Çağdaş dövrdə dövlətlərin regional və qlobal miqyasda rəqabət
qabiliyyətini şərtləndirən əsas amil təbii resurslardan daha çox insan
kapitalının keyfiyyət xüsusiyyətləri, psixoloji dayanıqlılığı və intellektual səviyyəsidir.
Sosial-iqtisadi inkişafın davamlılığının təmin olunması üçün xüsusi istedada,
müasir biliklərə və uyğun idarəetmə səriştələrinə malik insan resurslarının və
kadrların müəyyən edilməsi, onların bacarıqlarının inkişafı və dövlət idarəetməsinin
məsul vəzifələrinə cəlb olunması strateji əhəmiyyət daşıyır.
Azərbaycanda postneft və rəqəmsal transformasiya dövrünə
hazırlıq çərçivəsində insan kapitalına uzunmüddətli intellektual sərmayə
qoyuluşu istiqamətində reallaşdırılan strateji fəaliyyətlərdən biri də məhz
“Yüksəliş” müsabiqəsidir. “Yüksəliş” müsabiqəsinə Prezident İlham Əliyevin 26
iyul 2019-cu il tarixli sərəncamı ilə start verilib. Müsabiqənin strateji məqsədi
Azərbaycanın dövlət idarəçiliyi sistemi üçün uyğun bilik və bacarıqlara malik
perspektiv liderlərin və idarəçilərin seçilib müəyyənləşdirilməsi, onların fərdi
qaydada inkişafının hərtərəfli dəstəklənməsi və dövlətin kadr ehtiyatı bankının
qurulmasıdır.
Bu strateji fəaliyyət, sadəcə, bir müsabiqə olaraq
anlaşılmamalıdır. Çünki bu təşəbbüs dövlətin postneft və rəqəmsal transformasiya
dövründə insan kapitalına strateji investisiyasıdır. Müasir dövrdə dövlət idarəçiliyinin
effektivliyi strateji xarakterli qərarları qəbul edən kadrların bilik və
bacarıqları ilə yanaşı, onların emosional dayanıqlılığından və hazırlıq
prosesində gücləndirilən keyfiyyət xüsusiyyətlərindən asılıdır. Məhz buna görə
“Yüksəliş” müsabiqəsində potensial namizədlərin bilik və bacarıqları ilə yanaşı
komanda işinə meyilli olmaları, mürəkkəb vəziyyətlərdə qərar qəbuletmə qabiliyyətləri,
liderlik keyfiyyətləri və etik davranış qaydalarına riayət etmələri fərqli
metodlarla qiymətləndirilir.
Müsabiqə iştirakçıları test imtahanları, psixoloji və
liderlik sınaqları, situasiya tapşırıqları, fərdi müsahibələr və simulyasiya mərhələlərində
bilik və bacarıqları ilə yanaşı emosional və psixoloji xüsusiyyətlərini nümayiş
etdirirlər. Qalib olan iştirakçılar fərdi inkişaf üçün pul mükafatından savayı,
mentorluq proqramı və təlimlərdə iştirak hüququ da əldə edirlər. Onlar həmçinin
Azərbaycanın dövlət idarəçiliyi sisteminin təcrübəli rəhbər vəzifəli şəxsləri
ilə tanış olaraq “sosial lift” imkanı qazanırlar. Bunlardan başqa, proqram dövlət
idarəçiliyində çalışan rəhbər kadrların
praktik təcrübəsinin müsabiqə qalibləri olan potensial rəhbər şəxslərin
nəzəri biliklərinə inteqrasiyasını və transferini də təmin edir.
“Yüksəliş” müsabiqəsi Azərbaycanın dövlət idarəçiliyi
sistemində meritokratiya prinsip və dəyərlərinin bərqərar olmasına strateji
xarakterli töhfə verir. Dövlət idarəçiliyi sistemində insan resurslarının idarə
olunmasının bu modelində vəzifə yüksəlişinin təməl meyarı müvafiq biliklər,
bacarıqlar və peşəkar keyfiyyətlərdir. Bununla da, vəzifədə yüksəliş prosesində
kənar təsirlər minimalaşdırılır və dövlət qulluğunda vəzifə yüksəlişinin şəffaflıq
dərəcəsi artırılır.
Bu proses dövlət idarəçiliyi sisteminə və bu sistemin içində
ayrı-ayrı elementlərin bir-birinə inamını və etimadını yüksəltməklə, əməkdaşlıq
mühitini sağlamlaşdırmaqla sosial kapitalın inkişafına da töhfə verir. Bununla
da, güclü insan kapitalı güclü sosial kapitala çevrilir. İnsan kapitalı dövlət idarəçiliyi sistemində
bilikli, bacarıqlı, təcrübəli, səriştəli, geniş dünyagörüşlü, öz sahəsində peşəkar
olan insan resurslarının formalaşmasına şərait yaradır. Sosial kapital isə həmin
peşəkar insan resurslarının və dövlət qurumlarının digər qurumlarla, hər bir
qurumun öz daxili strukturları və geniş cəmiyyət təbəqələri ilə inama və
etimada əsaslanan əməkdaşlıq mühiti yaratmasına imkan verir. Bu isə dövlət
qulluğunun vəzifədə yüksəliş prosesində şəffaflıq amili ilə birləşdikdə
bütövlükdə cəmiyyətdə dövlət qurumlarına
və dövlət qulluğuna inamı daha da artırır.
Bütün bunlar Prezident İlham Əliyevin 2 fevral 2021-ci il
tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər”in “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”
adlanan 3-cü prioritet istiqamətinə uyğundur. Bu prioritet istiqamətdə yüksək
peşə bacarıqlarına sahib olan insan kapitalının formalaşdırılması xüsusi olaraq
vurğulanmışdır. Eyni zamanda 29 iyun 2026-cı ildə Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal
İnkişaf Şurasının ilk iclasında dövlət qurumlarında qəbul edilən qərarların
zamanında və effektiv həyata keçirilməsi müasir innovasiya ekosisteminin
formalaşdırılmasının önəmi xüsusi vurğulanmışdır.
Dövlət idarəçiliyində insan kapitalının, dövlət-vətəndaş
münasibətlərində isə sosial kapitalın inkişaf səviyyəsi də innovasiya
ekosisteminin önəmli elementlərindəndir. Bu baxımdan “Yüksəliş” müsabiqəsi dövlətimizin
başçısının müəyyən etdiyi strateji inkişaf prioritetlərinə birbaşa töhfə verməkdədir.
Rəqabətli insan kapitalı süni intellekt, robotik həllər və transformativ
texnologiyalar dövründə Azərbaycanın regionda və dünyada iqtisadi və siyasi
mövqeyini daha da gücləndirəcəkdir. Bu isə Prezident İlham Əliyevin də
vurğuladığı Azərbaycanın orta güc statusunun daha da möhkəmlənməsinə xidmət edəcək.
“Yüksəliş” müsabiqəsi Azərbaycanın dövlət idarəçiliyi
sistemində insan kapitalının və kadrların intellektual potensialına əsaslanan
müasir və effektiv strateji mədəniyyətin ortaya çıxmasına şərait yaradır. Bu
müsabiqənin dövlət idarəçiliyində institusional islahatlarla ahəngdar həyata
keçirilməsi, ehtiyac duyulan potensial rəhbər kadrların tapılması, onların fərdi
inkişafı və məsul vəzifələrə təyin olunması prosesini daha da sürətləndirir.
Dövlət idarəçiliyinin kadr təminatının önəmli təsisatı olan
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası bu
prosesdə öz tədris təcrübəsi, toplanmış intellektual potensialı və geniş məzun
şəbəkəsi ilə fəal iştirak edir. Yeni dönəmin strateji öncəliyi insan
kapitalının fərdi keyfiyyətlərə əsaslanaraq inkişaf etdirilməsi və rəqəmsal
transformasiya dövrünün çağırışlarına cavab verməkdir. Azərbaycanın postneft
dönəmində davamlı sosial-iqtisadi inkişafının məhək daşı budur.
Elnur ƏLİYEV,
Dövlət İdarəçilik Akademiyası İnzibati idarəetmə fakültəsinin
dekanı, dosent