“AzerGold”un Dövlət Proqramı çərçivəsində həyata keçirəcəyi 4 əsas strateji layihə üzrə ümumi investisiya həcmi təxminən 3,63 milyard manat təşkil edir və bu investisiyaların yalnız təxminən 10 faizinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi planlaşdırılır.
Bu barədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov Prezident İlham Əliyev sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə deyib.
Z.İbrahimov qeyd edib ki, “AzerGold” milli dağ-mədən sahəsinin aparıcı dövlət şirkəti kimi Dövlət Proqramına uyğun olaraq 4 əsas strateji istiqamət üzrə irəliləyir:
- Birinci istiqamət qızıl hasilatı və emalıdır. “Söyüdlü” və “Ortakənd” üzrə ümumilikdə təxminən 1,28 milyon unsiya əlavə qızıl ehtiyatlarının hasilata cəlb edilməsi ölkə üzrə qızıl ixracını əhəmiyyətli dərəcədə artıracaq.
- İkinci istiqamət qara metallurgiyadır. “Daşkəsən” layihəsi çərçivəsində 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalat gücü yaradılacaq və təxminən 1,7 milyon ton hissəsi ixrac potensialını formalaşdırır.
- Üçüncü istiqamət əlvan metallardır. “Filizçay” üzrə mis, sink, qurğuşun resursunun hasilata hazırlanması ölkəmizin ixrac portfelini genişləndirəcək və yeni sənaye istiqamətini formalaşdıracaq.
- Dördüncü istiqamət dağ-mədən sənayesinin yan sahələrinin inkişafıdır. Bu layihələr yeni istehsal zəncirlərinin, xidmət sahələrinin və ümumilikdə sənaye potensialının güclənməsinə töhfə verəcək.
“Davos Ümumdünya İqtisadi Forumunda dağ-mədən sənayesinin xarici investisiyaların cəlb edilməsi və qeyri-neft sektorunun şaxələndirilməsi baxımından iqtisadiyyatımızın əsas prioritet sahələrindən biri kimi qeyd edilməsi sektorun inkişafı üçün yeni imkanlar yaradır. 2027-ci ildən icrasına başlanması nəzərdə tutulan Dövlət Proqramı isə dağ-mədən sənayesinin inkişafında növbəti mərhələnin əsas yol xəritəsi olacaq. “AzerGold” olaraq bu strateji hədəflərin icrası üçün bütün imkan və resurslarımızı səfərbər edəcək, fəaliyyətimizi bundan sonra da yüksək məsuliyyətlə davam etdirəcəyik”, - deyə o bildirib.