01 Avqust 2026 08:28
695
Mədəniyyət
A- A+
Milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi dəyərlərimizin əbədi dayağı

Milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi dəyərlərimizin əbədi dayağı


Hər bir xalqın milli varlığını, tarixi yaddaşını, mədəni irsini və mənəvi dəyərlərini yaşadan ən müqəddəs sərvətlərdən biri onun ana dilidir. Azərbaycan dili də xalqımızın əsrlər boyu formalaşmış zəngin mədəniyyətinin, milli kimliyinin və dövlətçilik ənənələrinin daşıyıcısı və müstəqil Azərbaycan dövlətinin əsas atributlarından biridir. Məhz buna görə də hər il avqustun 1-də ölkəmizdə qeyd olunan “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” milli-mənəvi dəyərlərimizə ehtiramın, dövlət dilimizin inkişafına göstərilən qayğının və milli həmrəyliyimizin təcəssümü kimi qəbul olunur.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin xalqımızın milli varlığının əsasını təşkil etdiyini xüsusi vurğulayaraq deyirdi: “Dil hər bir millətin milliliyinin əsasıdır”. Ulu Öndər qeyd edirdi ki, müxtəlif dillərə mənsub insanlar belə Azərbaycan dilinin ahəngini eşidərək onun poetikliyini və gözəlliyini yüksək qiymətləndirirlər. Heydər Əliyevin fikrincə, hər bir Azərbaycan gənci ana dilini mükəmməl bilməli, onun zəngin imkanlarından düzgün istifadə etməli və dövlət dilinin cəmiyyət həyatında hakim mövqeyini qorumağa çalışmalıdır.


Ana dilinin inkişafına qarşı süni maneələr və milli iradənin təntənəsi


XX əsrin 70-ci illərinin ortalarından etibarən keçmiş SSRİ-də milli dillərin sıxışdırılması siyasəti daha da gücləndirilmişdi. SSRİ-nin yeni Konstitusiyasının qəbulundan sonra ittifaq respublikalarında milli dillərin ictimai-siyasi həyatdan sıxışdırılması istiqamətində məqsədyönlü addımlar atılırdı. Belə bir mürəkkəb şəraitdə ana dili məsələsini müdafiə etmək böyük siyasi cəsarət və milli məsuliyyət tələb edirdi. 1930-cu illərin repressiyaları dövründə ana dili məsələsini gündəmə gətirən ziyalıların ağır təqiblərə məruz qalması bu sahədə mövcud təhlükələri açıq şəkildə göstərirdi.

Məhz belə bir dövrdə respublika rəhbəri Heydər Əliyev milli maraqları qətiyyətlə müdafiə edərək dövlət dili uğrunda ardıcıl mübarizə aparırdı. Ulu Öndər ana dilinin qorunmasını milli kimliyin, xalqın gələcəyinin və dövlətçilik düşüncəsinin əsas şərtlərindən biri hesab edir, ziyalıları və cəmiyyəti bu müqəddəs amal ətrafında birləşdirirdi. Heydər Əliyev SSRİ Konstitusiyasının müzakirələri zamanı vətəndaşların ana dilində təhsil almaq hüququnun təmin edilməsinin vacibliyini xüsusi vurğulayaraq bu hüququn qorunmasının milli inkişaf üçün strateji əhəmiyyət daşıdığını bildirirdi.


Azərbaycan dilinə dövlət dili statusunun verilməsi – tarixi xidmət


Dilimizin dövlət dili kimi Azərbaycan SSR Konstitusiyasında təsbit olunması Ümummilli Liderin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. 1978-ci il aprelin 2-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında böyük rəhbərin təşəbbüsü ilə Konstitusiyanın 73-cü maddəsinə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının daxil edilməsi həmin dövrün siyasi reallıqları fonunda böyük tarixi hadisə idi. Bu qərar Azərbaycan dilinin hüquqi statusunun qorunmasını təmin etməklə yanaşı, gələcək müstəqil dövlətçiliyimizin ideoloji əsaslarının formalaşmasına da mühüm töhfə verdi.

Müstəqillik dövründə də Heydər Əliyev bu siyasəti ardıcıl davam etdirərək dövlət dilinin hüquqi əsaslarını daha da möhkəmləndirdi. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin məhz Azərbaycan dili olması təsbit olundu. Bu, xalqımızın milli iradəsinin və müstəqil dövlətçilik prinsiplərinin mühüm ifadəsi idi.


Dövlət dilinin tətbiqi sahəsində mühüm hüquqi islahatlar


Azərbaycan dilinin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətində 2001-ci il mühüm mərhələ oldu. Heydər Əliyevin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman dilimizin qorunması və tətbiqinin genişləndirilməsi sahəsində yeni mərhələnin əsasını qoydu. Həmin fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı və dil siyasətinin həyata keçirilməsi institusional əsaslarla təmin olundu.

Elə həmin il imzalanan “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” sərəncama əsasən, hər il avqustun 1-i ölkəmizdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd olunmağa başladı. Bu qərar qloballaşma şəraitində milli dilimizin qorunması, latın qrafikalı əlifbanın tam tətbiqi və milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun isə dövlət dilinin hüquqi statusunu tam şəkildə müəyyənləşdirdi. Qanunda Azərbaycan dilinin müstəqil dövlətçiliyimizin başlıca əlamətlərindən biri olduğu vurğulanaraq onun tətbiqi, qorunması və inkişaf etdirilməsinin dövlətin əsas vəzifələrindən biri olduğu təsbit edildi.

Nazirlər Kabinetinin 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin orfoqrafiya normaları” isə müasir dövrdə yazı mədəniyyətinin təkmilləşdirilməsi və vahid dil normalarının qorunması istiqamətində mühüm hüquqi baza yaratdı.


Prezident İlham Əliyev ana dilimizin inkişafı siyasətini uğurla davam etdirir


Bu gün Heydər Əliyevin müəyyən etdiyi dil siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun davam etdirilir. Dövlətimizin başçısı dəfələrlə vurğulamışdır ki, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Bu fikir dövlətin dil siyasətinin əsas mahiyyətini ifadə etməklə yanaşı, hər bir vətəndaşın ana dili qarşısında məsuliyyətini də müəyyən edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin inkişafı istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir. Latın qrafikalı nəşrlərin genişləndirilməsi, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində nəşri, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi, Azərbaycan dilinin elektron məkanda istifadəsinin genişləndirilməsi və dövlət dilinin saflığının qorunmasına dair mühüm fərmanlar bu siyasətin uğurlu nəticələridir.

2018-ci ildə imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman dövlət dilinin qorunması sahəsində yeni mərhələnin başlanğıcı oldu. 2025-ci il 31 iyul tarixli fərmanla isə Azərbaycan dilinin tətbiqinə və dil normalarına əməl olunmasına nəzarət funksiyalarının Mədəniyyət Nazirliyinə həvalə edilməsi bu sahədə dövlət nəzarətinin daha da gücləndirilməsini təmin edir.


Ana dilini qorumaq hər birimizin vətəndaşlıq borcudur


Müasir qloballaşma və rəqəmsal transformasiya şəraitində ana dilinin qorunması xüsusi aktuallıq kəsb edir. Xarici sözlərin lüzumsuz istifadəsi, dil normalarının pozulması və nitq mədəniyyətinə laqeyd münasibət milli kimliyimiz üçün müəyyən çağırışlar yaradır. Buna görə də dövlət qurumları ilə yanaşı, alimlər, müəllimlər, yazıçılar, jurnalistlər, ziyalılar və bütövlükdə cəmiyyət Azərbaycan dilinin saflığının qorunmasına öz töhfəsini verməlidir.

Azərbaycan dili bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı birləşdirən mənəvi körpüdür. Bu dil xalqımızın tarixi yaddaşını, milli-mədəni irsini və dövlətçilik ənənələrini yaşadır. Ümummilli Lider Heydər Əliyevin “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” fikri indi də öz aktuallığını qoruyur və milli ideologiyamızın əsas prinsiplərindən biri kimi yaşayır.

“Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”ndə bir daha əminliklə demək olar ki, ana dilimizin qorunması və inkişaf etdirilməsi milli dövlətçiliyimizin möhkəmləndirilməsi, milli kimliyimizin yaşadılması və gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının başlıca şərtlərindən biridir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin isə müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirdiyi dövlət dil siyasəti Azərbaycan dilinin əbədi yaşamasına, zənginləşməsinə və dünya miqyasında nüfuzunun daha da artmasına xidmət edir.


İlqar İLYASOV,

YAP Qaradag rayon təşkilatının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəbələ Beynəlxalq Musiqi Festivalında möhtəşəm muğam axşamı

13:39
01 Avqust

Türkiyədə Prezident Ərdoğana sui-qəsd cəhdinin iştirakçılarından biri saxlanılıb

12:33
01 Avqust

29 il əvvəl başlanan inkişaf yolu Azərbaycanı uğurlu idman ölkəsinə çevirdi

10:44
01 Avqust

Azərbaycan-Qırğızıstan münasibətləri kompleks inkişaf perspektivinə malikdir

10:36
01 Avqust

Bilmək istəyirəm

09:52
01 Avqust

Ukrayna Patriot raketlərinin istehsalına icazə alacaqmı? 

09:45
01 Avqust

İlklərə imza atan sənət fədaisi

09:38
01 Avqust

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

09:35
01 Avqust

Xalqın yaddaşı və milli ruhun ekran salnaməsi

09:31
01 Avqust

Azərbaycan kəndlisinin köməyinə Samuray arısı gəlir

09:24
01 Avqust

Aqrar sektor ilin birinci yarısını hansı göstəricilərlə başa vurub

09:17
01 Avqust

Bölgələrdə yeni aqrar inkişaf dövlət proqramının icrası ilə bağlı tədbirlər keçirilir

09:10
01 Avqust

Yeni nəslin həmrəylik modeli

09:03
01 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib

09:01
01 Avqust

İnsan kapitalına yatırılan uzunmüddətli sərmayə

08:56
01 Avqust

Azərbaycan aparıcı Avropa dövlətlərinin etibarlı tərəfdaşı statusundadır

08:49
01 Avqust

Müstəqil dövlətimiz dilimizin saflığının qorunması üçün ciddi addımlar atır

08:42
01 Avqust

“Azərbaycan dili fenomeni: milli sərvətdən geostrateji resursa doğru”

08:35
01 Avqust

Milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi dəyərlərimizin əbədi dayağı

08:28
01 Avqust

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi

08:21
01 Avqust

Azərbaycan-Qırğızıstan münasibətləri daha geniş regional strategiyanın tərkib hissəsidir

08:14
01 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!