Azərbaycanın dünyanın bir çox dövlətləri ilə qarşılıqlı ikitərəfli münasibətləri var. Bu münasibətlər həm siyasi, həm də iqtisadi əlaqələr formatında uğurla davam etdirilməkdədir. Respublikamızın Baltik dövlətləri ilə də əlaqələri qarşılıqlı etimad əsasında formalaşıb.
Bu günlərdə Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri göstərdi ki, Baltik dövlətləri ölkəmizlə əlaqələrin inkişafında maraqlıdırlar.
Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında ikitərəfli gündəliyin müxtəlif aspektlərinin, beynəlxalq əhəmiyyət kəsb edən məsələlərin həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərin iştirakı ilə geniş şəkildə müzakirə edildiyini bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır.
Dövlətlərin iqtisadi inkişafı həm də dövlətlərarası münasibətlərlə şərtlənir. Qarşılıqlı investisiyalar, sərmayə qoyuluşları da bu şərtlər sırasındadır. Mətbuata bəyanatla çıxışında Prezidenti İlham Əliyev hər iki ölkəyə yatırılacaq sərmayələrin yüksək iqtisadi nəticələrinin olacağına inandığını da bildirərək dedi: “Biz, həmçinin razılığa gəldik ki, planlar, proqramlar və sərmayə imkanları barədə bir-birimizə daim məlumat verəcəyik ki, hər iki ölkə şirkətlərinin informasiyaya çıxışı olsun və onlar öz fəaliyyətini planlaşdıra bilsinlər. Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır və ümid edirəm ki, biznes-forum bu vaxta qədər, əfsuslar ki, bir az mülayim görünən qarşılıqlı ticarətimizin dövriyyəsinin artırılmasında həqiqətən mühüm mərhələyə çevriləcək”.
Latviyanın ali təhsil müəssisələrində 450-dən artıq azərbaycanlı tələbənin təhsil aldığını xatırladan dövlət başçımız mətbuata bəyanatında danışıqlar zamanı həmçinin Cənubi Qafqaz və Baltik regionunda təhlükəsizlik məsələlərinin, regional inkişafın və ətrafımızda baş verən hadisələrin müzakirə edildiyini bildirdi. O cümlədən Prezident İlham Əliyev Latviya dövlət başçısını Azərbaycanla Ermənistan arasındakı sülh prosesi ilə bağlı məlumatlandırıb. “Mən cənab Prezidentə Azərbaycanla Ermənistan arasında çox perspektivli sülh prosesinə aid ən son məlumatları çatdırdım. Əslində, ötən ilin avqust ayından etibarən hər iki ölkə Prezident Tramp tərəfindən Ağ Evə dəvət olunandan və Birgə Bəyanat imzalanandan sonra və xarici işlər nazirlərinin sülh sazişin mətnini parafladıqdan sonra bizdə de-fakto sülh var. Həmin vaxtdan etibarən sülh prosesində xeyli müsbət dinamika yaşandı, o cümlədən ticarət başlandı, xüsusən də Azərbaycandan Ermənistana yanacaq məhsulları təchiz olundu, vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlər keçirildi və bütün bunlar uzun illər müharibə şəraitində olan ölkələr arasında, həmçinin normal mühitin yaradılmasına töhfə verir. Bir sözlə, bu nümunə göstərir ki, məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir: Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasında istədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz. Düşünürəm ki, həmin nümunə hələ də müharibədə olan ölkələr üçün vacib ola bilər” — deyə Prezident İlham Əliyev bildirib.
Onu da qeyd edək ki, səfər zamanı iki dövlət arasında imzalanan sənədlər Azər-baycanla Latviya arasında münasibələrin inkişafının göstəricisi olmaqla, hüquqi bazanı möhkəmləndirir.
Latviya Prezidenti Edqars Rinkeviçsin 2026-cı il aprelin 22-də Azərbaycana rəsmi səfərinin nəticəsi olaraq iki dövlət arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyacaq. Bu səfər həm də onu təsdiq etdi ki, Azərbaycan nüfuzlu dövlətdir və respublikamızın yürütdüyü siyasət beynəlxalq müstəvidə ehtiramla qarşılanır.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı