Şəmkirdə qaz təsərrüfatının müasir standartlara uyğun yenilənməsi istiqamətində ardıcıl və genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Rayon icra hakimiyyəti ilə aidiyyəti dövlət qurumları arasında yaradılan səmərəli əməkdaşlıq nəticəsində qaz təchizatının etibarlılığı artırılır, mövcud şəbəkələr yenilənir, yeni yaşayış məntəqələrinin qazlaşdırılması təmin olunur.
2021-2025-ci illər ərzində icra olunan layihələr çərçivəsində qaz təsərrüfatının texniki cəhətdən müasirləşdirilməsi ilə yanaşı, əhalinin təhlükəsiz və dayanıqlı qaz təchizatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Bu dövrdə Aşağı Seyfəli kəndində 300 fərdi yaşayış evindən ibarət yeni salınmış yaşayış massivi qazlaşdırılmışdır.
"Şəhərsalma və Memarlıq İli" çərçivəsində də rayonda qaz infrastrukturunun inkişafı istiqamətində işlər xeyli genişləndirilib. Hazırda Tatarlı kəndində 220 fərdi yaşayış evinin yerləşdiyi yeni salınmış yaşayış massivinə təbii qaz xətti çəkilir. Varlı Həyat, Qaraqoyunlu və Atabəy kəndlərində isə yeni qaz xətlərinin çəkilişi və tikinti-quraşdırma işləri başa çatdırılıb. Hazırda həmin yaşayış məntəqələri üzrə sənədləşmə prosesi aparılır. Proses yekunlaşdıqdan sonra kəndlər təbii qazla təmin ediləcək. Bununla da Şəmkir rayonunda yalnız 5 dağ kəndi qazlaşmamış qalacaq. Bu da rayon əhalisinin təxminən 98 faizinin təbii qazla təmin olunması deməkdir.
Qaz təchizatının təhlükəsiz və dayanıqlı təşkili məqsədilə yenidənqurma işləri də davam edir - yeni qaz tənzimləyiciləri quraşdırılır, diametri 108 və 89 millimetrlik qaz xətləri dayaqlar üzərinə qaldırılır və s. Bunlardan əlavə, Şəmkir şəhərinin 2 küçəsində, Sərxan yaşayış massivində, Dəllər qəsəbəsində, Mahmudlu, Xuluf və Könüllü kəndlərində köhnə qaz xətləri müasir standartlara cavab verən D57 millimetrlik borularla əvəz olunub. Korroziyaya uğramış 1000 metrlik qaz xətti yenilənib, 8 kilometrə yaxın qaz şəbəkəsində əsaslı bərpa işləri aparılıb. Təkcə 2025-ci il ərzində Şəmkir şəhəri, Kür qəsəbəsi və Qasımalılar kəndində ümumilikdə 2500 paqonmetr uzunluğunda yeni qaz xətləri çəkilib, müasir tipli 8 Qaz Tənzimləyici Məntəqə (ŞQTM) quraşdırılıb, qaz sızmaları operativ qaydada aradan qaldırılıb, 7503 abonentin qaz sayğacı yenisi ilə əvəzlənib. Görülən tədbirlər qazın sabit təzyiqlə ötürülməsini təmin etməklə yanaşı, pik saatlarda yarana biləcək təchizat problemlərinin qarşısının alınmasına imkan yaradıb.
Həyata keçirilən layihələr yalnız qaz təsərrüfatının texniki cəhətdən yenilənməsi ilə məhdudlaşmamış, yaşayış məntəqələrində təhlükəsizliyin artırılmasına, şəhərsalma prinsiplərinin tətbiqinə və əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət etmişdir.
Sabir ƏLİYEV,
"Azərbaycan"