12 Mart 2025 09:20
277
Mədəniyyət
A- A+
Gəncədə akademik Siddiqə Məmmədovanın 100 illiyi qeyd edilmişdir

Gəncədə akademik Siddiqə Məmmədovanın 100 illiyi qeyd edilmişdir


Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda  Əməkdar elm xadimi, biologiya elmləri doktoru, akademik Siddiqə Məmmədovanın anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə akademikin məzarını ziyarət etmiş, tədbirin keçirildiyi akt salonunun önündə görkəmli alimin həyatı, onun Azərbaycan və dünya elminə göstərdiyi xidmətlərdən bəhs edən sərgi ilə tanış olmuşlar.

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova çıxış edərək Siddiqə Məmmədovanın elmi və ictimai fəaliyyətindən söz açmış, alimin gələcək nəsillər üçün örnək olduğunu diqqətə çatdırmışdır. 

Sonra Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov akademikin keçdiyi həyat yolundan, elmi fəaliyyətindən bəhs edən məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, ömrünün 60 ildən çoxunu Azərbaycan elminin inkişafına həsr edən alimin rəhbərliyi ilə institutda 5 elmlər doktoru, 70-dən çox elmlər namizədi hazırlanmışdır. 

AMEA-nın Gəncə bölməsinin sədri akademik Fuad Əliyev isə Siddiqə xanımın zəngin irsinin, apardığı tədqiqatların Azərbaycan aqrar elminin inkişafındakı müstəsna rolundan danışmış, görkəmli alimin bütün uğur və nailiyyətlərinin bünövrəsində daim gərgin zəhmətin, aqrar elmin inkişafı yolundakı səmərəli fəaliyyətin və möhtəşəm xidmətlərin durduğunu vurğulamışdır.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru dosent Zəfər Qurbanov çıxışında qeyd etmişdir ki, görkəmli ictimai xadim, yaradıcı və fədakar alim, bitki mühafizəsi sahəsi üzrə keçmiş SSRİ məkanında tanınmış entomoloq, kamil pedaqoq Siddiqə Məmmədova Azərbaycanın böyük elm xadimlərindən biri olmuşdur.

Milli Məclisin deputatı Naqif Həmzəyev, Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkbərov, Gəncə Dövlət Universitetinin kafedra müdiri Vaqif Novruzov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Şərur rayon Veteranlar Şurasının sədri Vidadi Süleymanov, Şərur rayon Şəhriyar kənd tam orta məktəbinin tədris hissə müdiri Sevda Seyidova, eləcə də akademikin tələbələri çıxış edərək Siddiqə Məmmədovanın entomoloq alim kimi fəaliyyətindən danışmış, onun yüksək insani keyfiyyətlərə malik olduğunu diqqətə çatdırmışlar.

Sonda akademik Siddiqə Məmmədovanın ailə üzvləri adından oğlu, Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini Bəhram Xəlilov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!