Bu sahədə həyata keçirilən tədbirlər sistemli və kompleks xarakter daşıyır
Müasir dövrdə narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi insan sağlamlığına, sosial sabitliyə və ictimai təhlükəsizliyə ciddi təhdid yaradan qlobal problemlərdən biri olaraq qalmaqdadır. Problemin miqyası və cəmiyyətin müxtəlif təbəqələrinə təsiri narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin yalnız hüquq-mühafizə tədbirləri ilə məhdudlaşdırılmamasını, eyni zamanda profilaktik, tibbi, sosial və maarifləndirici mexanizmlərin kompleks şəkildə tətbiqini zəruri edir.
Azərbaycan Respublikasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması, narkomanlığın yayılmasının məhdudlaşdırılması, narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu siyasət gənc nəslin sağlam inkişafının təmin edilməsi, milli-mənəvi dəyərlərin qorunması və cəmiyyətin təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədlərinə xidmət edir.
Bu istiqamətdə dövlət siyasətinin mühüm hüquqi əsaslarından biri Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"dır. Dövlət proqramının əsas məqsədləri sırasında narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, müalicə və reabilitasiya sahəsində yeni üsulların tətbiqi, normativ hüquqi bazanın təkmilləşdirilməsi və kompleks tədbirlərin həyata keçirilməsi xüsusi yer tutur.
Dövlət proqramına uyğun olaraq hazırda müasir texnoloji imkanlardan, analitik idarəetmə alətlərindən və qabaqcıl yanaşmalardan istifadə edilməklə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əlaqələndirilmiş tədbirlər həyata keçirilir. Eyni zamanda narkomanlığın yayılmasının məhdudlaşdırılması, narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicə və reabilitasiya imkanlarının genişləndirilməsi, səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və əhali arasında maarifləndirmə işinin gücləndirilməsi istiqamətində də mühüm işlər görülür.
Hüquq-mühafizə tədbirləri və əldə olunan nəticələr
Narkotik vasitələrə olan tələbatın azaldılması və qanunsuz dövriyyənin qarşısının alınması məqsədilə hüquq-mühafizə orqanları tərəfindən preventiv və əməliyyat-axtarış tədbirləri ardıcıl şəkildə davam etdirilir.
2026-cı ilin yanvar-iyul ayları ərzində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində ümumilikdə 4.963 cinayət faktı aşkar edilmişdir. Onlardan 1.250-si narkotik vasitələrin qanunsuz satışı, 3.613-ü qanunsuz əldə etmə və saxlama, 97-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi, 3-ü isə digər cinayətlərlə bağlı olmuşdur.
Hesabat dövründə qanunsuz dövriyyədən ümumilikdə 6 ton 223 kq 519,057 qram narkotik vasitə və psixotrop maddə çıxarılmışdır. Müsadirə edilmiş narkotik vasitələrin ümumi dəyəri 187 milyon 200 min manat qiymətləndirilmişdir.
Müsadirə edilmiş narkotik vasitələrin əsas hissəsini marixuana təşkil etmişdir. Belə ki, ümumi müsadirənin 5 ton 307 kq 260,329 qramı marixuananın payına düşmüşdür. Bundan əlavə, 257 kq 73,146 qram heroin, 124 kq 912,418 qram tiryək, 247 kq 630,147 qram həşiş, 125 kq 541,94 qram digər narkotik vasitələr və 161 kq 101,077 qram psixotrop maddələr müsadirə edilmişdir.
Hesabat dövründə həmçinin 34.983 ədəd metadon həbi, 12.715 ədəd çətənə bitkisi, psixotrop maddə həbləri, güclü təsir edən və zəhərli maddələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılmışdır.
Narkotik tərkibli bitkilərin qanunsuz becərilməsinə qarşı da məqsədyönlü tədbirlər görülmüşdür. 2026-cı ilin yanvar-iyul aylarında 1.167,2 hektar ərazidə yaş kütləsi 327 ton 716 kq olan 3.960 601 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki müəyyən edilərək məhv edilmişdir.
Cinayət məsuliyyətinin və qaçaqmalçılığın qarşısının alınması
Hesabat dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3.282 nəfər cəlb edilmişdir. Onlardan 3.188-i kişi, 94-ü qadın, 33-ü isə xarici ölkə vətəndaşı olmuşdur.
Narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 114 fakt aşkar edilmişdir. Həmin faktlar üzrə ümumi çəkisi 1 ton 606 kq 95,682 qram olan narkotik vasitələr və 20.930 ədəd metadon həbi qanunsuz dövriyyədən çıxarılmışdır.
Aşkar edilmiş cinayətlərin 134-ü qrup halında törədilmiş, 1.785 cinayət faktı isə əvvəllər məhkum olunmuş şəxslərin törətdiyi cinayətlərlə bağlı olmuşdur.
2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2026-cı ilin eyni dövründə aşkar edilmiş ümumi cinayət faktlarının sayı 251, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı faktların sayı 382, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə bağlı faktların sayı 30, qaçaqmalçılıq faktlarının sayı 30, qrup halında törədilmiş cinayətlərin sayı 25 fakt azalmışdır. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayı 98, xarici ölkə vətəndaşlarının sayı isə 31 nəfər azalmışdır. Bununla yanaşı, qanunsuz əldə etmə və saxlama ilə bağlı faktların sayı 160, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin çəkisi isə 1 ton 274 kq 46,039 qram artmışdır.
Narkotik vasitələrin məhv edilməsi
Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin məhv edilməsi də mübarizə tədbirlərinin mühüm istiqamətlərindən biridir. 2026-cı ilin 30 yanvar və 11 iyun tarixlərində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə külli və xüsusilə külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi həyata keçirilmişdir. Ümumilikdə 1 471 məhkəmə hökmü əsasında məhvetmə qərarı qəbul edilmiş 6 ton 13 kq 620,899 qram narkotik vasitə və psixotrop maddə, 162.759 ədəd həb, 4 745 ədəd həb və 240 paket güclü təsir edən maddə, eləcə də 13.367 ədəd çətənə bitkisi məhv edilmişdir.
Bundan başqa, 36 rayon və şəhərdə 957 məhkəmə hökmü əsasında ümumi çəkisi 32 kq 177,238 qram olan müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, 131 ədəd çətənə bitkisi və 27 ədəd güclü təsir edən maddə həbi məhv edilmişdir.
Müalicə və reabilitasiya istiqamətində tədbirlər
Narkomanlığa qarşı mübarizənin mühüm tərkib hissəsi narkotik asılılığından əziyyət çəkən şəxslərin vaxtında müəyyənləşdirilməsi, müalicəyə cəlb olunması və reabilitasiyasıdır.
2026-cı ilin yanvar-iyul aylarında bütün növ sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə 54.434 nəfər Respublika Narkoloji Mərkəzinə istiqamətləndirilmişdir. Narkotik istifadəsinin müəyyən edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 3.778 nəfərdən 1.851 nəfərin narkotik vasitə istifadəçisi olduğu müəyyən edilmişdir.
Hazırda metadonla əvəzedici müalicə proqramı çərçivəsində üç məntəqədə ümumilikdə 667 nəfər müalicə alır. Onlardan 258 nəfəri Respublika Narkoloji Mərkəzində, 288 nəfəri QİÇS-lə Mübarizə Mərkəzində, 121 nəfəri isə Sumqayıt Narkoloji Mərkəzində müalicə olunur.
"802" qaynar xətti - operativ əlaqələndirmə mexanizmi
Narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında vətəndaş müraciətlərinin operativ qəbulu və aidiyyəti qurumlara yönləndirilməsi də mühüm əhəmiyyət daşıyır.
2026-cı ilin yanvar-iyul aylarında "802" qaynar xəttinə 548 vətəndaş müraciəti daxil olmuşdur. Müraciətlərin 77-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 41-i narkotik asılılıqdan müalicə, 430-u isə digər məsələlərlə bağlı olmuşdur. Müraciətlər üzrə tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət orqanlarına 118 məktub göndərilmişdir.
Qaynar xətt vasitəsilə daxil olan məlumatlar əsasında müvafiq tədbirlər görülmüş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumatlar üzrə cinayət işləri başlanılmış, eyni zamanda narkotik istifadəçilərinin müalicəyə yönləndirilməsi və ailələrə psixoloji dəstəyin göstərilməsi təmin edilmişdir.
Maarifləndirmə və profilaktika mübarizənin əsas istiqamətlərindən biridir
Narkomanlığın qarşısının alınmasında profilaktik və maarifləndirici tədbirlər xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə dövlət qurumları, gənclər təşkilatları və digər tərəfdaş qurumlarla birgə müxtəlif layihələr həyata keçirilir.
2026-cı ilin yanvar-iyul aylarında ümumilikdə 219 tədbir keçirilmişdir. Onlardan 154-ü maarifləndirici və təşkilati tədbir və təlim, 65-i isə maarifləndirici sosial aksiya olmuşdur.
Gənclər arasında sağlam həyat tərzinin təşviqi məqsədilə"Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində 20 şəhər və rayonun 173 kəndində 7 100 məktəblinin iştirakı ilə maarifləndirici tədbirlər həyata keçirilmişdir.
Hesabat dövrü ərzində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon və şəhər komissiyaları tərəfindən qarşıya qoyulan işlərin yerinə yetirilməsi ilə əlaqədar bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün müvafiq şərait yaradılmış, eyni zamanda təbliğat və təşviqat işinin əhatəsi gücləndirilmişdir. Təşkil olunan tədbirlərə müvafiq dövlət və qeyri-hokumət təşkilatların nümayəndələri, ərazi üzrə polis şöbələrin əməkdaşları, din xadimləri, könüllülər cəlb edilmişdir. Maarifləndirmə işi kütləvi informasiya vasitələri və rəqəmsal platformalar vasitəsilə də genişləndirilmişdir. Hazırlanmış sosial çarxlar televiziya kanallarında 7 389 dəfə yayımlanmış, narkomanlığa qarşı mübarizə mövzusunda 64 televiziya verilişi hazırlanmışdır. "802 - Qaynar xətt" xidmətinə dair sosial çarx radio yayımlarında 10 146 dəfə səsləndirilmişdir. Qəzet və veb-saytlarda 10 mindən çox maarifləndirici material dərc edilmişdir.
Əhali arasında maarifləndirmənin genişləndirilməsi məqsədilə 2026-cı ilin ilk yeddi ayında 15 mindən çox material yayılmış, 26 şəhər və rayon icra hakimiyyətinə və Penitensiar Xidmətə 140 maarifləndirici banner təqdim edilmişdir. Mobil rabitə operatorları tərəfindən hazırlanan maarifləndirici SMS mesajı isə ölkə üzrə təqribən 8 milyon 621 min abunəçiyə göndərilmişdir.
Dövlət proqramı üzrə monitorinq və qiymətləndirmə
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə əməkdaşlığı çərçivəsində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın icra vəziyyəti öyrənilib. Bu məqsədlə 2025-ci il üzrə monitorinq və qiymətləndirmə aparılıb.
Monitorinq çərçivəsində dövlət proqramının dörd prioritet istiqaməti üzrə icra dinamikası təhlil edilib. Belə ki, "Təşkilati tədbirlər" istiqaməti 83,31 faiz, "Normativ-hüquqi bazanın təkmilləşdirilməsi" istiqaməti 100 faiz, "Beynəlxalq tədbirlər" istiqaməti 92,31 faiz, "Profilaktika və maarifləndirmə tədbirləri" istiqaməti isə 91,68 faiz icra göstəricisi ilə qiymətləndirilib.
Hazırda Dövlət Proqramının icra vəziyyətinin öyrənilməsi məqsədilə 2026-cı ilin birinci yarımili üzrə növbəti monitorinq və qiymətləndirmə işləri aparılır.
Nəticə
Azərbaycan Respublikasında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ardıcıl, sistemli və kompleks xarakter daşıyır. Hüquq-mühafizə tədbirləri ilə yanaşı, tibbi müayinə və müalicə, reabilitasiya, maarifləndirmə, gənclərlə profilaktik iş, media və rəqəmsal platformalardan istifadə, eləcə də vətəndaş müraciətlərinin operativ cavablandırılması vahid mübarizə strategiyasının əsas istiqamətlərini təşkil edir.
2026-cı ilin yanvar-iyul aylarının nəticələri göstərir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmiş, külli miqdarda narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılmış, çoxsaylı cinayət faktları aşkar edilmiş və təqsirkar şəxslər məsuliyyətə cəlb olunmuşdur. Eyni zamanda narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəyə cəlb edilməsi və əhali arasında sağlam həyat tərzinin təşviqi istiqamətində də mühüm işlər görülmüşdür.
Növbəti mərhələdə də dövlət proqramında müəyyən edilmiş məqsəd və vəzifələrə uyğun olaraq dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi, qabaqcıl təcrübənin tətbiqi, profilaktik və maarifləndirici tədbirlərin əhatə dairəsinin genişləndirilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə mexanizmlərinin təkmilləşdirilməsi, habelə müalicə və reabilitasiya imkanlarının inkişaf etdirilməsi bu sahədə qarşıda duran əsas vəzifələrdən olacaqdır.
Narkomanlığa qarşı mübarizə yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ümumi məsuliyyətidir. Sağlam gələcəyin təmin edilməsi üçün dövlət, vətəndaş cəmiyyəti, ailə, təhsil müəssisələri, media və ictimaiyyətin birgə səylərinin davam etdirilməsi mühüm əhəmiyyət daşıyır.
Fəqan ŞAHVERDİYEV,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri