Dünya yenidən narahat bir dövrün içindən keçir. Müharibələr, təhlükəsizlik təhdidləri, kiberhücumlar və qlobal təchizat zəncirlərində yaranan problemlər artıq yalnız siyasi bəyanatların mövzusu deyil, insanların gündəlik həyatına təsir edə biləcək real ssenarilər kimi müzakirə olunur. Böyük Britaniyanın əhaliyə fövqəladə hallara hazırlaşmaq çağırışı da bu narahatlığın yeni ifadəsidir.
“The Times” qəzetinin məlumatına görə, Britaniya hökumətinin başladığı “Be Ready” (“Hazır ol”) kampaniyası insanları mümkün böhranlara qarşı əvvəlcədən tədbir görməyə çağırır. Əhaliyə evdə ən azı üç günə kifayət edəcək ərzaq və su saxlamaq, dərmanları, fənərləri, radioqəbulediciləri, enerji yığan qurğuları, nağd pulu və vacib sənədlərin surətlərini hazır vəziyyətdə tutmaq tövsiyə olunur.
İlk baxışdan adi məişət məsləhətləri kimi görünən bu tövsiyələrin arxasında isə daha ciddi bir reallıq dayanır: müasir cəmiyyətin gündəlik rahatlığı enerji, rabitə, nəqliyyat və ərzaq təchizatı kimi sistemlərin fasiləsiz fəaliyyətindən asılıdır. Bu zəncirin bir halqası qırıldıqda, ən adi ehtiyac belə problemə çevrilə bilər. Elektrik kəsildikdə telefonun enerjisi tükənə, ödəniş sistemləri işləməyə, mağazalarda alış-veriş çətinləşə, evlərdə gündəlik həyat iflic vəziyyətinə düşə bilər.
Britaniyanın müdafiə naziri Uez Stritinq də ölkənin kiberhücumlar, təchizat zəncirinin pozulması və digər kritik ssenarilərə hazır olmasının vacibliyini vurğulayıb. Onun supermarketlərdə ödəniş sistemlərinin dayanması ilə bağlı səsləndirdiyi sual təhlükənin nə qədər gündəlik və konkret ola biləcəyini göstərir. Bəzən böhranı hiss etmək üçün uzaqdan gələn partlayış səsini eşitmək lazım deyil, işləməyən bank kartı, boş yanacaq çəni və rəfləri boşalan mağaza da həyatın adi axarını dəyişə bilər.
Ən ağrılı məqam isə budur ki, insanlar gələcəklərini qurmaq, övladlarını böyütmək, sabah üçün planlar hazırlamaq istəyərkən, eyni zamanda mümkün fəlakət gününün ehtiyatlarını da düşünməyə məcbur qalırlar. Bir vaxtlar evdə ərzaq ehtiyatı saxlamaq daha çox qənaət və məişət vərdişi sayılırdısa, indi bəzi ölkələrdə bu, fövqəladə vəziyyətə hazırlığın bir hissəsi kimi təqdim olunur. Təhlükəsizliyin gündəlik həyatın ayrılmaz mövzusuna çevrilməsi insanların üzləşdiyi qeyri-müəyyənliyin miqyasını göstərir.
Bununla belə, Britaniya hökumətinin çağırışı qaçılmaz müharibənin başlayacağı anlamına gəlmir. Fövqəladə hallara hazırlıq təbii fəlakətlər, genişmiqyaslı texniki nasazlıqlar və digər böhranlar zamanı da insanların təhlükəsizliyini qorumağa kömək edə bilər. Məqsəd qorxu yaratmaq deyil, mümkün risklər qarşısında cəmiyyətin dayanıqlığını artırmaqdır.
Bəlkə də müasir dünyanın ən ağır mənzərəsi elə budur: insanlar sabaha ümidlə baxmaq istəyirlər, amma hökumətlər onlara sabah işıqlar sönərsə, rabitə kəsilərsə, mağazalar işləməzsə nə edəcəklərini də öyrədirlər. “Hazır ol” çağırışı yalnız ehtiyat çantası hazırlamaq barədə deyil. Bu, dünyanın nə qədər kövrək sistemlər üzərində dayandığını və sülhün, sabitliyin, təhlükəsizliyin gündəlik həyat üçün nə qədər əvəzsiz olduğunu xatırladan xəbərdarlıqdır.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”