18 Avqust 2026 09:17
166
Mədəniyyət
A- A+
Süni intellekt və milli mədəniyyət

Süni intellekt və milli mədəniyyət


Bu gün milli mədəniyyətin vəzifəsi keçmişi qorumaq və milli yaddaşı gələcəyin texnologiyasına çevirməkdir 


Son illər müasir insanın həyatına sürətlə daxil olan süni intellekt artıq XXI əsrin texnoloji inkişafını müəyyən edən əsas amilə çevrilib. Əvvəllər yalnız elmi-tədqiqat və yüksək texnologiya sahələrinin mövzusu kimi qəbul edilsə də, bu gün süni intellekt təhsildən iqtisadiyyata, səhiyyədən mediaya, yaradıcılıqdan kommunikasiyaya, sosial infrastrukturdan gündəlik məişətə qədər bütün sferaların ayrılmaz elementinə çevrilməkdədir.

Onun təsir dairəsi yalnız iqtisadi və texnoloji münasibətlərlə məhdudlaşmır. Belə bir texnologiya insanın bilik yaratmaq, yadda saxlamaq, informasiya yaymaq və yaradıcılıq fəaliyyəti ilə bağlı təsəvvürlərini də dəyişir. Bu baxımdan, süni intellektin milli mədəniyyətlərə təsiri məsələsi ayrıca mövzudur. Çünki mədəniyyət yalnız incəsənət nümunələrinin məcmusu olmayıb ümumilikdə xalqın tarixi yaddaşını, dilini, dünyagörüşünü, adət-ənənələrini, estetik zövqünü, kollektiv kimliyini və nəsillərarası mənəvi əlaqəsini özündə birləşdirən mürəkkəb sistemdir. Süni intellekt isə məhz bu sistemin əsas komponentlərindən olan mətn, dil, obraz, musiqi və informasiya ilə işləyir. 

Beləliklə, hazırda qarşımızda prinsipial bir sual yaranır: süni intellekt milli mədəniyyətlərin qorunmasına və inkişafına xidmət edən yeni bir vasitə olacaq, yoxsa qlobal mədəni eyniləşməni sürətləndirərək milli özünəməxsusluğun zəifləməsinə gətirib çıxaracaq?


Mədəniyyət tarixində rəqəmsal zaman


Bu suala birmənalı cavab vermək əfsus ki, hələ çox çətindir. Süni intellekti özlüyündə milli mədəniyyətlərin nə dostu, nə də düşməni saymaq olar. Onun təsiri cəmiyyətlərin texnologiyadan hansı məqsədlə istifadə etməsindən, milli mədəni irsin rəqəmsal mühitdə nə dərəcədə təmsil olunmasından və insanın texnologiya üzərində nə qədər yaradıcı nəzarət saxlamasından asılıdır. 

Azərbaycanın milli mədəniyyəti bu prosesin araşdırılması üçün xüsusilə maraqlı nümunədir. Azərbaycan dili, şifahi xalq yaradıcılığı, muğam, aşıq sənəti, klassik və müasir ədəbiyyat, milli musiqi, memarlıq, folklor və zəngin tarixi irs süni intellekt texnologiyalarının tətbiqi üçün geniş imkanlar yaradır. Eyni zamanda Azərbaycan mədəniyyətinin rəqəmsal mühitdə düzgün təmsil olunması, milli dilin süni intellekt sistemlərində mövqeyi və tarixi yaddaşın alqoritmlər tərəfindən necə təqdim ediləcəyi ciddi suallar doğurur.

Məlumdur ki, bəşər mədəniyyəti minilliklərlə ölçülən tarixi boyu müxtəlif texnoloji dəyişikliklərdən təsirlənib. Yazının meydana gəlməsi şifahi yaddaşın imkanlarını genişləndirib, çap texnologiyası biliklərin kütləviləşməsinə səbəb olub, radio və televiziya mədəniyyətin yayılma sürətini artırıb, internet isə milli mədəniyyətləri qlobal informasiya məkanının bir hissəsinə çevirib. 

Süni intellekt də bu inkişafın növbəti mərhələsidir. Lakin əvvəlki texnologiyalardan fərqli olaraq onun əsas xüsusiyyəti yalnız məlumatı saxlamaq və yaymaqla müəyyənləşmir. Məsələ burasındadır ki, süni intellekt indiyəqədərki texnologiyalar üçün misilsiz bir imkana - mövcud məlumat əsasında yeni məzmun yaratmaq qabiliyyətinə malikdir. 

Bu xüsusiyyət mədəniyyət üçün fundamental əhəmiyyət daşıyır. Əgər internet əsasən insanın yaratdığı mədəni məhsulların yayılmasını sürətləndirirdisə, generativ süni intellekt artıq həmin materialları analiz edir, onların üslub xüsusiyyətlərini öyrənir və yeni mətnlər, təsvirlər, musiqi nümunələri, digər yaradıcı məhsullar ərsəyə gətirir. Deməli, rəqəmsal dövrdə mədəniyyət qorunan və ötürülən irs olmaqla yanaşı, həm də alqoritmlər tərəfindən emal edilən informasiya resursuna çevrilir. Burada milli mədəniyyətlər üçün mühüm üstünlük yaranır. Əgər milli irs düzgün rəqəmsallaşdırılır və sistemləşdirilirsə, süni intellekt onun qorunması, yeni nəsillərə ötürülməsi üçün güclü vasitəyə çevrilir.


Mədəni irsin qorunması vasitəsi 


Milli mədəniyyətin qorunmasının əsas şərtlərindən biri mədəni irsin sənədləşdirilməsidir. Mütəxəssislər bildirirlər ki, müxtəlif ölkələrdə şifahi şəkildə nəsildən-nəslə ötürülən folklor nümunələri, dialektlər, musiqi formaları və yerli adət-ənənələr tədricən yox olmaq təhlükəsi ilə üzləşir. Süni intellektsə bu prosesin qarşısının alınmasında mühüm rol oynayacaq. Məsələn, böyük həcmdə folklor materiallarının elektronlaşdırılması və süni intellekt vasitəsilə təsnifləşdirilməsi tədqiqatçılara minlərlə mətn arasında əlaqələri müəyyənləşdirməyə imkan verə bilər. Eyni sözlərin müxtəlif bölgələrdəki variantlarını, nağıl motivlərinin yayılma coğrafiyasını, atalar sözlərinin struktur xüsusiyyətlərini, folklor mətnlərinin tematik qruplarını və s. avtomatik şəkildə müəyyən etmək mümkündür. 

Azərbaycan kimi zəngin şifahi irsə malik ölkə üçün bu imkanların əhəmiyyəti xüsusən böyükdür. Azərbaycan folklorunun, bayatıların, nağılların, dastanların, aşıq yaradıcılığının və müxtəlif bölgələrə məxsus şifahi dil nümunələrinin böyük rəqəmsal korpusunun yaradılması gələcək nəsillər üçün mühüm mədəni yaddaş bazası formalaşdıracaq. Bu mənada süni intellekt, sadəcə, texnoloji alətdən daha çox bir növ "rəqəmsal yaddaş mexanizmi" funksiyasını yerinə yetirir.

Məlumdur ki, dil milli mədəniyyətin ən mühüm elementi rolunda çıxış edir. Dil informasiya mübadiləsi vasitəsindən daha geniş funksiya yerinə yetirərək xalqın tarixi təcrübəsinin və dünyagörüşünün daşıyıcısıdır. Buna görə də süni intellekt dövründə milli dilin taleyi ayrıca diqqət tələb edir. Belə ki, böyük dil modellərinin imkanları onların öyrəndiyi məlumatların həcmi və keyfiyyəti ilə sıx bağlıdır. İngilis, Çin, ispan və digər geniş istifadə olunan dillər internetdə böyük həcmdə rəqəmsal məlumatla təmsil olunur. Nisbətən kiçik dil icmalarının dilləri isə rəqəmsal mühitdə daha məhdud resurslara malikdir.

Azərbaycan dili də bu baxımdan xüsusi yanaşma tələb edən dillər sırasındadır. Ana dilimizin süni intellekt sistemlərində daha yüksək keyfiyyətlə təmsil olunması üçün geniş elektron mətn korpuslarına, lüğətlərə, terminoloji bazalara, dialekt materiallarına, nitq məlumatlarına və yüksəkkeyfiyyətli tərcümə resurslarına ehtiyac var. Bu istiqamətdə görülən işlər yalnız texnoloji məsələ deyil, eyni zamanda həm də milli mədəni siyasət məsələsidir. Çünki gələcəkdə insanlarla texnologiyalar arasındakı münasibətlərin mühüm hissəsi məhz dil vasitəsilə qurulacaq. Əgər bir dil rəqəmsal dünyada kifayət qədər təmsil olunmursa, onun texnoloji mühitdə istifadəsi çətinləşir. Bu isə zaman keçdikcə həmin dilin müəyyən sahələrdə funksional imkanlarının məhdudlaşmasına gətirib çıxara bilər.


Milli musiqi və Azərbaycan ədəbiyyatı irsi


Azərbaycan mədəniyyətinin süni intellekt vasitəsilə qorunması baxımından milli musiqi irsimiz, ələlxüsus muğam xüsusi nümunədir. Muğamın zəngin melodik strukturu, improvizasiya imkanları, ifaçılıq məktəbləri və emosional xüsusiyyətləri onu mürəkkəb musiqi sistemi kimi xarakterizə edir. 

Süni intellekt vasitəsilə böyük həcmdə musiqi yazılarının və audiomaterialların təhlil edilərək müxtəlif ifaçıların üslub fərqlərinin, melodik quruluşların və ritmik xüsusiyyətlərin tam dəqiqləşdirilməsi mümkündür. Bu, musiqişünaslıq üçün yeni imkanlar yaradır. Lakin burada mühüm bir sərhəd də mövcuddur. Muğam yalnız notlardan, ritmlərdən və melodik ardıcıllıqlardan təşkil olunmayıb. Muğam ifaçının emosional vəziyyəti, improvizasiya qabiliyyəti, dinləyici ilə əlaqəsi və konkret tarixi-mədəni mühitlə bağlıdır. Süni intellekt muğamın strukturunu təhlil edə, müəyyən mənada onu təqlid edə və hətta yeni musiqi nümunələri yarada bilər. Lakin bu, muğamın insan tərəfindən yaşanılan mənəvi təcrübəsini tam əvəz etmir. Deməli, süni intellekt mədəniyyətin formasını təqlid edə bilsə də, mədəniyyətin insan həyatında yaratdığı mənanı tam şəkildə əvəz etmək iqtidarında deyildir.

Yeri gəlmişkən, Azərbaycan ədəbiyyatı da süni intellektin təsir göstərəcəyi mühüm sahələrdəndir. Süni intellekt klassik əsərlərin təhlilini apara, müxtəlif müəlliflərin üslub xüsusiyyətlərini müqayisə edə, mətnlər arasında əlaqələri müəyyənləşdirə və əsərlərin müxtəlif dillərə tərcüməsini asanlaşdıra bilir. Bu imkanlar ədəbiyyatşünaslıq üçün də ciddi perspektivlər deməkdir. Məsələn, Azərbaycan klassiklərinin əsərlərinin böyük rəqəmsal korpus şəklində sistemləşdirilərək onların söz ehtiyatının, mövzu strukturunun, obraz sisteminin və üslub xüsusiyyətlərinin alqoritmlər vasitəsilə araşdırılması mümkündür.

Digər tərəfdən, süni intellekt Azərbaycan ədəbiyyatının dünya auditoriyasına çıxışını da genişləndirəcək. Keyfiyyətli avtomatik tərcümə və çoxdilli informasiya sistemləri Azərbaycan ədəbiyyatının daha çox oxucuya çatmasına şərait yaradacaq. Amma burada da bir sıra mübahisəli suallar var: süni intellektin yaratdığı əsəri milli ədəbiyyatın bir hissəsi hesab edə bilərikmi? Əgər süni intellekt Azərbaycan folklorunun, klassik ədəbiyyatının və müasir dilinin elementlərini öyrənərək yeni hekayə və ya şeir yaradırsa, həmin əsərin müəllifi kimdir, insanmı, alqoritmmi? Həmin əsəri Azərbaycan mədəniyyətinə aid etmək olarmı? Əfsuslar ki, bu sualların da hələlik tam və birmənalı cavabı yoxdur. Bununla belə reallıq da ortadadır ki, gələcəkdə milli mədəniyyət yalnız keçmişdə insan zəkası ilə yaradılmış əsərlərdən ibarət olmayacaq. İnsan və süni intellekt əməkdaşlığının yaratdığı yeni əsərlər də mədəni prosesin bir hissəsinə çevriləcək.


Mədəni eyniləşmə təhlükəsi


Süni intellektin milli mədəniyyətlər üçün ən ciddi təhlükələrindən biri qlobal mədəni eyniləşməni sürətləndirmək ehtimalıdır. Bunun səbəbi sadədir: süni intellekt sistemləri çox vaxt böyükhəcmli rəqəmsal məlumat əsasında öyrənir. Qlobal internet məkanında isə müəyyən dillər, ölkələr və mədəniyyətlər digərlərindən daha geniş təmsil olunur. Nəticədə, süni intellektin yaratdığı məzmun müəyyən dominant mədəni modellərin xüsusiyyətlərini daha çox əks etdirə bilər. 

Bu halda milli mədəniyyətlərin özünəməxsusluğunu qorumaq əvəzinə, qlobal rəqəmsal stereotiplərə uyğunlaşdırılması riski var və Azərbaycan nümunəsində bu risk xüsusi həssaslıqla nəzərə alınmalıdır. Çünki Azərbaycan mədəniyyəti Şərq və Qərb, türk və Qafqaz, islam və dünyəvi modernlik kimi müxtəlif tarixi-mədəni təcrübələrin qarşılıqlı təsiri nəticəsində formalaşmış mürəkkəb bir sistemdir. 

Süni intellektin yaratdığı digər risk "süni folklor" və ya "süni tarix" fenomeninin meydana çıxmasıdır. Süni intellektin mövcud milli motivləri öyrənərək həmin üslubda yeni nağıllar, dastanlar, əfsanələr, hekayələr, tarixi təsvirlər və s. yaratması mümkündür. Əgər istifadəçi bu məzmunun süni intellekt tərəfindən yaradıldığından xəbərsizdirdə, zaman keçdikcə həmin məlumatlar həqiqi tarixi və ya folklor faktları ilə qarışa bilər. Bu, xüsusilə tarixi yaddaş baxımından təhlükəlidir. Azərbaycanın tarixi haqqında müxtəlif dillərdə və müxtəlif mövqelərdən yazılmış çoxsaylı mənbələr mövcuddur. Mütəxəssislərin fikirlərinə görə, süni intellekt belə mənbələri ümumiləşdirərkən onların mənşəyini, elmi etibarlılığını və siyasi kontekstini nəzərə almalıdır. Əks halda alqoritm sadəcə "internetdə daha çox rast gəlinən" versiyanı daha doğru hesab edəcək. Bu isə süni intellektin milli tarix haqqında yaratdığı məlumatın mənbəyə, kontekstə və elmi yoxlamaya əsaslanması kimi çox mühüm prinsipi ortaya qoyur. 


Süni intellekt insan yaradıcılığını əvəz edə bilərmi?


Son illər bütün dünyada süni intellekt haqqında aparılan müzakirələrin ən aktual suallarından biri də məhz budur. Əgər süni intellekt şeir yaza, musiqi bəstələyə, şəkil çəkə, film ssenarisi hazırlaya və hətta müəyyən mədəni üslubları yüksək dəqiqliklə təqlid edə bilirsə, insan yaradıcılığının gələcək taleyi necə olacaq? Fikrimizcə, burada texnologiyanın imkanlarını insan yaradıcılığı ilə eyniləşdirmək düzgün olmazdı. İnsan yaradıcılığı yalnız mövcud nümunələrin kombinasiyasından ibarət sayılmır. İnsan müəyyən tarixi şəraitdə ömür sürür, ağrı və sevinc yaşayır, sosial münasibətlər qurur, yaddaş formalaşdırır və öz həyat təcrübəsini yaradıcılığa çevirir. Bu baxımdan süni intellektin ən məhsuldar istifadəsi insan yaradıcılığının əvəz edilməsi yox, onun imkanlarının daha da genişləndirilməsi ilə bağlı ola bilər. Məsələn, Azərbaycan yazıçısının süni intellektdən araşdırma vasitəsi kimi istifadə etməsi, bəstəkarın qədim musiqi nümunələrinin analizini aparması, rəssamın milli ornamentlər üzrə yeni ideyalar əldə etməsi, tarixçinin böyük mətn korpusunu daha sürətlə araşdırması mümkündür. Amma bütün bunlar alimlərimizin fikrincə, süni intellektin insan yaradıcılığını tam əvəzləyəcəyinə dəlalət etmir.

Bir məqam da mütləq nəzərə alınmalıdır ki, gələcəyin informasiya məkanında bir xalqın özünü necə təqdim etməsi böyük ölçüdə onun rəqəmsal məlumatlarının keyfiyyətindən və əlçatanlığından asılı olacaq. Əgər Azərbaycan haqqında məlumatları Azərbaycan alimləri, tarixçiləri, dilçiləri, musiqişünasları, mədəniyyətşünasları və başqaları tərəfindən hazırlanmış etibarlı rəqəmsal mənbələr təşkil edərsə, süni intellekt Azərbaycan mədəniyyətini daha dəqiq və obyektiv təqdim edəcək. 

Bu həm də mədəni suverenlik məsələsidir və texnologiyalar dünyasında mədəni suverenliyi təmin etməkdən ötrü 3 şərt nəzərə alınmalıdır. Bunlardan birincisi, rəqəmsallaşdırmadır: milli irsin mümkün qədər böyük hissəsi yüksək keyfiyyətlə rəqəmsallaşdırılmalıdır. İkincisi, məlumatın keyfiyyəti məsələsidir. Süni intellekt sistemlərinə təqdim edilən milli mədəniyyət məlumatları elmi və tarixi baxımdan etibarlı olmalıdır. Üçüncü şərt isə, insan nəzarətidir. Süni intellekt mədəniyyətin yaradılmasında və təqdimatında mühüm vasitə ola bilər, lakin son qərar və məsuliyyət yenə də insanın üzərində qalmalıdır.

Beləliklə, bu qeydlərdən də görünür ki, süni intellekt dövründə milli mədəniyyətin əsas vəzifəsi keçmişi qorumaqla bərabər, həm də milli yaddaşı gələcəyin texnologiyasına çevirməyi bacarmaqdır. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Salyanlı 20 məzun 600-dən çox bal toplayıb

10:34
18 Avqust

Ötən ayların nəticələrini qazaxlı fermerlər üçün uğurlu hesab etmək olar

10:27
18 Avqust

Qızıl və gümüşün qiymətləri ucuzlaşıb

10:20
18 Avqust

Yeni dövlət proqramının icrası çərçivəsində pambıqçı fermerlərin təklifləri dinlənilib

10:20
18 Avqust

Neft qiymətləri bahalaşır

10:18
18 Avqust

Bölgələrdə yanğına səbəb olan üç nəfər məsuliyyətə cəlb olunub

10:16
18 Avqust

Azərbaycan nefti 91,31 dollara satılır

10:15
18 Avqust

Bu il də Gədəbəydə kartof boldur

10:13
18 Avqust

Daşkəsəndə gənclər üçün düşərgə təşkil edilib

10:06
18 Avqust

Tovuzlu fermer dövlət dəstəyindən razıdır

09:59
18 Avqust

Qusarda aqrar biznes və I intensiv meyvə bağları festivalı keçirilib

09:52
18 Avqust

Prezidentin Naxçıvan səfəri, yeni layihələr, genişlənən əməkdaşlıq əlaqələri

09:45
18 Avqust

Azərbaycan qlobal tranzit ölkə statusunu genişləndirir

09:38
18 Avqust

Naxçıvan həqiqətən "nəqşi cahan"a çevriləcək

09:31
18 Avqust

Ərdoğan ilə Tramp arasında telefon danışığı olub

09:28
18 Avqust

Türkiyə və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər

09:26
18 Avqust

Rumıniya Parlamentinin senatoru Qarabağda həyata keçirilən infrastruktur layihələri barədə məlumatlandırılıb

09:25
18 Avqust

Rəqəmsal platforma insan nəzarətindən çıxmamalıdır

09:24
18 Avqust

Süni intellekt və milli mədəniyyət

09:17
18 Avqust

Naxçıvanın həyatında mühüm yeniliklərin başlanğıcı

09:10
18 Avqust

Bakı metrosu paytaxtın ictimai nəqliyyat sisteminin gələcək ritminə köklənir

09:00
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!