26 Avqust 2026 08:50
61
Mədəniyyət
A- A+
Mədəniyyət xəzinəmizin əbədi inciləri

Mədəniyyət xəzinəmizin əbədi inciləri


Muğamlarımız milli yaddaşımızın, tariximizin, mədəniyyətimizin, dünyagörüşümüzün, düşüncələrimizin ən ülvi təcəssümüdür. Muğamlarımız xalqımızın min illər boyu keçib gəldiyi və bu günündən gələcəyinə uzanan yoluna yoldaşdır.

Zamanın sınağından keçərək bu günümüzə gəlib çatan muğamı xanəndələr, musiqiçilər öz ifaları ilə daha da cilalayıb, bu sənətin ənənələrini nəsildən-nəslə ötürüblər. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Yavər Kələntərli, Rübabə Muradova, Əbülfət Əliyev, Hacıbaba Hüseynov, İslam Rzayev, Əlibaba Məmmədov, Arif Babayev və başqa böyük sənətkarların yaratdığı məktəb bu gün də yaşayır.

Muğam sənətinin yolu hamar olmayıb, çox çətin və mürəkkəb mərhələlərdən keçib. Xüsusilə sovet hakimiyyətinin sərt dövrlərində, 1930-ci ildən 1970-ci ilədək muğam sənətini bəsit, primitiv hesab edənlər olub. Lakin xalqın könlündə yaşatdığı, yaddaşında qoruduğu bu sənəti nə gözdən salmaq, nə də unutdurmaq mümkün olub. Muğam hər yeni ifaçının yaradıcılığında sanki yenidən doğulub.

Yalnız Azərbaycanda, Şərq ölkələrində deyil, dünyada sevilən muğam bəşəriyyətin mənəvi irsinin dəyərli xəzinələrindəndir. Hələ 1971-ci ildə UNESCO-nun  50 albomdan ibarət "Dünya ənənəvi musiqisinin antologiyası" kolleksiyasına "Şərqin musiqi antologiyası" seriyasında çıxan "Azərbaycan musiqisi" plastinkasını daxil etməsi bunun bariz nümunəsidir. Azərbaycan muğamları 1975-ci ildə UNESCO tərəfindən "Musiqi mənbələri" seriyasında buraxılıb. 1977-ci ildə ABŞ Milli Kosmik Agentliyi Azərbaycanın milli sərvəti olan muğam musiqi nümunəsini peyklə kosmosa göndərib.

Hər ilin bu günü - 26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunması da bu sənətə qlobal maraqdan xəbər verir. Bu barədə qərar 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara Musiqi Festivalının rəhbərliyi tərəfindən qəbul olunub. O vaxtdan həmin gün bütün muğamsevərlərin, xüsusən, bu sənətin dəyərini bilən,  qoruyub yaşadanların, təbliğ edənlərin bayramıdır. 

Tarixin keşməkeşli yollarından keçmiş muğam sənətimiz bu gün həm öz vətənində, həm də dünyada layiq olduğu kimi sayılıb-seçilir, sevilir. Milli-mənəvi irsimizin digər nümunələri kimi, muğam sənətimizin qorunmasına, yaşadılmasına, inkişafına və təbliğinə dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. Ölkəmizdə uzun illərdir həyata keçirilən tədbirlər, ənənəyə çevrilmiş muğam müsabiqələri, festivalları və digər layihələr də bu münasibətin nəticəsidir. 

Ölkəmizin paytaxtında Beynəlxalq Muğam Mərkəzinin yaradılması muğam sənətinin təbliği və ifa ənənələrinin yaşadılması baxımından mühüm hadisə idi. Bundan başqa, regionlarda Muğam mərkəzlərinin yaradılmasına dəstək verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədi şəhərində də Qarabağ Muğam Mərkəzi fəaliyyət göstərir. 

Azərbaycan muğamının inkişafı və dünyada tanıdılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən müxtəlif müsabiqələr, beynəlxalq festivallar təşkil edilir. Bunlardan biri də dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin 120 illik yubileyi münasibətilə 2005-ci ildən keçirilən Muğam Televiziya müsabiqəsidir. Ənənəyə çevrilmiş bu tədbir muğamlarımızın təbliği və gənc ifaçıların üzə çıxarılmasında mühüm rol oynayır. 

Müasir dünyada Azərbaycan muğamının tanıdılması, xalqımızın ənənəvi musiqi sənətininin dünya musiqi irsində layiq olduğu yeri tutması üçün 2009-cu ildə Novruz bayramı ərəfəsi respublikamızın paytaxtında Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı keçirilib. Bu tədbir də ən uğurlu layihələrdən biri olaraq ənənəyə çevrilib. "Muğam aləmi" Beynəlxalq Muğam Festivallarında dünyanın müxtəlif ölkələrindən tanınmış musiqiçi və tədqiqatçılar iştirak edirlər. Festivallar çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir çox bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlər keçirilir, beynəlxalq muğam müsabiqəsi, beynəlxalq elmi simpozium və ustad dərsləri təşkil olunur.

Ümumiyyətlə, Heydər Əliyev Fondu muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi istiqamətində təqdirəlayiq işlər  görür. 2008-ci ildə  Azərbaycan, rus və ingilis dillərində "Azərbaycanın muğam ensiklopediyası"nın (iki cilddə), "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomunun nəfis şəkildə nəşr olunması həmin saysız işlərin yalnız ikisidir. 

Qeyd edək ki, musiqiçilərimizin və xanəndələrimizin də Azərbaycan muğam sənətinin dünyada tanıdılmasında xidmətləri təqdirəlayiqdir. Onlar dünyanın bir çox ölkəsinin konsert salonlarında çıxış edərək,  fərqli dilə və milli mənsubiyyətə mənsub olan tamaşaçılara muğamlarımızı sevdirə bilirlər.

Muğam sənətinin ən böyük xüsusiyyətlərindən biri onun ənənəyə sadiqliyi qədər də yeniliyə meyilli olmasıdır. Bu sənət bir məcrada qalmır. Ustad xanəndələr öz məktəblərini yaradırlar, bəstəkarlar isə muğamın imkanlarını yeni musiqi janrları ilə birləşdirirlər. Üzeyir bəy Hacıbəylinin yaradıcılığından başlayaraq, Fikrət Əmirovun simfonik muğamlarına, Vaqif Mustafazadənin caz improvizələrinə və başqa bəstəkarlarımızın yaratdıqları müxtəlif janrlı əsərlərə qədər muğamın  zəngin və tükənməz sənət mənbəyi olduğunu göstərir.

Muğam xalqımızın yaddaş kitabıdır. Bu kitabın səhifələrində Qarabağın, Şuşanın, Bakının və digər yerlərimizin qədim musiqi məclislərinin, ustad xanəndələrin, tar və kamança ifaçılarının adları var. Onların ifaları əsrləri aşaraq bu gün də yaşayır.

Muğamın hər pərdəsində, hər boğazında xalqımızın ruhu var. Bu ruh yaşadıqca muğam da yaşayacaq. Muğam yaşadıqca isə Azərbaycan xalqının zəngin milli-mənəvi yaddaşı gələcək nəsillərə ötürüləcək.


 Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İrəvan Bakının sülh gündəliyi ilə razılaşmağa məcburdur 

09:00
26 Avqust

Mədəniyyət xəzinəmizin əbədi inciləri

08:50
26 Avqust

Daha çox turistdən daha geniş turizmə 

08:45
26 Avqust

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında "yaşıl" körpü olacaq

08:40
26 Avqust

Rəqəmsal inkişafın mərkəzində duran Azərbaycan reallığı

08:35
26 Avqust

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə: nəticələr və prioritet istiqamətlər

08:30
26 Avqust

Azərbaycan yeni dünya düzəninin formalaşmasında iştirak edən ölkədir

08:25
26 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri türk dünyasının inteqrasiyasına böyük təkan verir

08:20
26 Avqust

Yeni uğurlar, yeni hədəflər: Özbəkistanla milyardlıq ticarət əlaqələrimiz qurulacaq

08:15
26 Avqust

Qəhrəmanlıq tariximizin daha bir səhifəsi

08:10
26 Avqust

LAÇIN: Zəfər və quruculuq meydanı

08:05
26 Avqust

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq

08:00
26 Avqust

2026-cı ildə Bakı şəhərində keçiriləcək "Formula-1" yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında

02:16
26 Avqust

"Dənizkənarı Bulvar İdarəsi" və "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi" publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında

02:15
26 Avqust

Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında

02:14
26 Avqust

"Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:14
26 Avqust

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

02:00
26 Avqust

“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində! 

23:24
25 Avqust

Azərbaycan səfiri etimadnaməsini Sudanın Suveren Keçid Şurasının Sədrinə təqdim edib

23:12
25 Avqust

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub

21:44
25 Avqust

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

21:23
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!