Azərbaycanla Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması təkcə ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, bütövlükdə Türk dünyasında təhlükəsizlik, müdafiə və siyasi həmrəyliyin gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Qaya Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycan Türkiyə və Mərkəzi Asiya dövlətləri ilə hərtərəfli tərəfdaşlığın inkişafına xüsusi önəm verir. Bu tərəfdaşlığın mühüm istiqamətlərindən birini müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq təşkil edir. Şübhəsiz ki, bu sahədə əməkdaşlığın ən yüksək səviyyəsi müttəfiqlik münasibətləridir. Azərbaycanın türk dövlətləri ilə müttəfiqlik münasibətlərinin hüquqi bazası ardıcıl şəkildə genişlənir. 2005-ci ildə Qazaxıstanla, 2021-ci ildə Türkiyə ilə, 2024-cü ildə Özbəkistanla imzalanan müttəfİqlik haqqında müqavilələrin ardınca, bu gün Qırğızıstanla da müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması bu baxımdan mühüm əhəmiyyət kəsb edir”– deyə deputat vurğulayıb.
O qeyd edib ki, Azərbaycanın təşəbbüsü və fəal səyləri ilə ərsəyə gələn bu ikitərəfli sənədlər türk dövlətləri arasında çoxtərəfli müdafiə əməkdaşlığının inkişafına, eləcə də BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq kollektiv özünümüdafiə sahəsində daha sıx əlaqələndirilmiş fəaliyyət üçün möhkəm zəmin yaradır.
Milli Məclisin üzvü vurğulayıb ki, Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi strateji kursun növbəti mühüm nəticəsidir. “Qırğız Respublikası ilə müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması Prezident İlham Əliyevin Türk dünyasının birliyinin və strateji həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində atdığı növbəti tarixi addımdır. Bu sənəd ikitərəfli münasibətlərin daha da inkişafına və regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək. İnanırıq ki, bu müqavilə Azərbaycan və qardaş Qırğız Respublikası arasında ikitərəfli münasibətlərin daha da dərinləşməsinə, Türk dünyasının birliyinin güclənməsinə, eləcə də regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcək”, – deyə Qaya Məmmədov fikrini yekunlaşdırıb.