Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri Azərbaycanın Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi ardıcıl və uzaqgörən xarici siyasətinin növbəti mühüm təzahürüdür. Bu səfər iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə, Türk dünyasında inteqrasiyanın dərinləşməsinə və regional əməkdaşlığın yeni məzmun qazanmasına xidmət edir. Dövlət başçılarının iştirakı ilə Çolpon-Ata şəhərində Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclasının keçirilməsi münasibətlərin artıq keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bir daha nümayiş etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Azərbaycan ilə Qırğızıstanı ortaq tarix, dil, mədəniyyət və milli-mənəvi dəyərlər birləşdirir. Müstəqillik illərində formalaşan dostluq münasibətləri son dövrlərdə Prezident İlham Əliyev və Prezident Sadır Japarov arasında qarşılıqlı etimada əsaslanan siyasi dialoq sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu gün Bakı ilə Bişkek yalnız ikitərəfli münasibətləri inkişaf etdirmir, eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq maraqların müdafiəsi istiqamətində sıx əməkdaşlıq edir.
T.Cəfərova qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın institusional əsasını təşkil edən Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şura siyasi, iqtisadi, nəqliyyat, enerji, investisiya, kənd təsərrüfatı, rəqəmsal inkişaf, təhsil və humanitar sahələr üzrə əməkdaşlığın əlaqələndirilməsində mühüm rol oynayır. Şura çərçivəsində qəbul olunan qərarlar münasibətlərin sistemli inkişafına, razılaşdırılmış layihələrin icrasına və qarşılıqlı fəaliyyətin daha da genişlənməsinə güclü təkan verir.
Deputat vurğulayıb ki, Çolpon-Atada keçirilən Dövlətlərarası Şuranın 3-cü iclasında tərəflər iki ölkə arasında artıq formalaşmış müttəfiqlik münasibətlərini yüksək qiymətləndirərək iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, nəqliyyat-logistika marşrutlarının inkişafı, energetika, kənd təsərrüfatı, sənaye kooperasiyası və humanitar əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycanın son illərdə Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin sürətlə inkişaf etməsi ölkəmizin artan beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul olunmasının göstəricisidir. Xüsusilə işğaldan azad olunmuş ərazilərin bərpasında Qırğızıstanın göstərdiyi dəstək, Qarabağda sosial infrastruktur layihələrinin həyata keçirilməsində iştirakı iki ölkə arasındakı qardaşlığın konkret əməli ifadəsidir.
T.Cəfərova bildirib ki, Orta Dəhlizin inkişafı, Xəzər dənizi vasitəsilə yükdaşımaların artırılması və Avropa ilə Asiyanı birləşdirən nəqliyyat-kommunikasiya layihələri Azərbaycan və Qırğızıstan əməkdaşlığına yeni iqtisadi məzmun qazandırır. Hər iki ölkə bu layihələrin reallaşdırılmasında qarşılıqlı maraq nümayiş etdirir və regional iqtisadi inteqrasiyanın genişlənməsinə töhfə verir.
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan bu gün yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Türk dünyasının aparıcı dövlətlərindən biri kimi çıxış edir. Qırğızıstanla münasibətlərin dinamik inkişafı da məhz bu siyasətin uğurlu nəticələrindən biridir. Qarşılıqlı etimada, strateji baxışa və ortaq maraqlara əsaslanan Azərbaycan–Qırğızıstan əməkdaşlığı gələcəkdə daha böyük iqtisadi, siyasi və humanitar nəticələr verəcək, Türk dünyasının həmrəyliyinin möhkəmlənməsinə və regionda sabitliklə rifahın güclənməsinə mühüm töhfə olacaq.