14 Avqust 2026 13:45
7516
SİYASƏT
A- A+
Bölgədə söz sahibi olan qüdrətli Ordu

Bölgədə söz sahibi olan qüdrətli Ordu

 

Ali Baş Komandanın rəhbərliyi ilə sürətlə modernləşən və daha da güclənən Silahlı Qüvvələrimiz regionda sülhün, təhlükəsizliyin və sabitliyin əsas təminatçısıdır


Azərbaycanın müdafiə strategiyasında Silahlı Qüvvələrin davamlı şəkildə modernləşdirilməsi, suverenliyin, ərazi bütövlüyünün və dövlət sərhədlərinin etibarlı şəkildə qorunması mühüm yer tutur. İllər boyu həyata keçirilən sistemli və uzaqgörən ordu quruculuğu siyasəti ölkəmizin hərbi imkanlarını və müdafiə potensialını əhəmiyyətli dərəcədə yüksəlib. 

Müdafiə sahəsinə ayrılan vəsaitlərin mütəmadi olaraq artırılması, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi, ən müasir texnika, silah və sursatların arsenala daxil edilməsi Silahlı Qüvvələrin texniki imkanlarını köklü şəkildə genişləndirib. O cümlədən müasir idarəetmə və müşahidə sistemlərinin tətbiqi, peşəkar hərbi kadrların hazırlanması, hərbi hissələrin infrastrukturlarının yenilənməsi və hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycanın müdafiə sistemini yeni pilləyə yüksəldib.

Məhz bu dövlət siyasətinin məntiqi nəticəsi kimi Azərbaycan Ordusu 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq öz döyüş qabiliyyətini və peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Bununla belə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra da hərbi islahatlar, ordu quruculuğu prosesi daha intensiv xarakter aldı və keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Döyüş təcrübəsi nəzərə alınaraq çevik idarəetməyə, yüksək fiziki və taktiki hazırlığa malik yeni operativ hərbi birliklərin, xüsusilə komando qüvvələrinin formalaşdırılması ordumuzun gözlənilməz şəraitlərdə və mürəkkəb tapşırıqlarda reaksiya vermə imkanlarını maksimum dərəcədə gücləndirdi.

Azərbaycanın vahid milli təhlükəsizlik sistemində Naxçıvan Muxtar Respublikasının müdafiəsi xüsusi və strateji önəm daşıyır. Naxçıvanın spesifik geostrateji mövqeyi, birbaşa quru bağlantısının olmaması və regional mühitdə mövcud olan hərbi-siyasi reallıqlar muxtar respublikanın təhlükəsizliyinə hər zaman xüsusi və həssas yanaşmanı zəruri edib. Çünki Naxçıvanın müdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanılması yalnız bu regionun daxili sabitliyi üçün deyil, bütövlükdə Azərbaycan dövlətinin təhlükəsizlik arxitekturasi üçün həyati əhəmiyyət kəsb edir.

Bu səbəbdən bölgənin coğrafi və strateji xüsusiyyəti nəzərə alınaraq Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun yaradılması ölkəmizin hərbi tarixində önəmli addım kimi dəyərləndirilir. Əlahiddə Ordu Azərbaycan Silahlı Qüvvələrinin mühüm tərkib hissəsi kimi fəaliyyət göstərir. Bu xüsusi hərbi strukturun təsisi muxtar respublikanın müdafiəsinin daha çevik, sistemli, müstəqil və operativ şəkildə təşkil edilməsinə şərait yaradır. Hərbi bölmələrin vahid komandanlıq altında cəmləşməsi, müdafiə tədbirlərinin koordinasiyasının dəqiqləşdirilməsi və şəxsi heyətin mütəmadi təlimlərə cəlb olunması Naxçıvanın müdafiə gücünü dayanıqlı müstəviyə çıxarıb. Əsas məqsəd ehtimal olunan hər hansı təhdid və ya təxribatın qarşısını dərhal, vaxtında və adekvat şəkildə almağa qadir olan çevik müdafiə mexanizmi formalaşdırmaqdan ibarətdir.

Naxçıvanın özünəməxsus dağlıq relyefi, mürəkkəb sərhəd zolaqları və xüsusi iqlim şəraitləri hərbi hazırlığın xüsusi taktiki tələblər üzrə aparılmasını zərurət halına gətirir. Dağ-meşə və relyef şəraitində döyüş aparmaq bacarıqları hərbi qulluqçulardan yüksək dözümlülük, çevik düşüncə və peşəkar bacarıqlar tələb edir. Bu baxımdan, son dövrlərdə Azərbaycan Ordusunun modernləşdirilməsi strategiyasına uyğun olaraq Naxçıvanda da əməliyyat (komando) birliklərinin yaradılması müdafiə sisteminin müasir standartlara tam uyğunlaşdırılmasının parlaq göstəricisidir. Xüsusi hazırlıq proqramları keçən komando qüvvələri mürəkkəb relyefdə, gecə və gündüz şəraitində müxtəlif xüsusi tapşırıqları icra etmək üçün təlimatlandırılır ki, bu da regiondakı hərbi qüvvələrin çevikliyini dəfələrlə artırır. 

Muxtar respublikada hərbi infrastrukturun gücləndirilməsi istiqamətində növbəti tarixi addım avqustun 11-də atılıb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində Əlahiddə Ümumqoşun Orduda yeni təşkil edilmiş əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak ediblər. Təqdim olunan Döyüş bayraqları hərbi hissələrin döyüş şərəfini, rəşadətini və dövlətə sədaqətini rəmziləşdirməklə yanaşı, muxtar respublikanın müdafiə potensialının yüksək səviyyəyə çatdırıldığını da nümayiş etdirir. 

Dövlətimizin başçısı səfər zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Naxçıvanın təhlükəsizlik məsələlərinin mahiyyətini, ordu quruculuğunda əldə olunmuş uğurları və Silahlı Qüvvələrimizin regional nüfuzunu diqqətə çatdıraraq deyib: “Bu illər ərzində, əlbəttə ki, ilk növbədə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi məsələsi prioritet məsələlər sırasında idi. Bu istiqamətdə də böyük işlər görüldü və bu gün bayrağın təqdimetmə mərasimində bir daha Naxçıvanın hərbi gücü özünü göstərdi, həm texnika ilə təchizat, - özü də ən müasir texnika ilə, - həm də yeni komando qüvvələrinin yaradılması. Bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir”.

Prezident İlham Əliyev müsahibəsinin davamında muxtar respublikanın özünəməxsus coğrafi şəraitinə diqqət çəkərək, burada xüsusi hərbi strukturun formalaşdırılmasının və təhlükəsizlik önləmlərinin artırılmasının strateji zərurətdən doğduğunu vurğulayıb: “Bildiyiniz kimi, Naxçıvanda mənim Sərəncamımla Əlahiddə Ordu yaradılmışdır. Bu ordu, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın - muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir. Bu gün qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək”. 

Azərbaycan Prezidentinin bu fikirləri Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi prosesinin davamlı və strategiyaya söykənən bir dövlət siyasəti olduğunu göstərir. Muxtar respublikada yerləşən hərbi hissələrin müasir müşahidə, rabitə, zərbə sistemləri və texniki vasitələrlə təmin edilməsi fəaliyyətin tam dəqiqliklə idarə olunmasına imkan verir. Müasir hərbi texnologiyalarla peşəkar kadr hazırlığının sintezi Əlahiddə Ordunun döyüş qabiliyyətini yüksəldir. 

Naxçıvanın təhlükəsizlik sisteminin formalaşmasında Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının da özünəməxsus yeri var. İki qardaş ölkə arasında hərbi sahədə mövcud olan strateji müttəfiqlik münasibətləri, birgə keçirilən taktiki təlimlər, hərbi təcrübə və kadr mübadiləsi Azərbaycan Ordusunun, o cümlədən Əlahiddə Ordunun peşəkar imkanlarının inkişafına mühüm töhfə verir. Naxçıvanın Türkiyə ilə birbaşa sərhədə malik olması bu hərbi əməkdaşlığın regional təhlükəsizlik baxımından əhəmiyyətini daha da artırır. 

Təhlükəsizliyin etibarlı təminatı həm də regionun ümumi sosial, iqtisadi və mədəni tərəqqisinin əsas zəmanətidir. Sabitlik və təhlükəsizlik olmayan mühitdə uzunmüddətli iqtisadi layihələrin, infrastruktur proqramlarının həyata keçirilməsi və investisiya axınının təmin edilməsi qeyri-mümkündür. Bu baxımdan, Naxçıvanda müdafiə imkanlarının gücləndirilməsi muxtar respublikanın iqtisadi potensialının reallaşmasına, turizmin, sənayenin inkişafına və əhalinin dinc, təhlükəsiz şəraitdə rifah içində yaşamasına birbaşa xidmət edir. 

Göründüyü kimi, müdafiə sahəsində həyata keçirilən tədbirlər kompleks xarakter daşıyır. Yüksək hazırlıqlı şəxsi heyət, modern texniki təchizat, yeni yaradılmış komando birlikləri və effektiv idarəetmə mexanizmləri Naxçıvanın müdafiəsini keçilməz qalaya çevirir. Dövlətimizin başçısının da ifadə etdiyi kimi, Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olması yalnız hərbi gücün deyil, həm də dövlətin ardıcıl siyasətinin və milli maraqları qorumaq iradəsinin göstəricisidir. Naxçıvanda hərbi potensialın davamlı olaraq artırılması ölkəmizin ümumi müdafiə sistemini daha da gücləndirir, regionda sülhün, sabitliyin etibarlı zəmanəti kimi çıxış edir.


İsmayıl QOCAYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:38
09 Sentyabr

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında idxalı əlavə dəyər vergisindən azad olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə Siyahısı”nın təsdiq edilməsi haqqında

00:36
09 Sentyabr

Azərbaycanın xarici işlər nazirinin müavini ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə görüşüb

22:02
08 Sentyabr

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

18:50
08 Sentyabr

Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Qordana Silyanovska-Davkovaya

18:39
08 Sentyabr

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:55
08 Sentyabr

“AzerGold”un təşkilatçılığı ilə keçirilən 7-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub

17:40
08 Sentyabr

Xüsusi nümayəndə: Kəlbəcərdəki özəl investisiya layihələrinin əsas məqsədlərindən biri yeni iş yerlərinin yaradılmasıdır

17:35
08 Sentyabr

DİN: İntensiv yağıntılarla əlaqədar xidmətə əlavə polis naryadları cəlb olunub

17:30
08 Sentyabr

YAP və ÇKP arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

17:20
08 Sentyabr

YAP və ÇKP nümayəndələri Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

17:10
08 Sentyabr

Milli Məclisdə Azərbaycan-Koreya münasibətlərinin inkişaf perspektivləri diqqət mərkəzində olub

17:00
08 Sentyabr

Xaricdə iş vədi ilə çoxsaylı şəxsləri aldadan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

16:50
08 Sentyabr

Baş nazir Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü ilə görüşüb

16:40
08 Sentyabr

BCAW2026: "Öhdəliklərdən icraya: COP31-ə doğru" mövzusunda yüksəksəviyyəli dəyirmi masa təşkil olunub

16:35
08 Sentyabr

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşa şəhərində - YENİLƏNİB

16:30
08 Sentyabr

Biləsuvarda şəhidlərin xatirə turnirində 300-dən çox güləşçi mübarizə aparıb

16:25
08 Sentyabr

“Yaşıl Dünya üçün Rəqəmsal Fəaliyyət Yolu” - panel sessiya YENİLƏNİB 

16:20
08 Sentyabr

Cibə qayıdan milyonlar

16:17
08 Sentyabr

Britaniyanın texnologiya nəhənginin rəhbəri: Süni intellekt xərçəngin dərmanını tapacaq

16:15
08 Sentyabr

Mayami Beynəlxalq Hava Limanında qəzaya uğrayan "Amazon" yük təyyarəsinin qara qutuları tapılıb

16:10
08 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!