Xarkov vilayətindəki Kupyansk bölgəsində Ukrayna ordusunun logistika təchizatı xeyli çətinləşib. Bu, Rusiyanın keçid məntəqələrinə sistematik hücumları ilə əlaqədardır.
AZƏRTAC bu barədə Ukrayna Silahlı Qüvvələri (USQ) Baş Qərargahının “Telegram” kanalına istinadla xəbər verir.
Bəyanatda deyilir: “Düşmənin Oskol çayı üzərindəki keçid məntəqələrinə sistematik hava və raket zərbələri Kupyansk bölgəsindəki Müdafiə Qüvvələri bölmələrinin logistika təchizatını xeyli çətinləşdirib”.
Baş Qərargahın məlumatına görə, hazırda Ukrayna qoşunları üçün logistika su nəqliyyat vasitələri və ağır dronlar tərəfindən təmin edilir.
Komandanlıq, həmçinin bu ərazidə hava hücumundan və dron əleyhinə müdafiəni gücləndirmək üçün tədbirlər görür. Bundan əlavə, elektron müharibə sistemi genişləndirilir.
“Bu çətin şəraitdə cəbhə xəttində tapşırıqları yerinə yetirən hərbçilərimizin logistikasına xüsusi diqqət yetirilir”, - deyə məlumatda bildirilir. Baş Qərargah əlavə edib ki, 14-cü Əlahiddə Mexanikləşdirilmiş Briqadanın (AAMBr) komandanlığı real vəziyyəti gizlədib və bu, bir sıra mövqelərin itirilməsinə, hərbi personalın təminatında bəzi səhv hesablamalara səbəb olub.
Yuxarıda göstərilən hallar nəzərə alınmaqla, 14-cü Əlahiddə Mexanikləşdirilmiş Briqadanın komandiri vəzifəsindən kənarlaşdırılıb, 10-cu Ordu Korpusunun komandirinin isə rütbəsi aşağı salınıb. Hazırda araşdırma aparılır.
Baş Qərargah qeyd edib: “Yeni briqada və korpus komandanlığı vəziyyəti normallaşdırmaq və döyüş mövqelərində hərbçilərə dəstəyi təmin etmək üçün bütün mümkün tədbirləri görür”.