Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Əlifbadan Zəfərə: ana dili irsimiz” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Mərkəzi Elmi Kitabxanadan bildirilib.
Mərkəzi Elmi Kitabxananın, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və AMEA-nın birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən MEK-in direktoru Hüseyn Hüseynov Azərbaycan dilinin xalqımızın milli kimliyini müəyyən edən əsas dəyərlərdən biri olduğunu bildirib. O qeyd edib ki, avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edilməsi dövlət səviyyəsində ana dilimizə göstərilən diqqət və ehtiramın bariz nümunəsidir. Direktor Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin Azərbaycan dilinin inkişafı ilə bağlı müəyyən etdiyi prioritet istiqamətlərə diqqət çəkib. Bildirib ki, bu sahədə AMEA tərəfindən ardıcıl elmi və təşkilati fəaliyyət həyata keçirilir.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında ana dilinin dövlətçilik və milli birliyin təməli olduğunu vurğulayıb. O vurğulayıb ki, Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü dil siyasəti nəticəsində Azərbaycan dilinin dövlət dili kimi mövqeyi daha da möhkəmlənib və bu siyasət uğurla davam etdirilir. Bəxtiyar Nəbiyev gənc nəslin ana dilinin qorunması və inkişafında mühüm rol oynadığını qeyd edərək, Azərbaycan dilinin zənginliyinin gələcək nəsillərə ötürülməsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu diqqətə çatdırıb.
Tədbirdə Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov və professor Sayalı Sadıqova dövlət dilinin milli kimliyin və suverenliyin əsas göstəricilərindən biri olduğunu bildiriblər. Onlar Azərbaycan dilinin qorunmasının, xüsusilə müasir rəqəmsal mühitdə düzgün istifadəsinin vacibliyindən söz açıblar.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli müasir dövrdə Azərbaycan dilinin inkişafı qarşısında duran əsas vəzifələrdən danışıb. O qeyd edib ki, qloballaşma və elmi-texnoloji tərəqqi şəraitində dilin zənginliyinin qorunması, terminoloji bazanın yenilənməsi və yeni anlayışlara uyğun milli terminlərin yaradılması xüsusi əhəmiyyət daşıyır. Professor vurğulayıb ki, yad sözlərin nəzarətsiz istifadəsinin qarşısının alınması, vahid terminoloji standartların tətbiqi və Azərbaycan dilinin saflığının qorunması dövlət dil siyasətinin mühüm istiqamətlərindəndir.
Tədbir çərçivəsində Azərbaycan dilinin tarixi, əlifba islahatları, milli-mədəni irsin qorunması və ana dilinin inkişaf perspektivləri ilə bağlı geniş müzakirələr aparılıb.