5-ci Qara dəniz-Xəzər Logistika Forumu sentyabrda Bakıda keçiriləcək
Azərbaycan Orta dəhlizdə mühüm qovşaq ölkə kimi xüsusi statusa malikdir. Avropa ilə Asiyanı olduğu kimi, Şimalla Cənubu da qovuşduran magistral xətlərin keçdiyi Azərbaycan hər iki marşrutun səmərəliliyini artırmaq üçün yeni layihələrlə çıxış edir.
Ölkəmizin təşəbbüsü ilə cari il aprelin 8-9-da keçirilən Azərbaycan-Gürcüstan Beynəlxalq Avtomobil Əlaqələri üzrə Qarışıq Komissiyanın birgə iclasını xatırlayaq. İclasda tərəflər yükdaşımaların həcmini artırmaq üçün elektron icazə blanklarından istifadə edilməsi barədə razılığa gəlmişlər. Yeni qaydaya əsasən, yükdaşıyanlar günün 24 saatı, həftənin 7 günü ərzində tam avtomatik olaraq istədikləri icazə sənədini əldə edə bilərlər. Razılaşmaya görə, tərəflər arasında ilkin olaraq 1000 ikitərəfli, 1000 tranzit və üçüncü ölkəyə 1000 elektron icazə blankı təqdim edilib. Elektron icazə blanklarından istifadə bütün növ yükdaşımaların artmasına imkan yaradıb. Bununla da Gürcüstan Azərbaycanın elektron icazə (E-Permit) sisteminin tətbiqinə qoşulan beşinci ölkə olub. Bu il sentyabrın 7-9-da isə Azərbaycanın təşəbbüsü ilə Bakıda sayca 5-ci Qara Dəniz-Xəzər Logistika Forumu keçiriləcək. Forum Asiya, Xəzər dənizi və Qara dənizlə Avropa arasında infrastrukturun və yük axınlarının idarə olunmasında bilavasitə iştirak edən nüfuzlu şirkət və təşkilatların nümayəndələrini bir araya gətirəcək. Bununla yanaşı, tədbirə dəniz limanları və terminallarının, gəmiçilik və bərə operatorlarının, dəmir yolu şirkətlərinin, ekspeditor və logistika təşkilatlarının, yük sahiblərinin, dövlət orqanlarının, beynəlxalq maliyyə institutlarının və investisiya şirkətlərinin nümayəndələrinin də iştirakçı qismində qatılacağı gözlənilir. Forumda 20-dən çox ölkədən 100-dən artıq şirkəti təmsil edən 150-dən çox nümayəndənin iştirakı nəzərdə tutulur.
Tədbirin əsas məqsədi Asiya və Avropa arasında yükdaşıma marşrutu kimi fəaliyyət göstərən Orta dəhlizin gələcək inkişaf perspektivlərini bu yolla 2026-2027-ci illərdə yükdaşıma həcmləri və çatdırılma müddətləri ilə bağlı potensialını, həmçinin onun buraxılış qabiliyyətinin daha da artırılması üçün tələb olunan investisiyaların yatırılmasını araşdırmaqdır. Forumda həmçinin regional nəqliyyat infrastrukturunun inkişafına təsir edən yeni marşrutlar və geosiyasi amillər, eləcə də Zəngəzur marşrutu (TRIPP), Trans-Əfqanıstan istiqaməti və Orta dəhlizin beynəlxalq daşımalar sistemindəki strateji rolunun mümkün transformasiyası diqqət mərkəzində olacaq.
Məlumdur ki, Orta dəhliz marşrutunun buraxılış qabiliyyətinin artırılmasında Çin mühüm rol oynayır. İştirakçılar həyata keçirilən və planlaşdırılan infrastruktur layihələrini, konteyner qatarlarının inkişafını və geriyə yüklənmənin təmin edilməsi məsələlərini məhz bu kontekstdə araşdıracaqlar. Bundan başqa, forum çərçivəsində Xəzər dənizində gəmiçilik və bərə daşımalarının perspektivlərinin müzakirə edilməsi planlaşdırılır. Xüsusən yüksəktutumlu gəmilərin tikintisi və istismarı, konteynerləşdirmənin inkişafı, Ro-Ro tipli gəmilərlə daşımaların genişləndirilməsi və tariflərin dinamikası əsas mövzulardan biri olacaq.
Forumda 2030-cu ilə qədər liman infrastrukturunun modernləşdirilməsindən, yanalma infrastrukturunun inkişafından, müasir kran komplekslərinin quraşdırılması, dibdərinləşdirmə işlərinin aparılması və limanların daxili regionlarla nəqliyyat əlaqələrinin yaxşılaşdırılması məsələlərindən də söhbət gedəcəyi nəzərdə tutulur. Bundan başqa, Asiya və Avropa arasındakı marşrutlarda yük axınlarının strukturuna diqqət yetiriləcək, xüsusən enerji daşıyıcıları, taxıl, gübrə, metal, kritik əhəmiyyətli minerallar və layihə yüklərinin daşınması perspektivlərinin təhlilinə diqqət yetiriləcək.
Yük axınlarının sürətləndirilməsi üçün nəqliyyat dəhlizinin rəqəmsallaşdırılması önəmli rol oynayır. Bu məqsədlə iştirakçılar məlumat mübadiləsi üçün vahid platformaların yaradılmasını, gömrük prosedurlarının uzlaşdırılmasını və elektron sənəd dövriyyəsinin inkişafını, həmçinin bu sahədə əldə olunmuş uğurları dəyərləndirəcəklər. Forumda habelə beynəlxalq maliyyə institutlarının və inkişaf banklarının regionun nəqliyyat infrastrukturunun maliyyələşdirilməsindəki rolu təhlil ediləcək. İştirakçılar Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və Avropa İnvestisiya Bankının fəaliyyətini, eləcə də onların maliyyələşdirdiyi layihələri və vəsaitlərin verilmə şərtlərini araşdıracaqlar.
Tədbirin təşkilatçıları qeyd ediblər ki, Bakının foruma evsahibliyi etməsi onun regional nəqliyyat sistemindəki strateji mövqeyi ilə bağlıdır. Azərbaycan paytaxtı Orta dəhlizin dəniz və quru marşrutlarının kəsişdiyi, eləcə də infrastruktur operatorlarının, logistika biznesinin və potensial investorların nümayəndələrinin bir araya gəldiyi əsas qovşaqlardan biridir. Bu baxımdan şübhə yox ki, forum konkret investisiya layihələrinin, infrastrukturun inkişafının, Asiya, Xəzər dənizi və Qara dənizlə Avropa arasında nəqliyyat əlaqələrinin səmərəliliyinin artırılması üçün mühüm platformaya çevriləcək.
Rüstəm KAMAL,
"Azərbaycan"