Donald TRAMP: "Biz bunu araşdırırıq"
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın "Financial Times" qəzetinə verdiyi telefon müsahibəsində Ukraynaya Patriot zenit sistemləri üçün raketlər istehsal etməyə icazə verib-verməyəcəyindən "əmin olmadığını" bildirib. Nəşrin məlumatına görə, o deyib ki, "biz bunu araşdırırıq".
ABŞ-nin patriot raketlərinin istehsalı üçün lisenziyaların verilməsi vədi iyulun əvvəlində D.Trampın Türkiyədə keçirilən NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünə təsadüf edir. Ukrayna liderinin sözlərinə görə, Vaşinqtonda keçirilən görüşdə bu məsələni müzakirə ediblər.
"Bunlar tamamilə müstəsna silahlardır və kimə lisenziya verdiyimiz barədə daha diqqətli olmalıyıq. Əslində avadanlıqlara lisenziya vermirik", - Tramp qəzetə verdiyi müsahibədə belə deyib.
V.Zelenski ABŞ Prezidenti ilə son görüşünü "yaxşı" adlandırıb və "Patriot zenit raketlərinin istehsalı və bir neçə başqa ideya"nı müzakirə etdiklərini bildirib. Ukrayna Prezidentinin dediyinə görə, "Tramp bizə lisenziya vermək təklifini qəbul edib".
Patriot sistemləri Kiyevə və digər şəhərlərə yönəlmiş Rusiya ballistik raketlərini ələ keçirmək üçün çox vacibdir. Nəşrin şərhində deyilir ki, Trampı Kiyevin bu raketləri istehsal etməsinə icazə verməyə inandırmaq Zelenski üçün əhəmiyyətli bir nailiyyət olub.
D.Tramp həmçinin Britaniya nəşrinə bildirib ki, xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner yaxın günlərdə Ukraynaya səfər edəcəklər. Bu, onların Moskvada Rusiya Prezidenti Vladimir Putinlə bir neçə görüşdən sonra Kiyevə ilk səfəri olacaq.
"Sadə dillə desək, biz Ukrayna və Rusiya arasında müharibənin bitməsini istəyirik. Mənə raketlər lazım deyil. Bizə sülh lazımdır", - deyə ABŞ lideri bildirib.
Rizvan CƏFƏROV,
"Azərbaycan"