1937-ci il noyabrın 9-da acı bir xəbər Ağsunun Gəgəli kənd (o vaxt Kürdəmir rayonunun tərkibində idi) camaatının ovqatını təlx etdi. "Gecə Musa kişinin oğlanları Polad bəylə Hacıbaba bəyi hökumət adamları yenə apardılar". Bütün günü pıçıltıyla doqqazları dolaşan bu xəbər bir azdan kolxoz idarəsinin həyətindən tutmuş kənddən xeyli aralıda yerləşən dəyirmana, xırman yerinə, yataqdakı çobanlaradək çatdı.
Bolşevik məmurlarının qorxusundan kənd adamları nə Poladın, nə də Hacıbabanın evinə tərəf boylana bilirdilər. Axşamdan xeyli keçmiş - gecənin zil qaranlığında qonşulardan bir-ikisi çəpərdən gizlicə həyətə keçib evin qapısına yaxınlaşsa da, heç kəsi tapa bilmədi. "Yəqin gəlinlər uşaqları da götürüb qayınatasıgilə gediblər" yozumuna bel bağlamaqdan başqa çarə yox idi.
Polad bəy də, Hacıbaba bəy də çoxuşaqlı ailədə böyümüşdülər. Ataları Musa kişi ev-eşik olandan maldarlıqla məşğul olmuşdu. Uşaqları - Polad (1881), Babacan (1882), Məhyəddin (1883), Əlimusa (1884), Məmmədrza (1885) hər işdə atalarına kömək edirdilər. Polad ailənin ilki, qardaşların böyüyü idi. Onlar böyüdükcə qoyun-quzu, mal-qara otarıb zəhmətləri hesabına gün-güzəran qurmuşdular. Biri o birinin əlindən tuta-tuta təsərrüfatlarını genişləndirmiş, var-dövlət sahibi olmuşdular. Qardaşlar ömürləri boyu kənddən çıxmamışdılar, nə təhsil görmüş, nə məktəbə getmişlər. Nə doğum kağızları olmuş, nə də pasportları. 1929-cu ildə qardaşlar "kulak" adı ilə məşhər ayağına çəkiləndə, barələrində yuxarılara yerli-yersiz danos yazılanda ailəni yaxından tanıyan kənd şurasının işçiləri rəsmi arayışlarda təxmini hesablamalarla qardaşlara təvəllüd tarixləri yazmışlar.
Hamı bilirdi ki, Polad da, qardaşı Hacıbaba da mülkədar kimi çoxdan hökumətin "qara siyahı"sına düşüblər. Hacıbaba Cəbiyev kolxoz quruculuğunun əleyhinə çıxdığından hələ 1927-ci ildə səsvermə hüququndan məhrum edilmişdi. 1933-cü ildə "kulak" adı ilə malı, mülkü əlindən alınmaqla 3 il müddətinə sürgünə göndərilmişdi. Üstəlik, 7 hektar əkin yerini, kotanını, malasını, suvuranını, 2 dəvəsini, 2 camışını, 3 atını, 2 inəyini, 75 qoyununu, 15 keçisini, 3 öküzünü əlindən alıb kolxoza vermişdilər.
Sürgündən qayıdan Hacıbaba gecə-gündüz əlləşərək yenə özünə gün-güzəran qurmuşdu. Yarım hektar əkin yeri, atı, inəyi, ulağı vardı. Daim təsərrüfat işlərində çalışır, 7 nəfərlik ailəsinin dolanışığına can atırdı. Amma əqidəsindən də dönmürdü, orda-burda komsomolçuların, bolşevikləırin əleyhinə danışırdı. Odur ki, heç bir il keçməmiş "qolçomaq, müttəhim, tərəfsiz Hacıbaba Musa oğlu Cəbiyev yeni quruluşun və kolxozlaşmanın əleyhinə təbliğat apardığına görə" 1937-ci il noyabrın 9-da yenidən həbs olundu.
Bəs Hacıbaba kişi ilə bir gecədə yoxa çıxan böyük qardaşı - 56 yaşlı Polad bəyin günahı nə idi? Hamının böyük ehtiram göstərdiyi, hörmətini saxladığı Polad kişi əvvəl artelə, sonra da kolxoza üzv yazılmaqdan imtina etdiyinə görə 1932-ci ildə 3 il müddətinə həbsxanaya salınmışdı. Qayıtdıqdan sonra ailəsini başına yığıb əkin-biçinlə məşğul olurdu. NKVD-nin qorxusundan kolxoza da üzv yazdırmışdılar və o üzdən yeri gəldikcə kolxozun mövsümi işlərində də çalışırdı. Bunu da gözləri götürməyən bolşevik-kommunistlər, komsomolçular elin, obanın hörmətli adamlarını, o cümlədən Polad bəylə Hacıbaba bəyi nüfuzdan salmaqla camaatın gözünün odunu alırdılar.
Repressiyaya məruz qalan qardaşların "şəxsi işlər"indəki dindirmə protokollarında göstərilir ki, guya Polad Cəbiyev kiçik qardaşı Hacıbaba ilə birləşib yaxın qohumlarını, dost-tanışlarını tərəflərinə çəkərək camaatı ruhdan salır, kolxoz quruluşuna qarşı çıxırlar. Hətta Polad qardaşı Hacıbaba ilə birləşib özbaşına dövlətin torpağına toxum səpərək şəxsi təsərrüfat yaradıb, şura hökumətinə qarşı çıxan banditləri, qaçaqları uzun müddət ərzaqla təmin edib, 1935-ci ildə məhv edilmiş şamaxılı quldur Molla Sadıxın bir neçə il hökumətdən gizlənməsinə şərait yaradıb, eləcə də kəndin bəzi müsavatçılarını Şamaxı rayonundakı Dəbəgünəşli kəndindən olan müsavatçı Şeyxkərəmlə görüşdürüb, əlaqə qurub, kolxozçular arasında təbliğat aparıblar ki, köhnə quruluşa qayıdılsın və s.
Gəgəli kəndinin adlı-sanlı bəylərindən Polad və Hacıbaba Cəbiyevlərin düyünə düşən taleyi müdhiş payız gecəsi - noyabrın 9-da, cəmi-cümlətanı 20 gündən sonra yeni qurulmuş hökumətin "ədalət məhkəməsi"ndə həll olunmuşdu. Azərbaycan SSR XDİK dairə Fövqəladə Komissarlığı Polad və Hacıbaba Cəbiyev qardaşlarının əmlakları müsadirə olunmaqla güllələnməyə məhkum edilmələri haqqında qərar çıxarmışdır.
Amma Polad kişinin, eləcə də qardaşı Hacıbaba bəyin ailəsi, qohumları, yaxınları uzun müddət bu faciədən, onların öldüsündən-qaldısından xəbərsiz olublar. Polad bəyin nəvəsi Adil Osmanov: "Anam həmişə danışardı ki, atası, əmisi və yaxın qohumları qolçomaq adı ilə gedər-gəlməzə göndəriləndən sonra kənddə qalan əmilərini, dayılarını, xüsusən ailə üzvlərini kolxozda, arteldə işləməyə qoymurdular. Dəfələrlə günün günorta çağı evimizdən xalça-palazımızı, həyətdən mal-qaramızı götürüb aparırdılar ki, siz mülkədar ailəsisiniz". Bu hələ harasıdır?! Polad bəyin yeganə oğlu Məhəmmədi kənddəki məktəbə yaxın buraxmırdılar, anasını isə kolxoza üzvlüyə yazmırdılar. Ona görə də məcbur olub gizlicə dost-tanış vasitəsilə babalarının adını özlərinə soyad yazdırmışlar. Yalnız bundan sonra - Polad bəyin həyat yoldaşı Xədicə və uşaqları Musayev soyadını götürdükdən sonra Məhəmməd və bacısı Lumu qonşu kənddəki məktəbə, Xədicə kolxoza işə düzəlmişdilər.
1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Polad kişinin yeganə oğul yadigarı Məhəmməd "xalq düşməninin oğlu" adını üstündən götürmək üçün rayon hərbi komissarlığına rəsmi ərizə ilə müraciət edərək könüllü müharibəyə getmişdi. Müharibənin od-alovundan keçmiş, çətin əməliyyatlarda belə özünü irəli verərək yoldaşlarına kömək əli uzatmaqla qorxmazlıq nümunəsi göstərmişdi. Bu fikirlər Məhəmmədin 1943-cü ilin qışında baçısı Lumuya yazdığı məktubdandır. Çevikliyinə və döyüş əməliyyatlarını yerinə yetirdiyinə görə hərbi hissə komandanlığı tərəfindən leytenant rütbəsinə layiq görüldüyünü bildirən Məhəmməd Musayev Gəgəli kəndinə, bacısına ünvanladığı üçüncü məktubun içərisində muştuluq kimi zabit geyimində, leytenant rütbəsində şəklini də göndərmişdi. Ailənin mənəvi pasportuna çevrilən bu şəkli və məktubu bacısı və uşaqları neçə illərdir ki, ən əziz xatirə kimi saxlayırlar. "Bundan sonra Məhəmməddən məktub almadıq, onun nə qaldısından, nə də öldüsündən xəbər tuta bildik. Müharibədən sonra çox yerə müraciət etdik, bəlkə həlak olub, bəlkə əsir düşüb, bəlkə itkindir...heç bir məlumat verən olmadı". Ömrünün nəvəli-nəticəli günlərini yaşayan Lumu xanım repressiya qurbanı atası Polad bəyə qarşı olan haqsızlığı, əsgər qardaşı Məhəmmədin öldüsündən, qaldısından xəbər tuta bilməməsini özünə bağışlaya bilmirdi. Baxmayaraq ki, Lumu xanım, eləcə də yaxınları sovet dönəmində müharibədən qayıtmayan qardaşı Məhəmmədin axtarışları ilə yanaşı, atası Polad bəyin, əmisi Hacıbaba bəyin taleyi ilə də çox maraqlanmışdılar. Yalnız ailənin yaxın qohumu Qaroğlan Musayevin 1958-ci ildə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinə göndərdiyi müraciət-sorğudan sonra məlum olmuşdur ki, Polad Cəbiyev və Hacıbaba Cəbiyev həyatda yoxdurlar. Hər iki qardaş Azərbaycan Respublikası Xalq Daxili İşlər Komissarığı dairə Fövqəladə Komissiyasının qərarı ilə 1937-ci il noyabrın 29-da gecə saat 01:10 dəqiqə işləmiş Bakıda güllələnmişdir.
Rəhman SALMANLI,
"Azərbaycan"