Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən su obyekti bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələri potensialından daha səmərəli istifadənin təmin edilməsi məqsədilə dənizdə külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən ümumi sahəsi 711,4 kvadratkilometr təşkil edən su obyekti bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Azərbaycan Respublikasının Energetika Nazirliyi bərpaolunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın tələblərinə uyğun həyata keçirəcək.
Bu Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 711,4 kvadratkilometr sahəsi olan su obyektində külək elektrik stansiyalarının tikintisinə icazə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən 3 gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.