31 İyul 2026 08:56
239
CƏMİYYƏT
A- A+
Azərbaycan bu gün həm də idman sahəsində öndədir

Azərbaycan bu gün həm də idman sahəsində öndədir


1997-ci il iyulun 31-də İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçilmişdir


Dövlətlərin taleyini təkcə müxtəlif sahələrdə möhtəşəm qələbələr təmin etmir.  Bəzən vaxtında qəbul edilən uzaqgörən qərar bütöv bir sahənin inkişaf istiqamətini dəyişir, onilliklərlə  davam edən uğurların təməlini qoyur. 

Azərbaycanın müasir tarixində də belə taleyüklü qərarlardan biri 1997-ci il iyulun 31-də Azərbaycan Milli Olimpiya Komitəsinin Baş Məclisinin qəbul etdiyi qərardır. Həmin gün İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi ölkədə Olimpiya hərəkatının və ümumilikdə idmanın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Sonrakı illər göstərdi ki, bu, sadəcə, rəhbər dəyişikliyi yox, Azərbaycan idmanının inkişaf fəlsəfəsini yeniləyən, müasir idarəetmə modelini formalaşdıran və ölkəmizi dünyanın idman dövlətlərindən birinə çevirən strateji qərar idi.

Bu tarixi qərarın əhəmiyyətini dəyərləndirmək üçün əvvəlcə həmin dövrədək Azərbaycan idmanının keçdiyi yola nəzər salmaq lazımdır. XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan eyni vaxtda siyasi, iqtisadi və hərbi baxımdan son dərəcə mürəkkəb mərhələ yaşayırdı. Ermənistanın hərbi təcavüzü, torpaqlarımızın işğalı, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, iqtisadi tənəzzül ölkənin bütün sahələri kimi, idman sisteminə də ciddi zərbə vurmuşdu.

Müstəqilliyin ilk illərində problemlər təkcə maliyyə çatışmazlığı ilə məhdudlaşmırdı. Sovet idman sisteminin dağılması yeni idarəetmə modelinin yaradılmasını zəruri etmişdi. Federasiyalar kifayət qədər təşkilatlanmamış, idman bazaları köhnəlmiş, beynəlxalq əlaqələr zəifləmişdir. Bir çox idman obyekti baxımsız vəziyyətdə idi. Peşəkar hazırlıq üçün lazımi şərait mövcud deyildi. İstedadlı idmançıların və məşqçilərin bir hissəsi ölkəni tərk edir, digərləri isə fəaliyyətlərini davam etdirməkdə çətinlik çəkirdilər. Bununla belə, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra dövlət quruculuğunun digər sahələri kimi, gənclər və idman siyasətində də yeni mərhələ başlanmışdı. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1995-ci ildə Prezident yanında İdman Fondunun təsis edilməsi dövlətin bu sahəyə strateji yanaşmasının ilk mühüm addımları idi.

Əlamətdar hadisələrdən biri də 1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılması, 1993-cü ildə isə onun Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınması idi. Bununla da Azərbaycan müstəqil dövlət kimi dünya Olimpiya ailəsinin tamhüquqlu üzvü olmuşdu. 

1996-cı ildə ABŞ-nin Atlanta şəhərində keçirilən XXVI Yay Olimpiya Oyunları müstəqil Azərbaycan idmanının tarixində yeni səhifə açdı. İlk dəfə olaraq ölkəmiz Olimpiya Oyunlarına öz milli komandası ilə qatıldı. Yarışlarda 23 idmançı Azərbaycanı təmsil edirdi. Sərbəst güləşçi Namiq Abdullayevin qazandığı gümüş medal müstəqil Azərbaycanın ilk Olimpiya medalı kimi tarixə düşdü.

Bu uğur böyük mənəvi əhəmiyyət daşısa da, dünya idmanında rəqabətədavamlı mövqe qazanmaq üçün fərdi istedadın kifayət etmədiyi də aydın görünürdü. Güclü maddi-texniki baza, peşəkar idarəetmə, beynəlxalq əməkdaşlıq və davamlı dövlət dəstəyi olmadan böyük uğurlar mümkün deyildi. İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi Azərbaycan idmanında yeni inkişaf strategiyasının başlanğıcı oldu. O dövrdə artıq dövlət idarəçiliyində və beynəlxalq münasibətlərdə qazandığı təcrübə ilə tanınan İlham Əliyev idmanın müasir prinsiplər əsasında idarə olunmasının vacibliyini ön plana çəkdi.

Beləliklə, Milli Olimpiya Komitəsinin fəaliyyətində sistemli islahatlara start verildi. Federasiyaların işi yenidən təşkil olundu, məsuliyyət və hesabatlılıq prinsipləri gücləndirildi, peşəkar məşqçilərin hazırlanmasına, xarici təcrübənin öyrənilməsinə xüsusi diqqət ayrıldı. İllərlə idmandan uzaq düşmüş təcrübəli mütəxəssislərin yenidən bu sahəyə cəlb olunması milli idman məktəbinin ənənələrinin qorunmasına və yeni nəslin yetişməsinə mühüm töhfə verdi. İslahatların mühüm istiqamətlərindən biri də idmançıların sosial müdafiəsinin gücləndirilməsi idi. Perspektivli idmançılar və onların məşqçiləri üçün xüsusi təqaüdlər təsis edildi, Olimpiya hazırlığı keçən idmançıların maddi təminatı yaxşılaşdırıldı, onların beynəlxalq təlim-məşq toplanışlarında iştirakı, müasir inventarla və tibbi-bərpa xidmətləri ilə təminatı dövlət tərəfindən dəstəkləndi.

Eyni zamanda beynəlxalq əlaqələrin genişləndirilməsi prioritet istiqamət kimi müəyyənləşdirildi. Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya komitələri və müxtəlif idman federasiyaları ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın dünya idman ailəsində nüfuzunun artmasına imkan yaratdı. Sonralar ölkəmizə etibar olunan mötəbər beynəlxalq yarışların əsasında da məhz həmin illərdə formalaşdırılmış etimad dayanırdı.

İslahatların mühüm nəticələrindən biri də regionlarda Olimpiya İdman komplekslərinin tikintisinə başlanılması oldu. Bununla idmanın inkişafı bütün ölkəni əhatə edən ümummilli hərəkata çevrildi. Regionlarda yaradılan müasir idman infrastrukturu minlərlə uşaq və gəncin idmana cəlb olunmasına, yeni istedadların üzə çıxmasına və kütləvi idmanın inkişafına geniş imkanlar yaratdı. Prezident İlham Əliyevin sonralar söylədiyi "Biz idmançılar üçün hərtərəfli şərait yaratmalı, onlardan isə yüksək nəticələr gözləməliyik" fikri həmin inkişaf modelinin əsas prinsipinə çevrildi. 

İnfrastrukturun inkişafı bununla məhdudlaşmadı. Bakıda dünya standartlarına cavab verən iri idman qurğularının tikintisi Azərbaycanın beynəlxalq idman mərkəzi kimi mövqeyini möhkəmləndirdi. Təxminən 68 min tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionu təkcə ölkəmizin deyil, bütün Cənubi Qafqazın ən böyük idman arenalarından biridir. Burada keçirilən I Avropa Oyunları, UEFA AVRO-2020-nin oyunları və digər beynəlxalq yarışlar Azərbaycanın ən yüksək təşkilatçılıq standartlarına malik dövlətlər sırasında yer aldığını nümayiş etdirdi.

Milli Gimnastika Arenası qısa müddətdə dünyanın ən müasir gimnastika komplekslərindən biri kimi tanındı. Bakı Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi, Velopark, Bakı Kristal Zalı və digər idman obyektləri ölkənin idman potensialını əhəmiyyətli dərəcədə genişləndirdi. Eyni zamanda əvvəlki illərdə fəaliyyət göstərən stadionlar, idman məktəbləri və bazalar əsaslı şəkildə yenidən qurularaq beynəlxalq federasiyaların tələblərinə uyğunlaşdırıldı. Nəticədə Azərbaycan müxtəlif idman növləri üzrə eyni vaxtda nüfuzlu beynəlxalq yarışları qəbul edə bilən azsaylı ölkələrdən birinə çevrildi.

Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra bu siyasət yeni məzmun qazandı. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında idman həyatının bərpası dövlət siyasətinin prioritet istiqamətlərindən biri oldu. Suqovuşanda beynəlxalq avarçəkmə reqatalarının təşkili, Ağalı kəndində cüdo bölməsinin yaradılması, Xankəndidə Azərbaycan Kuboku çərçivəsində futbol oyununun keçirilməsi təkcə idman hadisəsi kimi deyil, dövlət suverenliyinin, Böyük Qayıdış Konsepsiyasının və milli birliyin rəmzi kimi tarixə düşdü. Bu gün də idman infrastrukturu davamlı şəkildə yenilənir, mövcud komplekslər müasir texnologiyalarla təchiz olunur, yeni layihələrin icrası ardıcıl davam etdirilir. Bu isə Azərbaycanda idmanın birdəfəlik kampaniya deyil, uzunmüddətli dövlət strategiyası olduğunu bir daha təsdiqləyir.

Müasir idman yalnız güclü infrastrukturla ölçülmür. XXI əsrdə idman dövlətlərin beynəlxalq nüfuzunu formalaşdıran ən təsirli "yumşaq güc" alətlərindən birinə çevrilib. Dünyanın aparıcı ölkələri idman vasitəsilə siyasi sabitliyini, iqtisadi potensialını, təşkilatçılıq bacarığını və mədəniyyətini nümayiş etdirirlər. Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yolu da bu baxımdan diqqətəlayiq nümunədir.

Milli Olimpiya Komitəsində başlanmış islahatların mühüm istiqamətlərindən biri beynəlxalq idman təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi oldu. Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya komitələri, İslam Həmrəyliyi İdman Federasiyası və müxtəlif beynəlxalq federasiyalarla münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəldi. Azərbaycan artıq yalnız beynəlxalq yarışlarda iştirak edən ölkə deyil, qlobal idman hərəkatının etibarlı tərəfdaşlarından biridir. Bu etimadın mühüm göstəricilərindən biri 2004-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin Prezident İlham Əliyevi ali "Olimpiya" ordeni ilə təltif etməsi oldu. Mükafat beynəlxalq Olimpiya hərəkatının inkişafına verilən strateji töhfənin yüksək qiymətləndirilməsi idi.

Azərbaycanın idman diplomatiyasının ən mühüm uğurlarından biri isə 2012-ci il dekabrın 8-də Romada keçirilən Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında  ilk Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi oldu. Avropanın ilk qitə oyunlarına evsahibliyi hüququnun Azərbaycana həvalə olunması ölkəmizə göstərilən böyük beynəlxalq etimadın ifadəsi idi. Diqqətəlayiq məqam ondan ibarət idi ki, belə miqyaslı yarışların hazırlanması üçün adətən 7-8 il vaxt ayrıldığı halda Azərbaycanın cəmi 2 il yarım vaxtı vardı. Üstəlik, ilk Avropa Oyunları üçün hazır təşkilati model mövcud deyildi. Başqa sözlə, Bakı təkcə yarış keçirməli yox, həm də Avropa Oyunlarının gələcək standartlarını müəyyənləşdirməli idi.

Prezident İlham Əliyevin 2013-cü il 17 yanvar tarixli sərəncamı ilə yaradılan Təşkilat Komitəsinin rəhbərliyini Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva həyata keçirirdi. Qısa müddətdə görülən hazırlıq işləri nəticəsində 2015-ci ilin iyununda Bakı tarixdə ilk Avropa Oyunlarına yüksək səviyyədə evsahibliyi etdi. 50 ölkədən 6000-dən çox idmançının iştirak etdiyi yarışlar 21 müasir idman obyektində təşkil olundu. Açılış və bağlanış mərasimləri, könüllülərin fəaliyyəti, təhlükəsizlik sistemi, nəqliyyat infrastrukturu və media xidmətləri beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirildi. Azərbaycan bununla sübut etdi ki, ən mürəkkəb beynəlxalq layihələri rekord müddətdə və ən yüksək standartlarla həyata keçirmək iqtidarındadır.

İki il sonra keçirilən IV İslam Həmrəyliyi Oyunları bu qənaəti daha da möhkəmləndirdi. 57 ölkədən minlərlə idmançının qatıldığı yarışlarda Azərbaycan komandası 75 qızıl medal qazanaraq birinci oldu. Bu oyunların əsas əhəmiyyəti medal statistikası ilə məhdudlaşmırdı. Bakı müxtəlif mədəniyyətləri və sivilizasiyaları bir araya gətirən beynəlxalq həmrəylik platforması olduğunu bir daha təsdiqlədi.

Həmin idman tədbirlərindən əlavə, ölkəmiz "Formula-1" Azərbaycan Qran-prisinə, UEFA AVRO-2020 oyunlarına, dünya və Avropa çempionatlarına, Dünya Şahmat Olimpiadasına, gimnastika üzrə Dünya Kuboku mərhələlərinə, eləcə də cüdo, güləş, boks, taekvondo və digər idman növləri üzrə çoxsaylı nüfuzlu yarışlara uğurla evsahibliyi etdi. Bu yarışların hər biri Azərbaycanın müasir idman infrastrukturuna, yüksək təşkilatçılıq bacarığına və təhlükəsiz mühitə malik dövlət olduğunu bir daha sübut etmiş oldu.

Azərbaycan idmanının son 30 ilə yaxın dövrdə qazandığı nailiyyətlərin ən obyektiv göstəricisi beynəlxalq yarışlarda əldə olunan nəticələrdir. Bu uğurlar ayrı-ayrı idmançıların fərdi nailiyyətləri deyil, ardıcıl dövlət siyasətinin, məqsədyönlü idarəetmənin və uzunmüddətli inkişaf strategiyasının məntiqi nəticəsidir. Müstəqilliyin ilk illərində Olimpiya Oyunlarında cəmi bir medal qazanan Azərbaycan sonrakı dövrdə dünyanın aparıcı idman ölkələri sırasında mövqeyini möhkəmləndirdi. Güləş, cüdo, boks, taekvondo, gimnastika, atıcılıq, karate və digər idman növləri üzrə qazanılan uğurlar göstərdi ki, ölkədə formalaşdırılan sistem artıq sabit nəticələr verir.

Tokio Yay Olimpiya Oyunlarında karate ilk dəfə Olimpiya proqramına daxil edilərkən Rafael Ağayev və İrina Zaretskanın qazandıqları gümüş medallar Azərbaycanın yeni idman növlərində də yüksək rəqabət qabiliyyətinə malik olduğunu nümayiş etdirdi. 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları isə Azərbaycan idmanında yeni nəslin formalaşdığını bir daha təsdiqlədi. Azərbaycan 48 idmançı ilə təmsil olunaraq 2 qızıl, 2 gümüş və 3 bürünc  medal qazandı. Cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyevin Olimpiya çempionluğu Azərbaycan cüdo məktəbinin artıq dünyanın ən güclü məktəblərindən birinə çevrildiyini bir daha sübut etdi. Prezident İlham Əliyevin Olimpiya mükafatçıları ilə görüşdə söylədiyi "Bu nəticələr Azərbaycanın güclü idman dövləti olduğunu bir daha təsdiqlədi" fikri təkcə Paris Olimpiadasının yekunlarına deyil, son 30 ilə yaxın müddətdə həyata keçirilən ardıcıl dövlət siyasətinə verilən yüksək qiymət idi.

Azərbaycanın Olimpiya göstəricilərinə statistik baxış inkişafın miqyasını daha aydın nümayiş etdirir. Müstəqillik dövründə keçirilmiş 8 Yay Olimpiya Oyununda idmançılarımız ümumilikdə 52 medal (9 qızıl, 16 gümüş, 27 bürünc) qazanıblar. Əgər 1996-cı ildə Atlanta Olimpiadasında ölkəmiz cəmi 23 idmançı ilə təmsil olunurdusa, son Olimpiya Oyunlarında nümayəndə heyətinin sayı 50-yə yaxın idi. Medal qazanan idman növlərinin sayı da genişlənir. Bu rəqəmlər, sadəcə, statistika deyil. Onlar 1997-ci il iyulun 31-də əsası qoyulan inkişaf strategiyasının real nəticələrini əks etdirən ən obyektiv göstəricilərdir. 2025-ci ildə İlham Əliyevin yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi isə idman siyasətində varisliyin və strateji inkişaf kursunun davamlılığını bir daha təsdiqləyir. 

Ən mühüm nəticə bundan ibarətdir ki, Azərbaycanda idman artıq yalnız medal uğrunda mübarizə deyil, dövlətçilik təfəkkürünün, milli həmrəyliyin, sağlam cəmiyyət quruculuğunun, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin və ölkəmizin beynəlxalq nüfuzunun mühüm sütunlarından biridir. Məhz buna görə də 31 iyul 1997-ci il müasir Azərbaycan dövlətçiliyinin salnaməsində idmanın yeni inkişaf mərhələsinin başlandığı əlamətdar tarix kimi qalır.


Elşən QƏNİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Orta dəhlizdə yeni təşəbbüslər ünvanıdır

10:00
31 İyul

Dünya birjalarında neftin qiymətləri qalxır

09:53
31 İyul

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

09:46
31 İyul

Azərbaycanın xarici dövlət borcu 4,1 faiz azalıb

09:38
31 İyul

Çində kənd təsərrüfatı məhsullarımızın təqdimatı genişlənir

09:31
31 İyul

Qızılı qiymətli edən təkcə əyarı deyil

09:24
31 İyul

Xayotjon İBRAHİMOV: "Azərbaycanla inteqrasiya Mərkəzi Asiyada dayanıqlı iqtisadi məkan formalaşdırır"

09:17
31 İyul

Dövlət proqramı aqrar təhsil qarşısında yeni vəzifələr qoyur

09:10
31 İyul

Azərbaycan idmanının inkişaf trayektoriyası

09:03
31 İyul

Azərbaycan bu gün həm də idman sahəsində öndədir

08:56
31 İyul

Azərbaycan-Qırğızıstan münasibətləri dostluğun nümunəsidir

08:49
31 İyul

Azərbaycan təhlükəsiz və çevik bağlantı strategiyası ilə qlobal dəhlizlərin əsas mərkəzinə çevrilib

08:42
31 İyul

"Bir millət, iki dövlət" anlayışının gücünü və qardaşlığını birlikdə yaşayırıq"

08:35
31 İyul

Praqada Qərbi Azərbaycan və Qarabağın tarixi-mədəni irsinə həsr olunmuş maarifləndirici aksiya keçirilib

08:28
31 İyul

"Rəsmi Bakının Mərkəzi Asiya regionu ilə münasibətlərində yeni status formalaşır"

08:21
31 İyul

Bakıda Mərakeşin milli bayramı qeyd olunub

08:14
31 İyul

Xarici İşlər Nazirliyinin mətbuat katibi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatını şərh edib

08:07
31 İyul

Rəqəmsal dünyanın yeni qaydalarında medianın rolu necə dəyişir

08:00
31 İyul

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:49
31 İyul

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 442-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:48
31 İyul

"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "Regional Su Meliorasiya Xidməti" və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxslərin yenidən təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

02:47
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!