Azərbaycan gələcək forumlar üçün keçərli olacaq "Bakı standartları"nı formalaşdırdı
Azərbaycan növbəti dəfə qlobal diplomatiyanın və innovativ ideyaların mərkəzinə çevrilərək, bəşəriyyətin gələcək inkişaf yollarının müzakirə edildiyi mühüm məkana çevrildi. 17-22 may tarixlərində paytaxt Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) miqyasına və gətirdiyi yeniliklərə görə bu platformanın
24 illik tarixinə ən parlaq səhifə kimi həkk olundu. COP29-un uğurlarından dərhal sonra belə nəhəng bir forumun ölkəmizə həvalə edilməsi Azərbaycanın dünyada etibarlı tərəfdaş və qlobal lider imicinin növbəti təsdiqi oldu.
Möhtəşəm təşkilatçılıq
WUF13 rəqəmlərin dili ilə desək, əsl rekordlar forumu idi. 176 ölkədən 58 mindən çox iştirakçını bir araya gətirən bu sessiya Ümumdünya Şəhərsalma Forumunun bu günədək keçirilmiş ən genişmiqyaslı tədbiri kimi tarixə düşdü. Forumun beynəlxalq siyasi çəkisini artıran əsas məqam isə ilk dəfə məhz Bakıda Azərbaycanın təşəbbüsü ilə keçirilən Liderlər Sammiti oldu. Burada 27 dövlət və hökumət başçısının, eləcə də 150-dən çox nazirin iştirakı Bakı platformasını qlobal qərarların qəbul edildiyi ən nüfuzlu məkana çevirdi.
BMT rəsmilərinin də qeyd etdiyi kimi, Azərbaycan və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) vahid bir komanda kimi hərəkət edərək, gələcək forumlar üçün keçərli olacaq "Bakı standartları"nı formalaşdırdı.
WUF13-ün rəsmi bağlanış mərasimi zamanı UN-Habitatın icraçı direktoru Anaklaudia Rossbax forumun rekord sayda iştirakçını bir araya gətirdiyini və güclü, vahid bir mesaj verdiyini qeyd etdi.
"Biz mənzil təminatının gələcəyi üçün həlledici bir məqamdayıq. Artıq hərəkət vaxtıdır. Dünya cüzi tərəqqidən sistemli transformasiyaya doğru addımlamalıdır. Bakıda verilən mesaj aydındır. Növbəti onillik sürətləndirilmiş icra, genişmiqyaslı fəaliyyət və insanların həyatında ölçüləbilən müsbət təsirlərlə xarakterizə olunmalıdır", - deyə A.Rossbax vurğuladı.
Mexiko şəhərinin beynəlxalq əlaqələr üzrə baş koordinatoru Maria del Rosario Lombera Gonzalez Bakının qonaqları böyük səxavət, istilik, əzəmət və heyranedici qətiyyətlə qarşıladığını bildirdi.
Göstərilən səylərin xüsusi təşəkkürə layiq olduğunu vurğulayan baş koordinator bu işin asan olmadığını, lakin Azərbaycan hökumətinin buna baxmayaraq onu nümunəvi şəkildə həyata keçirdiyini qeyd etdi.
Forumun ən mühüm missiyalarından biri də Azərbaycanın münaqişədən sonrakı bərpa və quruculuq təcrübəsinin beynəlxalq ictimaiyyətə təqdim edilməsi oldu.
İştirakçılar Azərbaycanın öz daxili resursları hesabına Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı layihələrlə - urbisid və ekosidə məruz qalmış şəhər və yüzlərlə kəndin yenidən inşa edilməsi prosesi ilə yaxından tanış oldular. "Böyük qayıdış" proqramı çərçivəsində tətbiq edilən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, dayanıqlı infrastruktur və ətraf mühitin qorunmasına verilən üstünlük Azərbaycanın bu sahədə qlobal nümunə yaratdığını göstərdi. Bu təcrübə forumun yekun sənədi olan "Bakı Fəaliyyətə Çağırış" (Baku Call to Action) sənədində də öz əksini taparaq, münaqişələrin şəhərsalmaya və insan həyatına təsirlərinin aradan qaldırılması üçün mühüm beynəlxalq istinad nöqtəsinə çevrildi.
Qalıcı irs
Azərbaycan WUF13-ə təkcə yüksəksəviyyəli evsahibliyi etmədi, həm də dünyada şəhərsalma sahəsinə qalıcı irs miras qoydu. Ölkəmizin təşəbbüsü ilə təsis edilən Bakı Şəhər Mükafatı qlobal şəhərsalma gündəliyinin təşviqinə sadiqliyimizin ən parlaq təzahürü oldu. Bununla yanaşı, forum çərçivəsində fəaliyyət göstərən Biznes və İnnovasiya Hub-ı, WUF Akademiyası kimi platformalar şəhərlərin gələcəyini elmi və texnoloji əsaslarla müzakirə etmək üçün yeni imkanlar açdı.
WUF13-ün rəsmi bağlanış mərasimindəki çıxışında, Bakıda sözügedən forumun sessiyasına evsahibliyində göstərdiyi qonaqpərvərliyə və liderliyə görə Azərbaycan hökumətinə, xalqına ən dərin minnətdarlığını bildirən Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini Amina Mohammedin dedi: "Azərbaycan 2026-cı ili "Şəhərsalma və Memarlıq İli" elan edərək, yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaları inkişaf etdirərək, həmçinin çoxəsrlik ənənələrə hörmətlə yanaşaraq, urbanizmi qlobal müstəviyə qaldırıb".
Qeyd edək ki, WUF13-ün yekun nəticələrinin və "Bakı Fəaliyyətə Çağırış" sənədinin 2026-cı ilin iyul ayında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yeni Şəhər Gündəliyinə dair yüksəksəviyyəli aralıq qiymətləndirmə iclasına da mühüm töhfə verəcəyi gözlənilir.
Bir sözlə, WUF13-ün yekunları göstərir ki, Bakı bu gün təkcə regional mərkəz deyil, həm də bəşəriyyəti narahat edən problemlərə innovativ həllər təklif edən strateji tərəfdaşdır. Azərbaycanın göstərdiyi bu nümunəvi liderlik ölkəmizin beynəlxalq nüfuzunu ən yüksək zirvəyə daşıyaraq, sülh, quruculuq və dayanıqlı inkişafın simvoluna çevrildi. Eyni zamanda bu mütərəqqi yanaşma və qonaqpərvərlik Bakını həm də humanitar və şəhərsalma mərkəzi kimi dünyaya tanıtdı.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"