1930-cu illərin totalitar sovet rejimi bəşər tarixinin ən amansız, ən qanlı səhifələrindən biri idi. Stalin repressiyaları, xüsusən də 1937-ci ilin "böyük təmizləmə" dalğası fərqli düşüncəni, müstəqil iradəni, parlaq zəkanı kökündən vurub yox etmək məqsədi güdürdü. Bakının küçələrində hər gecə dolaşan qara maşınlar, NKVD-nin zirzəmilərindən gələn fəryad səsləri və hər səhər qəzetlərdə "ifşa olunan" onlarca ziyalının adı o dövrün dəhşətlərinin real mənzərəsi idi.
Bu repressiya maşını təkcə yerli ziyalıları deyil, tale yolları Azərbaycana düşən, onun mədəniyyətinə və mətbuatına sidq ürəklə xidmət edən mühacir yazarları da öz burulğanına çəkirdi. Belə dramatik, ziddiyyətli və faciəvi talelərdən biri də ömrünü Azərbaycan publisistikasına, teatrına və nəşriyyat işinə həsr etmiş, lakin Mircəfər Bağırovun şəxsi intiqam hədəfinə çevrilərək ilk qurbanlarından olmuş Əhməd Bədi Triniç idi.
Əhməd Rəcəb oğlu Triniç 1893-cü ildə Osmanlı imperiyasının Üsküp (indiki Skopye) şəhərində ziyalı bir alban ailəsində anadan olmuşdur. 1912-ci ildə Balkan müharibəsi zamanı ailəsi ilə birlikdə Türkiyəyə gəlmiş, burada qaçqın kimi dövlət hesabına liseyə daxil olmuşdur. Liseyi bitirdikdən sonra hərbi xidmətə göndərilmiş, Dardanel cəbhəsində döyüşlərdə iştirak etmişdir. 1916-cı ilin avqustunda Əhməd Triniç Kürdüstan cəbhəsində rus ordusuna əsir düşmüş, əvvəlcə Tiflisə, sonra Kostroma quberniyasının Narıxta şəhərinə göndərilmişdir.
Oktyabr inqilabından sonra Əhməd Triniç Türkiyəyə qayıtmaq ümidi ilə Bakıya gəlmişdir. Lakin burada türk ordusunun baş qərargahının üzvü Rövşən bəy ona Türkiyəyə qayıtmağa izin verməmişdir. O, məcburiyyətdən Bakıda qalmış, türk dilindən evlərdə dərs keçməyə başlamışdır. Tədqiqatçıların yazdıqlarına görə, mart soyqırımı zamanı "İsmailiyyə" binasında keçirilmiş mitinqdə çıxış etmişdir. Bakıda daşnakların təqibinə məruz qalan Əhməd Triniç Dağıstana getmişdir. Bir müddət sonra Dağıstandan Yelizavetpol şəhərinə gələrək, Qubada Rövşən bəy tərəfindən həbs edilmiş və bolşeviklərin xeyrinə casusluqda günahlandırılaraq güllələnməyə məhkum edilmişdir. Hökm icra edilməyə başlamadan Əli bəy Zizikski Rövşən bəyə əllərinin onun qanına bulaşdırmamasını, türklərin özlərinin onun dərsini verməsini demişdir.
Bakıda Triniç "İttihad" qəzetində fəaliyyətə başlamışdır. Aprel işğalınadək "Azərbaycan füqərası" qəzetində çalışmış, işğaldan sonra bu qəzet "Kommunist" adı ilə nəşr edilmişdir. Əhməd Triniç onun redaktoru olmuşdur. O, 1919-cu ildə İttihad partiyasının üzvü idi. 1919-cu il fevral ayının 18-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin mühafizə dəstəsinin yaradılması barədə qanun qəbul edildikdən sonra Əhməd Triniç də 200 nəfərlik mühafizə dəstəsinin tərkibində olmaq üçün parlamentə müraciət etmişdir.
Bakıya gəldiyi ilk illərdən etibarən o özünün yüksək intellekti, dillərə vaqif olması və iti qələmi ilə seçilmişdir. Azərbaycanın istiqlal mübarizəsi dövründə parlamentin mühafizə dəstəsində xidmət etsə də, sovet hakimiyyətinin qurulmasından sonra bolşevik ideologiyasını qəbul edərək partiya sıralarına qoşulmuşdur. Triniç ideoloji baxımdan kəskin, sarsılmaz və partiya xəttinə fanatikcəsinə sadiq bir publisist kimi tanınmışdır. Sovet Azərbaycanında çox sürətlə mühüm postlara yüksələn Əhməd Triniçin fəaliyyəti təkcə qəzetçiliklə məhdudlaşmırdı. O, "Azərnəşr"in direktoru olaraq kitab çapının, savadlılığın artırılmasında böyük işlər görmüşdü. Azərbaycan Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışarkən milli teatrın inkişafı, aktyorların rifahı və teatr binalarının təmiri üçün böyük büdcələrin ayrılmasına nail olmuşdu. O, dövrünün ən böyük sənətkarları ilə yaxın ünsiyyətdə olmuş, mədəni mühitin inkişafında birbaşa iştirak etmişdir.
Arxiv materialları göstərir ki, Əhməd Triniç sovet ideologiyasını Azərbaycanda bərqərar etmək üçün ən sərt addımlardan belə çəkinməyən bir partiya xadimi olub. Yazıçılar İttifaqının iclaslarında onun barışmaz, aqressiv çıxışları stenoqramlarda qorunub saxlanmışdır. Böyük şair Hüseyn Cavidi "sovet gerçəkliyindən uzaqlaşmaqda" ittiham edən, ona qarşı kobud və qaba tənqidlər səsləndirən Triniç rəhbərlik tərəfindən daim rəğbətlə qarşılanırdı. Məmməd Səid Ordubadinin xatirələrində o, "yazıb-oxumağı zəif bilən, lakin mübahisəni və təzyiq etməyi sevən" bir bürokrat kimi xarakterizə olunur. Lakin teatrın inkişafı, yeni binaların tikilməsi və milli mətbuatın texniki bazasının qurulmasında onun təşkilatçılıq qabiliyyətini də danmaq olmazdı. Əhməd Triniçin "Kommunist" qəzetinin 1933-cü il 24 aprel tarixli sayında "Teatromuzun vəzifələri və gələcək inkişaf yolları" məqaləsi dərc olunmuşdur. Azərbaycan Dövlət Dram Teatrının direktoru Əhməd Triniç hökumətin milli teatra göstərdiyi qayğıdan söhbət açaraq belə yazırdı: "Xalq Komissarları Şurasının son qərarına görə Azərbaycan Dövlət Dram Teatrosu üçün yeni bina tikmək tədbirləri görülməsi ilə bərabər, teatromuzun təkcə qarderobuna yüz min manat buraxılmışdır".
Yazılanlara görə, Əhməd Triniçlə Mircəfər Bağırovun yolları hələ 1918-ci ildə Qubada kəsişmişdi. Triniç əvvəllər türk ordusunun zabiti olmuş, sonra İttihad partiyasının məsul katibi kimi Qubada və Bakıda bolşeviklərə qarşı fəal mübarizə aparmışdı. Eyni dövrdə Mircəfər Bağırov da Qubada Azərbaycan Xalq Cümhuriyyətinin mahal komissarının köməkçisi işləyirdi. Hər iki şəxs bir-birinin sovet hakimiyyətindən əvvəlki "əksinqilabi" fəaliyyətini çox yaxşı bilirdi. Bağırov rəhbərliyə yüksəldikdən sonra onun keçmişini bilən belə şahidlərin varlığı onun üçün böyük təhlükə idi. Bu bir növ nüfuz mübarizəsi idi.
Mircəfər Bağırov 1933-cü ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi təyin edildikdən sonra respublikada mütləq tək hakim olmaq istəyirdi. Əhməd Triniç isə "Kommunist" qəzetinin redaktoru, "Azərnəşr"in və teatrın rəhbəri kimi mədəniyyət, ideologiya və mətbuat sahəsində çox güclü fiqura çevrilmişdi. Onun partiya daxilində sərbəstliyi, kəskin xarakteri və Bağırovun diktəsinə tam boyun əyməməsi aralarındakı şəxsi düşmənçiliyi yüksək həddə çatdırmışdı.
1936-cı ilin aprelində Əhməd Triniç həbs edilir. İşə Mircəfər Bağırov qarışır. O, Triniçi tamamilə sıradan çıxarmaq üçün keçmişini araşdırır və arxivdən onun əleyhinə kəsərli bir sənəd tapır. 1936-cı ilin aprelində keçirilən partiya bürosunun iclasında Bağırov Əhməd Triniçin 1918-ci ildə yazdığı bir ərizəsini nümayiş etdirir. Həmin sənəddə Triniçin Müsavat hökumətinin parlamentini qorumaq üçün mühafizə dəstəsinə (müsavat ordusuna) qəbul olunmaq barədə xahişi yer alırdı. Bu sənəd o dövr üçün birbaşa "vətənə xəyanət" və güllələnmə demək idi.
O zaman Zaqafqaziya Xalq Daxili İşlər Komissarlığının Azərbaycan üzrə idarə rəisi Yuvelyan Sumbatov-Topuridze 265 səhifədən ibarət istintaq materialını respublika rəhbərinə təqdim edir. Qoşma məktubda deyilirdi: "İstintaqa dəvət edilmiş 20 şahiddən 11-nin ifadələrinə görə Triniç Əhməd Bədi ifşa olunmuşdur. Belə ki, o, 1918-ci ildə türk dəstə komandiri vəzifəsində Nizova, Çaxçaxlı, Həzrə kəndlərində və Quba şəhərində silahsız dinc əhalini kütləvi şəkildə vəhşicəsinə işgəncələrlə həlak etmişdir. Həmçinin Əhməd Triniç mülkədar Zizikski ilə birlikdə sovet xəzinəsini talan etmişdir.
Ə.Triniç bolşevik Müxtədir Aydınbəyovun qətlində də təqsirləndirilir. Belə ki, Müxtədir yoldaş 1918-ci ildə türklər Quba şəhərində olarkən öldürülmüşdür. Onun həbsə alınmasını və Quba dustaqxanasına salınmasını öz gözlərilə görmüş şahidlərin ifadələrinə görə, Müxtədir yoldaş Triniçin göstərişi ilə Həzrə kəndində həbs olunmuş və Quba dustaqxanasına aparılmışdır... 1919-cu ilin əvvəllərindən Triniç İttihad partiyasının üzvü olmuşdur. Bu partiyanın məsul katibi vəzifəsində çalışmışdır. Yuxarıdakıları əsas götürərək belə hesab edirəm ki, Triniç 1919-cu ilin əvvəllərinədək bolşevik dəstələrinə qarşı türk-müsavat qoşunlarının cəza əməliyyatlarında bilavasitə iştirak etmişdir".
Mircəfər Bağırov məktubun üzərinə bu sözləri yazmışdır: "Şəxsən Sumbatov yoldaşa. Xahiş edirəm sabahdan gec olmayaraq bütün materiallar barədə mənə məlumat verəsiniz. Eyni zamanda təklif edirəm ki, bu iş üzrə bütün dindirilmə və sorğu-suala xitam verəsiniz".
Mənbələrdə göstərilir ki, 1936-cı ilin aprelində daxili işlər orqanları rəhbərləri Moskvadan ittifaq komissarı Yejovun operativ məxfi əmrini alırlar. Həmin əmrə görə, antisovet partiyaların üzvləri "üçlük" tərəfindən işlərinə baxılan kimi güllələnməlidirlər. Lakin onu güllələyə bilmirlər. Əhməd Triniç həbsxanada intihar edir. Bu hadisə həm də Azərbaycan ziyalılarına - Əhməd Cavada, Mikayıl Müşfiqə, Hüseyn Cavidə qarşı törədiləcək daha böyük kütləvi qətliamların dəhşətli bir anonsu olur.
İradə ƏLİYEVA,
"Azərbaycan"