Ümummilli Liderin təşəbbüsü ilə hələ sovet dövründə 1978-ci il aprelin 21-də Azərbaycan dili dövlət dili kimi konstitusiyada təsbit olunmuşdur
Hər bir xalqın ana dili o xalqın tarixi yaddaşı, milli məfkurəsi, vətənpərvər şüuru və genetik kodudur. Əbəs yerə deyilməyib: "Bir milləti məhv etmək istəyirsənsə, öncə onun dilini əlindən al". Ana dili, sadəcə, anadan öyrəndiyimiz dil deyil, həm də düşüncələrimizin, duyğularımızın, mənliyimizin, kimliyimizin, milli identikliyimizin təcəllisidir. Buna görə də toplumu millət edən ən böyük amil dildir. Dil millətin varlığını, ucalığını, mədəni zirvəsini ifadə edir. Bu məsuliyyəti daşımağın şərəfi də xalqların, insanların üzərinə düşür. Bu gün dünya kürəsəlləşir. Gündən-günə qloballaşan dünyamızda Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi ən zəruri məsələlərdən, ən vacib reallıqlardandır.
Heydər ƏLİYEV: "Hər bir xalq öz dili ilə yaranır"
Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu milli dil siyasəti Azərbaycan dilinin saflığının qorunması və dilin inkişafı istiqamətində, milli həmrəylik, bütövlük və identikliyi təmin edən əsas faktordur.
Aydındır ki, hər bir milli dəyər, ələlxüsus da ana dili nə qədər xalqın keçmişini, qədimliyini özündə əxz etdirsə də, dövlət və rəhbərlik qayğısı olmadan ikinci planda durur və məişət dili səddini keçə bilmir, ali məqamlarda təmsil olunma imkanlarını itirir. Fəaliyyəti boyu milli dəyərlərimizə himayədarlıq edən Ümummilli Liderimiz ana dilimizə xüsusi ehtiramla yanaşıb. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci il aprelin 21-də qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında "Azərbaycan dili Azərbaycan SSR-in dövlət dili kimi təsbit olunmuşdu. Bu, gələcəyə köklənən uzaqgörən siyasətin təzahürü idi. Bu amal uğrunda həmişə mübarizə aparan dahi lider ölkənin ziyalılarını, xalqı ana dilinin təbliğinə səsləyib, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ilə ana dilinin daha da inkişaf etdirilməsinə təkan verib. Müstəqillik illərində də Ulu Öndər Heydər Əliyevin qayğısı nəticəsində ana dilimizin hüquqları qorunub, cəmiyyətdəki mövqeləri möhkəmlənib. Bu gün dilimizin özünəməxsus kamil qrammatik quruluşu, zəngin fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksəksəviyyəli yazı normaları mövcuddur. "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" böyük öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli Fərmanında deyilir: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir".

2003-cü il yanvarın 2-də Ulu Öndərin fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Öz doğma Ana dilini sevən lider deyirdi: "Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Ancaq əgər keçmişə nəzər salsaq, bu gün zəngin, yüksək mədəni səviyyədə olan, çox geniş söz ehtiyatına malik olan ədəbi, mədəni dilimiz həmişə belə olmamışdır. Onu yaradanlar olub, elmi əsasını quranlar olub, inkişaf etdirənlər olub. Bu, müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə çatdırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur".
Ulu Öndər Heydər Əliyev dövlət dilimiz olan ana dilimizə böyük üstünlük verərək, həm də tövsiyə edirdi ki, hər bir azərbaycanlı başqa dilləri də mükəmməl öyrənsin, onlardan yeri gəldikcə istifadə etsin. Lakin heç kəs öz doğma Azərbaycan dilinə diqqət, hörmət və məhəbbəti azaltmamalıdır: "Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz, Nəsimini oxuya bilməz, Vaqifi oxuya bilməz, Sabiri oxuya bilməz, C. Məmmədquluzadəni oxuya bilməz və digərlərini oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tarixi bilməyəcək, onları oxuya bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli-mədəni ənənələrimizi bilməyəcək, onları bilməsə, o, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları olmayacaqdır".
İlham ƏLİYEV: "50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir"
Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunmasını hər zaman diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyev 2025-ci il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə ana dilimizin inkişafı və xarici təsirlərdən qorunması istiqamətində "yol xəritəsi" olan fikirlər söylədi: "Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir. Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyada, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm".
"Xalqın nicat yolu doğma dildə danışmaqdır"
Azərbaycan xalqının böyük mütəfəkkiri Cəlil Məmmədquluzadə də "Anamın kitabı" pyesində ana dili məsələsinə toxunub. "Anamın kitabı"nın əsas ideyası vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırış idi. Əsərdə müxtəlif dövlətlərə meyili olan, onların dilində danışan ziyalıların səhv yol tutduqları tənqid olunurdu. Müəllifə görə, xalqın nicat yolu kiminsə, hansı dövlətinsə ağuşuna atılmaq yox, vətən ideyası ətrafında birləşmək, xarici dildə yox, məhz ana dilində, doğma dildə danışmaqdır. Cəlil Məmmədquluzadə bütün problemlərin məhz buradan qaynaqlandığını dilə gətirib.
Heç kimə sirr deyil ki, bu gün çox az da olsa, Azərbaycan dilinə xor baxanlara rast gəlinir. Bəziləri xarici dillərdə danışmağı özləri üçün bir üstünlük, istedad və dünyagörüşü komponenti kimi görürürlər. Ancaq Azərbaycan dilinin zənginliyini unudurlar. Bəxtiyar Vahabzadənin söylədiyi kimi:
Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun!
Ana dilimiz haqqında görkəmli şəxsiyyətlər olduqca müsbət fikirlər səsləndiriblər. Misal olaraq deyim ki, M.Y.Lermontov yazırdı ki, fransız dili Avropa üçün nədirsə, azərbaycanlıların da dili Şərq üçün həmin şeydir. Məlumdur ki, fransız dili Avropa mədəniyyətinin, sivilizasiyasının dili idi. Lermontov həmçinin Azərbaycan dilinin axıcılığına, rəvanlığına valeh olduğunu da ifadə etmişdi.
Son dövrlərdə bu müzakirələrdən doğan çoxsaylı fikirlər, yanaşmalar ortaya çıxıb. Kimi Azərbaycan dilinə böyük təhlükələrin olduğunu iddia edir, kimi isə bunun əksini düşünür. Doğrudanmı Azərbaycan dilinə təhlükə var? Gəlin, öncə dil və nitq anlayışını bir-birindən fərqləndirək. Dil nədir, nitq nədir? Dil beynimizdə formalaşmış bioloji, tarixi hadisədir. Milli yaddaşımıza həkk olunmuş, anadan, atadankeçmə bir instinkt və ya varlıqdır. Nitq isə dildən istifadə bacarığıdır. Məsələn, kimsə Azərbaycan dilini bilir, amma bu dildə düşüncələrini səlis ifadə edə bilmir, bu, onun dil deyil, nitq problemidir. Digəri isə Azərbaycan dilini bilir və dildə düşüncələrini rəvan, səlis ifadə edə bilir. Bu, artıq onun nitq bacarığıdır. İsveçrəli dilçi alim Ferdinand dö Sossür dil, nitq və dil fəaliyyətini fərqləndirmək üçün üç fransız terminini - "la langue" (dil), "la parole" (nitq), "le langage" (nitq fəaliyyəti) terminlərini dilçiliyə daxil edib. Sossür insanın danışmaq qabiliyyətini, bacarığını bütövlükdə nitq fəaliyyəti (le langage) adlandırır. Ümumi fenomen olan nitq fəaliyyəti daxilən dil (la langue) və nitq (la parole) deyə iki yerə ayrılır. Müəllif nitq aktını nitq hesab edir. Dil anlayışı (la langue), ümumiyyətlə, dil fəaliyyəti anlayışı (le langage) ilə uyğun gəlir. Nitq fəaliyyəti dilin yalnız müəyyən bir hissəsidir.
Bəs biz hansı halda xarici dilləri öyrənməliyik? Əgər ailədə övlad valideynləri ilə ana dilində danışırsa, gözünü açandan, özünü biləndən bu dildə sözlər eşidibsə, ana laylasını Azərbaycan dilində dinləyibsə, bu uşağın orta məktəbi hansı dildə oxuması fərq etmir. Bəli, iddia oluna bilər ki, xarici dil öyrənmək həm də başqa ölkənin ədəbiyyatı, mədəniyyətini əxz etməkdir. Bu, doğrudur, amma o qədər də təsiredici gücə malik deyil. Bu məqamda Azərbaycan dilinə zərrə qədər də təhlükə yoxdur. Ona görə ki, uşaq dil deyil, nitq bacarığını dəyişib. Dil olaraq, Azərbaycan dili ona genetik kodlarla ötürülüb və öz ana dilimizdə hər gün danışır, təhsilini də alır. Sadəcə, nitq bacarığından istifadə edib, düşüncələrini rus dilində ifadə edir.
Hansı məqamda ana dilimizə təhlükə yarana bilər? Əgər bir azərbaycanlı ailəsində valideynlər gündəlik məişət dilində, öz doğma dili deyil, ingilis, fransız, rus və başqa dilləri istifadə edərlərsə, uşağın qulaq yaddaşı o dildə olan sözlərlə dolarsa, daha sonra təhsilə də bu dildə başlayarsa, həmin uşaq birmənalı "şikəst" olur.
Xalqımızın tarixən təşəkkül tapmış milli sərvəti
Dili qorumaq onu sevməkdən, ona mükəmməl bələd olmaqdan keçir. Amma unutmamalıyıq ki, dilimizi sevmək kifayət etmir. Çalışmalıyıq ki, dilimizi təbliğ edək, daha geniş arealda yayılmasına yardımçı olaq. Bununla yanaşı ana dilimizi yad təsirlərdən, dialekt sözlərdən, ləhcələrdən qoruyaq. Hərflərin düzgün oxunuşu və səlis tələffüzünə diqqət yetirək. Bu işdə ən çox məsuliyyət alimlərin, müəllimlərin, qəzet və televiziyanın üzərinə düşür.
Unutmamalıyıq ki, ana dilimiz - ədəbi dilimiz xalqımızın tarixən təşəkkül tapmış milli sərvətidir. Bu milli sərvətə isə heç kəsin, məxsusi olaraq, gələcəyin təminatçısı olan gənclərin soyuqqanlı yanaşmasına yol vermək olmaz. Dilimiz əxlaqımız, ərkanımızdır. Ərkanımıza sahib çıxmaq isə hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Ana dilimiz milli varlığımızın aynasıdır. Bu ayna bizi dünyaya nümayiş etdirir. O aynanı çirkləndirmək vətənə xəyanətə bərabərdir. Dilimizi qoruyaq, tarixi şüurumuzu yaşadaq, millətimizin imzasını imzalar içində var edək!
Aygün MƏMMƏDOVA,
AzMİU-nun Əcnəbi dillər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent