15 Avqust 2026 08:10
7282
Mədəniyyət
A- A+
Dövlətin ziyalıya qayğısı dünənə, bu günə və sabaha verilən qiymətdir

Dövlətin ziyalıya qayğısı dünənə, bu günə və sabaha verilən qiymətdir


Azərbaycan tarixində ziyalı anlayışı hər zaman xalqın mənəvi yaddaşını qoruyan, cəmiyyətin düşüncə istiqamətlərinə təsir göstərən, milli dəyərləri gələcək nəsillərə çatdıran və dövlətçilik ideyasının ictimai şüurda möhkəmlənməsinə töhfə verən şəxsiyyət anlamı daşıyıb. Bu baxımdan, Azərbaycanda ziyalılara münasibət milli şüurun inkişafının, milli dövlətçilik ənənələrinin mühüm tərkib hissəsidir.

Prezident İlham Əliyevin ziyalılara münasibəti bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Həmin münasibətdə çox geniş bir yanaşma - insan əməyinin qiymətləndirilməsi, milli-mədəni irsin qorunması, yaradıcı şəxsiyyətin cəmiyyətdəki statusunun möhkəmləndirilməsi və yeni nəsillərin mənəvi tərbiyəsinə xidmət edən mühitin yaradılması siyasəti dərhal nəzərə çarpır. Bu, Ümummilli Lider Heydər Əliyevin daha da möhkəmləndirdiyi zəngin milli dövlətçilik ənənələrimizin davamıdır.  Prezident İlham Əliyev bu xoş ənənələri yeni dövrün tələblərinə uyğun davam etdirir, ziyalılara diqqətini heç zaman əsirgəmir.

2019-cu ildə Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə geniş görüşü bu baxımdan tarixi faktdır. Həmin görüşdə ziyalıların mənzil, sosial təminat, yaradıcılıq imkanları, teatrların və digər mədəniyyət müəssisələrinin vəziyyəti ilə bağlı məsələlər də müzakirə olunmuşdu. Dövlətimizin başçısı tərəfindən görkəmli mədəniyyət xadimləri və gənc istedadlar üçün yaşayış imkanlarının yaradılması, yazıçılar üçün Yaradıcılıq Evinin bərpası kimi konkret məsələlər üzrə göstərişlərin verilməsi diqqətin praktik məzmununu nümayiş etdirir, ölkəmizdə ziyalıya qayğının sosial, institusional və yaradıcılıq dəstəyi ilə tamamlandığını göstərirdi.

Azərbaycan ziyalılarına diqqət və qayğıdan söhbət gedərkən ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd  olunmalıdır. Mehriban xanımın bu sahədə fəaliyyəti milli-mədəni irsin qorunması, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıdılması, klassik irsin müasir dövrdə təbliği, yaradıcı insanlara dəstək və digər istiqamətlərə yönəlmişdir. Heydər Əliyev Fondunun layihələri ziyalılar üçün xüsusi əhəmiyyət daşıyır. Mehriban xanımın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən bir çox layihə cəmiyyətdə ziyalıları ön plana çıxarır, onların ictimai həyatda aktiv iştirakını təmin edir və nüfuzunu yüksəldir.


Ziyalı vətəndaş, unudulmaz şair


Ölkə rəhbərliyinin ziyalılara münasibətini aydın təsəvvür etmək üçün bu günlər dünyasını dəyişmiş Xalq şairi Nəriman Həsənzadəyə ali səviyyədə göstərilən diqqət böyük bir örnək sayıla bilər. 

Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının bütöv bir dövrünü öz yaradıcılığında yaşadan sənətkarlardan idi. Onun yaradıcılığında Vətən, milli yaddaş, tarix, insan, mənəvi dəyərlər və azadlıq ideyaları mühüm yer tutur. Böyük sənətkarın yaradıcılığı Azərbaycan ədəbiyyatında milli düşüncə ilə fərdi duyğuların, tarixlə müasirliyin, insan taleyi ilə zamanın qarşılıqlı əlaqəsini əks etdirən zəngin poetik irsdir. Şairin poeziyasının əsas gücü insanı özünə, keçmişinə, Vətəninə və mənəvi dəyərlərinə yenidən nəzər salmağa çağırmasındadır. Bu baxımdan N. Həsənzadənin yaradıcılığı bir şairin fərdi ədəbi irsindən də çox, ümumilikdə Azərbaycan insanının duyğu və düşüncə dünyasının poetik ifadəsidir. Onun poeziya dünyasında Azərbaycan həm keçmişin yaddaşı, həm bu günün reallığı, həm də gələcəyin xoşbəxt diyarıdır.

Nəriman Həsənzadənin insan mövzusuna yanaşması da çox həssas və özünəməxsusdur. Sevgi, ayrılıq, sədaqət, dostluq, vicdan, ömür və zaman kimi ümumbəşəri mövzular onun yaradıcılığında milli poetik düşüncə ilə qovuşur. Bu baxımdan onun şeirləri yalnız müəyyən dövrün hadisələrini əks etdirmir, insanın dəyişməyən mənəvi suallarına da cavab axtarır.

Şairin yaradıcılığında həmçinin tarixə və şəxsiyyətlərə müraciət mühüm yer tutur. O, "Nəriman", "Atabəylər", "Zümrüd quşu", "Nuru Paşa", "Pompeyin Qafqaza yürüşü" və başqa əsərlərində tarixi hadisə və obrazlar vasitəsilə keçmişlə bu gün arasında mənəvi əlaqə yaradır, oxucunu milli yaddaş üzərində düşünməyə sövq edir. Bu xüsusiyyət Nəriman Həsənzadənin poeziyasına həm milli, həm də fəlsəfi məzmun qazandırır. 

Mərhum şairin yaradıcılığının başqa bir mühüm xüsusiyyəti dilinin axıcılığı və emosional təsir gücüdür. O, ən mürəkkəb fikirləri belə, təbii, anlaşıqlı və poetik ifadələrlə çatdırmağa nail olur. Buna görə onun əsərlərində həm yüksək ədəbi-estetik dəyər, həm də geniş oxucu auditoriyasına təsir edən səmimiyyət var. Nəriman Həsənzadə təkcə şair kimi deyil, dramaturq, publisist, alim, pedaqoq və ictimai xadim kimi də Azərbaycanın ədəbi-mədəni həyatında öz nəcib izlərini qoymuşdur. 

Prezident İlham Əliyevin digər ziyalılarımız kimi Nəriman Həsənzadənin yaradıcılığına münasibəti də illər ərzində ardıcıl xarakter daşıyıb. Dövlətimizin başçısı 2016-cı ildə şairin 85 illik yubileyi münasibətilə göndərdiyi təbrik məktubunda onun Azərbaycan poeziyasının çoxəsrlik ənənələrini davam etdirən, folklor və klassik ədəbiyyatın imkanlarından yararlanan sənətkar olduğunu vurğulamışdır. 2021-ci ildə - Nəriman Həsənzadənin 90 illik yubileyi münasibətilə Prezidentin təbrikində isə şairin yaradıcılığındakı Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalıq kimi keyfiyyətlər xüsusi qeyd olunmuşdur. Prezident onun ictimai fəaliyyətini də "ziyalı vətəndaş mövqeyi" kimi qiymətləndirmişdir.

Nəriman Həsənzadəyə göstərilən diqqətin ən mühüm məqamlarından biri isə məhz onun ömrünün son dövrünə təsadüf edir. 2026-cı il fevralın 18-də - 95 illik yubileyində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Nəriman Həsənzadəyə birgə təbrik ünvanladılar. Təbrikdə onun milli ədəbiyyatın çoxəsrlik ənənələrinə sadiq qalaraq Azərbaycan poeziyasına verdiyi töhfələr, tarixi hadisələri və böyük şəxsiyyətləri milli dövlətçilik ruhunda canlandırması, alim, pedaqoq və ictimai xadim kimi fəaliyyəti xüsusi vurğulanırdı. Elə həmin gün Prezidentin sərəncamı ilə Nəriman Həsənzadə Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə Azərbaycanın ən yüksək ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edildi. Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev dövlət başçısının tapşırığı ilə şairin evində ziyarətdə oldu və "Heydər Əliyev" ordenini ona təqdim etdi. 

Bütün bu məqamların mənəvi əhəmiyyəti çox böyükdür. 95 yaşlı şairin yaradıcılıq irsinə verilən yüksək qiymət ölkənin ali rəhbərliyi səviyyəsində göstərilən nümunədir: insanın dövlət və xalq qarşısındakı xidmətləri yaşından, fəaliyyətinin intensivliyindən asılı olmayaraq unudulmur. Bu hadisə həm də ziyalılara dövlət qayğısının yalnız rəsmi protokol çərçivəsində qalmadığını göstərir. 

Nəriman Həsənzadənin Prezident İlham Əliyevin yürütdüyü siyasətə münasibəti də bu qarşılıqlı mənəvi bağın başqa bir tərəfini göstərir. 2020-ci ilin Vətən müharibəsindəki tarixi Zəfərimizdən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun gücü ilə torpaqlarımızın işğaldan azad edilməsindən sonra yazdığı bir çox şeirdə Nəriman Həsənzadə Qarabağ Zəfərini, dövlət başçısının siyasi iradəsini və xalqımızın qələbə əzmini ifadə etmişdir. 


Milli düşüncənin daşıyıcıları


Beləliklə, Nəriman Həsənzadə nümunəsində dövlətin ziyalıya münasibətinin bir neçə mərhələsini izləyirik: yaradıcılığın qiymətləndirilməsi, yubileylərin yüksək səviyyədə qeyd olunması, fəxri təltiflər, şəxsi diqqət və ən başlıcası - sənətkarın mənəvi irsinin dövlət səviyyəsində qorunması. 

Eyni yanaşmanı biz görkəmli şairlərimiz Səməd Vurğuna, Məmməd Araza, Bəxtiyar Vahabzadəyə, Qabilə, unudulmaz bəstəkarımız Tofiq Quliyevə, dünyaşöhrətli musiqi xadimlərimiz Rəşid Behbudova, Müslüm Maqomayevə, Qara Qarayevə, Niyaziyə,  Azərbaycan rəssamı Tahir Salahova və onlarla belə ziyalı şəxsiyyətimizə müanasibətdə də görürük.  Bu münasibət onu da göstərir ki, böyük ziyalıların həyatdan köçməsi onların dövlət və xalq qarşısındakı xidmətlərinin də sona çatması demək deyil. Belə şəxsiyyətlərin irsinin yaşadılması ilə onların mənəvi xidmətləri davam edir və bu, şəxsiyyətlərə əbədiyyət ömrü qazandırır. 

Ziyalılara diqqət məsələsində ən mühüm meyarlardan biri münasibətin davamlı olmasıdır. Eyni sistemli yanaşma ümumilikdə mədəniyyət xadimləri ilə bağlı dövlət təltiflərində, onlara fərdi təqaüdlərin, fəxri adların verilməsində, ziyalıların sosial müdafiəsi tədbirlərində özünü göstərir. Ziyalıların, ziyalılığın cəmiyyətdə layiq olduğu ucalıqda qərarlaşması üçün bütün bunlar çox mühümdür. 

Azərbaycan cəmiyyətində ziyalılara hörmət ənənəsinin güclü olması həm də onunla bağlıdır ki, xalqımızın tarixində şair, yazıçı, alim və sənətkar çox zaman yalnız öz peşəsinin nümayəndəsi olmayıb, o, milli düşüncənin daşıyıcısı kimi çıxış edib. Prezident İlham Əliyev də milli mədəniyyətə, ədəbiyyata, incəsənətə, ana dilinə gənc nəslin milli ruhda yetişdirilməsində əsas amillər kimi yanaşır. Ziyalılar isə həmin ruhun daşıyıcılarıdır. Bu, əslində, ziyalılara qayğının fəlsəfəsini də izah edir. Dövlət sənətkara yalnız sənət adamının keçmiş xidmətlərinə qiymət vermir, eyni zamanda onun yaratdığı mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılması üçün şərait yaradır. Bu mənada dövlətin ziyalıya münasibəti həm də milli yaddaş siyasətidir.

Bu siyasətin çox böyük ictimai nəticələri var. Dövlətin, dövlət rəhbərliyinin kimə və nəyə yüksək qiymət verməsi cəmiyyətin dəyərlər sisteminə birbaşa təsir göstərir. Dövlət tərəfindən ziyalıya verilən yüksək qiymət, əslində, biliyə, yaradıcılığa, intellektə, mənəvi dəyərlərə və ictimai məsuliyyətə verilən qiymətdir. Bu baxımdan, cənab 

İlham Əliyevin, Mehriban xanım Əliyevanın ziyalılara münasibəti həm də cəmiyyət üçün bir növ nümunədir. Dövlət öz siyasəti ilə göstərir ki, cəmiyyətin inkişafında iqtisadi nəticələr, maddi uğurlarla yanaşı, intellektual və mənəvi kapital da mühüm əhəmiyyət daşıyır. Bu yanaşma uzunmüddətli perspektivdə cəmiyyətin prioritetlərini dəyişə, uğurun və nüfuzun meyarlarını zənginləşdirə bilər.


Gənc nəsil üçün nümunə


Ziyalılara dövlət səviyyəsində göstərilən diqqətin ən mühüm nəticələrindən biri isə onun gənc nəslə verdiyi mesajdır. Gənc insan cəmiyyətin hansı dəyərləri mükafatlandırdığını müşahidə etməklə öz gələcək davranış və seçimlərini müəyyənləşdirir. Əgər gənc nəsil görürsə ki, uzun illər ərzində elmə, təhsilə, ədəbiyyata, incəsənətə və ictimai fəaliyyətə xidmət etmiş insanların əməyi dövlət tərəfindən yüksək qiymətləndirilir, onda intellektual fəaliyyətin və yaradıcı əməyin ictimai statusu yüksəlir. 

Bu baxımdan, dövlət təltifləri, Prezident mükafatları, fərdi təqaüdlər, fəxri adlar, görkəmli elm və mədəniyyət xadimləri ilə keçirilən görüşlər, onlara ali səviyyədə göstərilən qayğı nümunələri həm də gənc nəsil üçün sosial örnəklər yaratmaq mexanizmidir. Beləliklə, ziyalıya göstərilən diqqət yalnız bir şəxsin mükafatlandırılması ilə başa çatmır, həmin mükafatın yaratdığı simvolik təsir daha geniş auditoriyaya yayılır.

Dövlət səviyyəsində alim, müəllim, yazıçı, şair, bəstəkar, rəssam və digər yaradıcı insanların əməyinin yüksək qiymətləndirilməsi göstərir ki, cəmiyyət üçün dəyər yaradan fəaliyyətin müxtəlif formaları var. Bu, gənclərin dünyagörüşündə mühüm dəyişiklik yarada bilər. Elm öyrənmək, kitab oxumaq, tədqiqat aparmaq, yeni fikir yaratmaq, milli mədəniyyətə töhfə vermək və ictimai məsuliyyət daşımaq da uğurun legitim və nüfuzlu formaları kimi qəbul edilir. Başqa sözlə, ziyalıya münasibət həm də gənc nəslin uğur haqqında təsəvvürlərinin formalaşmasına təsir edən yumşaq sosial siyasət vasitəsidir. Eyni zamanda milli şüurun, dövlətçilik düşüncəsinin davamlığı, müxtəlif nəsillər arasında mənəvi və intellektual varisliyin təmin edilməsidir. Yaşlı nəsil ziyalılar öz təcrübələri, əsərləri və həyat yolu ilə müəyyən dəyərləri gənclərə ötürürlər. Ölkə rəhbərliyi isə bu ziyalıların irsini qorumaqla həmin varisliyin institusional əsaslarını möhkəmləndirir. Beləliklə, bir tərəfdə tarixi yaddaşın daşıyıcıları, digər tərəfdə həmin yaddaşı qəbul edən gənc nəsil durur. Dövlətin ziyalılara diqqəti bu iki nəsil arasında əlaqənin möhkəmlənməsinə xidmət edir.

Azərbaycan Prezidenti İlham Əliyevin ziyalılara diqqət və qayğısı cəmiyyətin dəyər sistemində biliyin, mənəviyyatın, yaradıcılığın və milli məsuliyyətin mövqeyini möhkəmləndirərək bu dəyərlər üzərində formalaşan nəsli dövlətçilik ənənələrinin ən etibarlı daşıyıcısına çevirir. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göz quruluğuna qarşı təbii vasitə aşkar edilib   

17:49
22 Sentyabr

Astara Terminalında yük daşımaları sürətləndi

17:31
22 Sentyabr

Bardonun xatirələri milyonluq hekayəyə çevrildi

17:13
22 Sentyabr

Parlamentin Gənclər və idman komitəsinin ötən sessiyada görülmüş işləri qənaətbəxş hesab olunub  

17:12
22 Sentyabr

ABŞ Qrenlandiyada iki hərbi baza yaratmağı planlaşdırır

17:01
22 Sentyabr

Naxçıvanda yüzlərlə insanın həyata dönüş yolu

16:56
22 Sentyabr

BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi Nyu-Yorkda başlayır

16:52
22 Sentyabr

MOK-un baş katibi: Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır  

16:40
22 Sentyabr

VK-nın Qadın Vəkillər Alyansı Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasına üzv olmaq üçün müraciət edib  

16:23
22 Sentyabr

2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinə 5,3 milyard manat investisiya nəzərdə tutulur

16:22
22 Sentyabr

“AzerGold”un Dövlət Proqramı üzrə 4 strateji layihəsinin investisiya həcmi 3,63 milyard manatdır

16:19
22 Sentyabr

Yeni dövlət proqramı dağ-mədən sənayesinin inkişafında növbəti mərhələnin yol xəritəsi olacaq  

16:16
22 Sentyabr

YAP İdarə Heyətinin üzvü Rauf Əliyevə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub  

16:09
22 Sentyabr

Beynəlxalq maliyyə resurslarından daha geniş istifadə imkanlarına baxılmalıdır

15:39
22 Sentyabr

Maka Boçorişvili: ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesində iştirakı regionda yeni imkanlar yaradır

15:39
22 Sentyabr

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasında ilk iclası keçirilib  

15:35
22 Sentyabr

Ölkənin mineral resurs potensialının xəritəsi hazırlanacaq

15:17
22 Sentyabr

Mis, qızıl və gümüş üzrə hasilat və istehsalın artırılması planlaşdırılır

15:13
22 Sentyabr

“Brent”in qiyməti 100 dollardan aşağı düşüb

15:07
22 Sentyabr

Çindəki forumda Orta Dəhlizin Şərqlə Qərb arasında mühüm nəqliyyat bağlantısı kimi əhəmiyyətindən danışılıb  

15:00
22 Sentyabr

“Azəristiliktəchizat”: Payız-qış mövsümünə hazırlıq işləri yekunlaşır

14:47
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!