24 Aprel 2026 09:00
170
CƏMİYYƏT
A- A+
İşığın doğulduğu şəhər

İşığın doğulduğu şəhər


Malik olduğu iqtisadi potensialı, yerləşdiyi coğrafiya ilə ölkənin nəhəng elektrik enerjisi təchizatçısı olan Mingəçevirin tarixin bütün zamanlarında dövlətin sosial-iqtisadi siyasətində prioritet yeri olub. İstər sovet, istərsə də müstəqillik dövründə şəhərdə möhtəşəm tikinti-quruculuq, abadlıq işləri görülüb. 

Azərbaycana rəhbərlik etdiyi illərdə Heydər Əliyev dəfələrlə Mingəçevirə səfər etmiş, energetiklər şəhərinin tikilib qurulmasına xüsusi diqqət vermişdir. Qafqazın ən böyük enerji istehsalçısı olan Dövlət İstilik-Elektirik Stansiyasının məhz Mingəçevirdə inşası Ulu Öndərin təşəbbüsü olmuşdur. İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə də Mingəçevir sürətli inkişaf yolunu davam etdirərək müasir sənaye şəhərinə çevrilmişdir.

Yazın bu oğlan çağında "nur şəhəri"nin gözəlliyi gözqamaşdıran bahar qızını xatırladır. Şəhər sakinlərinin isti ürəklə qurub-yaratdıqları, dövlətin dəstəyi ilə araya-ərsəyə gətirdikləri yaraşıqlı park və xiyabanlar, istirahət məkanına çevrilən seyrəngahlar, gül-çiçəklə, yaşıllıqlarla əhatə olunan prospektlər, küçələr, meydanlar mahir bir rəssam fırçasının yaratdığı ecazkar təbiət tablosuna bənzəyir. Bu şəhərdə təbiət gözəl, insanlar mehriban, qayğıkeş və qonaqpərvərdirlər. Vəsfinə şeirlər yazılan, nəğmələr bəstələnən, şəhəri ikiyə bölən ana Kürün pıçıltıya bənzər laylası mingəçevirlilər üçün əzizdir, doğmadır. Şəhər rəhbərliyi dövlətin davamlı qayğısından güc alaraq hər iki sahilin, bütövlükdə Mingəçevirin daha da abadlaşması, hər bir şəhər sakininin gerçək qürur mənbəyinə çevrilməsi üçün bütün qüvvələri bacarıqla səfərbər edir, səy və bacarığını əsirgəmir. Bütün bunlar isə hər kəsin ürəyincədir. 

Mustafa Muradovla çoxdan tanışıq. Uzun illər şəhərin rabitə sistemində vəzifələrdə çalışıb. Şəhər sakinlərinin istirahət mərkəzinə çevrilmiş sahil parkında Mustafa müəllimlə təsadüfən görüşdük. Təbii ki, köhnə tanışlar kimi hal-əhval tutduq. Bizi çay süfrəsinə dəvət etdi. Ötüb keçən illəri xatırlasaq da, söhbətin mövzusu bu günümüzə bağlandı:

- Allaha şükürlər olsun ki, dünənimiz pis olmayıb, amma bu günümüz  daha gözəldir. Ömrün ixtiyar çağındayam. Mingəçevir gözlərimin qarşısında uşaq yaşa dolan kimi addım-addım böyüyüb, inkişaf edib. Bir övlad kimi fəxr edirəm ki, onun belə möhtəşəm şöhrətə qovuşmasında az da olsa, mənim də əməyim var. Bu gün də kənarda dayanmamışam. Şəhər Ağsaqqallar Şurasının sədri olaraq yaşıdlarımı ətrafıma yığıb Mingəçevirin ictimai-siyasi həyatında fəal iştirak edirik. Təkliflərimiz, müraciətlərimiz şəhər rəbərliyi tərəfindən həssaslıqla qarşılanır. Çünki hamımızın bir məqsədi var. Əl-ələ verib doğma şəhərimizi daha abad, daha gözəl edək. Atalarımızın çox dəyərli bir sözü var - "El bir olsa, dağ oynadar yerindən". Tam səmimiyyətlə deyə bilərəm ki, bu gün mingəçevirlilər nail olduqları sarsılmaz birlik sayəsində qarşıya qoyulan hədəfə inamla çatırlar. Canlı şahid kimi onu deyə bilərəm ki, Mingəçevir yarandığı zamandan bəri heç vaxt indiki qədər belə abad, belə yaraşıqlı və belə güclü iqtisadi potensiala malik olmayıb. Bu uğurlu nəticə Prezident İlham Əliyevin siyasəti sayəsində reallaşıb.

Həmsöhbətimin sözünə qüvvət, son illər Mingəçevirdə yüksəliş, tərəqqi dönməz xarakter alıb. Prezident İlham Əliyevin şəhərin sosial-iqtisadi inkişafını sürətləndirmək üçün imzaladığı sənədlər, zamanında verdiyi dəyərli tapşırıq və tövsiyələr hesabına Mingəçevirin iqtisadi potensialı güclənir, sakinlərin həyat şəraiti, güzəranı yaxşılaşır. Dövlət başçısının Mingəçeviri regionun ən gözəl şəhərləri səviyyəsinə qaldırmaq istəyinin göstəricisidir ki, dəfələrlə bura səfərlər edir. Hər səfər də şəhərin sosial-iqtisadi həyatında əlamətdar hadisəyə çevrilir, unudulmaz iz buraxır, sakinlərin ürəyində hədsiz minnətdarlıq və məmnunluq doğurur. Belə səfərlərdən biri keçən il olmuşdur. "8 Noyabr" İstilik-Elektrik Stansiyasının açılışında iştriak edən Prezident yeni enerji obyektini Azərbaycan energetikasının böyük uğuru kimi dəyərləndirmişdir. Stansiyanın işə düşməsi ölkənin ən böyük elektrik enerjisi istehsalçısı olan Mingəçevirin iqtisadi potensialının daha da güclənməsinə sanballı töhfədir.

Mingəçevir Sənaye Parkının yaradılması son dərəcə möhtəşəm və uğurlu bir layihədir. Layihənin ilkin mərhələsi olaraq "Mingəçevir tekstil" MMC mütərəqqi texnologiya ilə çalışır. Burada xeyli sayda şəhər sakini işlə təmin olunub. İstehsal edilən məhsulun çox hissəsi xarici ölkələrə ixrac edilir. Hazırda sənaye parkında ikinci fabrikin inşasına hazırlıq görülür. 

Mingəçevir həm də gənclər şəhəridir. Gənclik və idman isə ayırlmazdır. Uzun illərboyu baxımsızlıqdan bərbad vəziyyətə düşmüş avarçəkmə bazası Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa standartları səviyyəsində yenidən qurulub. Burada yaradılan təlim-məşq bazası ən müasir tələblərə cavab verir, bazada fəaliyyət göstərən hotel ən yüksək komforta malikdir. Artıq burada beynəlxalq avarçəkmə yarışları keçirilir, yarışları izləmək üçün çox sayda əcnəbi turistlər gəlir.

Şəhər rəhbərliyi öz gündəlik fəaliyyəti ilə çalışır ki, dövlətin qayğı payını gerçək ünvanına ehtiyacı olan ailələrə çatdırsın, şəhər sakinlərinin məmnunluğunu təmin etsin. Təbii ki, bu sırada şəhid ailələrinə, qazilərə, Qarabağ müharibəsi veteranlarına üstünlük verilir. Şəhid ailələri və qazilər üçün tikilən 72 mənzilli yaşayış binasında üçotaqlı mənzil alan qazi Pərviz Məmmədov deyir ki, artıq ailəmizin mənzil problemi yoxdur: "Ailəmiz bu sonsuz sevinci bizə yaşadan Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdardır. Bu torpağın, bu dövlətin uğrunda şəhid olmaq ölümsüzlüyə qovuşmaq deməkdir. 44 günlük Qarabağ savaşında yaralanıb sağlamlığımı itirmişəm. Buna heyifsilənmirəm, əksinə, qürur duyuram".

Şəhid ailələrinə qayğını şəhər icra hakimiyyəti daim diqqətdə saxlayır. Qəzalı vəziyyətdə olan köhnə evin yerində 40 mənzilli yeni yaşayış binası tikilib istifadəyə veriləndə 7 mənzil məhz şəhid ailələrinə ayrıldı. Şəhər İcra Hakimiyyətinin balansında xidməti ev kimi saxlanan mənzil də bu yaxınlarda yüksək keyfiyyətlə təmir olunaraq şəhid anası Kamilə Rzayevaya verildi. Qayğı, diqqət dolu belə misalların sayı yetərincədir. Çünki Mingəçevirdə şəhid adı uca tutulur, müqəddəs sayılır. Bu fikrin təsdiqi üçün ilin bütün fəsillərində təzə-tər güllərə qərq edilən Şəhidlər xiyabanını ziyarət etmək kifayətdir.

Ana təbiət bu yerlərə növbəti dəfə bahar xalısı sərib. Hər naxışı, hər ilməsi yaz çiçəkləri kimi al-əlvan bahar xalısı. Ana Kür xırda ləpələriylə nur şəhərinin romantik gecələrinə şirin-şirin layla deyir. Parklar, xiyabanlar şəhəri kimi sevilən, tərənnüm edilən Mingəçevirdə yaşamağın özü bir xoşbəxtlikdir. Heydər Əliyev parkı, Sahil parkı, Dostluq parkı, Nizami parkı, Nəsimi parkı.... və bir də 44 günlük şanlı qələbəmizin şərəfinə sonsuz məhəbbətlə yaradılan möhtəşəm Zəfər parkı.

Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov:

- Həyatım, əmək fəaliyyətim Mingəçevirlə bağlıdır desəm, səhv olmaz - sovet dönəmində komsomol, partiya işi, müstəqillik illərində icra hakimiyyətində müxtəlif vəzifələr. Hərdən tək olanda özümlə söhbətləşirəm, sual verib, cavab alıram. Sonda gəldiyim nəticə məsuliyyət hissimi birə-min artırır. Cənab Prezident 103 min nəfərdən çox əhalisi olan, böyük strateji əhəmiyyətə malik bir şəhərə məni icra hakimiyyətinin başçısı təyin edibsə, bu, çox böyük ehtiva və məsuliyyətlidir. Dövlət başçısının tapşırıq və tövsiyəsi aydın və birmənalıdır - xalqın xidmətçisi olmaq. Bu vəzifənin necə yerinə yetirildiyini təbii ki, əhalinin münasibəti müəyyən edir. Əsas şərt hər kəs üçün əlçatan olmaqdır. Çox vaxt şəhərdə camaat arasında oluram. Bəzən küçədə mənə hansısa problemin həlli ilə bağlı müraciət edirlər. Səlahiyyətim çərçivəsində köməyimi əsirgəmirəm. Bu adamlarla xeyrimiz, şərimiz də birdir axı. Hamımızın bir amalı olmalıdır. Əl-ələ verib, bir-birimizə arxa, dayaq olub dövlətimizin gücünü, qüdrətini artırmaq üçün çalışmalıyıq. Qüdrətli dövlət isə firavan həyat deməkdir. 

Boz dağın ətəyinə yavaş-yavaş bir yaz gecəsinin qaranlığı çökür. Arxada "nur şəhəri"nin lacivərd işıqları sayrışır. Elə bil səmanın ovuc-ovuc ulduzları səpilmişdi şəhərin üstünə...


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Latviya münasibətlərində yeni səhifə açılır

10:52
24 Aprel

Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib

10:21
24 Aprel

Azərbaycan nefti 112 dollara satılır

10:09
24 Aprel

Odessaya dron hücumu olub, ölənlər və yaralılar var

09:51
24 Aprel

Ağdam sakini: Doğma yurduma qovuşmaq mənə sonsuz xoşbəxtlik bəxş edir

09:49
24 Aprel

Keçmiş məcburi köçkün: Uzun illər davam edən yurd həsrətimiz sona çatdı

09:40
24 Aprel

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

09:39
24 Aprel

CNN: ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirməyi araşdırır

09:38
24 Aprel

“Axios”: SEPAH Hörmüz boğazında yeni minalar yerləşdirib  

09:36
24 Aprel

Tramp: Putinin G20 sammitində iştirakı çox faydalı olardı

09:35
24 Aprel

Tramp: İranla razılaşmanın müvəqqəti deyil, əbədi olmasını istəyirəm

09:34
24 Aprel

Tramp: Nüvə silahının heç kim tərəfindən istifadəsinə icazə verilməməlidir

09:33
24 Aprel

İran XİN: Nüvə məsələsi ABŞ ilə danışıqların əsas mövzusu deyil

09:31
24 Aprel

Tramp: İranla razılaşma bütün dünya üçün uyğun olduqda bağlanacaq

09:29
24 Aprel

Yunan-Roma güləşi üzrə komandamız ardıcıl ikinci il Avropa çempionu oldu 

09:15
24 Aprel

Sənətşünas alim, bənzərsiz rəssam

09:10
24 Aprel

Unutmur bu oba, bu mahal onu

09:05
24 Aprel

İşığın doğulduğu şəhər

09:00
24 Aprel

Neftçalada nohur balıqçılığının perspektivləri müzakirə edilib

08:55
24 Aprel

Sumqayıtda 13 yeni transformator məntəqəsi tikilir

08:50
24 Aprel

Gəncədə Çin avtomobilləri istehsal olunacaq

08:45
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!