01 Avqust 2026 09:31
590
Mədəniyyət
A- A+
Xalqın yaddaşı və milli ruhun ekran salnaməsi

Xalqın yaddaşı və milli ruhun ekran salnaməsi


Bir xalqın keçdiyi yolu bəzən tarixçilər yazır, şairlər tərənnüm edir, milyonların yaddaşına isə kino həkk edir. Çünki kino təkcə hadisələri canlandıran ekran sənəti deyil, dövrün ruhunu, insanların taleyini, xalqın sevincini, kədərini, arzu və ümidlərini, mübarizə əzmini, milli qürurunu zamanın yaddaşına köçürərək gələcək nəsillərə çatdıran mənəvi körpüdür. 

Elə buna görə də Azərbaycan filmlərindən bəhs edərkən tez-tez işlədilən "kino həyatın güzgüsüdür" fikri milli kinomuzun mahiyyətini tam ifadə etmir. Azərbaycan kinosu həyatın, sadəcə, güzgüsü olmayıb, həm də xalqımızın canlı yaddaşı, milli vicdanı, mənəvi məktəbi, milli kimliyimizin keşiyində dayanan, onu nəsildən-nəslə çatdıran əvəzsiz mədəniyyət salnaməsinə çevrilib. Hər il avqustun 2-si qeyd olunan Azərbaycan Kino Günü milli yaddaşımızı yaşadan, bizi özümüzə tanıdan, nəsilləri bir-birinə bağlayan böyük sənətin bayramıdır. Heç çəkinmədən qeyd edə bilərik ki, Azərbaycan kino sənəti tarixində elə  filmlər var ki, milyonlarla tamaşaçının qəlbində iz salıb, insanların düşüncəsinə təsir edib, cəmiyyətin estetik zövqünü formalaşdırıb, vətən sevgisini, mərhəməti, ədaləti, namusu və insanlıq duyğularını tərbiyə edib. Azərbaycan kinosu tariximizin hər dövrünün  nəfəsi, rəngi, sözü olub. Bəzən gülüşlə düşündürüb, bəzən göz yaşları ilə insanı silkələyib, bəzən isə Vətən sevgisini ürəklərdə alovlandıran ən təsirli vasitə olub. Məhz buna görə Azərbaycan filmləri yalnız ekran əsəri deyil, xalqımızın mənəvi sərvəti, milli mədəniyyətimizin ayrılmaz hissəsidir.

Bu böyük sənət yoluna nəzər salarkən ilk yada düşən ekran incilərindən biri "Arşın mal alan" filmidir. Üzeyir bəy Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılan bu möhtəşəm əsər Azərbaycan kinosunun dünya şöhrətini təmin edən ən qiymətli filmlərdəndir. Musiqinin, yumorun, məhəbbətin və milli adət-ənənələrin ecazkar vəhdəti olan film təkcə ölkəmizdə deyil, dünyanın onlarca ölkəsində maraqla qarşılanmış, müxtəlif dillərə dublyaj olunaraq milyonlarla tamaşaçının rəğbətini qazanmışdır. Filmin rejissor işi milli koloritin bütün incəliklərini qorumaqla tamaşaçıya canlı və təbii bir mühit təqdim edir. Ekrandakı hər səhnə sanki Azərbaycan məişətinin, ailə dəyərlərinin və xalq ruhunun rəngarəng tablosuna çevrilir. Aktyorların yaratdığı obrazlar isə artıq çoxdan kino qəhrəmanı olmaqdan çıxaraq xalqın yaddaşında yaşayan doğma insanlara çevrilib. Əsgərin səmimiyyəti, Gülçöhrənin zərifliyi, Soltan bəyin özünəməxsus xarakteri, Vəlinin sadəlövhlüyü bu gün də tamaşaçıların sevgisində yaşayır.

Azərbaycan kinosunun Qızıl fonduna daxil olan ekran əsərləri arasında "Bizim Cəbiş müəllim" filmi xüsusi yer tutur. Bu film müharibənin səngərlərdə deyil, arxa cəbhədə yaşayan insanların taleyində açdığı yaraları böyük ustalıqla tamaşaçıya çatdırır. Çətinliklər, yoxsulluq, müharibənin gətirdiyi ağrı-acılar fonunda insan ləyaqətinin, vicdanın və mənəvi saflığın necə qorunduğunu nümayiş etdirən film bu gün də aktuallığını itirməyib. Rejissorun incə psixoloji yanaşması, ssenarinin həyat həqiqətlərində yoğrulması, aktyorların son dərəcə təbii oyunu filmin ən böyük üstünlüklərindəndir. Hər obraz sanki tanıdığımız, qonşuluqda, məhəllədə gördüyümüz insanlardır. Məhz buna görə də film tamaşaçını süni hadisələrlə deyil, həyatın özü ilə üz-üzə qoyur. "Bizim Cəbiş müəllim" insanın ən ağır şəraitdə belə öz mənəvi ucalığını itirməməsinin mümkün olduğunu sübut edən əsl kino məktəbidir.

Azərbaycan kinosunda insan vicdanını dərindən araşdıran ekran əsərlərindən biri də "İstintaq" filmidir. Bu kino əsəri cinayət haqqında deyil, vicdan haqqında çəkilmiş filmdir. Burada istintaq otağında yalnız hadisələr araşdırılmır, eyni zamanda insan xarakteri, mənəvi məsuliyyət, ədalət və həqiqət də sınaqdan keçirilir. Tamaşaçı filmin gedişində hadisələri izləməklə kifayətlənmir, özü də düşünür, mühakimə aparır. Rejissorun peşəkarlığı hər epizodda hiss olunur. Gərgin dramatizm, psixoloji dərinlik və hadisələrin məntiqi inkişafı filmin təsir gücünü artırır. 

Uşaqlıq illərinin saflığını, müharibənin uşaqların dünyasına vurduğu yaraları təsirli dillə ifadə edən filmlərdən biri "Şərikli çörək"dir. Bu film çörəyin, sadəcə, qida olmadığını, zəhmətin, dostluğun, paylaşmağın və insanlığın rəmzi olduğunu göstərir. Müharibə illərinin ağır şəraitində uşaqların yaşadığı çətinliklər tamaşaçının qəlbində kövrək duyğular oyadır. Film insanın ümidini heç vaxt itirməməsinin vacibliyini təlqin edir. Burada rejissor uşaqların saf baxışları ilə bütöv bir dövrün faciəsini nümayiş etdirməyə nail olur. 

Zaman dəyişdikcə Azərbaycan kinosunun mövzuları da dəyişdi. Müstəqillik dövründə çəkilən filmlər artıq insanın daxili təlatümlərinə, cəmiyyətin sosial problemlərinə və mənəvi böhranlarına daha çox müraciət etməyə başladı. Bu baxımdan "Yarasa" filmi yeni dövr Azərbaycan kinosunun ən fərqli ekran əsərlərindən biri hesab olunur. Filmdə cəmiyyətin görünməyən tərəfləri, insan psixologiyasının qaranlıq qatları, mənəvi deqradasiya və sosial ziddiyyətlər yüksək peşəkarlıqla təqdim edilir. Burada tamaşaçı hazır cavab almır, əksinə, hər kəs öz vicdanında cavab axtarmağa məcbur olur. Rejissorun simvollardan və bədii təsvir vasitələrindən məharətlə istifadə etməsi filmi adi ekran əsərindən daha çox fəlsəfi düşüncə nümunəsinə çevirir. Bu film bir daha təsdiq edir ki,  Azərbaycan kinosu yalnız hadisələri göstərmir, həm də cəmiyyətə suallar verir, insanı düşündürür və mənəvi hesabat aparmağa çağırır.

Azərbaycan kinosunda elə bir film var ki, o, illərlə ürəyimizdə qövr edən Qarabağ nisgilinin, viran qoyulmuş yurd yerlərinin, əsir düşmüş şəhərlərin, şəhid analarının göz yaşının, bütöv bir xalqın harayının bədii ifadəsinə çevrilmişdi. Bu film "Fəryad" idi. "Fəryad" ekrana çıxanda Azərbaycan torpaqları işğal altında idi. Qarabağın dağlarından yüksələn nalə, Xocalının ahı, Şuşanın sükutu, Laçının həsrəti, Kəlbəcərin nisgili hələ milyonlarla insanın qəlbində qanayan yara idi. Bu film məhz həmin yaranın səsini dünyaya çatdırmaq üçün çəkilmişdi. Filmdə əsirlik təkcə insanların əsirliyi deyildi. Burada əsir qalan torpaq idi, əsir qalan tarix idi, əsir qalan abidələrimiz, ocaqlarımız, məscidlərimiz, bulaqlarımız idi. Ən böyük əsir isə doğma yurduna qayıda bilməyən insanın ruhu idi. "Fəryad" tamaşaçıya nifrəti deyil, ədaləti öyrədirdi. O, qisas hissini kor-koranə intiqam kimi deyil, Vətən qarşısında müqəddəs borcun yerinə yetirilməsi kimi təqdim edirdi. Film göstərirdi ki, günahsız insanların tökülən qanı unudulmamalıdır, işğalla heç vaxt barışmaq olmaz, torpaq yalnız sahibinin nəfəsi ilə Vətən olur.

Bu gün "Fəryad" filminə yenidən baxanda onun təkcə bir dövrün faciəsini deyil, həm də böyük Qələbəyə aparan milli ruhun formalaşmasında oynadığı mənəvi rolu daha aydın görürük. "Fəryad" illərlə susmayan Vətənin harayı, torpağın öz övladlarını səsləyən səsi idi. Nəhayət, 2020-ci ilin payızında o haraya Azərbaycan əsgəri cavab verdi.

Bu gün biz qalib xalqıq. Dünyanı heyrətləndirən 44 günlük Vətən müharibəsinin qəhrəman əsgər və zabitləri tariximizin əfsanəvi simalarına çevriliblər. Tankın qarşısına sinəsini sipər edənlər, son damla qanına qədər döyüşənlər, üçrəngli bayrağımızı Şuşa qalasında dalğalandıranlar, şəhidlik zirvəsinə ucalaraq millətin qüruruna çevrilən igidlərimiz yeni Azərbaycan tarixini yazdılar. Onların hər biri bir filmin qəhrəmanıdır, hər biri böyük ekranlarda yaşamağa layiqdir. Müasir Azərbaycan kino sənətinin qarşısında müqəddəs bir vəzifə dayanır. Zəfəri qazanan igidlərimizin qəhrəmanlığı yüksək bədii dəyərlərə malik filmlərdə öz əksini tapmalıdır. Çünki gələcək nəsillər bu qəhrəmanları kino sənətinin qüdrəti ilə də tanımalıdır. Azərbaycan əsgəri Vətənin taleyini dəyişdi. İndi isə söz sənətində, teatrda və kinoda növbə sənət adamlarınındır. Qəhrəmanlıq həm də ekranda əbədiləşdirilməlidir. Bu, Azərbaycan kinosunun Zəfərimizi yazan igid əsgər və zabitlərimiz qarşısında mənəvi borcudur. 


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəbələ Beynəlxalq Musiqi Festivalında möhtəşəm muğam axşamı

13:39
01 Avqust

Türkiyədə Prezident Ərdoğana sui-qəsd cəhdinin iştirakçılarından biri saxlanılıb

12:33
01 Avqust

29 il əvvəl başlanan inkişaf yolu Azərbaycanı uğurlu idman ölkəsinə çevirdi

10:44
01 Avqust

Azərbaycan-Qırğızıstan münasibətləri kompleks inkişaf perspektivinə malikdir

10:36
01 Avqust

Bilmək istəyirəm

09:52
01 Avqust

Ukrayna Patriot raketlərinin istehsalına icazə alacaqmı? 

09:45
01 Avqust

İlklərə imza atan sənət fədaisi

09:38
01 Avqust

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

09:35
01 Avqust

Xalqın yaddaşı və milli ruhun ekran salnaməsi

09:31
01 Avqust

Azərbaycan kəndlisinin köməyinə Samuray arısı gəlir

09:24
01 Avqust

Aqrar sektor ilin birinci yarısını hansı göstəricilərlə başa vurub

09:17
01 Avqust

Bölgələrdə yeni aqrar inkişaf dövlət proqramının icrası ilə bağlı tədbirlər keçirilir

09:10
01 Avqust

Yeni nəslin həmrəylik modeli

09:03
01 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib

09:01
01 Avqust

İnsan kapitalına yatırılan uzunmüddətli sərmayə

08:56
01 Avqust

Azərbaycan aparıcı Avropa dövlətlərinin etibarlı tərəfdaşı statusundadır

08:49
01 Avqust

Müstəqil dövlətimiz dilimizin saflığının qorunması üçün ciddi addımlar atır

08:42
01 Avqust

“Azərbaycan dili fenomeni: milli sərvətdən geostrateji resursa doğru”

08:35
01 Avqust

Milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi dəyərlərimizin əbədi dayağı

08:28
01 Avqust

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi

08:21
01 Avqust

Azərbaycan-Qırğızıstan münasibətləri daha geniş regional strategiyanın tərkib hissəsidir

08:14
01 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!