Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər
son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq tarixinin ən yüksək
inkişaf səviyyəsinə çatıb. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və
uzaqgörən xarici siyasət nəticəsində iki qardaş ölkə arasında əlaqələr ənənəvi
dostluq münasibətlərindən strateji tərəfdaşlığa, artıq isə müttəfiqlik səviyyəsinə
yüksəlib. Bu inkişaf yalnız ikitərəfli münasibətlərin dinamikasını əks
etdirmir, eyni zamanda Türk dünyasında siyasi həmrəyliyin, qarşılıqlı etimadın
və ortaq strateji maraqların daha da möhkəmləndiyini nümayiş etdirir. Məhz bu
baxımdan möhtərəm Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri xüsusi
siyasi və geostrateji əhəmiyyət daşıyır.
Bu sözləri Milli Məclisin deputatı Səbinə
Salmanova deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin
Qırğızıstana dövlət səfəri çərçivəsində keçirdiyi görüşlər və imzalanan sənədlər
Azərbaycan-Qırğızıstan münasibətlərinin bütün istiqamətlər üzrə sistemli şəkildə
inkişaf etdiyini bir daha nümayiş etdirir: “Dövlət başçılarının təkbətək və
geniş tərkibdə görüşləri zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti hərtərəfli
təhlil olundu, gələcək əməkdaşlığın prioritet istiqamətləri müəyyənləşdirildi və
regional gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Danışıqlar zamanı əldə olunan razılaşmalar göstərdi ki, Bakı ilə Bişkek
arasında siyasi dialoq artıq yüksək etimad mühitinə əsaslanır və bu münasibətlər
uzunmüddətli strateji hədəflərə hesablanıb. Bildiyiniz kimi, son illər Azərbaycan
ilə Qırğızıstan arasında münasibətlər dinamik inkişaf edərək keyfiyyətcə
tamamilə yeni mərhələyə yüksəlib. Dövlət başçıları arasında qarşılıqlı etimad və
səmimi dostluq münasibətləri bu inkişafın əsas hərəkətverici qüvvəsinə
çevrilib. İkitərəfli siyasi dialoq intensiv xarakter alıb, iqtisadi əməkdaşlıq
genişlənib, humanitar əlaqələr dərinləşib, beynəlxalq təşkilatlar çərçivəsində
qarşılıqlı dəstək daha da möhkəmlənib. Bu gün Azərbaycan və Qırğızıstanı yalnız
ortaq tarix, dil və mədəniyyət deyil, həm də gələcəyə yönəlmiş ortaq strateji
baxış birləşdirir. Möhtərəm Prezident İlham Əliyevin ardıcıl və uzaqgörən
xarici siyasəti nəticəsində Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsinin
əsas təşəbbüskarlarından birinə çevrilib. Məhz bu siyasətin davamı olaraq dövlətimizin
başçısının Qırğızıstana dövlət səfəri ikitərəfli münasibətlərə yeni strateji məzmun
qazandırıb”.
Deputat qeyd edib ki, səfər çərçivəsində
Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən “Azərbaycan
Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri
haqqında Müqavilə”nin imzalanması isə tarixi hadisədir: “Bu sənəd Azərbaycan-Qırğızıstan
münasibətlərinin inkişaf salnaməsində yeni mərhələnin başlanğıcı olmaqla
yanaşı, iki qardaş dövlət arasında əlaqələrin ən yüksək siyasi-hüquqi səviyyəyə
yüksəldiyini təsdiq edir. Müttəfiqlik münasibətlərinin təsis edilməsi iki ölkə
arasında qarşılıqlı etimadın, siyasi iradənin və ortaq strateji baxışın ən yüksək
ifadəsidir. Bu sənəd əməkdaşlığın yalnız iqtisadi, ticarət və humanitar sahələrlə
məhdudlaşmadığını, eyni zamanda xarici siyasətin əlaqələndirilməsi, regional və
beynəlxalq təhlükəsizlik məsələləri, beynəlxalq təşkilatlar çərçivəsində
qarşılıqlı dəstəyin gücləndirilməsi, nəqliyyat-logistika layihələrinin
inkişafı, enerji, investisiya, rəqəmsal transformasiya və digər strateji
istiqamətlərdə uzunmüddətli əməkdaşlığın institusional əsaslarını
formalaşdırır. Bu baxımdan müqavilə təkcə ikitərəfli münasibətlər üçün deyil,
bütövlükdə Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsinə
xidmət edən mühüm siyasi sənəd kimi xüsusi əhəmiyyət daşıyır. Əslində, bu
müqavilə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil,
çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasət kursunun növbəti mühüm
nailiyyətidir. Son illər Azərbaycanın müxtəlif dövlətlərlə strateji tərəfdaşlıq
və müttəfiqlik münasibətlərini ardıcıl şəkildə genişləndirməsi ölkəmizin beynəlxalq
münasibətlər sistemində artan nüfuzunun, etibarlı tərəfdaş imicinin və
diplomatik çəkisinin bariz göstəricisidir. Azərbaycan bu gün təkcə regionun
aparıcı dövləti kimi deyil, həm də qlobal miqyasda etibarlı söz sahibi, təşəbbüsləri
dəstəklənən və əməkdaşlığı arzu olunan tərəfdaş kimi qəbul edilir.
Qırğızıstanla müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi də məhz bu uğurlu
diplomatik xəttin məntiqi davamı olmaqla yanaşı, ölkəmizin türk dünyasında birləşdirici
rolunun daha da möhkəmləndiyini nümayiş etdirir”.
Parlamentari bildirib ki, Qırğızıstan
Prezidenti Sadır Japarov tərəfindən möhtərəm Prezident İlham Əliyevin ölkənin ən
ali mükafatlarından olan birinci dərəcəli “Manas” ordeni ilə təltif edilməsi
dövlətimizin başçısının yalnız Azərbaycan-Qırğızıstan münasibətlərinin
inkişafına deyil, bütövlükdə türk dünyasında inteqrasiyanın möhkəmlənməsinə
verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin ifadəsidir: “Bu ali dövlət
mükafatı Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun, siyasi liderliyinin və
həyata keçirdiyi xarici siyasət kursunun dost ölkələr tərəfindən yüksək dəyərləndirildiyini
bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin Qırğızıstan Prezidenti Sadır
Japarovu Azərbaycanın ən ali dövlət təltifi olan “Heydər Əliyev” ordeni ilə
mükafatlandırması da xüsusi siyasi və mənəvi məna daşıyır. Bu addım qarşılıqlı
hörmətin, etimadın və müttəfiqlik münasibətlərinin ən yüksək səviyyəsinin rəmzidir.
Eyni zamanda bu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham
Əliyevin uğurla davam etdirdiyi xarici siyasət kursunun dost dövlətlərlə
münasibətlərdə əldə etdiyi mühüm nəticələrin növbəti təsdiqidir”.
S.Salmanova onu da söyləyib ki, Azərbaycan ilə
Qırğızıstan arasında əməkdaşlığın iqtisadi ölçüsü də sürətlə genişlənir: “Orta
Dəhlizin inkişafı fonunda hər iki ölkə Avrasiya nəqliyyat-logistika sistemində
mühüm tərəfdaş kimi çıxış edir. Xəzər dənizi üzərindən yükdaşımaların
artırılması, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, logistika mərkəzlərinin
yaradılması, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaların təşviqi
iqtisadi əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Azərbaycanın müasir nəqliyyat
infrastrukturu, beynəlxalq limanları və logistika imkanları Qırğızıstan üçün
dünya bazarlarına çıxış baxımından yeni perspektivlər yaradır. Bununla yanaşı,
humanitar əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindən biridir. Təhsil,
elm, mədəniyyət, gənclər siyasəti, turizm və digər sahələrdə həyata keçirilən
birgə layihələr xalqlar arasında dostluq münasibətlərini daha da möhkəmləndirir.
İşğaldan azad edilmiş ərazilərdə Qırğızıstanın dəstəyi ilə həyata keçirilən
layihələr isə qardaşlıq münasibətlərinin konkret əməli ifadəsidir. Azərbaycan və
Qırğızıstan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinin milli
maraqlarını ardıcıl şəkildə dəstəkləyirlər. Dövlətlərin suverenliyi, ərazi
bütövlüyü və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət hər iki ölkənin
xarici siyasətində əsas prioritetlərdəndir. Bu mövqelərin üst-üstə düşməsi
münasibətlərin strateji xarakterini daha da gücləndirir və qarşılıqlı etimadı
möhkəmləndirir”.
Deputat sonda bildirib ki, Prezident İlham
Əliyevin Qırğızıstana dövlət səfəri bir daha nümayiş etdirir ki, Azərbaycan bu
gün regionda söz sahibi olan, etibarlı tərəfdaş kimi qəbul edilən, təşəbbüsləri
beynəlxalq səviyyədə dəstəklənən nüfuzlu dövlətdir: “Dövlətimizin başçısının həyata
keçirdiyi balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət nəticəsində
ölkəmiz müxtəlif coğrafiyalarda etibarlı dostlar və strateji müttəfiqlər
qazanır, beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirir.
Əminik ki, imzalanan müttəfiqlik müqaviləsi Azərbaycan-Qırğızıstan münasibətlərinin
gələcək inkişafı üçün yol xəritəsi rolunu oynayacaq. Bu sənəd iki dövlət
arasında siyasi dialoqu daha da intensivləşdirəcək, iqtisadi əməkdaşlığı genişləndirəcək,
təhlükəsizlik sahəsində koordinasiyanı gücləndirəcək və türk dünyasının
inteqrasiyasına yeni təkan verəcək”.
“Azərbaycan”