Albaniyanın paytaxtı Tiranada keçirilən yunan-Roma güləşi üzrə Avropa çempionatında iki qızıl və üç bürünc medal qazanan Azərbaycan komandası 133 xal toplayaraq Türkiyəni (121) və Gürcüstanı (118) qabaqlayaraq yenidən qitənin ən güclü komandası tituluna sahib olub.
Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Xatırladaq ki, ötən il də komandamız qitə çempionu olmuşdu, ilk qalibiyyətimiz isə 2022-ci ilə təsadüf edir.
Ayrı-ayrı idmançılarımıza gəldikdə H.Cəfərov dördüncü dəfə Avropa çempionu titulunu qazanaraq Azərbaycan güləşi tarixində bu nailiyyətə görə rekord qırıb. Növbəti qələbədən sonra o, təəssüratlarını bölüşüb: "Təəssüratlarım həqiqətən çox gözəldir. Bu gün çox sevincliyəm. Ardıcıl 4-cü qızılımı qazanıram. Həqiqətən də bu qızılların arxasında böyük əziyyət, zəhmət dayanır. Bu qızılı qazandıqdan sonra onun həzzini indi hiss edirəm. Heç bir əziyyət yadıma düşmür. Yalnız yadda qalan bu qızıl olur. Bu qızılımı, tarixi uğurumu qızıma həsr edirəm".
Ardıcıl ikinci dəfə Avropa çempionatının qızıl medalını qazanan Q.Qurbanov isə möhtəşəm uğurdan sonra deyib: "İndiki keçid dövrümdə titulu qorumaq daha çətin oldu. Ötən il Avropa çempionu olduqdan sonra ardıcıl ağır zədələr aldım. Hər iki çempionluğum mənə əzizdir. Sözsüz, çempion kimi çıxış edəndə məsuliyyət daha çox olur. Həsrət Cəfərov 4-cü dəfə Avropa çempionu oldu. Əlbəttə, aramızda xoş bir rəqabət var. Biz də istəyirik ki, bundan da böyük uğurlar qazanaq. Özümü, Həsrəti, bütün komandanı təbrik edirəm".
Albaniya paytaxtında keçirilən AVRO həm də yeni baş məşqçi Məhəmməd Bananın rəhbərliyi altında milli komandamız üçün ilk ciddi sınaq idi. Qalib komanda titulunu yaxşı başlanğıc hesab etmək olar. Lakin əsas sınaq, şübhəsiz ki, oktyabr ayında Bəhreyndə keçiriləcək dünya çempionatında olacaq. Azərbaycanın yunan-Roma güləşi üzrə komandasının baş məşqçisi Məhəmməd Bana komandanın Avropa çempionatındakı qələbəsini belə şərh edib: "Əvvəlcə bütün Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirik. Komandamızın çempion olmasına sevinirik. Bunu gözləyirdik. Ümid edirəm ki, gələcəkdə daha da yaxşı nəticələr əldə edəcəyik. Bu hazırkı nəticə asan qazanılmadı. Biz aylarla əmək sərf etdik. Gələcəkdə daha yaxşı olmağa ümid edirik. Bütün güləşçilərimdən razıyam. Deyirlər ki, güləş fərdi idman növüdür. Amma bu, doğru deyil. Çempionluğu komanda qazanır. 5 medal qazandıq - 2 qızıl və 3 bürünc. Sənan Süleymanov və Beka Kandelaki kimi digər güləşçilər də xal qazanmasaydılar, komanda qalib gəlməyəcəkdi. Buna görə də hər birindən məmnunam və onlara təşəkkür edirəm. Məqsədimiz təkcə dünya çempionatı deyil, həm də Olimpiya Oyunlarıdır".
Rizvan CƏFƏROV,
"Azərbaycan"