviya beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri kimi çıxış edib. Eyni zamanda Latviya Avropa İttifaqı üzvü olaraq Azərbaycanın Avropa institutları ilə əməkdaşlığında mühüm rol oynayır.
V.Rəhimzadə vurğulayıb ki, müxtəlif səviyyələrdə həyata keçirilən rəsmi səfərlər, parlamentlərarası əlaqələr və siyasi dialoq bu münasibətlərin institusional əsaslarını gücləndirir: "İqtisadi əməkdaşlıq, nəqliyyat və tranzit sahəsində əlaqələr xüsusilə diqqətəlayiqdir. Latviya Baltik regionunda mühüm logistika və nəqliyyat mərkəzi kimi tanınır. Onun limanları Azərbaycanın Avropa bazarlarına çıxışı üçün əlavə imkanlar yaradır. Azərbaycan isə öz növbəsində zəngin enerji ehtiyatları və strateji coğrafi mövqeyi ilə Latviya üçün Cənubi Qafqaz və daha geniş Asiya regionuna çıxış imkanı təqdim edir. Bu amillər iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır".
Deputat bildirib ki, Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Bakıya rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi təkbətək və geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları, sənədlərin imzalanması münasibətləri yeni inkişaf mərhələsinə yüksəldəcək. Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, səfərin ölkələrimiz arasında ikitərəfli münasibətləri gücləndirəcəyinə, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacağına əmindir: "Şadıq ki, əməkdaşlığımızın çox güclü çərçivəsi var. Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışıq".
Latviya Prezidenti Edqars Rinkeviçs bəyanatında aparılan müzakirələri çox müsbət, praqmatik və gələcək əməkdaşlıq kimi dəyərləndirərək Azərbaycanı xüsusilə Trans-Xəzər nəqliyyat dəhlizində, həmçinin energetika sahəsində rolunu həm Latviya, həm də ümumilikdə Avropa İttifaqı üçün strateji bir dəyər kimi gördüklərini vurğuladı.
İki ölkə arasında mədəni və humanitar sahədə münasibətlərin ardıcıl şəkildə inkişaf etdiyini deyən deputat bildirib ki, təhsil proqramları, tələbə mübadiləsi, mədəni tədbirlər iki xalq arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir: "Latviyada 450-dən artıq azərbaycanlı tələbənin təhsil alması da bunun təsdiqidir. Bu əlaqələr dövlətlərarası münasibətlərin yalnız siyasi və iqtisadi çərçivə ilə məhdudlaşmadığını, eyni zamanda humanitar müstəvidə də dərinləşdiyini göstərir. Enerji sahəsində əməkdaşlıq da perspektivli istiqamətlərdən biridir. Azərbaycanın enerji resursları Avropa ölkələri, o cümlədən Latviya üçün alternativ mənbə kimi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ilə Latviya arasında münasibətlər dostluq xarakterli və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq modeli kimi qiymətləndirilə bilər".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"