05 Mart 2026 08:05
225
SİYASƏT
A- A+
Heydər Əliyev ideologiyası: dövlətçiliyin mükəmməl fəaliyyət əsası

Heydər Əliyev ideologiyası: dövlətçiliyin mükəmməl fəaliyyət əsası


Tarix, müasirlik və strateji hədəflər kontekstində


Heydər Əliyev ideologiyası Azərbaycan siyasi düşüncə tarixində zərurət kimi meydana çıxmış, mürəkkəb siyasi şəraitdə formalaşaraq sistemli dövlətçilik konsepsiyasına çevrilmiş unikal ideoloji modeldir. Bu ideologiyanın mahiyyətində milli maraqların və dövlətçilik əsaslarının təmini və qorunması, güclü dövlət institutlarının yaradılması və cəmiyyətlə hakimiyyət arasında tarazlı münasibətlərin qurulması dayanır. Ən önəmlisi budur ki, ideologiya anlayışı burada formal siyasi nəzəriyyə kimi yox, gerçək idarəçilik mexanizmlərini formalaşdıran praktik düşüncə sistemi kimi çıxış edir.


Dövlətçilik konsepsiyasına çevrilən ideyalar


XX əsrin ikinci yarısında Azərbaycanın daxil olduğu siyasi sistem Heydər Əliyevin idarəçilik dünyagörüşünün formalaşmasında mühüm rol oynadı. Məhz bu dövrdə siyasi liderlik fərdi xarakter xüsusiyyətləri ilə yanaşı, institusional təcrübə, strateji planlama və uzunmüddətli məqsədlərə əsaslanan idarəçilik bacarığı ilə səciyyələndirildi. Heydər Əliyevin fəaliyyətində ideoloji xətt situativ qərarlardan ibarət olmadı, tam əksinə, mərhələli şəkildə inkişaf etdirilən və gələcək dövlətçilik modelinin əsasını təşkil edən konsepsiyaya çevrildi.

Sovet idarəçilik məktəbinin texniki və inzibati mexanizmləri milli siyasi şüurla, həmçinin müasir dövrün zəruri çağırışları ilə uzlaşdırılaraq yeni keyfiyyət mərhələsinə keçirildi. Bu sintez idarəetmədə mərkəzləşmə ilə yanaşı, milli özünəməxsusluğun nəzərə alınmasına imkan yaratdı. Nəticədə dövlət strukturları formal institutlar səviyyəsindən çıxaraq cəmiyyətin real ehtiyaclarına cavab verən işlək mexanizmlərə çevrildi. Bu mərhələdə ideologiya milli fəaliyyətin siyasi legitimliyinin təmin olunması ilə bərabər, həm də milli özünüdərk prosesinin güclənməsinə xidmət etdi.

Vaxtilə hakimiyyətdə olan qaragüruh sovetlər dövründəki tariximizin üstündən xətt çəkməyə və bu dövrün mütərəqqi şəxsiyyətlərini qaralamağa çalışırdı. Əlbəttə, bu yanaşma nə elmi-metodoloji, nə də nəzəri-konseptual baxımdan düzgün idi. Lakin Ümummilli Lider Heydər Əliyev uzun illərdən sonra Azərbaycan Respublikası Ali Sovetində ilk çıxışında bu ideoloji məsələlərə ictimaiyyət üçün tam aydınlıq gətirdi. O deyirdi: "Biz hamımız bu ittifaqın mövcud olduğu dövrdə dünyaya gəlmişik, təhsil-tərbiyə almışıq, formalaşmışıq. Biz hamımız, hər halda tam əksəriyyətimiz bu ittifaqa həddindən artıq inanmışıq, sədaqətlə xidmət etmişik, xalqımızın səadətini, xoşbəxt gələcəyini bu ittifaq daxilində görmüşük. Mən və mənlə birlikdə xeyli müddət respublikaya rəhbərlik edən həmkarlarım ittifaqın möhkəmlənməsi üçün daim çalışmış, Azərbaycan xalqında da bu ittifaqa sadiqlik və məhəbbət hissiyyatları yaratmağa cəhd etmişik.

Fəqət son illərdə dünyada, ölkədə gedən ictimai-siyasi proseslər keçmişimizə münasibəti, ümumi dünyagörüşünü dəyişdirmiş, Sovet İttifaqında mərkəzlə respublikalar arasında olan iqtisadi, siyasi əlaqələr açılmış, çılpaqlaşmış, hansı tərəfin daha çox xeyir götürdüyü, zərər çəkdiyi aydınlaşmışdır. Bir neçə respublikada baş vermiş milli demokratik hərəkatların ittifaq dövləti tərəfindən zorakılıqla, hərbi qoşun hissələri vasitəsilə boğulması tədbirləri ittifaqın imperiya siyasəti apardığını tam aşkar etmişdir. İttifaq dağılmağa başlamışdır".

Heydər Əliyev sovet ideologiyasının imperiya mahiyyətini açıb göstərir və yolumuzun artıq müstəqillikdən keçdiyini, öz taleyimizi özümüzün həll etməli olduğumuzu birmənalı şəkildə bildirirdi. Ulu Öndərin bu çıxışı müasir Azərbaycanın müstəqil düşüncəli, vətənpərvər gənclərinin diqqətini cəlb etməyə bilməzdi. Təsadüfi deyil ki, Azərbaycanın müstəqilliyi yolunda mübarizə aparan gənclər məhz Heydər Əliyevin ətrafında birləşməyə başladılar və ölkəmizin müstəqillik yolunun sağlam gedişinin məhz dahi liderin fəaliyyətindən asılı olacağı qənaətinə gəldilər. Zaman həmin gənclərin doğru qərar qəbul etdiyini göstərdi. Biz bu gəncləri həmin çətin və ziddiyyətli dövrlərdə sağlam mövqe nümayiş etdirməkdə ön sıralarda gördük, Heydər Əliyevi müdafiə edən aksiyalarda, yaş senzinə qarşı təşkil olunmuş mitinqlərdə onların aktiv iştirakına şahid olduq. 


Tarixi irs müasir çağırışların ideoloji əsasıdır


Azərbaycanın müstəqillik əldə etməsi Heydər Əliyev ideologiyasının növbəti - yetkinlik mərhələsini formalaşdırdı. Yeni siyasi reallıqlar şəraitində ideologiya sabitləşdirici və istiqamətləndirici funksiyanı üzərinə götürdü. Dövlət quruculuğu, hüquqi sistemin təşkili, ictimai-siyasi sabitliyin təmin olunması və beynəlxalq münasibətlərdə balanslı xəttin seçilməsi bu ideologiyanın praktik tətbiq sahələrini təşkil etdi. 

Bu mərhələdə ideoloji yanaşma artıq nəzəri çərçivədən çıxaraq dövlətin fəaliyyət mexanizminə çevrildi. Xarici və daxili siyasətimiz vahid ideoloji xətdə birləşərək Azərbaycanı strateji hədəflərinə düzgün istiqamətləndirdi.

Prezident İlham Əliyevin dəyərli fikri bunu tam əsaslandırır: "Dünya dövlətləri ilə xarici siyasət əlaqələrinin hüquq bərabərliyi və qarşılıqlı fayda prinsipləri əsasında qurulması nəticəsində Azərbaycan beynəlxalq aləmdə, sözün əsl mənasında, müstəqil siyasət həyata keçirən bir dövlət kimi öz layiqli yerini tutdu. Cənab Heydər Əliyevin zəngin siyasi təcrübəsi, bölgədə, ümumiyyətlə, dünyada gedən siyasi proseslərə qlobal mövqedən yanaşması hətta Azərbaycana qarşı açıq-aydın soyuq münasibət bəsləyən ölkələrlə də əlaqələrin normallaşdırılması və inkişaf etdirilməsinə gətirib çıxardı. Beləliklə, xarici siyasət sahəsində tarazlaşdırılmış münasibətlərin qurulması nəticəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeyi xeyli dərəcədə möhkəmləndi. Ümumiyyətlə, müasir Azərbaycan dövlətçiliyinin əsasını qoymuş cənab Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub saxlanması, inkişaf etdirilməsində, Azərbaycanın dünya dövlətləri sırasında layiqli yer tutmasında müstəsna xidmətləri vardır".

Azərbaycan xalqının milli xüsusiyyətlərinə görə Şərq adət-ənənələrini özündə ehtiva edən zəngin tarixi və mədəni irsi mövcuddur. Şərq xalqları öz rəhbərlərini fenomen kimi qəbul etməklə onların liderlik xüsusiyyətlərinə çox önəm verirlər. Bu xalqlar zəruri liderlik keyfiyyətlərini özündə əks etdirməyən şəxsiyyətləri qəbul etmirlər. Bu təcürbə müasir Azərbaycanın siyasi həyatında dəfələrlə təkrar olunub.   


Liderlik faktoru


Heydər Əliyev ideologiyasının əsas dayaqlarından biri liderlik faktorudur. Liderin siyasi iradəsi, uzaqgörənliyi və məsuliyyətli qərarvermə bacarığı ideoloji sistemin dayanıqlığını təmin edən əsas elementlər kimi çıxış edir. Bu baxımdan Heydər Əliyev yalnız tarixi şəxsiyyət statusunda qiymətləndirilmir, o həm də müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji memarı kimi çıxış edir. Onun formalaşdırdığı siyasi xətt fərdi nüfuzla məhdudlaşmayaraq, institusional mexanizmlər vasitəsilə davamlılıq qazanır.

Beləliklə, Heydər Əliyev ideologiyasının formalaşması tarixi şərait, idarəçilik təcrübəsi və milli siyasi düşüncənin sintezi əsasında baş vermişdir. Bu ideologiya keçmişin təcrübəsini müasir idarəçilik prinsipləri ilə birləşdirərək gələcəyə yönəlmiş dövlətçilik modelini ortaya qoyur.

Milli ideologiyanın siyasi sistem daxilində funksionallaşması onun liderlik paradiqması ilə uzlaşma səviyyəsindən birbaşa asılıdır. Müasir siyasi nəzəriyyədə ideologiya yalnız normativ dəyərlər toplusu kimi yox, daha çox məhz qərarvermə mexanizmlərini istiqamətləndirən konseptual çərçivə kimi dəyərləndirilir. Azərbaycan dövlətçilik modelində bu çərçivə liderlik fenomeni ilə institusional səviyyədə birləşdirilərək xüsusi siyasi konsepsiya forması almışdır.

Heydər Əliyev siyasi konsepsiyasında liderlik fərdi hakimiyyət texnologiyası kimi nəzərdən keçirilmir. Burada liderlik rasional legitimlik, hüquqi əsaslandırma və strateji məqsədyönlülük üzərində qurulan idarəetmə mexanizmi kimi çıxış edir. Bu yanaşma liderin subyektiv qərarverici rolunu sistem daxilində funksional elementə çevirir. Beləliklə, siyasi iradə institusional strukturun davamlılığı ilə qarşılıqlı əlaqədə formalaşır və ideoloji xətt idarəetmənin metodoloji əsasına çevrilir.

Milli ideologiyanın liderlik modeli ilə əlaqələndirilməsi siyasi sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bu modeldə sabitlik statik vəziyyət kimi yox, dəyişən sosial və beynəlxalq şərtlər daxilində idarə olunan dinamika kimi qəbul edilir. Liderlik bu dinamikanın tənzimləyici mexanizmi funksiyasını daşıyır və ideologiyanın adaptasiya imkanlarını genişləndirir. Nəticədə siyasi sistem çevik olmaqla yanaşı, strateji istiqamətini itirmir.

Heydər Əliyev siyasi düşüncəsində liderlik modeli milli maraqların konseptual çərçivədə müəyyənləşdirilməsi ilə xarakterizə olunur. Milli maraq anlayışı burada situativ siyasi məqsədlərin cəmi kimi formalaşmır, əksinə, dövlətin uzunmüddətli inkişaf perspektivlərini müəyyən edən struktur kateqoriya kimi təqdim edilir. Liderlik məhz bu maraqların qorunması və institusional səviyyədə reallaşdırılması funksiyasını icra edir. Bu yanaşma ideologiyanı populist diskursdan ayıraraq elmi əsaslandırılmış siyasi strategiyaya çevirir.

Bu kontekstdə bir məqamı xatırlayaq. Dahi lider gəncləri xaricə təhsil almağa göndərərkən onlara tövsiyə verirdi: "Dilinizi, dininizi və azərbaycanlı olduğunuzu heç vaxt unutmayın. Unutmayın ki, siz müstəqil Azərbaycanın vətəndaşısınız və bununla fəxr edin".

Gənc nəslə edilən bu nəsihət milli mənlik şüurunun formalaşmasında, milli özünəməxsusluğun qorunmasında, onların gələcək nəsillərə çatdırılmasında mühüm amilə çevrilir. 

Heydər Əliyev tərəfindən irəli sürülmüş və azərbaycançılıq milli ideologiyasının məhək daşına çevrilmiş "Hər bir şəxsin milli mənsubiyyəti onun qürur mənbəyidir! Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki azərbaycanlıyam!" şüarının yaratdığı vətənpərvərlik çoşqusu yaddaşımıza hopur.


İdeoloji doktrinaya çevrilən siyasi şüarlar


Türkçülüyün patriarxlarına böyük hörmətini ifadə edən dahi siyasətçi Heydər Əliyevin ideoloji doktrinaya çevrilən siyasi şüarları da bu silsilənin davamıdır. Prezident İlham Əliyevin bu barədə fikirləri maraq doğurur. Möhtərəm Prezidentin bu rəyi, fikrimizcə, ən dolğun istiqamətverici mülahizədir: "Biz elə etməliyik ki, bundan sonrakı illərdə, əsrlər boyu həmişə bir yerdə olaq. Türk dünyasının böyük liderləri bizə bunu vəsiyyət etmişlər. XX əsrin əvvəllərində böyük Atatürkün məşhur kəlamları bu gün də öz aktuallığını saxlayır. XX əsrdə Azərbaycan xalqının böyük lideri Heydər Əliyevin kəlamları da bizim üçün həmişə yol göstərir. O demişdir ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Biz bu tarixi şəxsiyyətlərin sözlərinə sadiqik. Bu sadiqliyi ürəyimizdə saxlayırıq. Elə etməliyik ki, gələcək nəsillər də bu dostluq, qardaşlıq şəraitində yaşasınlar, daim bir-birinə kömək etsinlər, daim bir-birinin qayğıları ilə yaşasınlar. Bu iki tarixi ifadə, sadəcə olaraq, sözlər deyildir. Onun arxasında çox dərin məna dayanır. Bu tarixi kəlamlar bizim yolumuzu işıqlandırır. Bizim yolumuz həmişə açıq olmalıdır, nurlu olmalıdır. Bunu təmin etmək üçün biz həmişə bir yerdə olmalıyıq".

Siyasi məktəb anlayışı kontekstində Heydər Əliyev konsepsiyası normativ idarəçilik modeli kimi çıxış edir. Bu model konkret qərarların toplusu ilə məhdudlaşmayaraq siyasi davranış standartlarını, məsuliyyət anlayışını və idarəetmə mədəniyyətini formalaşdırır. Liderlik bu mədəniyyətin daşıyıcısı olmaqla yanaşı, onun davamlılığını təmin edən mexanizm rolunu oynayır. Bu baxımdan siyasi məktəb anlayışı ideoloji varisliyin nəzəri əsasını təşkil edir.

Liderlik modelinin institusional səviyyədə təzahürü ideologiyanın şəxslərdən asılılığını minimuma endirir. Bu proses nəticəsində ideoloji xətt fərdi liderin fiziki varlığı ilə məhdudlaşmayan siyasi reallığa çevrilir. Dövlət institutları liderlik konsepsiyasının tətbiq müstəvisinə çevrilir və ideologiya normativ-hüquqi sistemlə üzvi şəkildə bağlanır. Beləliklə, liderlik ideologiyanı əvəz etmir, onun işlək mexanizmini təmin edir.

Bu nəzəri çərçivədə Heydər Əliyev tərəfindən formalaşdırılan liderlik konsepsiyası milli ideologiyanın funksional modelə çevrilməsinin əsas determinantı kimi çıxış edir. Sözügedən model siyasi sistemin sabitliyini idarəetmə praktikası səviyyəsi ilə yanaşı, ideoloji legitimlik müstəvisində möhkəmləndirir.


Heydər Əliyev ideologiyasının hüquqi-institusional mahiyyəti: normativ legitimliyin konseptual modeli


Milli ideologiyanın dövlətçilik sistemində davamlı siyasi mexanizmə çevrilməsi onun hüquqi və institusional əsaslar üzərində qurulmasını zəruri edir. Bu baxımdan Heydər Əliyev ideologiyası dəyərlər toplusu olmaqla yanaşı, normativ idarəetmə modelinin formalaşdırılmasına yönəlmiş konseptual sistem kimi çıxış edir. Hüquq burada ideologiyanın tətbiq müstəvisini, institutlar isə onun icra mexanizmini təşkil edir.

Heydər Əliyevin siyasi baxışlarında hüquqi legitimlik dövlət idarəçiliyinin əsas dayağı kimi təqdim olunur. O, qanunun aliliyini dövlətin mövcudluq şərti kimi dəyərləndirərək qeyd edirdi: "Qanun hamı üçün eynidir və qanunun aliliyi təmin edilmədən hüquqi dövlət qurmaq mümkün deyil".

Bu yanaşma ideologiyanın şəxsi iradədən asılı olmadan, normativ çərçivə daxilində fəaliyyət göstərməsini təmin edən əsas prinsip kimi çıxış edir.

İnstitusional baxımdan Heydər Əliyev ideologiyası dövlət hakimiyyətinin bölgüsü, funksional məsuliyyət və idarəetmə səmərəliliyi üzərində qurulmuşdur. Dövlət institutları ideologiyanın real siyasi nəticələrə çevrilməsini təmin edən hüquqi subyektlər kimi fəaliyyət göstərir. Bu model institusional sabitliklə yanaşı, qərarların normativ əsaslandırılmasını ön plana çıxarır.

Heydər Əliyev ideologiyasında hüquqi dövlət anlayışı milli müstəqillik konsepsiyası ilə üzvi şəkildə bağlıdır. Bu kontekstdə onun məşhur fikri ideologiyanın normativ mahiyyətini aydın ifadə edir: "Dövlət müstəqilliyi bizim ən böyük sərvətimizdir və bu müstəqillik yalnız möhkəm hüquqi əsaslar üzərində yaşaya bilər".

Beləliklə, hüquq ideologiyanın qoruyucu mexanizmi, institutlar isə onun davamlılığını təmin edən struktur elementlər kimi çıxış edir.

Hüquqi-institusional mexanizmlərin sistemləşdirilməsi ideologiyanın adaptasiya imkanlarını genişləndirir. Normativ çərçivə dəyişən siyasi və sosial reallıqlara uyğunlaşmanı təmin edir, institusional mexanizmlər isə bu uyğunlaşmanı idarəolunan prosesə çevirir. Nəticədə ideologiya statik doktrina statusundan çıxaraq dinamik dövlətçilik modelinə çevrilir.

Bu mənada Heydər Əliyev tərəfindən formalaşdırılmış ideoloji sistem hüquq və institutlar vasitəsilə normativ legitimlik qazanmış, idarəetmənin rasional əsaslarına söykənən siyasi model kimi təşəkkül tapmışdır.

Siyasi ideologiyanın tarixi dəyərinin əsas meyarı ideoloji xəttin kritik tarixi anlarda dövlətin taleyini müəyyən edə bilməsidir. Bu baxımdan Heydər Əliyev ideologiyası müasir Azərbaycan tarixində suverenliyin tam bərpası, ərazi bütövlüyünün təmin edilməsi və dövlətin regional güc mərkəzinə transformasiyası kimi fundamental proseslərin əsasını təşkil edir. Bu ideologiya zamanla dəyişən geosiyasi reallıqlara uyğunlaşaraq strateji idarəetmə modelinə çevrilmişdir.

Heydər Əliyevin siyasi konsepsiyasında suverenlik anlayışı yalnız formal müstəqilliklə məhdudlaşmırdı. O, suverenliyi dövlətin siyasi qərarlarını müstəqil qəbul etmək, milli maraqları beynəlxalq sistemdə qorumaq və təhlükəsizlik mexanizmlərini öz resursları hesabına təmin etmək bacarığı kimi dəyərləndirirdi. Məhz bu baxış sonrakı mərhələdə güclü ordu quruculuğu, iqtisadi müstəqillik və balanslaşdırılmış xarici siyasət xəttinin ideoloji bünövrəsini formalaşdırdı.


İdeoloji xəttin strateji uğurları: siyasi varislik


Bu ideoloji xəttin praktiki nəticəsi olaraq Azərbaycan dövləti uzunmüddətli strateji səbir və rasional güc siyasəti həyata keçirdi. Hərbi, siyasi və diplomatik resursların paralel şəkildə inkişaf etdirilməsi nəticəsində dövlət öz tarixi məqsədinə - ərazi bütövlüyünün bərpasına nail oldu. 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər təsadüfi hərbi uğur kimi yox, onilliklər ərzində formalaşdırılmış ideoloji, institusional və strateji hazırlığın məntiqi yekunu kimi qiymətləndirilməlidir.

Bu kontekstdə Heydər Əliyev ideologiyasının əsas üstünlüyü onun uzunmüddətli strateji düşüncə üzərində qurulmasıdır. Ordunun dövlətin əsas dayağı kimi formalaşdırılması, milli təhlükəsizlik konsepsiyasının yaradılması və diplomatik balans siyasəti sonradan real güc faktoruna çevrildi. Heydər Əliyevin vaxtilə irəli sürdüyü "güclü dövlət - güclü ordu" prinsipi müasir mərhələdə öz tarixi təsdiqini tapdı.

İdeoloji varislik mexanizmi bu prosesdə həlledici rol oynadı. İlham Əliyev dövründə Heydər Əliyev ideologiyası yeni beynəlxalq reallıqlar fonunda daha çevik və funksional formada tətbiq olundu. Dövlətin siyasi iradəsi hərbi güclə, diplomatik əsaslandırma beynəlxalq hüquqla, informasiya siyasəti isə qlobal kommunikasiya mühiti ilə uzlaşdırıldı. Bu sintez Azərbaycanın yalnız döyüş meydanında yox, beynəlxalq siyasi müstəvidə də üstün mövqe qazanmasını təmin etdi.

Zəfərdən sonra suverenliyin tam bərpası prosesi ideologiyanın növbəti mərhələsini formalaşdırdı. Ölkənin bütün ərazisində konstitusion nəzarətin təmin edilməsi, hüquqi idarəetmə mexanizmlərinin bərpası və mərkəzləşdirilmiş dövlət hakimiyyətinin tətbiqi Heydər Əliyev ideologiyasının hüquqi-institusional davamı kimi çıxış etdi. Bu mərhələ göstərdi ki, ideologiya yalnız müharibə dövrü üçün yox, postmünaqişə dövrünün idarə olunması üçün də işlək model təqdim edir.

Azərbaycanın müasir dövrdə regional və funksional güc mərkəzinə çevrilməsi bu ideoloji xəttin ən yüksək mərhələsidir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, siyasi təşəbbüslər və beynəlxalq vasitəçilik imkanları dövlətin təsir dairəsini genişləndirmişdir. Azərbaycan artıq regional proseslərin passiv iştirakçısı kimi çıxış etmir, o, siyasi gündəlik formalaşdıran, strateji qərarlara təsir göstərən aktora çevrilmişdir.

Beləliklə, Azərbaycanın 44 günlük Zəfəri, tam suverenliyin bərpası və müasir dünyada güc mərkəzlərindən birinə transformasiyası Heydər Əliyev ideologiyasının tarixi sınaqdan çıxmış praktik təsdiqidir. Bu nəticə hərbi güc, iqtisadi imkanlar və diplomatik bacarıqların mexaniki cəmi ilə izah olunmur. Onun əsas mənbəyi ideoloji ardıcıllıq, strateji liderlik və dövlətçilik təfəkkürünün davamlılığıdır. Məhz bu xüsusiyyətlər Heydər Əliyev ideologiyasını Azərbaycan dövlətinin müasir inkişaf mərhələsində həlledici və sistemyaradan amilə çevirir.

Dünya düzəninin yenidən konfiqurasiya edildiyi indiki siyasi kataklizmlər dövründə dünyada və regionumuzdakı gərginliklər fonunda siyasi sabitliyin təmin olunduğu bir ölkədə yaşamaq yalnız çevik düşüncəli, dünyada gedən proseslərə nüfuz edə bilən böyük lider sayəsində mümkün ola bilər. ABŞ-Azərbaycan münasibətləri bunun bariz nümunəsidir. Dünyanın ən güclü dövlətinin başçısı D.Trampın Prezident İlham Əliyevə açıq rəğbət bəsləməsi təkcə şəxsi hörmət nümunəsi deyil. Bu, dünya siyasi səhnəsində öz yerini müəyyən etmiş, müasir çağırışlara cavab verən liderimizin qətiyyətli fəaliyyəti nəticəsində mümkün olmuşdur. 

Bu sistematik strateji hədəflərə ünvanlanmış davamlı siyasət Ulu Öndər Heydər Əliyevin yaratdığı ideoloji məktəbin gerçək davamçısı, uğurlu siyasi varisi İlham Əliyevin sayəsində mümkün olmuşdur. 

Heydər Əliyev ideologiyası Azərbaycan dövlətinin təməl prinsiplərini ehtiva edir və onun mövcudluğunun mükəmməl ideoloji əsasına çevrilir. Yəni Heydər Əliyev ideyaları Azərbaycanın dövlətçilik ideologiyasıdır. 

Azərbaycanın dövlətçilik və müstəqillik kursu məhz Heydər Əliyev ideologiyasının prinsipləri əsasında təşəkkül tapır, mövcudluğunu qoruyur və strateji hədəflərini müəyyənləşdirir. 

Azərbaycan cəmiyyəti məhz Heydər Əliyev ideologiyası kontekstində zamanın yeni çağırışlarına, müasir təfəkkür tərzinə adaptasiya olunur və davamlı təkmilləşir.

Azərbaycan vətəndaşı məhz Heydər Əliyev ideologiyası zəminində qlobal trendlərə uyğunlaşaraq, milli özünəməxsusluğunu qoruyur, bəşəri dəyərləri əxz edərək kamil və yetkin milli düşüncəli insan kimi formalaşır.

Dövlətin, cəmiyyətin və fərdin - bu "sosial üçbücağ"ın bütün fəaliyyət və baxış istiqamətlərində Heydər Əliyev ideologiyası ən mükəmməl "yol xəritəsi"nə, keçmişdən bu günə və sabaha keçidin ideoloji uğur formuluna, ən effektiv istinadına çevrilir.

Heydər Əliyev ideologiyası birmənalı olaraq, dövlətçilik ideologiyasıdır!


Sadiq QURBANOV, 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropada sığınacaq axtaranların sayı xeyli azalıb

09:15
05 Mart

"Alimlərin sultanı"

09:10
05 Mart

Növbəti Beynəlxalq Xalça Festivalı mayda keçiriləcək

09:05
05 Mart

Bənzərsiz memarlıq abidəsi 

09:00
05 Mart

Özü xalqın xatirəsində, adı zamanın yaddaşında yaşayır

08:55
05 Mart

"Şəhid ismi yazılaydı soyadım..."

08:50
05 Mart

Lənkəranda sənət hadisəsi - "Gəlinlik paltarı"nın səhnə təntənəsi

08:45
05 Mart

250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü" təqdim olunub

08:40
05 Mart

Azərbaycan nəqliyyat sektorunda yeni dönəm - daha sürətli, daha rahat, daha səmərəli

08:35
05 Mart

Gücümüz birliyimizdədir

08:30
05 Mart

Azərbaycan Avropanın enerji xəritəsini yenidən cızır

08:25
05 Mart

Regional sabitlikdən beynəlxalq həmrəyliyə 

08:20
05 Mart

Ölkəmizin enerji sahəsində hədəfləri böyükdür

08:15
05 Mart

Azərbaycanın dayanıqlı gələcəyə aparan enerji strategiyası

08:10
05 Mart

Heydər Əliyev ideologiyası: dövlətçiliyin mükəmməl fəaliyyət əsası

08:05
05 Mart

Azərbaycanın sərhəd tanımayan enerji siyasəti

08:00
05 Mart

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında

01:55
05 Mart

Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında

01:55
05 Mart

"Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar"ın təsdiq edilməsi haqqında

01:54
05 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:52
05 Mart

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 84-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 27 yanvar tarixli 295 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:52
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!