O, jurnalistlərin dostu, jurnalistikamızın təəssübkeşi idi
Bu il Azərbaycan mətbuatı üçün çox böyük bir bayram ilidir. 2025-ci ilin 22 iyulunda Milli Mətbuatımızın yaranmasının 150 yaşı tamam olur. Böyük düşüncə adamı Həsən bəy Zərdabinin 1875-ci ilin 22 iyulunda "Əkinçi" qəzetinin ilk sayı ilə yandırdığı çıraq bir əsr yarımdır ki, şölə saçır.
Tarixin gərdişindən "Əkinçi" qəzetinin özü çox qısa müddət ömür sürə bildi - 1877-ci il sentyabrın 29-da nəşri dayandı. Bu müddətdə onun cəmi 56 nömrəsi çapdan çıxdı. Amma belə qısa müddətlə, belə az sayla gələcəyə ötürülən işıq o qədər güclü oldu ki, özündən sonrakı 150 il Azərbaycan mətbuatının çox böyük inkişaf tarixinə çevrildi.
İstənilən tarixi insanlarsız təsəvvür etmək mümkün deyil. Tarix hansısa dövrlərin, istiqamətlərin yaranmasına əmək sərf edən şəxsiyyətlərin fəaliyyəti işığında yaranır, onların həyat yolundan istiqamət alır. Bu baxımdan, 150 illik milli mətbuatımız zamanın ayrı-ayrı çağlarında qələmi, düşüncəsi ilə ictimai fikrin inkişafına xidmət edən, ömrünü vərəq-vərəq salnaməyə çevirən yaradıcı şəxsiyyətlərimizin yaşam tarixidir.
Taleyin xoş bir təsadüfündən onlardan birinin - sovet və müstəqillik dövrü Azərbaycan jurnalistikasının parlaq simalarından olan görkəmli publisist, mütərcim, Azərbaycan Jurnalistlər Birliyinin sədri (1989-2006), Əməkdar jurnalist Hacı Hacıyevin anadan olmasının 100-cü ildönümü Milli Mətbuat tariximizin yubiley ili ilə eyni vaxta düşür.
Çəmbərəkənddən başlanan həyat
Hacı Əliheydər oğlu Hacıyev 1925-ci ildə Bakıda doğulmuşdu. Atası ticarətlə məşğul olurdu. Evləri Çəmbərəkənddə yerləşirdi. Uşaqlıq yaddaşını Hacı Hacıyev ömrün ahıl vaxtlarında qələmə aldığı, 2005-ci ildə çapdan çıxmış "Xatirələr və ya Çəmbərəkənddən başlanan həyat" memuar kitabında böyük səxavətlə öz oxucuları ilə bölüşüb. Bu kitab 1920-1940-cı illər Bakısının tarixi mənzərəsini canlandırmaq üçün çox qiymətli məxəzdir.
Yazımızın qəhrəmanı elə bir əyyamda dünyaya gəlmişdi ki, bayırda tarixin sərt rüzgarları əsir, bolşeviklərin qanlı əlləri onlara qədər min bir əziyyətlə qurulanları dağıdıb tökür, tanınmış şəxsiyyətlərimizin ömrünə son qoyurdu. Amma gedər-gəlməzə göndərilənlərin yeri də boş qalmırdı. Sadə zəhmət adamlarının evlərində doğulub böyüyənlər illər sonra həmin şəxsiyyətlərimizin yerini tutacaq yeni nəslin layiqli təmsilçiləri kimi yetişirdilər. Onlardan biri də Əliheydər kişinin ocağında dünyaya göz açmış Hacı Hacıyev idi.
Xatirələrinin ən yaddaqalan məqamlarından biri qış vaxtı evi isitmək üçün otağın ortasında qurduqları kürsü, onun üstünə salınan kürsü yorğanıdır. Uzun illər Azərbaycanda çox evlərdə qışda soyuqdan qorunmaq üçün bu üsuldan istifadə edərdilər. Kürsüdə kömür yanıb evi qızdırar, ev sakinləri dövrələmə şəkildə ayaqlarını kürsüyə tərəf uzadıb üstlərini yorğanla örtər, beləcə uzun qış gecələrində yaşlılar keçmişdə olanlardan-keçənlərdən danışar, nağıllar-rəvayətlər söylər, ev xanımları nəsə toxuyar və bütün bunlar fəsildən-fəslə böyüyən uşaqlar üçün unudulmaz xatirələrə çevrilərdi.
Həyat elə gətirəcəkdi ki, bu ocağın istisində boy atan övladlardan ikisi hər biri öz sahəsində Azərbaycanın tanınmış simalarından olacaqdı. Hacı Hacıyev jurnalistikada parladığı kimi, onun kiçik qardaşı, riyaziyyat elmində qeyri-adi istedad sahibi olan fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi Arif Babayev də dövrünün ən nüfuzlu alimlərindən biri kimi elmdə məşhurlaşacaqdı.
Qələm necə bərkidi
Hacı Hacıyevin də orta məktəbdən riyaziyyat bilikləri çox yaxşı idi. İkinci Dünya müharibəsinin ilk illərində Bakıdakı müəssisələrdə kadr çatışmadığından bir çox istedadlı həmyaşıdları kimi Hacını da işə cəlb etmişdilər. O, orta məktəbin son siniflərində oxuya-oxuya Bakıdakı emal sexlərindən birində hesabdar işləyirdi.
1943-cü ildə orta təhsilini başa vurub cəbhəyə yollandı. İki il müharibənin od-alovundan keçdi. 1950-ci ilə qədər ordu sıralarında xidmətini davam etdirdi. Həyatının həmin illərini keçmiş SSRİ-nin müxtəlif məkanlarındakı dinc-quruculuq proseslərində yaşadı.
Bu illər, onun ayrı-ayrı məqamlarını dəftərçəsinə köçürdüyü həyat lövhələri yaddaşında o qədər zəngin təəssüratlar yaratmışdı ki, mülki həyata qayıdandan sonra ömrünü jurnalistikaya bağlamağa, düşüncələrini yazılara çevirməyə qərar verdi. 1950-ci ildə ordudan tərxis olunub 25 yaşında Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil oldu. Qiyabi təhsil alması ona sevdiyi peşə ilə artıq tələbəlik illərindən məşğul olmağa imkan yaratdı.
Hacı Hacıyev jurnalistika fəaliyyətinə 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetində başladı. Əvvəlcə ədəbi işçi, sonra şöbə müdiri oldu. 1953-cü ildə isə Azərbaycan radiosunda məsul redaktor vəzifəsinə təyin edildi. Qısa müddətdən sonra baş redaktor vəzifəsinə irəli çəkildi. 1959-1961-ci illərdə Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı nəşriyyatında redaktor, 1968-1970-ci illərdə "Ekran" Yaradıcılıq Birliyinin sədri, 1970-1974-cü illərdə Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan "Müxbir" jurnalının baş redaktoru vəzifələrində çalışdı. 1974-cü ildə Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi seçilərək 1989-cu ilə qədər bu vəzifədə işlədi. 1989-cu ildən 2006-cı ilə qədər Azərbaycan Jurnalistlər Birliyinin sədri, 2006-cı ildən ömrünün sonuna qədər isə Birliyin fəxri sədri oldu.
Milli köklərə bağlı ziyalı
Hacı Hacıyevin fəaliyyətinin mühüm dövrü Azərbaycan Jurnalistlər Birliyi ilə bağlı olmuşdu. O, rəhbərlik etdiyi qurumun institusional inkişafında, müstəqillik dövründə müasir çağırışlara uyğunlaşmasında mühüm rol oynamışdı. Bu təşkilat 1955-ci ildə Azərbaycan Jurnalistlər İttifaqı Təşkilat Bürosu kimi fəaliyyətə başlamışdır. Hacı Hacıyevə qədər bu quruma müxtəlif vaxtlarda İsrafil Nəzərov, Kamran Rəhimov, Ağababa Rzayev, Rəşid Mahmudov, Rafiq Zeynalov kimi tanınmış jurnalistlər rəhbərlik etmişdilər.
Hacı Hacıyev öz zəmanəsinin övladı kimi ömrünün böyük hissəsini sovet dövründə, kommunist ideologiyasının təsirləri altında yaşasa da, milli şüura, tarixi dəyərlərimizə bağlı bir ziyalı idi və bu, özünü onun Azərbaycan Jurnalistlər İttifaqına sədrlik etdiyi illərdə daha çox büruzə verdi. Təsadüfi deyil ki, 1990-cı ilin 19-dan 20 yanvarına keçən gecə sovet ordusunun Bakıda törətdiyi qətliamlardan sonra bu cinayətə qarşı prinsipial addım atan ilk təşkilatlardan biri də məhz Hacı Hacıyevin rəhbərlik etdiyi Azərbaycan Jurnalistlər İttifaqı olmuşdu. 20 Yanvar hadisələrindən sonra Bakıda kütləvi tədbirlərin keçirilməsi qadağan olunduğu üçün Azərbaycan Jurnalistlər İttifaqının katibliyi yanvarın 30-da Gəncə şəhərində İdarə Heyətinin plenumunu keçirmiş, tədbirdə mövcud şəraitlə bağlı jurnalistlərin qarşısında duran vəzifələr geniş müzakirə olunmuşdur. Bakıda və ölkənin digər bölgələrində baş verən qanlı hadisələrin səbəbkarları kəskin tənqid edilmiş, keçmiş müttəfiq respublikaların parlamentlərinə, Jurnalistlər ittifaqlarına, o cümlədən BMT və BJF-yə müraciət qəbul edilmişdir. Həmin vaxtlar respublikada poçt və teleqraf nəzarətdə olduğundan ittifaqın əməkdaşları bu müraciəti faciəni əks etdirən fotolarla birlikdə Dağıstana apararaq oradan lazımi ünvanlara göndərmişdilər.
Həmin plenumda həmçinin Azərbaycan Jurnalistlər İttifaqı 20 Yanvar faciəsinə etiraz olaraq SSRİ Jurnalistlər İttifaqından çıxdığını bəyan etmiş, beləliklə, keçmiş ittifaq məkanında bu addımı atan ilk jurnalistlər birliyi olmuşdu. Həmin plenumda "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul gününün Milli Mətbuat Günü elan edilməsi ilə bağlı da təşəbbüs irəli sürülmüşdü. Hacı Hacıyev bununla əlaqədar dövlət orqanları qarşısında məsələ qaldırmış və təşəbbüs qəbul edilmişdi.
Ona qədər keçmiş ittifaqın hər yerində olduğu kimi, Azərbaycanda da "Pravda" qəzetinin nəşrə başladığı tarix - 5 may günü Mətbuat Günü kimi qeyd edilirdi. Hacı Hacıyev məlum təşəbbüsü ilə Azərbaycan jurnalistikasında tarixi bir başlanğıca vəsilə oldu. 22 iyul gününün ölkəmizdə böyük bir bayrama - jurnalistlərimizin peşə bayramına çevrilməsinin səbəbkarına çevrildi.
1992-ci ildə Azərbaycan Jurnalistlər Birliyi adlandırılan qurum sonrakı dövrlərdə də onun rəhbərliyi ilə ölkəmizdə peşəkar jurnalistikanın yaranmasında müstəsna xidmətlər göstərdi. Fikir və söz azadlığının, plüralizmin təmin edilməsində, jurnalistlərin sosial problemlərinin həllində yaxından iştirak etdi. Hacı Hacıyevın təşəbbüsü ilə Həsən bəy Zərdabi mükafatının təsis olunması, bu mükafatın müxtəlif illərdə ölkənin peşəkar jurnalistlərinə təqdim olunması da onun Azərbaycan jurnalistikası qarşısındakı xidmətlərindəndir.
Söz sərraflarından biri
Hacı Hacıyevin Azərbaycanın milli dövlətçilik dəyərlərinə bağlılığı onun 1991-ci ildə çapdan çıxmış "İstiqlalın əzablı yolu" kitabından da görünür. Hacı Hacıyev bu kitabı Azərbaycan Xalq Cümhuriyyəti qurucularına - nəşrin ithaf hissəsində özünün də qeyd etdiyi kimi, "ömürlərini şimal buzları arasında başa vuran istiqlal mübarizələrimizin əziz xatirəsinə" həsr etmişdir. Bu baxımdan, Hacı Hacıyevi həm də Azərbaycanda Cümhuriyyət dövrünün ilk araşdırıcılarından hesab etmək olar.
Hacı Hacıyevin yaradıcılığında bədii tərcümə və publisistika da xüsusi yer tutur. O öz dövrünün ən yaxşı mütərcimlərindən sayılırdı. Müxtəlif illərdə Vasili Yanın "Çingiz xan", Ernest Heminqueyin "Əlvida, silah", "Əcəl zəngi" əsərlərini, Mövlud Məmmerinin "Ədalət yuxuda ikən", Sergey Antonovun "Cırılmış manat", Çexovun "Gecikmiş güllər", Manuel Tiaqunun "Sabahacan, yoldaşlar!", Anatoli Rıbakovun "Arbat övladları" əsərini, "Karnaval" Polşa hekayələri və novellaları toplusunu, Misir ədiblərinin hekayələrini, Maksim Qorkinin "Qoca" pyesini yüksək peşəkarlıqla Azərbaycan dilinə çevirmişdi.
Görkəmli publisist yerli mətbuatla yanaşı, xarici mətbuatda, o cümlədən Türkiyənin "Yeni forum" və "Tanıtım" jurnallarında da publisistik məqalələrlə çıxış edirdi. Hacı Hacıyev Türkiyənin Kayseri şəhərində keçirilən Ümumdünya Azərbaycan Konqresində (1990), Bodrumda təşkil olunmuş "Türk millətlərinin siyasi və iqtisadi gələcəyi" simpoziumunda (1991) da iştirak etmiş, onun Azərbaycanda milli istiqlal hərəkatı və siyasi vəziyyət probleminə dair məruzələri böyük maraqla qarşılanmışdır.
Vaxtilə "Ekran" Yaradıcılıq Birliyinin sədri olmuş Hacı Hacıyev çoxsaylı sənədli filmin də ssenari müəllifi idi. 1967-ci ildə lentə alınmış "Mənim Mingəçevirim", 1969-cu ildə dahi bəstəkarımız Qara Qarayevə həsr olunmuş "Üçüncü simfoniya", 1969-cu ildə unudulmaz rəssam Səttar Bəhlulzadə haqqında çəkilmiş "Bu, Səttar Bəhlulzadədir", 1970-ci ilə aid "Axtarış həvəsi" filmlərinin ssenariləri onun qələminə məxsusdur.
Hacı Hacıyev söz sərrafı sayıla biləcək yaradıcı adamlardan idi. O, mətni həssaslıqla duyar, peşəkarcasına qələmə alınmış yazıları yüksək qiymətləndirər, eyni zamanda naşı mətn, cümlələr arasına düşmüş hansısa "haram söz" onu təbdən çıxarardı.
Hacı müəllim onu tanıyan hər kəsin yaddaşında son dərəcə təvazökar, çox görünməyə, özünütəqdimə can atmayan bir insan kimi xatırlanır. Bu sətirləri yaza-yaza tam əminik ki, Hacı Hacıyev 100 yaşında belə qədirşünaslıqla anılacağını, haqqında yazıların yazılacağını da qətiyyən düşünmürdü. Amma söz ona könül verəni heç vaxt unutmaz. Necə ki 2008-ci il fevralın 23-də dünyasını dəyişən Hacı Hacıyevi də unutmur, 100 yaşının tamamında prinsipiallığı, qətiyyəti və bir də insanlığı, xeyirxahlığı ilə iz qoyan ziyalımızı sevgi və rəğbətlə yada salır.
İradə ƏLİYEVA,
"Azərbaycan"