24 Aprel 2026 08:17
165
SİYASƏT
A- A+
Yolların kəsişdiyi strateji coğrafiya

Yolların kəsişdiyi strateji coğrafiya


Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" arasında ən etibarlı və təhlükəsiz məkandır 


Dünya nizamı kommunikasiya xətləri, logistik marşrutlar və nəqliyyat dəhlizləri ilə yenidən formalaşır. Yeni düzəndə Avrasiyanın mərkəzində, Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycan qlobal iqtisadiyyatın hərəkətverici arteriyalarından birinə çevrilməkdədir. Ölkəmizin strateji transformasiyası təkcə coğrafi mövqeyə əsaslanmır. Bu həm də illər öncə əsası qoyulmuş uzaqgörən xarici siyasətin və zərgər dəqiqliyi ilə icra edilən infrastruktur layihələrinin məntiqi yekunudur. 

Prezident İlham Əliyevin aprelin 22-də Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı toxunduğu məqamlar bir daha təsdiqləyir ki, ölkəmiz nəqliyyat layihələrində, sadəcə, iştirakçı tərəf statusunu çoxdan geridə qoyub. Azərbaycan bu gün qlobal layihələrin həm təşəbbüskarı, həm də əsas moderatoru kimi çıxış edir. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan üçün prioritet məsələlərdən biri nəqliyyat bağlantılarıdır: "Əsasən keçmişdə, indi və gələcəkdə diqqət yetirəcəyimiz digər sahə bağlantıdır. Burada coğrafiya investisiyalarımızla və Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün uzunmüddətli siyasətlə tamamlanır. Bu, artıq baş verib və Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə nəqliyyat dəhlizləri artıq fəaliyyət göstərir". 

Azərbaycan Prezidenti qeyd edib ki, ölkəmizdə investisiyalar üçün böyük imkanlar var: "Çünki bu gün Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı problemlidir. Dediyim kimi, biz buraya çoxlu investisiyalar yatırmışıq və dost ölkələrlə, birbaşa qonşularımızla və qonşularımızın qonşuları ilə əməkdaşlıq edərək yüklər üçün təhlükəsiz və etibarlı nəqliyyat marşrutunu təmin edə bilmişik. Yeri gəlmişkən, Azərbaycan ərazisindən keçən yüklərin həcmi ildən-ilə artır".

Prezident İlham Əliyevin vurğuladığı əsas məqamlardan biri Azərbaycanın Çinlə Avropa arasında ən qısa və təhlükəsiz keçid olan Orta dəhlizdəki mərkəzi roludur. Orta dəhliz ənənəvi dəniz yolları və digər quru marşrutları ilə müqayisədə ciddi üstünlüklərə malikdir. Çindən Avropaya yüklərin dəniz yolu ilə daşınması 30-45 gün çəkdiyi halda Orta dəhliz vasitəsilə bu müddət 12-15 günə qədər azalır. Ələlxüsus, hazırkı mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın təqdim etdiyi marşrut ən sabit və proqnozlaşdırıla bilən təhlükəsizlik limanı hesab olunur. 

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsi və ötürücülük qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılması məqsədilə aparılan işlərin yekunlaşması bu dəhlizin rəqabət qabiliyyətini artırıb. Bu artım Azərbaycanı böyükhəcmli yüklərin idarə olunduğu əsas paylayıcı mərkəzə çevirir. Xəttin modernləşdirilməsi sərnişindaşıma potensialını artırır ki, bu da regional inteqrasiyanı gücləndirir. Xəzər dənizində ən böyük logistik mərkəz olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanında tətbiq olunan avtomatlaşdırılmış idarəetmə sistemləri yüklərin gecikmədən dəmir yollarına ötürülməsini təmin edir. Ələt Azad İqtisadi Zonasında istehsal müəssisələrinin qurulması xammalın emal edilərək hazır məhsul kimi ixrac olunmasına imkan yaradır. Bu, Azərbaycanı tranzit ölkədən istehsal və ixrac habı statusuna yüksəldir. Xəzər dənizində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) gəmi-bərə və tanker parkının yenilənməsi, gəmiqayırma zavodunun tam gücü ilə işləməsi dəniz seqmentində asılılığı aradan qaldırır. Həmçinin Orta dəhliz boyu keçən ölkələrlə vahid rəqəmsal sistemin yaradılması bürokratik maneələrə imkan vermir. 

Zəngəzur dəhlizi də (TRIPP) Orta dəhlizin bir qolu olaraq Azərbaycanın Naxçıvan və Türkiyə üzərindən Avropaya çıxışını diversifikasiya edir. Sözügedən marşrut digər alternativlərlə müqayisədə məsafəni və zamanı daha da azaldır. Çindən və Mərkəzi Asiyadan gələn yüklər üçün daha bir qapının açılması Azərbaycanın tranzit həcmini dəfələrlə artıra bilər. Bu dəhlizin işə düşməsi həm də milli təhlükəsizlik və tarixi ədalətin bərpası məsələsidir. Zəngəzur dəhlizi (TRIPP) eyni zamanda türk dünyasının birləşməsi layihəsidir. Bu yol Türkiyəni birbaşa Azərbaycan və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə bağlayır. Azərbaycanın logistik strategiyası çoxvektorludur. "Şimal-Cənub" dəhlizi ilə kəsişən bu yol Azərbaycanı Avrasiyanın "logistik ürəyi" halına gətirir. Bu, gələcəkdə on milyardlarla dollarlıq tranzit dövriyyəsinin əsasını təşkil edir. 

Azərbaycan dünyada nadir ölkələrdəndir ki, həm "Şərq-Qərb", həm də "Şimal-Cənub" layihələrində aktiv iştirak edir. Hindistandan gələn yüklərin İran vasitəsilə Azərbaycan ərazisindən keçərək Rusiyaya və Şimali Avropaya çatdırılması üçün dəmir yolu və magistral yollar tam hazır vəziyyətə gətirilib. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycanı böyük gömrük və anbar mərkəzinə çevirir ki, bu da regionun siyasi arxitekturasında Azərbaycanın həlledici rolunun təmin edilməsidir. "Şimal-Cənub" dəhlizi ənənəvi Süveyş kanalı marşrutu ilə müqayisədə inanılmaz dərəcədə səmərəlidir. Süveyş kanalı vasitəsilə daşınmalar 45-60 gün çəkdiyi halda Azərbaycan üzərindən keçən quru yolu ilə müddət 20-25 günə qədər azalır. Zamanın azalması birbaşa daşıma xərclərinin 30-40 faiz civarında aşağı düşməsinə gətirib çıxarır. 

"Şimal-Cənub" dəhlizi həm də Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq formatının inkişaf etdirilməsidir. Əgər Orta dəhliz Azərbaycanı Çin və Avropa üçün əvəzolunmaz tərəfdaş edirsə, "Şimal-Cənub" dəhlizi ölkəmizi Hind okeanı hövzəsi ilə Şimali Avropa arasında əsas açar dövlətə çevirir. İlham Əliyevin strateji kursunun mahiyyəti bu iki nəhəng layihəni sinxronlaşdıraraq Azərbaycanı Avrasiyanın vazkeçilməz nəqliyyat orbitrinə çevirməkdir. 

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan öz üzərinə düşən bütün texniki işləri, yolların tikintisini tam başa çatdırıb: "İndi gördüyümüz işlər isə müasirləşməyə, yeni fiziki infrastrukturun yaradılmasına, rəqəmsallaşdırılmaya, o cümlədən süni zəka tərəfindən yaradılan imkanlara investisiyaların yatırılmasından ibarətdir ki, Azərbaycan ərazisindən daşımalar bugünkü geosiyasi vəziyyətdə nəinki təkcə ən təhlükəsiz, lakin eyni zamanda daşıma haqları və zamanı nöqteyi-nəzərindən rəqabətli olsun".   Müasir dövrün tələblərinə uyğun olaraq, Azərbaycan nəqliyyat infrastrukturunu "yaşıl enerji" ilə inteqrasiya edir, intellektual və logistik ekosistem qurur. Dəmir yollarının tam elektrikləşdirilməsi və nəqliyyat mərkəzlərində alternativ enerji mənbələrindən istifadə edilməsi Azərbaycanı qlobal "yaşıl logistika" trendlərinə uyğunlaşdırır. Rəqəmsallaşma nəqliyyat qovşağının səmərəliliyini təmin edən əsas amildir. Sərhəd-keçid məntəqələrində rəqəmsal texnologiyaların tətbiqi yük maşınlarının və qatarların dayanma vaxtını bir neçə dəfə azaldır. Bu, qlobal logistik şirkətlər üçün əsas seçim meyarıdır. Rəqəmsal transformasiya Azərbaycanı xarici investorlar üçün daha cəlbedici edir. Çünki müasir investorlar yolun intellektual idarəetməsini və karbon izinin aşağı olmasını tələb edir. Qarabağ və Şərqi Zəngəzurdakı beynəlxalq hava limanları da bölgənin yeni hava nəqliyyatı qovşağına çevrilməsinə xidmət edir. Bu limanlar sərnişin daşımaları ilə yanaşı, beynəlxalq yük aviasiyası üçün strateji bazadır.

Azərbaycan qlobal logistik xəritələri yenidən cızan və qaydaları müəyyən edən əsas aktorlardan biridir. Orta dəhlizin əsas bağlantı mərkəzinə çevrilmək, "Şimal-Cənub" marşrutunu canlandırmaq, türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizini (TRIPP) açmaq və rəqəmsal nəqliyyat infrastrukturu istiqamətindəki fəaliyyətlər Azərbaycanı Avrasiyanın vazkeçilməz və mühüm nəqliyyat qovşağına çevirib. Bakının təklif etdiyi əməkdaşlıq formatında bütün iştirakçılar qazanır. Beynəlxalq yollar təkcə yükləri yox, həm də sabitliyi, rifahı və mədəniyyətlərarası dialoqu daşıyır. Azərbaycan bu prosesin lokomotivi, əsas təşəbbüskarıdır.

 

İsmayıl QOCAYEV, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Odessaya dron hücumu olub, ölənlər və yaralılar var

09:51
24 Aprel

Ağdam sakini: Doğma yurduma qovuşmaq mənə sonsuz xoşbəxtlik bəxş edir

09:49
24 Aprel

Keçmiş məcburi köçkün: Uzun illər davam edən yurd həsrətimiz sona çatdı

09:40
24 Aprel

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

09:39
24 Aprel

CNN: ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirməyi araşdırır

09:38
24 Aprel

“Axios”: SEPAH Hörmüz boğazında yeni minalar yerləşdirib  

09:36
24 Aprel

Tramp: Putinin G20 sammitində iştirakı çox faydalı olardı

09:35
24 Aprel

Tramp: İranla razılaşmanın müvəqqəti deyil, əbədi olmasını istəyirəm

09:34
24 Aprel

Tramp: Nüvə silahının heç kim tərəfindən istifadəsinə icazə verilməməlidir

09:33
24 Aprel

İran XİN: Nüvə məsələsi ABŞ ilə danışıqların əsas mövzusu deyil

09:31
24 Aprel

Tramp: İranla razılaşma bütün dünya üçün uyğun olduqda bağlanacaq

09:29
24 Aprel

Yunan-Roma güləşi üzrə komandamız ardıcıl ikinci il Avropa çempionu oldu 

09:15
24 Aprel

Sənətşünas alim, bənzərsiz rəssam

09:10
24 Aprel

Unutmur bu oba, bu mahal onu

09:05
24 Aprel

İşığın doğulduğu şəhər

09:00
24 Aprel

Neftçalada nohur balıqçılığının perspektivləri müzakirə edilib

08:55
24 Aprel

Sumqayıtda 13 yeni transformator məntəqəsi tikilir

08:50
24 Aprel

Gəncədə Çin avtomobilləri istehsal olunacaq

08:45
24 Aprel

Ermənistan mədəni irsimizin məhvinə görə cavabdehlik daşıyır

08:40
24 Aprel

Zorakılığın xronikası və dünyanın göz yumduğu həqiqət

08:35
24 Aprel

WUF13 zamanı dərslər axsamayacaq

08:33
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!