18 Avqust 2026 09:45
172
İQTİSADİYYAT
A- A+
Prezidentin Naxçıvan səfəri, yeni layihələr, genişlənən əməkdaşlıq əlaqələri

Prezidentin Naxçıvan səfəri, yeni layihələr, genişlənən əməkdaşlıq əlaqələri


Ötən həftə Azərbaycanın iqtisadi gündəliyi bir-birini tamamlayan mühüm hadisə və proseslərlə yadda qaldı. Enerji sektorundan nəqliyyata, sənaye və investisiya layihələrindən regional əməkdaşlığa qədər müxtəlif istiqamətlərdə atılan addımlar ölkə iqtisadiyyatının inkişaf dinamikasını bir daha ortaya qoydu. 

Həftə ərzində imzalanan yeni sənədlər, keçirilən görüşlər və açıqlanan göstəricilər iqtisadiyyatın ayrı-ayrı sahələrində həm mövcud imkanların genişləndirildiyini, həm də gələcək inkişaf üçün yeni hədəflərin müəyyənləşdirildiyini göstərdi. Ötən həftənin iqtisadi mənzərəsinə nəzər saldıqda bunu müxtəlif sahələr üzrə baş verən hadisələrin timsalında aydın görmək mümkündür.

Bu istiqamətdə diqqətçəkən yeniliklərdən biri  həftənin ilk günündə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəqəmsal transformasiya sahəsində yeni layihə təqdim etməsi olub. Agentliyin süni intellekt əsaslı rəqəmsal siması Aysu həyata keçirilən layihələr, göstərilən xidmətlər və tətbiq olunan innovativ texnoloji həllər barədə məlumatların ictimaiyyətə daha operativ və aydın çatdırılmasına xidmət edəcək.

Yeni rəqəmsal platforma vasitəsilə su ehtiyatlarının idarə olunması, içməli su təchizatı, tullantı sularının idarə edilməsi, infrastruktur layihələri və sudan səmərəli istifadə kimi mövzular barədə məlumatların təqdim edilməsi nəzərdə tutulur. Növbəti mərhələdə isə Aysunun interaktiv imkanlarının genişləndirilməsi, vətəndaş müraciətlərinin süni intellekt dəstəyi ilə daha operativ cavablandırılması və xidmətlərin göstərilmə müddətinin qısaldılması istiqamətində yeni həllərin tətbiqi planlaşdırılır.

***

Enerji sektorunda baş verən mühüm hadisə isə "Şahdəniz" yatağının işlənməsinin növbəti mərhələsi olan "Şahdəniz Kompressiya" layihəsi ilə bağlıdır. Layihə çərçivəsində avtomatlaşdırılmış əməliyyat sistemlərinin təminatı üzrə iri müqavilə "Emerson" şirkətinə verilib. Yeni sistemlər platformanın məsafədən idarə olunmasına, təhlükəsizlik və enerji idarəetməsinə, eləcə də proseslərin real vaxt rejimində izlənməsinə şərait yaradacaq.

Hazırda layihə üzrə işlərin təxminən 30 faizi tamamlanıb və 2700-ə yaxın insan prosesə cəlb olunub. 2,9 milyard dollarlıq layihənin 2029-cu ildə başa çatdırılması planlaşdırılır. 

***

Həftənin ən mühüm və diqqətçəkən hadisəsi Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəridir. Səfər Naxçıvanın sosial-iqtisadi inkişafının yeni mərhələsinə hesablanan çoxsaylı layihə və təşəbbüslərlə zəngin idi.

Dövlət başçısı səfər çərçivəsində Naxçıvan Sənaye Parkının təməlini qoyub, "Şəms 1" və "Qərbi Üfüq" Günəş-Elektrik stansiyalarında görülən işlərlə tanış olub. Naxçıvanda yeni elektrik mühərrikli avtobuslara baxış keçirib, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanışlıq da hər kəsin yaddaşına hopub. Həmçinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak edib, yeni komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasiminə qatılıb.

Həmin gün Prezidentin iştirakı ilə  "Naxçıvan" mehmanxanasının və sosial evlər  kompleksinin təməli qoyulub, "Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı" haqqında dövlət başçısına məlumat verilib. Prezident Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub, "Əcəmi seyrangahı" istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak edib. 

Səfərin mühüm məqamlarından biri də Prezident İlham Əliyevin Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibədir. Dövlət başçısı müsahibəsində Naxçıvanın inkişaf perspektivləri, nəqliyyat və enerji imkanları, həyata keçirilən layihələr və muxtar respublikanın qarşıdakı inkişaf hədəfləri barədə danışıb. Bir gün sonra isə Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

***

İqtisadi gündəmdə diqqətçəkən istiqamətlərdən biri də Azərbaycanın beynəlxalq tərəfdaşlarla iqtisadi və sənaye əlaqələrinin genişləndirilməsi olub. İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin alüminium və metallurgiya texnologiyaları sahəsində fəaliyyət göstərən "Xinjiang Æoinworld Co., Ltd." şirkətinin baş direktorunun müavini Ma Bin ilə görüşüb. Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf dinamikası, biznes tərəfdaşlığının şaxələndirilməsi və sənaye əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub. Tərəflər alüminium və metallurgiya sahəsində birgə layihələrin, müasir texnologiyaların və innovativ həllərin tətbiqi, eləcə də təcrübə mübadiləsi perspektivlərini nəzərdən keçiriblər.

***

Bu sadalananlarla yanaşı, ötən həftə iqtisadi inkişaf gündəliyində rəqəmsal transformasiya və yeni texnologiyaların tətbiqi məsələləri də diqqət çəkib. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Dünya İqtisadi Forumunun 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin onlayn görüşündə iştirak edib. Görüş zamanı Azərbaycanın rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiyası təqdim olunub. Bildirilib ki, strategiya rəqəmsal transformasiyanın sürətləndirilməsini, rəqəmsal bacarıqların inkişafını və məlumatəsaslı idarəetmənin gücləndirilməsini nəzərdə tutur. 

***

İqtisadi gündəmdə regional tranzit və qarşılıqlı ticarət əlaqələrinin inkişafı ilə bağlı proseslər də diqqət çəkib.  Hər həftə olduğu kimi  ötən günlərdə də, yəni avqustun 13-də və 15-də Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti buğda tədarükü həyata keçirilib. Ümumilikdə 28 vaqondan ibarət 1960 ton buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Bununla da indiyədək Rusiyadan Azərbaycandan tranzit keçməklə Ermənistana 42 min tondan çox taxıl, eləcə də müxtəlif sənaye və kənd təsərrüfatı məhsulları, o cümlədən gübrə, propan, alüminium, kömür və taxta daşınıb. 

Eyni zamanda Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel və 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Salyanlı 20 məzun 600-dən çox bal toplayıb

10:34
18 Avqust

Ötən ayların nəticələrini qazaxlı fermerlər üçün uğurlu hesab etmək olar

10:27
18 Avqust

Qızıl və gümüşün qiymətləri ucuzlaşıb

10:20
18 Avqust

Yeni dövlət proqramının icrası çərçivəsində pambıqçı fermerlərin təklifləri dinlənilib

10:20
18 Avqust

Neft qiymətləri bahalaşır

10:18
18 Avqust

Bölgələrdə yanğına səbəb olan üç nəfər məsuliyyətə cəlb olunub

10:16
18 Avqust

Azərbaycan nefti 91,31 dollara satılır

10:15
18 Avqust

Bu il də Gədəbəydə kartof boldur

10:13
18 Avqust

Daşkəsəndə gənclər üçün düşərgə təşkil edilib

10:06
18 Avqust

Tovuzlu fermer dövlət dəstəyindən razıdır

09:59
18 Avqust

Qusarda aqrar biznes və I intensiv meyvə bağları festivalı keçirilib

09:52
18 Avqust

Prezidentin Naxçıvan səfəri, yeni layihələr, genişlənən əməkdaşlıq əlaqələri

09:45
18 Avqust

Azərbaycan qlobal tranzit ölkə statusunu genişləndirir

09:38
18 Avqust

Naxçıvan həqiqətən "nəqşi cahan"a çevriləcək

09:31
18 Avqust

Ərdoğan ilə Tramp arasında telefon danışığı olub

09:28
18 Avqust

Türkiyə və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər

09:26
18 Avqust

Rumıniya Parlamentinin senatoru Qarabağda həyata keçirilən infrastruktur layihələri barədə məlumatlandırılıb

09:25
18 Avqust

Rəqəmsal platforma insan nəzarətindən çıxmamalıdır

09:24
18 Avqust

Süni intellekt və milli mədəniyyət

09:17
18 Avqust

Naxçıvanın həyatında mühüm yeniliklərin başlanğıcı

09:10
18 Avqust

Bakı metrosu paytaxtın ictimai nəqliyyat sisteminin gələcək ritminə köklənir

09:00
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!