07 May 2022 00:52
1548
SİYASƏT
A- A+
İnsan bu ölkədə yaşamaq istəyir

İnsan bu ölkədə yaşamaq istəyir

 

Ulu Öndər Heydər Əliyevin başa çatdıra bilmədiyi işlərin həyata keçdiyini gördükcə insan bu ölkədə yaşamaq istəyir.

Ölkənin ən ağır problemi olan, keçmiş Dağlıq Qarabağ münaqişəsinin Zəfərlə yekunlaşdığının qürurunu yaşayan insan bu ölkədə yaşamaq istəyir.

Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi sabitliyi təmin etdiyi, dünyaya tanıtdığı, Heydər-xalq və xalq-Heydər birliyini yaratdığı bu ölkədə insan yaşamaq istəyir.

Ulu Öndər Heydər Əliyevin etimadını doğruldan, respublikanın dünyaya inteqrasiyasını təmin edən, ölkənin dayanıqlı inkişafını, tarixdə heç vaxt olmayan səviyyədə Prezident-xalq-ordu birliyini, vətəndaş cəmiyyətinin inkişafını, ictimai-siyasi sabitliyi, sosial problemlərin həllini, ölkənin idarəçiliyini analoqu olmayan səviyyədə inam və sədaqətlə təmin edən Zəfər Sərkərdəsi İlham Heydər oğlunun rəhbərliyi dövründə və bundan sonra da insan bu ölkədə yaşamaq istəyir.

Hər gün yüksək bacarıq, ali insani keyfiyyətlərlə, Vətənin, xalqın və millətin gələcəyi naminə Azərbaycanı günbəgün müasirləşdirən və yeniləşdirən Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdikləri bu ölkədə insan yaşamaq istəyir.

Ulu Öndər bənzərsiz bir şəxsiyyət idi. O qədər ciddi rəhbər idi ki, hətta bu gün onu gözlərim qarşısında canlandıranda özümü yığışdırıram.

Bəli, biz indi o illərdə görülən nəhəng işlərin bugünkü həyatda necə əhəmiyyətli rol oynadığının canlı şahidləriyik. Ulu Öndər sonralar həmin illəri xatırlayaraq deyirdi: "...1970-ci illərdə görülən işlər, yaradılan böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. O illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır".

Onunla işləmək həm asan idi, həm də çətin. Nə qədər yumşaq, humanist idisə, bir o qədər də tələbkar və bəzi məqamları bağışlayan deyildi.

Onunla işləməyin bir yolu var idi - səmimi və düzgün olmaq. Onun sərt üzünü görməyəydin. Sərtliyi o vaxt büruzə verirdi ki, yalan danışırsan və verdiyi tapşırığı vaxtında, keyfiyyətlə icra etmirsən.

Ulu Öndərin əsl kişiyə xas olan keyfiyyətlərindən biri və ən əsası - nankorluğu və naxələfliyi bağışlamırdı, Vətənə, dövlətçiliyə xəyanət edənlər onun düşmənləri idilər. Əgər qədirbilməzliyi bəzən bağışlayırdısa, xəyanəti qətiyyən bağışlamırdı.

Bəzi məmurlarla zarafat etməyi də var idi. Vəzifəli şəxslərə qarşı ciddi tədbir görəndə, cəzalandıranda heç vaxt tələsmirdi, yüz ölçüb, bir biçirdi. Sədaqətli və bacarıqlı kadrları qoruyurdu.

İmzaladığı fərman, sərəncamları hazırlayanlarla dəfələrlə hər nöqtə, vergülünü müzakirə edərdi, hamının fikrini səbirlə dinləyərdi, sonra öz qərarını verərdi.

Əgər ona hər hansı bir məlumat lazım idisə, onu bir neçə mənbədən alırdı. Bir dəfə məlumat alır ki, bəzi yüksəkvəzifəlilər işə gec gəlirlər. Məlumata inanmır və növbəti gün işə gələndə həmin məmurlara birbaşa telefonla zəng edir və heç birindən cavab gəlmir. Onlara bir toy tutmuşdu ki, yəqin ömürlərinin axırına qədər yaddan çıxarmazlar.

Ölkəyə yüksəksəviyyəli qonaqlar gələndə (yəni prezidentlər) həmin qonağın səfər proqramını dəqiqlik və incəliklə müzakirə edərdi, hava limanında qarşılanandan gedənə qədər bütün prosesləri incələyərdi. Çox səbrli və təmkinli idi.

O çox yaxşı bilirdi nəyi, nə vaxt, necə etmək lazımdır. Nə yaxşı ki, bu ali xüsusiyyət indi möhtərəm Prezidentimiz İlham Əliyevin şəxsində təcəssüm edir.

Ölkədə hər hansı bir problem yarananda dərhal aidiyyət orqanları təmsilçilərini dəvət edərdi, problemi çox ciddi müzakirə edərdi və tapşırıqlarını verərdi. Bəzi hallar, hətta elə anlar olurdu ki, hansısa yüksəksəviyyəli məmur problemin yaranmasında ciddi məsuliyyətsizlik edibsə, ya elə həmin müşavirədə və ya az sonra vəzifəsindən azad edərdi. Ona görə də yüksəkvəzifəli məmurlar çalışırdılar məsuliyyətsizliyə yol verməsinlər.

Dövlətçiliyimiz üçün böhranlı vəziyyət yarananda ən böyük tədbir xalqa müraciəti idi.

O, xalqına güvənirdi və onlardan arxayın idi, çünki ömrü boyu xalqına xidmət etmişdi.

Həmişə deyərdi ki, güclü iqtisadiyyatı, güclü ordusu və inamlı xalqı olan dövlətlə digərləri hesablaşır.

Onun üçün prioritetlərdən biri də ictimai-siyasi sabitliyin yaradılması və beynəlxalq əlaqələrin qurulması idi. Təsadüfi deyildi ki, xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra dərhal ilk iş kimi ictimai-siyasi sabitliyin yaradılmasına başladı.

İqtisadi gücü yaratmaq üçün isə, ən çətin dövrdə, hələ ölkədə ictimai-siyasi vəziyyət tam təmin olunmamış 1994-cü ildə "Əsrin müqaviləsi" neft kontraktının imzalanmasına nail oldu. Bu kontraktın hesabına iqtisadi dirçəlişin yaranması ölkənin gələcək taleyini həll etdi.

Xarici ölkə rəhbərləri ilə görüşəndə dünyanın gedişatından xəbərdar olması, çox məlumatlılığı və yüksək natiqlik qabiliyyəti ilə onları vadar edirdi ki, onu diqqətlə dinləsinlər və hörmətlə yanaşsınlar.

Müsəlman olaraq bir azərbaycanlının keçmiş SSRİ-nin ən yüksək ali siyasi orqanı olan Mərkəzi Komitənin Siyasi Bürosunda təmsil olunması və ən yüksək vəzifələrdən birində işləməsi, bütün xarici ölkə rəhbərlərində, xüsusən ABŞ və Avropa ölkələrinin rəhbərlərində ona qarşı xüsusi rəğbət yaratdı və barəsində çox bacarıqlı siyasi, iqtisadi nəhəng dövlət xadimi fikrini formalaşdırdı.

Ulu Öndər doğma Azərbaycanı övladları qədər çox istəyirdi.

Mən uzun müddət Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında işləmiş bir şəxs kimi onun haqqında bəzi məqamları çox qısa yada saldım. Olub keçənləri və bu gün olanları gördükcə - insan bu ölkədə yaşamaq istəyir.

Azərbaycanda yaşamaq istəyini bizə bəxş edən Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin keçdikləri həyat yolunun bəzi məqamlarına ekskurs edək.

Ulu Öndərin ömür yolunun bəzi mərhələlərinə nəzər salaq:

* 1941-ci ilə qədər - Naxçıvan Muxtar Respublikası;

* 1944-1969-cu illər - Dövlət Təhlükəsizlik Komitəsi;

* 1969-1982-ci illər - 14 il respublikaya rəhbərliyi;

* 1982-1986-cı illər - Moskvada Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini;

*1993-2003-cü illər - xalqın tələbi ilə respublikaya yenidən rəhbərliyə qayıdışı.

Hələ gənc ikən - 18 yaşında Naxçıvan Muxtar Respublikasının Xalq Komissarlığında şöbə müdiri işləməsi artıq onun parlaq gələcəyindən xəbər verirdi.

1944-cü ildə respublika Dövlət Təhlükəsizlik Komitəsində işə düzəlir və bu komitədə 25 il (1944-1969) işləyərək sıravi işçidən Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə qədər yüksəlir. Nəzərə alsaq ki, o Komitədə işləyənlərin əksəriyyəti qeyri-millətlərdən olub və onların arasında 25 il çalışmaq və o sistemin ən yüksək vəzifəsinə qalxmaq, bu, artıq fitri istedadın nəticəsi idi. Bu komitədə işləyərkən ölkənin siyasi, iqtisadi vəziyyəti, mövcud problemləri ilə tam tanış olmuşdu. Xüsusən, millətimizə qarşı olan haqsızlıqlardan, SSRİ rəhbərlərinin ölkəmizə qarşı mənfi münasibətlərindən, ölkənin kadr problemlərindən, rüşvətxorluqdan xəbərdar idi. Həmin illərdə bir çox ziyalılarımızı SSRİ rejiminin məngənəsindən xilas etmişdi. DTK-da milli kadrların yerləşdirilməsinə və onların peşəkar kadr kimi formalaşmasına nail olmuşdu.

1969-1982-ci illərdə 14 il ölkəyə rəhbərlik etmişdi. Hakimiyyətə gələndən bir ay sonra - 1969-cu ilin avqust ayında rüşvətxorluqla mübarizəyə həsr olunmuş plenum keçirdi. Çox riskli bir addım idi. Bu addım SSRİ rəhbərlərinin az qisminin rəğbətinə səbəb oldusa, çoxunu düşünməyə vadar etdi. Həmin dövrdə ölkə iqtisadi göstəricilərinə görə SSRİ məkanında sonuncu yerlərdən birində idi. Əhalinin sosial vəziyyəti dözülməz səviyyədə idi. Qısa müddət ərzində ölkədə ildırım sürəti ilə sənaye, kənd təsərrüfatı, energetika sahələrinin inkişafına nail oldu. Siyasi, iqtisadi, sosial konsepsiyalar hazırlandı. Tolerantlıq prinsipləri gözlənilməklə, kadrların milliləşmə prosesi başladı. Gənclərin SSRİ-nin ən yaxşı təhsil müəssisələrində oxumağa göndərilməsinə nail oldu. Bütün çətinliklərə baxmayaraq, göstərilən müqavimətləri dəf edərək ölkədə hərbi təhsil verən xüsusi məktəblər yaratdı. Sovet respublikaları ilə əlaqələr qurdu.

Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə Dağlıq Qarabağ problemində durğunluq yaranmışdı. Ermənilərin səsləri qalxanda dərhal qarşısını alırdı. Ölkəyə 14 il rəhbərliyi dövründə iqtisadi nailiyyətlərə görə 12 dəfə SSRİ-nin keçici qırmızı bayrağını aldı. Pambıq istehsalı 2,8 dəfə (ildə 331 min tondan 831 min tona), üzüm istehsalı 6,7 dəfə artaraq ildə 272 min tondan 1,8 milyon tona çatdırıldı. İllik büdcə 2 dəfə, kənd təsərrüfatı 2,7 dəfə, milli gəlir 1,9 dəfə artdı. 250 yeni zavod, fabrik tikildi, elektrik enerjisi istehsalı 1,5 dəfə artdı, 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlandı, SSRİ-nin nüfuzlu ali təhsil məktəblərinə ildə 1400 nəfər, hərbi məktəblərə isə 1000-ə qədər gənc göndərilirdi.

Azərbaycanı SSRİ məkanında tanıdaraq ən geridə qalmış ölkədən ən qabaqcıl respublikalar sırasına qaldırdı.

Bu böyük azərbaycanlı xalqının gələcəyini düşünərək, hələ XX əsrin 70-80-ci illərində respublikamızda nəhəng neftayırma kompleksi sistemlərinin, müasir səviyyəli neft donanmasının yaradılmasına, keçmiş SSRİ-də analoqu olmayan Bakı Dərin Özüllər Zavodunun tikilməsinə nail olmuşdur. Bakı Elektrik Maşınqayırma, Bakı Məişət Soyuducuları Zavodu, Radiozavod, Elektron hesablayıcı maşınları Zavodu, Sumqayıt Kompressorlar Zavodu, Gəncə Büllur Zavodu, "Azon", "Alunit" zavodları və digər sənaye obyektləri Ümummilli Liderin şəxsi təşəbbüsləri ilə inşa edilmişdir. Heydər Əliyevin qayğısı və diqqəti sayəsində bütün zavodlarda köhnə avadanlıqlar yenisi ilə əvəzləndi. "Bakı fəhləsi" Zavodu yenidən quruldu. "Yeni Bakı" Neftayırma zavodunda yüksək texnologiyaya malik ELOU-AVT qurğusunun, Bakı Kondisionerlər və Sumqayıt Kompressorlar zavodlarının, Sumqayıtda və Naxçıvanda iri trikotaj fabriklərinin, Polimer Tikinti Materialları və Evtikmə kombinatlarının inşası yekunlaşdı. Bütün bunlar Azərbaycanın gələcəkdə daha böyük yüksəlişinə xidmət edən amillər idi.

Ulu Öndərin təşəbbüsü və iştirakı ilə 70-80-ci illərdə Kür çayının üstündə yeni obyektlərin - Şəmkir və Yenikənd Su-Elektrik stansiyalarının təməli qoyulmuşdu ki, bunlar da onun tövsiyəsi ilə hazırlanan energetika planının tərkib hissəsi idi.

Əgər Heydər Əliyev 1970-ci illərdə Azərbaycanı keçmiş SSRİ miqyasında tanınmış respublika sırasına çıxarmağa nail olmuşdusa, 20-ci əsrin sonu, 21-ci əsrin əvvəllərində Azərbaycanı bütün dünyaya tanıtdırdı. Onun gördüyü genişmiqyaslı, nəhəng işlərlə böyük nailiyyətlərin etibarlı təməli qoyuldu.

1982-1986-cı illərdə Moskvada Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini.

Heydər Əliyev harada çalışmasından asılı olmayaraq həmişə xalqına, Vətəninə sədaqətlə qulluq etmiş, doğma Azərbaycanla heç vaxt əlaqəni kəsməmişdi. O, Moskvada SSRİ rəhbərliyində təmsil olunduğu dövrdə də respublikanın inkişafı üçün əlindən gələni əsirgəmirdi. Heydər Əliyev çox qısa bir vaxtda idarəçilik və dövlətçilik məharəti nümayiş etdirərək, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ona həvalə olunmuş bütün sahələr üzrə irəliləyişə nail oldu. Bu, onun xarizmatik şəxsiyyəti və özünəxməxsus fərdi keyfiyyətləri ilə bağlı idi. Bu istedadlı dövlət xadiminin fəaliyyəti təkcə keçmiş Sovet İttifaqında deyil, hətta onun hüdudlarından kənarda da geniş əks-səda doğurmuşdu. Heç də təsadüfi deyildir ki, xarici mətbuatda onu "Sovetlərin dəmir müsəlman rəhbəri", "Kremldəki türk" kimi dəyərləndirirdilər.

XX əsrin 80-ci illərinin sonunda - Mixail Qorbaçovun hakimiyyəti zamanında ittifaq rəhbərliyi açıq-aşkar müsəlman respublikalarının inkişafına lazımi şərait yaratmır, bu respublikaların xalqları ilə ikinci dərəcəli vətəndaşlar kimi rəftar edirdilər. Həmin dövrdə ölkənin ali rəhbərliyində təmsil olunan Heydər Əliyevin bu məsələdə tutduğu prinsipial və qətiyyətli mövqe onun Sov.İKP MK Siyasi Bürosundan və SSRİ hökumətinin tərkibindən istefası ilə nəticələndi.

Bunun ardınca M.Qorbaçovun və onun ətrafındakı millətçi erməni dairələrinin Azərbaycana təzyiqləri daha da gücləndi. Azərbaycanı parçalamaq, etnik münaqişəyə cəlb etmək məqsədilə Dağlıq Qarabağ problemi ortaya atıldı.

Dağlıq Qarabağ problemini alovlandırmaq üçün şəxsən M.Qorbaçovun göstərişi ilə SSRİ Təhlükəsizlik Komitəsi 26-28 fevral 1988-ci ildə Sumqayıt hadisələrini törətdi və bununla Ermənistandan və Dağlıq Qarabağdan, dünyada olan bütün qanunvericilik aktlarına zidd olaraq, qeyri-insani yolla, vəhşiliklər törətməklə azərbaycanlıların etnik təmizləmə yolu ilə çıxarılmasına nail oldular. Biz Sumqayıt hadisələrinin törədilməsinin əsas səbəbini onda başa düşdük: yəni həmin hadisəni bəhanə kimi bütün dünyaya təqdim edəndə, ərazilərimizin 20%-ni işğal edəndə, Xocalı soyqırımı törədəndə və azərbaycanlılarsız Ermənistan yaradanda.

SSRİ rəhbərliyinin himayəsi ilə dünya erməni diasporunun və erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərdən qəzəblənən millət ayağa qalxdı. M.Qorbaçov isə bunları dövlət çevrilişinə cəhd kimi qələmə verdi.

Xalqın oyanış hisslərini, qəzəbini boğmaq istəyən M.Qorbaçov törətdiklərindən kifayətlənməyərək SSRİ ordusunun 20 yanvar 1990-cı ildə Azərbaycana yeridilməsinə şəxsən göstəriş verdi. Bakıda və Azərbaycanın digər rayonlarında vəhşiliklər törədilərək 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, xeyli infrastruktur dağıdıldı.

1988-1993-cü illərdə xalqımıızın düçar olduğu bütün hadisələr Ulu Öndərin hakimiyyətdə olmadığı dövrdə baş verdi: 26-28 fevral 1988-ci il Sumqayıt hadisələri, 1990-cı il 20 Yanvar hadisəsi, 26 fevral 1992-ci il Xocalı soyqırımı, 1988-1992-ci illərdə ərazilərimizin 20 faizinin SSRİ rəhbərliyinin himayəsi ilə erməni silahlı qüvvələri tərəfindən işğalı və nəticədə bir milyona qədər qaçqın, məcburi köçkün probleminin yaranması.

1993-2003-cü illər. Ölkə ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalına, əhalisinin bir milyona qədərinin qaçqın, məcburi köçkün vəziyyətdə yaşamasına baxmayaraq, Azərbaycan təhlükəli, həyəcan dolu 20-ci əsrlə xudahafizləşərək 21-ci əsrə - inkişaf dövrünə islahatçı, yeniləşmiş dövlət kimi qədəm qoydu.

Bütün mənalı həyatını Azərbaycanın tərəqqisinə, əhalinin güzəranının, rifah halının yaxşılaşdırılmasına həsr edən Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuş torpaqlarımızın azad edilməsi, bir milyona qədər soydaşımızın öz doğma ata-baba yurdlarına qaytarılması idi. O, bunun üçün daim var qüvvəsi ilə çalışırdı.

Ulu Öndərin rəhbərliyi ilə bu problemlə bağlı genişmiqyaslı işlərdən bəzilərini diqqətinizə çatdırmaq istərdim:

* Məhz Heydər Əliyevin diplomatiyası sayəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, Azərbaycanın haqq səsi dünya ictimaiyyətinə çatdırıldı. Ermənistanın təcavüzkar siyasəti ifşa edilərək qələbəmizin siyasi, diplomatik və informativ zəmini formalaşdırıldı;

* 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının münaqişənin siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı beynəlxalq hüquq normalarına uyğun 4 qətnaməsi qəbul edildi;

* 1994-cü ildə atəşkəsə nail olundu;

* ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində tədbirlər görüldü, ABŞ Konqresinin müstəqil Azərbaycana yardım edilməsini qadağan edən Azadlığa Dəstək Aktının ədalətsiz 907-ci düzəlişinin icrası dayandırıldı.

* 1999-cu ildə beynəlxalq təcrübədə ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil edildi;

* 2000-ci il mayın 18-də onun bilavasitə iştirakı ilə "Qaçqınlar və məcburi köçkünlər: İnkişaf Problemləri və Strateji İstiqamətlər" mövzusunda beynəlxalq konfrans keçirildi;

* 1999-cu ildə Biləsuvardakı çadır düşərgələrində müvəqqəti məskunlaşmış 4 gənc məcburi köçkünün toy mərasimində iştirak etdi;

* 2002-ci ildə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün salınmış ilk qəsəbənin açılış mərasimində iştirak etdi;

* Ulu Öndərin müvafiq fərmanları ilə 2001-2002-ci illərdə Dövlət Neft Fondundan ilk ayrılmış vəsait hesabına çox qısa bir müddətdə Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi ləğv edildi.

2003-cü ildə keçirilən prezident seçkilərində ölkə əhalisi yüksək fəallıqla Heydər Əliyevin siyasi kursuna, onun layiqli davamçısı cənab İlham Əliyevə səs verməklə dövlətimizə sadiq olduqlarını, aparılan siyasəti dəstəklədiklərini bir daha nümayiş etdirdilər.

2003-2022-ci illər. Cənab İlham Əliyevin seçkilərdə öz rəqibləri üzərində parlaq qələbəsi isə Azərbaycan tarixində yeni dövrün əsasını qoydu.

Zaman etibarilə 19 il o qədər də böyük bir müddət deyil. Lakin ötən 19 il ərzində görülən işlərə qısa nəzər salsaq, bu dövrün nə qədər əlamətdar siyasi, iqtisadi hadisələrlə zəngin olduğunu, genişmiqyaslı, mühüm nailiyyətlər əldə edildiyini, dövlət quruculuğunun möhkəmləndirilməsində, xalqın rifah halının yaxşılaşdırılmasında qətiyyətli addımlar atıldığını açıq-aşkar görərik.

Azərbaycan 19 ildir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daimi tərəqqi yolunda inamla irəliləyir. 2003-2021-ci illərin siyasi, iqtisadi, sosial, hərbi və digər sahələrdə göstəricilərinin müqayisəsi və ölkəmizin hazırkı vəziyyəti bunun əyani sübutudur. Bax, budur bizi istəməyənləri, gözləri götürməyənləri qıcıqlandıran, onları məyus edən faktlar!

Ötən müddətdə əldə olunmuş uğurları yığcam şəkildə belə səciyyələndirmək olar:

* Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət məharətlə və qətiyyətlə davam etdirilərək Azərbaycan yüksək insan inkişafına malik ölkələr sırasına çıxarıldı;

* Azərbaycanda inkişaf və tərəqqinin yeni keyfiyyət mərhələsinin əsası qoyuldu, ölkəmiz iqtisadi sahədə keçid dövrünü 2009-cu ildə uğurla başa vurdu;

* Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artdı, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da gücləndirildi;

* Azərbaycan regionun lider dövlətinə, Cənubi Qafqazda investisiya kredit reytinqi alan ilk və yeganə ölkəyə, dünya miqyasında öz sözünü deyən məmləkətə çevrildi;

* Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirildi, "Əsrin müqaviləsi"nin müddəti 2050-ci ilə qədər uzadıldı;

* Ölkəmizin bütün regionlarının inkişafı təmin edildi, Azərbaycan sürətlə inkişaf edən ölkələr sırasına yüksəldi, neft kapitalı insan kapitalına çevrildi;

* Azərbaycanın 2030-cu ilədək strateji inkişafının əsas istiqamətləri müəyyənləşdirildi;

* Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edildi və 2019-2022-ci illərdə həmin Hərəkata sədrlik etdi;

* Ölkəmiz ilk süni peykini orbitə çıxartmağa müvəffəq oldu və ardınca da 2 peyk fəzaya göndərildi;

* Azərbaycan dünyada digər dövlətlərə nümunə ola biləcək tolerant ölkə kimi tanıdıldı;

* Silahlı Qüvvələr gücləndirilərək dünyada ən güclü 50 ordu sırasına yüksəldildi;

* Ölkəmizin ərazi bütövlüyü təmin edildi, işğala son qoyuldu, tarixi Zəfər qazanıldı;

* Qarabağın dirçəlişi prosesinə start verildi və bu gün uğurla davam etdirilir.

Bu siyahını xeyli artırmaq da mümkündür. Bunlar davamlı inkişafın təsdiqedici amilləridir və bu modelin müəllifi cənab İlham Əliyevdir.

Xarici təhdidlərə, qərəzli cəhdlərə, məkrli planlara, ölkənin düçar edildiyi qurama münaqişəyə və onun fəsadlarına baxmayaraq, Azərbaycan bu illər ərzində öz seçdiyi tarixi yoldan dönmədi, əksinə, irəliləməkdə qətiyyətlə davam etdi. Şübhəsiz, bütün bu uğurlara cənab Prezidentin geniş əhatəli, səmərəli fəaliyyəti sayəsində nail olunub. O, hər şeyi səbirlə, təmkinlə, ancaq planlaşdırdığı kimi, qətiyyətlə həyata keçirir. Bütün imkanları səfərbər edərək ölkənin iqtisadi qüdrətini durmadan artırdı, sənayeni, qeyri-neft sektorunu, kənd təsərrüfatını, özəl sektoru inkişaf etdirdi. O, çox gözəl bilirdi ki, güclü dövlət qurmaq üçün ilk növbədə güclü iqtisadi imkanlara malik olmaq lazımdır.

Ali Baş Komandan İlham Əliyev böyük Zəfərlə Azərbaycanın tarixinə əvəzolunmaz şanlı səhifə yazdı. Cənab Prezident bəzi dövlətlərin və beynəlxalq təşkilatların 30 ildə həll edə bilmədiklərini və həll etmək istəmədiklərini 44 gündə özü həll etdi, dövlətin və millətin üstündən qara ləkəni təmizləyərək nəyə qadir olduğumuzu sübut etdi. Bizi qalib dövlətə və millətə çevirdi, ölkəmizin ərazi bütövlüyünü təmin etdi, erməni mifini darmadağın etdi, millətə güc verdi, xalqda özünəinamı qüvvətləndirdi, cəmiyyətimizi yeniləşdirdi, ölkədə və regionda gələcək siyasi-iqtisadi inkişaf üçün etibarlı zəmin, Cənubi Qafqazda isə yeni geopolitik, geosiyasi mühit yaratdı. O, xalqına, 17 ildə yetişdirdiyi gənclərə, gücləndirdiyi orduya, onun əsgər, zabit və generallarına arxayın olduğu üçün bütün təzyiqlərə sinə gərdi, öz yolundan dönmədi və tarixi qələbəyə imza atdı.

Bu tarixi Zəfər həm də bizə dostlarımızı bir daha tanıtdı. Unutmaq olmaz ki, bu qələbədə qardaş Türkiyə və Pakistan dövlətlərinin, xalqlarının siyasi, mənəvi dəstəyinin xüsusi yeri var. 15 iyun 2021-ci ildə Türkiyə ilə Azərbaycan arasında imzalanmış ən ali sənəd - Şuşa Bəyannaməsi iki qardaş dövlət arasında hərbi əməkdaşlıqda yeni tarixi bir səhifə açdı.

Dövlətimiz və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin və həssas təbəqədən olan digər insanların problemlərinə hər zaman yüksək diqqət göstərir, onlara qayğıkeşliklə yanaşır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu gün Şuşada mədəni irsin bərpasına, mədəni tədbirlərin təşkilinə və keçirilməsinə bilavasitə rəhbərlik edir.

Zaman ötəcək, lakin xalqımız Azərbaycan salnaməsinə qızıl hərflərlə əbədi həkk olunan tarixi Zəfərlə daim fəxr edəcək.

Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə tərəqqi yolunda qətiyyətlə davam edir, qazanacağımız yeni tarixi qələbələr hələ qabaqdadır.

Belə ölkədə necə olar ki, yaşamayasan?

 

Əli HƏSƏNOV,

YAP Veteranlar Şurasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!