Lerik yerli və xarici turistlərin ən çox üz tutduğu bölgələrdən biridir. Xəzər sahillərindən dağlara doğru yüksələn bu füsunkar diyar müasir hotelləri, kənd evlərində yaradılan ekoturizm imkanları, əsrarəngiz təbiəti, uca dağları, sıx meşələri, saysız-hesabsız bulaq və şəlalələri ilə seçilir. Lerikin təbii gözəllikləri ilin bütün fəsillərində fərqli çalarlarla ziyarətçiləri özünə cəlb edir.
Bu dəfə yolumuzu Lerikin füsunkar təbiəti qoynunda yerləşən Qələbin şəlaləsinə saldıq. AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası altında dərc olunan məqalədə bildirilir ki, şəlaləyə çatmaq üçün əvvəlcə İpək yolundan ayrılaraq Lerik istiqamətində təxminən 15 kilometr hərəkət edib, Piran kəndinə çatırıq. Buradan sonra yolun relyefi nəzərə alınaraq "Niva" markalı minik avtomobili ilə hərəkəti davam etdiririk.
Qələbin kəndinə aparan yol mürəkkəb relyefi ilə seçilir. Sıldırım eniş-yoxuşlar, kəskin döngələr və meşələrin arasından keçən dağ yolları səyahətə xüsusi həyəcan qatır. Təxminən 10 kilometrlik marşrutdan sonra avtomobil yolu başa çatır.
Bundan sonra qısa, lakin yaddaqalan piyada yürüşü başlayır. Təxminən 300 metr meşə cığırı ilə irəlilədikdən sonra ağacların arasından şəlalənin gur səsi eşidilir. Bir neçə dəqiqə sonra isə Qələbin şəlaləsi bütün əzəməti ilə qarşımızda canlanır.
Dəniz səviyyəsindən təxminən 1000 metr yüksəklikdə yerləşən şəlalə saf dağ bulaqlarından qidalanır. Qış aylarında suyun həcmi artır və gur axını ilə möhtəşəm mənzərə yaradır. Yayın ən isti günlərində belə qurumayan şəlalə qışın sərt şaxtalarında da tam donmur. Məhz bu xüsusiyyət Qələbin şəlaləsini ilin bütün fəsillərində cəlbedici edən əsas amillərdəndir.
Qələbin şəlaləsi son illərdə Lerikə gələn turistlərin ən çox ziyarət etdiyi təbiət məkanlarından birinə çevrilib. Fotoqraflar, təbiət həvəskarları və macəra sevən səyahətçilər üçün bu məkan əsl kəşfdir. Buraya gələn hər kəs möhtəşəm mənzərənin şahidi olmaqla yanaşı, təbiətin sakitliyi və gözəlliyi ilə baş-başa qalmaq imkanı əldə edir.
Lerikə səfər edənlər rayonun bu ecazkar təbiət incisini görmədən geri qayıtmırlar. Qələbin şəlaləsi öz gözəlliyi və yaratdığı unudulmaz təəssüratlarla ziyarətçiləri heyran edir.