1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan
Dili Günü xalqımızın milli-mənəvi dəyərlərinə, zəngin mədəni irsinə və dövlətçilik
ənənələrinə dərin ehtiramın ifadəsidir. Azərbaycan dili əsrlər boyu xalqımızın
milli kimliyini, tarixi yaddaşını və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətlərdən
biri olmuşdur.
Ümummilli Lider Heydər Əliyev ana dilimizin
qorunmasını və inkişafını hər zaman dövlət siyasətinin əsas istiqamətlərindən
biri kimi müəyyənləşdirmiş, ən mürəkkəb tarixi şəraitdə belə Azərbaycan dilinin
dövlət dili kimi təsbit olunması uğrunda qətiyyətli mübarizə aparmışdır. Məhz
Ulu Öndərin siyasi iradəsi nəticəsində 1978-ci il Azərbaycan SSR
Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi, müstəqillik
illərində isə bu siyasət daha da möhkəmləndirilərək 1995-ci il
Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu.
2001-ci il avqustun 9-da imzalanan Fərmana əsasən
hər il avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd
edilməsi isə ana dilimizin qorunmasına verilən yüksək dövlət qayğısının bariz
nümunəsidir. Sonrakı dövrdə "Dövlət dili haqqında" Qanunun qəbulu,
Dövlət Dil Komissiyasının yaradılması, latın qrafikasının tətbiqinin genişləndirilməsi,
Azərbaycan dilinin elektron məkanda istifadəsinin təşviqi, dilimizin saflığının
qorunmasına xidmət edən fərman və dövlət proqramları bu siyasətin ardıcıl
xarakter daşıdığını bir daha təsdiqlədi.
Bu gün cənab Prezident İlham Əliyev tərəfindən
Ulu Öndərin müəyyən etdiyi dil siyasəti uğurla davam etdirilir. Dövlət
başçısının Azərbaycan dilinin saflığının qorunması, müasir dövrün çağırışlarına
uyğun inkişaf etdirilməsi və gələcək nəsillərə olduğu kimi çatdırılması istiqamətində
həyata keçirdiyi məqsədyönlü tədbirlər ana dilimizin nüfuzunu daha da artırır.
Xüsusilə Azərbaycan dilinin qloballaşma şəraitində inkişafına dair Dövlət
Proqramının qəbul edilməsi, elektron informasiya məkanında istifadəsinin genişləndirilməsi
və dil normalarına nəzarətin gücləndirilməsi milli-mənəvi dəyərlərimizin
qorunmasına xidmət edən mühüm addımlardır.
Ulu Öndər Heydər Əliyevin "Xalqı xalq edən,
milləti millət edən onun ana dilidir" fikri bu gün də öz aktuallığını
qoruyur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vurğuladığı kimi, "Azərbaycan
dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur". Bu
çağırış hər birimizi ana dilimizin saflığını qorumağa, onu düzgün öyrənməyə və
gündəlik həyatımızda zəngin imkanlarından istifadə etməyə səsləyir.
Azərbaycan dili milli varlığımızın, dövlət
müstəqilliyimizin və milli həmrəyliyimizin əsas sütunlarından biridir. Bu dil
Nizaminin, Füzulinin, Nəsiminin, Vaqifin, Mirzə Cəlilin, Üzeyir bəyin, Bəxtiyar
Vahabzadənin və digər görkəmli söz ustalarının yaratdığı zəngin irsi bu günümüzə
daşıyan mənəvi körpüdür.
Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı,
xüsusilə gənc nəslimiz ana dilimizin saflığını qorumağı özünün vətəndaşlıq
borcu hesab edəcək, dövlətimizin bu sahədə həyata keçirdiyi siyasətə öz töhfəsini
verəcəkdir. Azərbaycan dilinin inkişafı və gələcək nəsillərə bütöv şəkildə
ötürülməsi milli həmrəyliyimizin və müstəqil dövlətçiliyimizin daha da möhkəmlənməsinə
xidmət edəcək.
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan
Dili Günü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, hər bir ailədə,
hər bir məktəbdə və cəmiyyətimizin bütün sahələrində ana dilimizin daim uca
tutulmasını, zənginliyinin və saflığının qorunmasını arzulayıram.
Fatma Yıldırım,
Milli Məclisin deputatı