Sürətlə qloballaşan və texnoloji tərəqqinin həlledici rol oynadığı qlobal sistemdə hər bir dövlətin gələcək taleyi onun rəqəmsal transformasiya proseslərinə necə inteqrasiya olmasından asılıdır.
Azərbaycan da bu reallığı dərk edərək qarşısına çox mühüm və strateji bir hədəf qoyub. Bu hədəfin mahiyyəti ölkəmizi modernləşdirməklə yanaşı, bütün regionda süni intellekt və rəqəmsal inkişaf sahələrinin qeyd-şərtsiz aparıcı dövlətinə çevirməkdir. Bu uzaqgörən strategiya elm və texnologiyanın inkişafını, yeni ideyaların dəstəklənməsini və dəyişən dünyaya tez uyğunlaşmağı tələb edir.
XXI əsrin birinci yarısı informasiya texnologiyalarının bəşəriyyətin həyat tərzini kökündən dəyişdiyi bir dönəmdir. Ənənəvi yanaşmalar artıq öz aktuallığını itirir və onların yerini yüksək intellektual sistemlər tutur. Bu sistemlərin zirvəsində isə məhz süni intellekt qərarlaşır. Müasir dövrdə süni intellekt elementləri iqtisadiyyatdan tutmuş dövlət idarəçiliyinə, müdafiə sənayesindən səhiyyəyə qədər bütün sahələrə dərindən nüfuz edib.
Qeyd edək ki, bu istiqamətdə ölkəmizdə həyata keçirilən sistemli tədbirlər çərçivəsində təsdiq edilən 2025-2028-ci illər üçün "Süni İntellekt Strategiyası" və "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" milli texnoloji potensialın möhkəmləndirilməsində mühüm hüquqi-strateji baza rolunu oynayır. Ölkədə idarəetmə effektivliyini artırmaq məqsədilə təsis edilən Rəqəmsal İnkişaf Şurası isə rəqəmsallaşma siyasətinin vahid mərkəzdən əlaqələndirilməsini təmin edir. Bu prosesin mahiyyətini və cəmiyyət qarşısında qoyduğu yeni vəzifələri qiymətləndirərkən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında səsləndirdiyi fikirlər gələcək inkişafın əsas istiqamətlərini müəyyənləşdirir: "Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir. Eyni zamanda süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur. Sirr deyil ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində həm yeni imkanlar, eyni zamanda yeni təhlükələr yaradır. Biz yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıyıq".
Rəqəmsal inkişaf və süni intellekt böyük imkanlar yaradır, həmçinin kiberhücum risklərini artırır və dövlətin informasiya təhlükəsizliyini gücləndirməsini zəruri edir. Azərbaycan bu çağırışlar çərçivəsində özünün milli təhlükəsizlik strategiyasını müasir standartlara uyğun şəkildə təkmilləşdirir. İnformasiya təhlükəsizliyinin qorunması, ciddi infrastruktur obyektlərinin kiberhücumlardan müdafiə olunması və yerli kadr potensialının intellektual səviyyədə yetişdirilməsi dövlət siyasətinin əsas prioritetləri sırasındadır. Hətta qəbul edilən yeni idarəetmə sistemlərinə əsasən, hər bir dövlət qurumunda rəqəmsallaşma və kibertəhlükəsizliyə cavabdeh məsul şəxslərin təyin edilməsi bu təhlükəsizlik baryerinin nə qədər ciddi qurulduğunu göstərir. Ölkəmiz rəqəmsal xəritədə öz mövqelərini möhkəmləndirdikcə həm də regional miqyasda sabitliyin və təhlükəsizliyin qarantına çevrilir.
Beləliklə, Azərbaycanın rəqəmsal inkişaf yolu böyük fürsətlərlə zəngindir. Eyni zamanda bu yol yüksək məsuliyyət tələb edən çağırışlar da ehtiva edir. Ölkəmizin regionun aparıcı süni intellekt mərkəzinə çevrilməsi istiqamətində qətiyyətli addımlar atılır. Bu addımlar xalqımızın intellektual potensialına və dövlətimizin siyasi iradəsinə əsaslanır. Yeni texnologiyaların verdiyi imkanlardan maksimum dərəcədə faydalanmaq vacibdir. Bununla yanaşı, ehtimal olunan risklərə qarşı ayıq-sayıq olmaq və qabaqlayıcı tədbirlər görmək zəruridir. Bütün bunlar Azərbaycanın davamlı tərəqqisinin ayrılmaz hissəsini təşkil edir.
Təhminə VERDİYEVA,
"Azərbaycan"