Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı səsləndirdiyi fikirlər rəsmi Bakının tələb etdiyi hüquqi və siyasi şərtlərin İrəvan tərəfindən qəbul olunduğunun təsdiqidir. Baş nazirin qarşıdakı fəaliyyət proqramını təqdim edərkən verdiyi mesajlar göstərir ki, Ermənistan Azərbaycanın yaratdığı regional reallıqlara uyğunlaşmaqdan başqa alternativinin olmadığını dərk edir.
Diqqətçəkən məqamlardan biri Ermənistanda yeni konstitusiyanın qəbul edilməsi istiqamətində atılan addımlar və bu proses ətrafında gedən müzakirələrdir. Baş nazir açıq şəkildə bildirib ki, yeni konstitusiyanın qəbul edilməsi partiyanın seçki proqramının əsas müddəalarından biri idi. Paşinyan qeyd edib ki, Ermənistan xalqının öz legitim və azad iradəsi ilə qəbul edilmiş konstitusiyaya malik olmaq hüququ var. Hökumət başçısı bu ali sənədin layihəsinin yaxın aylarda dərc olunacağını vurğulamaqla yanaşı, keçmiş separatçı meyillərdən imtina edildiyini konkret fikirlərlə ifadə edib: "Biz bu qərarı qəbul etmişik və xalq da bu qərarı təsdiqləyib. Yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad etmək "Qarabağ hərəkatı"nı davam etdirmək, münaqişə məntiqinə qayıtmaq demək olardı. Biz isə bunu edə bilmərik".
Paşinyan iyunun 7-də keçirilən parlament seçkilərindən sonra xalqın sülhün lehinə səs verdiyini xüsusi vurğulayaraq əlavə edib ki, Azərbaycanla əldə edilmiş sülhün qorunması və möhkəmləndirilməsi hökumət üçün prioritet gündəlikdir. Bakının yekun sülh sazişi üçün əsas tələblərindən biri olan bu addım Ermənistanın münaqişə məntiqindən çıxmaq və Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qaldığını sübut edir.
Baş nazirin çıxışlarında yer alan digər vacib element Azərbaycanın anklav kəndləri ilə bağlıdır. Kərki, Barxudarlı və Yuxarı Əskipara kimi kəndlərin Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik ərazisinə daxil olmadığını bildirən Paşinyan bu həqiqəti belə izah edib: "Bu kimi məsələlər sərhədlərin delimitasiyası çərçivəsində həll ediləcək. Elə buna görə Kərkidən danışıram. Ona görə yox ki, mən Azərbaycan tərəfdarıyam, ona görə ki, bu gün sülhün hüquqi əsasını təşkil edən xəritələr şübhə altına alınsa, hamı hər şeyi şübhə altına almağa başlayacaq".
1991-ci il xəritələrinə istinad edərək reallığı dilə gətirmək İrəvanın sərhədlərin delimitasiyası prosesində rəsmi Bakının hüquqi mövqeyi ilə razılaşdığını göstərir. İllər boyu işğal altında saxlanılan bu ərazilərin statusunun açıq şəkildə bəyanı Ermənistanın öz ərazi bütövlüyü çərçivəsindən kənara çıxmaq imkanlarının tamamilə tükəndiyini göstərir.
Eyni zamanda İrəvan rəhbərliyinin xaricdəki erməni diasporu ilə bağlı səsləndirdiyi fikirlər Ermənistanın daxili və xarici siyasətindəki dərin çatları üzə çıxarır. Lobbinin ciddi təhdid olduğunun fərqində olan baş nazir "xaricdəki erməni diasporu Ermənistanın yolgöstərəni ola bilməz" deyərək diasporun təlimatları ilə hərəkət etməyəcəyini dilə gətirib. Paşinyanın fikrincə, diaspor Ermənistanın, Ermənistan da diasporun mentoru ola bilməz. Hələ də köhnə ambisiyalardan, revanşizmdən öz siyasi və maliyyə maraqları üçün istifadə edən diaspor mərkəzlərinin təsiri azaltmaq cəhdi Ermənistan hökumətinin öz real maraqlarını köhnə xülyalardan üstün tutmaq məcburiyyətində qaldığını nümayiş etdirir.
Xarici təzyiqləri neytrallaşdırmağa çalışan Paşinyan hökuməti daxildə də revanşist müxalifətə qarşı hərəkətə keçərək öz siyasi mövqelərini möhkəmləndirməyə çalışır. Baş nazir ölkədəki köhnə "Qarabağ klanı"nın təmsilçilərinə və revanşist qüvvələrə qarşı hüquqi müstəvidə sərt addımlar atır. Sabiq prezident Robert Koçaryanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılması, özünün, oğlunun və parlamentin deputatı Levon Koçaryanın mənzillərində, obyektlərində axtarışların aparılması daxili siyasi qarşıdurmanın pik nöqtəsidir. Parlamentdə Baş nazir ilə Levon Koçaryan arasında yaşanan sərt mübahisədən dərhal sonra hüquq-mühafizə orqanlarının fəaliyyətə keçməsi İrəvan rəhbərliyinin revanşist ritorikanın və daxili müqavimətin tamamilə qarşısını almaq niyyətində olduğunu nümayiş etdirir.
Bu sərt tədbirlər və müxalifətə qarşı atılan addımlar göstərir ki, Paşinyan regional sülh gündəliyini pozmağa çalışan keçmiş rejimlə hesablaşmanı yekunlaşdırmaqda qərarlıdır. Bu rejimin nümayəndələrini neytrallaşdırmaqla hakimiyyət həm də Azərbaycanla aparılan danışıqlar prosesində daxildən gələ biləcək hər hansı təxribatın qarşısını almağı hədəfləyir. Revanşistlərin sıradan çıxarılması Ermənistan cəmiyyətinə də aydın mesaj verir ki, köhnə münaqişə məntiqinə qayıdış imkansızdır və dövlətin gələcəyi yalnız Bakının təklif etdiyi yeni regional nizamı qəbul etməkdən keçir.
Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə və sonrakı dönəmdə atdığı qətiyyətli addımlar rəsmi İrəvanı işğalçı ideologiyadan imtina etməyə məcbur etdi. Bu gün Ermənistan rəhbərliyinin dili ilə səslənən etiraflar göstərir ki, Bakının sülh gündəliyi və regional reallıqlar Cənubi Qafqazın gələcək inkişafının yeganə həlledici faktorudur. İrəvanın bu xətdən kənara çıxması mümkün deyil.
İsmayıl QOCAYEV,
"Azərbaycan"