Avqustun 2-8-də Şərqi Zəngəzur iqtisadi rayonunda "Dirçələn şəhərlər" şüarı ilə keçiriləcək Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsində iştirak etmək üçün dünyanın 64 ölkəsindən 123 azərbaycanlı gənc və Azərbaycana dost münasibət bəsləyən xalqların nümayəndələri ölkəmizə gəliblər.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, "Şəhərsalma və Memarlıq İli"nə həsr olunan düşərgə Komitənin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilir.
Proqram çərçivəsində iştirakçılar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla anıblar. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini yad ediblər.
Gənclərə Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu, milli birliyin möhkəmləndirilməsi və diaspor siyasətinin formalaşdırılması istiqamətində xidmətləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlərin qəhrəmanlığı, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və postmüharibə dövründə ölkənin inkişaf prioritetləri barədə məlumat verilib.
Paytaxtdakı ziyarət proqramından sonra iştirakçılar təəssüratlarını bölüşərək düşərgənin Vətənlə bağlarını daha da gücləndirəcəyini, müxtəlif ölkələrdən olan azərbaycanlı gənclər arasında yeni əlaqələrin qurulmasına və Qarabağı yaxından tanımağa imkan yaradacağını bildiriblər.
Qeyd edək ki, indiyədək Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndidə keçirilən Diaspor Gənclərinin Yay Düşərgələrində dünyanın 84 ölkəsindən 700-dən çox gənc iştirak edib.