Tarixi varislik və yeni geopolitik reallıqlar fonunda Naxçıvan
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Naxçıvan Muxtar Respublikasına həyata keçirdikləri növbəti tarixi səfər ölkəmizin sosial-iqtisadi, hərbi və nəqliyyat-logistika strategiyasında keyfiyyətcə yeni bir mərhələnin başladığını nümayiş etdirdi. Naxçıvan torpağı təkcə Azərbaycanın qədim mədəniyyət ocağı deyil, həm də dövlətçilik tariximizin ən çətin sınaq illərində strateji qala rolu oynamış müqəddəs diyardır.
Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə əsasını qoyduğu "Güclü Naxçıvan – Güclü Azərbaycan" konsepsiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tamamilə yeni məzmunda, müasir dövrün tələblərinə uyğun olaraq reallaşdırılır.
Cənubi Qafqazda formalaşan yeni geostrateji mənzərə fonunda Naxçıvanın rolu misilsiz dərəcədə artıb. Uzun illər blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublika öz daxili potensialını saxlamış və bu gün regional iqtisadi-logistik mərkəzə çevrilmək üçün tarixi imkan əldə etmişdir. Dövlət başçısının bu səfəri çərçivəsində təməli qoyulan layihələr, verilən tapşırıqlar və imzalanan qərarlar təsdiqləyir ki, Naxçıvanın inkişafı artıq təkcə regional deyil, qlobal nəqliyyat və enerji dəhlizlərinin mühüm halqası kimi planlaşdırılır.
İdarəetmə islahatları və strateji şəhərsalma
Naxçıvanda son dövrlərdə həyata keçirilən struktur və idarəetmə islahatları dövlət idarəçiliyinin çevikliyini, şəffaflığını və səmərəliliyini təmin etməyə yönəlib. Konstitusiya dəyişiklikləri və mərkəzi hakimiyyətin muxtar respublikadakı idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi Naxçıvanın vahid ölkə iqtisadiyyatına tam inteqrasiyasını sürətləndirib. Bu çərçivədə qəbul edilən qərarlar regional idarəetmədə mərkəzləşdirilmiş nəzarəti və operativliyi təmin edərək bürokratik maneələri aradan qaldırmışdır.
Səfər çərçivəsində təqdim olunan Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı bu inteqrasiyanın və uzunmüddətli baxışın parlaq təcəssümüdür. Baş Plan çərçivəsində şəhərin ekoloji təmizliyi, rahat və əlverişli yaşam mühitinin yaradılması, müasir urbanizasiya standartlarının tətbiqi və sosial mənzil tikintisi ön plana çəkilir. Naxçıvan şəhərində təməli qoyulan 518 mənzildən ibarət Sosial Evlər Kompleksi əhalinin, xüsusən gənc ailələrin və sosial həssas qrupların mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Şəhərin turizm infrastrukturunun inkişafı məqsədilə "Naxçıvan" Mehmanxana Kompleksinin təməlinin qoyulması da regionun işgüzar və turizm cəlbediciliyini yüksəldəcəkdir.
Mədəni-tarixi irsin bərpası istiqamətində Şərq memarlığının incisi sayılan Möminə xatun türbəsində aparılan bərpa işləri göstərir ki, müasir inkişaf milli-mənəvi dəyərlərin qorunması ilə paralel şəkildə həyata keçirilir. Tarixi abidələrin bərpası Naxçıvanın həm də böyük mədəniyyət və turizm mərkəzi kimi beynəlxalq aləmdə tanıdılmasına töhfə verir.
İqtisadi diversifikasiya və “Yaşıl enerji” qovşağına çevrilmə
Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttə uyğun olaraq, Naxçıvan təkcə özünü enerji ilə təmin edən region deyil, həm də xarici bazarlara “yaşıl enerji” ixrac edən mərkəzə çevrilir. "Şəms 1" və "Qərbi Üfüq" Günəş Elektrik Stansiyalarının təməlinin qoyulması muxtar respublikanın bərpaolunan enerji potensialını keyfiyyətcə yeni səviyyəyə qaldırır. Ümumi gücü 50 meqavat olan bu stansiyalar regionun “yaşıl enerji” payını artırmaqla yanaşı, Türkiyə və Avropa istiqamətində elektrik enerjisi ixracına möhkəm zəmin yaradır.
Eyni zamanda, 310 hektar ərazini əhatə edən Naxçıvan Sənaye Parkının təməlinin qoyulması yerli istehsalın təşviqi, daxili bazarın zənginləşdirilməsi və yüzlərlə yeni iş yerinin yaradılması deməkdir. Sənaye Parkı kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli ekosistem yaradaraq regiona yerli və xarici investisiyaların cəlb edilməsini sürətləndirəcəkdir. Sosial idarəetmə və xidmət sahəsində də mühüm addımlar atılır. Yeni Sosial DOST Mərkəzinin fəaliyyətə başlaması əhaliyə göstərilən məşğulluq, sosial müdafiə və təminat xidmətlərinin operativliyini, şəffaflığını və vətəndaş məmnunluğunu maksimum səviyyəyə çatdırır.
Strateji logistika və Zəhgəzur dəhlizinin həlledici həlqəsi
Naxçıvanın gələcək inkişaf modelində nəqliyyat və logistika sektoru xüsusi yer tutur. Dövlət başçısının səfər zamanı dəmir yolu infrastrukturu və müasir nəqliyyat vasitələri ilə tanış olması bu sahəyə verilən strateji diqqətin təzahürüdür. Naxçıvan dəmir yolu şəbəkəsinin müasir beynəlxalq standartlar səviyyəsində yenidən qurulması Zəngəzur dəhlizinin tam gücü ilə işə düşməsinə hazırlıq məqsədi daşıyır.
Zəngəzur dəhlizi yalnız Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə vasitəsiz bağlamaqla qalmayacaq, həm də Türkiyə ilə birbaşa quru və dəmir yolu əlaqəsini təmin edəcəkdir. Bu marşrut Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat koridorlarının ən mühüm qovşağına çevrilərək Azərbaycanın qlobal logistika xəritəsindəki mövqeyini möhkəmləndirəcək. Daxili nəqliyyat infrastrukturunun yenilənməsi çərçivəsində Naxçıvan şəhərinə gətirilən müasir elektrik mühərrikli avtobuslar isə ekoloji təmizlik və şəhəriçi nəqliyyatın modernləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.
Milli təhlükəsizlik və hərbi qüdrətin möhkəmləndirilməsi
Naxçıvanın geostrategiyasında onun müdafiə qabiliyyəti hər zaman birinci dərəcəli əhəmiyyət kəsb edib. Ermənistanla həmsərhəd olan və strateji yüksəkliklərdə yerləşən muxtar respublikada hərbi potensialın gücləndirilməsi dövlət siyasətinin ən vacib prioritetlərindən biridir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin Əlahiddə Ümumqoşun Ordunun yeni yaradılan komando hərbi hissələrinə döyüş bayraqlarını təqdim etməsi ölkəmizin hərbi qüdrətinin növbəti nümayişidir. Ali Baş Komandanın mesajı aydındır: Azərbaycanın hər bir bölgəsi, xüsusən strateji Naxçıvan qalası ən yüksək səviyyədə müdafiə olunur və istənilən təhdidin qarşısını almağa qadirdir.
Vətən müharibəsində və lokal antiterror tədbirlərində xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərən komando birləşmələrinin Naxçıvanda genişləndirilməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin ən etibarlı təminatçısıdır. Əlahiddə Ümumqoşun Ordunun müasir silah və hərbi texnika ilə təchiz edilməsi, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi Naxçıvanın müdafiə səddini keçilməz edir.
Müasir Azərbaycanın strateji uğuru
Azərbaycan Prezidentinin Naxçıvana növbəti səfəri bir daha göstərdi ki, muxtar respublikanın inkişafı kompleks və uzunmüddətli xarakter daşıyır. Bu səfər Naxçıvanın növbəti onilliklər üçün inkişaf xəritəsinin müəyyən olunması deməkdir. İdarəetmədə hüquqi və struktur islahatları, “yaşıl enerji” layihələri, müasir sənaye zonasının yaradılması, sosial mənzil tikintisi, nəqliyyat-logistika infrastrukturunun yenilənməsi və hərbi qüdrətin artırılması Naxçıvanı Cənubi Qafqazın ən dinamik inkişaf edən regional mərkəzinə çevirir.
Cənab Prezidentin rəhbərliyi ilə icra olunan bu möhtəşəm layihələr Naxçıvanı regionun ən vacib iqtisadi, tranzit və mədəniyyət mərkəzlərindən birinə çevirəcəkdir. Bu inkişaf strategiyası müstəqil Azərbaycanın iqtisadi və siyasi gücünün təntənəsidir.
Asif ƏSGƏROV,
Milli Məclisin deputatı