Texnoloji tərəqqi və rəqəmsal transformasiya müasir dünyada ölkələrin inkişafını müəyyən edən əsas amillər sırasında xüsusi yer tutur. Bu gün rəqəmsallaşma informasiya texnologiyalarının inkişafı və elektron xidmətlərin genişləndirilməsi ilə məhdudlaşmır. Bu proses dövlət idarəçiliyinin, iqtisadi münasibətlərin, sosial həyatın, elm və təhsilin, biznes mühitinin və bütövlükdə cəmiyyətin yeni reallıqlara uyğunlaşdırılmasını nəzərdə tutur.
Bu baxımdan Azərbaycanın son dövrdə rəqəmsal inkişaf sahəsində atdığı ardıcıl addımlar strateji əhəmiyyət daşıyır. Ölkəmizdə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiyanın vahid dövlət siyasəti çərçivəsində inkişaf etdirilməsi üçün yeni mexanizmlərin yaradılması bu istiqamətdə qarşıya qoyulan məqsədlərin miqyasını nümayiş etdirir.
Bu il fevralın 27-də Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərman bu prosesin inkişafına təkan verib. Fərmanla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Sənəddə rəqəmsal inkişaf üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi və bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi qarşıya əsas məqsədlər kimi qoyulub. Bu yanaşma rəqəmsal transformasiyanın ölkəmiz üçün geniş əhəmiyyət daşıdığını göstərir.
Dövlətimizin başçısı İlham Əliyev fevralın 27-də ölkə iqtisadiyyatında müasir texnologiyaların tətbiqinin və yerli istehsal potensialının genişləndirilməsi, habelə dövlət idarəetməsinin və infrastrukturun yüksək səviyyədə rəqəmsallaşdırılması əsasında dayanıqlı, rəqabətqabiliyyətli inkişafın təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu sənəd konkret fəaliyyət istiqamətlərini müəyyənləşdirib.
Beləliklə, mövcud vəziyyət təhlil olunub, hədəflər müəyyən edilib. Artıq bu sahədə qətiyyətli və uğurlu işlər həyata keçirilməkdədir. Rəqəmsal İnkişaf Şurasının iyunun 29-da keçirilən ilk iclası bu baxımdan mühüm hadisə olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Rəqəmsal İnkişaf Şurasının sədri Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən toplantıda ölkənin rəqəmsal inkişafının qarşıdakı mərhələsinə dair əsas istiqamətlər müzakirə edilib. İclasda çıxış edən Birinci vitse-prezident Mehriban Əliyeva bildirib ki, şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir: "Fəaliyyətimiz bütün dövlət qurumlarının birgə fəal və səmərəli işini tələb edir. Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır".
Dövrümüzdə müasir texnologiyaya malik olmaq qədər onlardan milli inkişafa uyğun şəkildə istifadə etmək də vacibdir. Rəqəmsal transformasiya yalnız yeni proqramların və platformaların yaradılması demək deyil. Əsas məsələ texnologiyanın dövlət idarəçiliyində səmərəliliyi artırması, iqtisadiyyatın rəqabət qabiliyyətini yüksəltməsi, vətəndaş üçün xidmətləri daha əlçatan etməsi və ölkənin texnoloji müstəqilliyini gücləndirməsidir.
Qeyd edək ki, rəqəmsallaşma dövlət idarəçiliyinin bütün sahələrini əhatə etdiyi kimi, qanunvericilik fəaliyyətinə də yeni imkanlar gətirir.
Latın Amerikası və Karib Hövzəsi Ölkələri qrupu GRULAC-ın təşkilatçılığı ilə Argentinanın Buenos-Ayres şəhərində keçirilən "Texnoloji transformasiya, siyasi parçalanma və demokratik etimad böhranı qarşısında parlamentlərin rolu" mövzusuna həsr olunmuş Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda xüsusi qonaq qismində onlayn çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova müasir dövrdə rəqəmsal texnologiyaların dövlət təsisatlarının fəaliyyətini və onların vətəndaşlarla qarşılıqlı münasibətlərini köklü şəkildə dəyişdiyini vurğulayıb, bu prosesin parlamentlər üçün böyük imkanlar açmaqla yanaşı, həm də ciddi məsuliyyətlər yaratdığını nəzərə çatdırıb. Rəqəmsallaşmanın parlamentlərin şəffaflığını və əlçatanlığını artırdığını vurğulayan spiker texnologiyaların heç bir halda cavabdehliyi, siyasi dialoqu və güclü institusional strukturları əvəz edə bilməyəcəyini bildirib. Parlamentin sədri Azərbaycanda rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya siyasətinin Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurası tərəfindən uğurla koordinasiya olunduğunu vurğulayıb. Qeyd edib ki, Milli Məclis hüquqi bazanı ardıcıl olaraq möhkəmləndirir, elektron sənəd dövriyyəsi, elektron səsvermə və qanunvericilik izləmə sistemlərindən fəal istifadə edir. O bildirib ki, qəbul edilən yeni qanunvericilik aktları ictimai müzakirələrin və parlament dinləmələrinin də elektron formatda keçirilməsinə tam hüquqi zəmin yaradır.
Qlobal texnoloji rəqabətin sürətlə artdığı bir dövrdə ölkələrin öz məlumatlarını, rəqəmsal infrastrukturunu, texnoloji imkanlarını və insan kapitalını qoruması milli təhlükəsizliyin də mühüm istiqamətinə çevrilir.
Rəqəmsal xidmətlərin və informasiya sistemlərinin genişlənməsi yeni imkanlarla yanaşı, yeni risklər də yaradır. Məlumatların qorunması, informasiya sistemlərinin təhlükəsizliyi və kritik rəqəmsal infrastrukturun mühafizəsi dövlət üçün strateji əhəmiyyət daşıyır.
Bu səbəbdən kibertəhlükəsizliyin rəqəmsal inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi məntiqi nəticədir. Rəqəmsal dövlət etibarlı və təhlükəsiz olmalıdır. Vətəndaşın dövlətin rəqəmsal xidmətlərinə inamı onun şəxsi məlumatlarının və hüquqlarının necə qorunmasından da asılıdır. Deməli, rəqəmsal inkişaf və kibertəhlükəsizlik bir-birini tamamlayan istiqamətlərdir.
Ölkəmiz artıq rəqəmsal dünyanın sadəcə istifadəçisi deyil, onun imkanlarından milli inkişaf məqsədləri üçün daha geniş şəkildə yararlanmağa çalışan və öz texnoloji potensialını formalaşdıran dövlət kimi çıxış edir. Qarşıdakı illərin əsas hədəfi bu potensialı daha da gücləndirmək, rəqəmsal transformasiyanın bütün sahələrdə real nəticələrini təmin etmək və Azərbaycanın yeni texnoloji reallıqlarda rəqabət qabiliyyətini daha da artırmaqdır.
Rəqəmsal gələcək bu gün qəbul edilən qərarlarda, yaradılan sistemlərdə, hazırlanan mütəxəssislərdə və tətbiq olunan innovasiyalarda formalaşır. Azərbaycanın rəqəmsal inkişaf üzrə müəyyən etdiyi yeni kurs isə həmin gələcəyə sistemli, məqsədyönlü və milli maraqlara əsaslanan şəkildə hazırlanmaq iradəsini nümayiş etdirir.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"