09 Sentyabr 2026 08:40
242
CƏMİYYƏT
A- A+
Rəqəmsallaşma müəlliflik hüququnun sonu yox, yeni mərhələsidir

Rəqəmsallaşma müəlliflik hüququnun sonu yox, yeni mərhələsidir


Rəqəmsallaşma və son illərin ən mühüm texnoloji yeniliklərindən biri olan süni intellekt bəşəriyyət üçün misilsiz imkanlar yaratdığı qədər bir sıra aktual suallar da doğurur. Bu sualların ən əhəmiyyətlilərindən biri müəlliflik hüququ ilə bağlı məsələdir. Çünki süni intellekt yaradıcılıq prosesinin xarakterini və sərhədlərini dəyişdiyindən müəlliflik hüququ yeni çağırışlarla üz-üzə qalır.

Ənənəvi yaradıcılıq prosesində hər əsərin arxasında, bir qayda olaraq, onu yaradan konkret insan dayanırdı və müəllifliyin müəyyənləşdirilməsində həmin şəxsin yaradıcı töhfəsi əsas meyarlardan biri hesab olunurdu. Onun ideyası, zəhməti, istedadı və yaradıcılığı əsərin müəllifliyini müəyyən edən əsas meyarlar idi. Bu gün isə generativ süni intellektin inkişafı ilə vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Bir neçə saniyə ərzində süni intellektə verilən sadə bir tapşırıqla mətn, musiqi, illüstrasiya, foto, video, hətta mürəkkəb dizayn nümunəsi yaratmaq olur. Bu zaman ortaya çıxan məhsulun müəllifi ilə bağlı suallara aydınlıq gətirmək o qədər asan deyil. Burada əsas sual yalnız nəticənin kimin tərəfindən yaradılması deyil, insanın həmin nəticənin formalaşmasında hansı səviyyədə və xarakterdə yaradıcı töhfə verməsidir. Bu əsər insana aid yaradıcılıqdır, yoxsa maşının yaratdığı nəticə? İnsanın süni intellektdən istifadə etməklə yaratdığı nəticə hansı hallarda müəlliflik hüququ ilə qoruna bilər? Əsərin konkret müəllifi kimdir? Süni intellektin özü müəllif hesab edilə bilərmi? Süni intellektin təlimi zamanı istifadə olunan milyonlarla kitab, məqalə, şəkil və musiqi nümunəsinin müəlliflərinin hüquqları necə qorunmalıdır?.. 

Burada texnologiyanın sürəti hüququn sürətini qabaqlayır. Məhz buna görə rəqəmsallaşma, süni intellekt və müəlliflik hüququ məsələsi artıq yalnız hüquqşünasların, proqramçıların və yaradıcı insanların müzakirə etdiyi dar ixtisas mövzusu deyil. Onlar bu çərçivədən çıxaraq informasiya cəmiyyətinin gələcəyinə, kreativ iqtisadiyyatın inkişafına, müəlliflərin və digər hüquq sahiblərinin maraqlarının qorunmasına və insan yaradıcılığının dəyərinin müəyyənləşdirilməsinə birbaşa təsir göstərən strateji məsələyə çevrilib.


Yaradıcılıqda yeni mərhələ


Rəqəmsallaşma ilk növbədə müəllif üçün böyük imkanlar yaradıb. Əvvəllər kitabını nəşr etdirmək üçün nəşriyyata, musiqisini yaymaq üçün prodüserə, filmini nümayiş etdirmək üçün distribütora ehtiyac duyan yaradıcı insan bu gün öz məhsulunu birbaşa auditoriyaya çox rahatlıqla çatdıra bilir. Sosial şəbəkələr, rəqəmsal platformalar, elektron kitablar, müvafiq rəqəmsal xidmətlər və onlayn media yaradıcı məhsulların yayılma coğrafiyasını praktik olaraq sərhədsizləşdirir. Yəni bu gün müəlliflə onun auditoriyası arasında əvvəllər mövcud olan bir çox vasitəçi halqalar aradan qalxıb. 

Amma imkan artdıqca risk də artır. Bir əsəri internetdə yerləşdirmək onu bütün dünyaya təqdim etmək deməkdir. Eyni zamanda həmin əsərin icazəsiz köçürülməsi, dəyişdirilməsi, kommersiya məqsədilə istifadəsi və müəllifin adı göstərilmədən yayılması da asanlaşıb. Beləliklə, rəqəmsal mühit müəllifə bir tərəfdən görünməmiş auditoriya qazandırırsa, digər tərəfdən, onun əsər üzərində nəzarət imkanlarını da zəiflədir. Yaradıcı məhsulun yayılmasının asanlaşması onun qorunması məsələsini də eyni dərəcədə aktuallaşdırır. Bu ziddiyyət süni intellekt dövründə daha da kəskinləşməkdədir.

Süni intellekt müəlliflik anlayışını dəyişir. Generativ süni intellektin meydana çıxması ilə ənənəvi "müəllif-əsər" münasibətinə üçüncü bir element - alqoritm (hər hansı bir problemin həlli üçün addımlar ardıcıllığı) əlavə olunub. Bu münasibət əsasında insan ideyanı verir, süni intellekt həmin ideyanı mətnə, təsvirə, musiqiyə və ya videoya çevirir. Bəzən insanın müdaxiləsi çox məhdud olur, bəzənsə istifadəçi nəticəni dəfələrlə dəyişdirir, seçir, redaktə edir və öz yaradıcılıq yanaşmasını əsərə daxil edir. Nəticədə eyni texnologiyadan istifadə etməklə ortaya çıxan iki məhsulun müəlliflik baxımından hüquqi statusu tamamilə fərqli ola bilir. Bu iki vəziyyəti eyni hüquqi çərçivədə qiymətləndirmək çətindir.

Əgər insan, sadəcə, "mənə bir şəkil yarat" deyib nəticəni olduğu kimi istifadə edirsə, burada insanın yaradıcı töhfəsinin miqyası sual doğurur. Amma əgər rəssam süni intellektdən yalnız alət kimi istifadə edir, kompozisiyanı qurur, obrazları seçir, nəticəni dəyişir, redaktə edir və əsərə öz yaradıcı yanaşmasını gətirirsə, onda insanın müəllif kimi rolu daha aydın görünür. Deməli, əsas məsələ süni intellektin hansı imkanlara malik olması deyil, insanın həmin imkanlardan necə və hansı səviyyədə yararlanmasıdır.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin mövcud yanaşması da məhz insan yaradıcılığını əsas götürür: insanın iştirakı olmadan süni intellekt tərəfindən yaradılan nəticə müəlliflik hüququ ilə qorunan əsər hesab edilmir, insanın yaradıcı töhfəsi olduğu halda isə hüquqi qiymətləndirmə həmin töhfə üzərindən aparılır. Bu yanaşmanın arxasında sadə, amma fundamental fikir dayanır: müəlliflik hüququnun mərkəzində maşın deyil, insan olmalıdır.

Texnologiya dəyişə, yaradıcılıq alətləri yenilənə, hətta əsərin yaranma prosesi əvvəlkindən tamamilə fərqli ola bilər. Lakin müəlliflik hüququnun qarşısında duran əsas sual dəyişmir: əsərin arxasında insanın yaradıcı iradəsi varmı? 

Məhz bu sual rəqəmsal və süni intellekt dövründə müəlliflik anlayışının gələcəyini müəyyən edəcək. Çünki süni intellekt əsər yarada bilər, lakin müəlliflik hüququnun qoruduğu dəyərin mərkəzində hələ də insan yaradıcılığı dayanır.


Süni intellekt hansı mənbələrdən qidalanır?


Məsələnin digər və bəlkə də daha mürəkkəb tərəfi isə süni intellektin özünün necə öyrədilməsidir. Böyük dil modelləri, təsvir yaradan sistemlər və digər generativ süni intellekt alətləri çox böyük həcmdə məlumat üzərində təlim keçirlər. Bu məlumatlar içərisində kitablar, məqalələr, fotoşəkillər, rəsm əsərləri, musiqi, film və digər müəlliflik hüququ ilə qorunan materiallar ola bilər. Bunu nəzərə aldıqda belə bir fundamental suala cavab axtarmaq lazım gəlir: bir müəllifin əsəri onun icazəsi olmadan süni intellekt sisteminin təlimində istifadə edilə bilərmi? Əgər edilirsə, bunun hansı şərtlərlə mümkün olması müəyyənləşdirilməlidir. Əgər müəllifin icazəsi tələb olunursa, bunu milyonlarla əsərə münasibətdə necə həyata keçirmək olar? Müəllifə kompensasiya ödənilməlidirmi, ödəniləcəksə, mexanizm necə qurulmalıdır? Ekspertlərin fikrincə, bu sualların cavabı, təəssüf ki, hələ formalaşmayıb.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının da son illər süni intellekt və müəlliflik hüququ mövzusuna xüsusi diqqət yetirməsi təsadüfi deyil. Təşkilatın müzakirələrində generativ süni intellekt üçün təlim məlumatları, hüquqların idarə olunması, müəllifliyin müəyyənləşdirilməsi və yaradıcıların kompensasiyası əsas məsələlər sırasında yer alır.

Azərbaycanın rəqəmsal inkişaf siyasətində süni intellekt artıq ayrıca strateji istiqamət kimi müəyyənləşdirilib. 2025-ci ilin yanvarında təsdiqlənmiş Rəqəmsal İnkişaf Konsepsiyası rəqəmsal transformasiyanın sürətləndirilməsini və dövlət xidmətlərindən iqtisadiyyata qədər müxtəlif sahələrdə rəqəmsal həllərin inkişafını nəzərdə tutur.

Məlum olduğu kimi, 2025-ci ilin martında Azərbaycanın 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası təsdiqlənib. Strategiyanın əsas məqsədləri sırasında süni intellekt üzrə tədqiqatların təşviqi, infrastrukturun əlçatanlığının təmin edilməsi, informasiya texnologiyalarının və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, ixtisaslı kadr potensialının gücləndirilməsi yer alır. 2026-cı ilin fevralında isə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində dövlət siyasətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə  Rəqəmsal İnkişaf Şurası yaradılıb. 

Bütün bunlar göstərir ki, Azərbaycan süni intellekt əsrində yalnız texnoloji imkanlardan yararlanmağa deyil, həm də öz intellektual kapitalını qorumağa, bu kapital əsasında yeni dəyərlər yaratmağa çalışır. Bu məsələ ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. 

Dövlət dilimiz olan Azərbaycan dilinin qlobal internet məkanında zəngin məlumat bazasına malik olması, eləcə də süni intellekt sistemlərinin Azərbaycan dilində daha keyfiyyətli işləməsi üçün böyük həcmdə milli dil resurslarına - kitablar, məqalələr, media materialları, elmi mətnlər, lüğətlər, audio və video kontentə ehtiyac var. Burada məqsəd yalnız məlumatı süni intellekt alətləri üçün əlçatan etmək olmamalıdır. Məlumatın hüquqi statusu, istifadə şərtləri və müəllifin razılığı da bu rəqəmsal ekosistemin ayrılmaz hissəsinə çevrilməlidir.

Azərbaycan dilində keyfiyyətli rəqəmsal korpusların yaradılması, müəlliflik hüququ ilə qorunan əsərlərin qanuni istifadəsi üçün lisenziyalaşdırma mexanizmlərinin qurulması bu baxımdan strateji əhəmiyyət daşıyır. Əslində, qarşıdakı əsas vəzifələrdən biri məhz bu iki tələbi - süni intellektin inkişafı üçün zəngin milli məlumat bazasının formalaşdırılmasını və müəllif hüquqlarının etibarlı qorunmasını - bir-birinə qarşı qoymadan uzlaşdırmaqdır. Milli rəqəmsal kontent nə qədər zəngin olarsa, süni intellekt sistemlərinin Azərbaycan dilində imkanları da bir o qədər genişlənəcək. Lakin bu zənginliyin davamlı olması üçün onu yaradan müəllifin hüquqları da eyni dərəcədə qorunmalıdır.

Beləliklə, süni intellektin gələcəyi təkcə texnologiyanın nə qədər "ağıllı" olmasından deyil, onun hansı məlumatlardan qidalandığından və həmin məlumatların hüquqi, etik və ədalətli şəkildə necə istifadə edilməsindən də asılı olacaq.


Nə etməli?


Mövcud çağırışların ən mühümlərindən biri qanunvericiliyin texnologiyanın sürətinə uyğunlaşdırılmasıdır. Məsələ burasındadır ki, mövcud müəlliflik hüququ sistemi əsrlərdir ki, insan yaradıcılığı üzərində qurulub. Generativ süni intellekt isə yeni hüquqi münasibətlər meydana çıxarır. Azərbaycanın Süni İntellekt Strategiyasında da normativ-hüquqi bazanın təkmilləşdirilməsi və süni intellekt haqqında qanunun qəbul edilməsi istiqamətində tədbirlər nəzərdə tutulur. 

Daha bir problem müəllifin əsərinin süni intellekt təlimində istifadəsi və bu zaman əqli mülkiyyət hüququnun qorunmasıdır. Problemlərdən biri də süni intellektin özünün yaratdığı məhsulun hüquqi statusudur. Digər problem saxta və manipulyativ kontentdir. "Deepfake" texnologiyaları artıq insanın səsini, görüntüsünü və danışığını olduğu kimi təqlid etməyə imkan verir. Bu isə yalnız müəlliflik hüququ deyil, şəxsi toxunulmazlıq, reputasiya, kommersiya hüquqları və informasiya təhlükəsizliyi məsələlərini də gündəmə gətirir.

Mütəxəssislərin fikrincə, əsas problem  yaradıcı əməyin iqtisadi dəyərinin qorunmasıdır. Əgər bazarda eyni işi daha sürətli və daha ucuz şəkildə süni intellektlə yaratmaq mümkündürsə, uzun illər konkret sahələrdə təhsil alaraq özünü inkişaf etdirmiş, müəyyən yaradıcılıq sahələrində səriştələr qazanmış rəssamların, yazıçıların, bəstəkarların, dizaynerlərin, jurnalistlərin və başqalarının əməyinin bazar dəyəri necə qorunacaq? Bu suala veriləcək cavab yalnız hüquqi yox, həm də iqtisadi və mədəni əhəmiyyət daşıyır.

Burada həll yolu texnologiyanı məhdudlaşdırmaq yox, qaydaları yeniləməkdən keçir. Süni intellektin inkişafının qarşısını almaq real və arzuolunan seçim deyil. Əksinə, süni intellekt həlləri Azərbaycan iqtisadiyyatının məhsuldarlığının artırılması, dövlət xidmətlərinin təkmilləşdirilməsi, təhsil, elm, səhiyyə və kreativ sənayelərin inkişafı üçün böyük imkanlar yaradır. Bu halda görüləcək əsas iş ədalətli və işlək qaydalar formalaşdırmaqdır. Bunun üçün, ilk növbədə, süni intellekt və müəlliflik hüququ üzrə ayrıca hüquqi çərçivə formalaşdırılmalı, insanın yaradıcı töhfəsinin müəyyənləşdirilməsi, süni intellektlə yaradılmış əsərlərin statusu, təlim məlumatlarının istifadəsi və müəlliflərin hüquqlarının qorunması aydınlaşdırılmalıdır. Digər tərəfdən, yaradıcı kontentin süni intellekt sistemlərində istifadəsi üçün şəffaf lisenziyalaşdırma mexanizmləri yaradılmalıdır. Müəllif öz əsərinin hansı məqsədlə istifadə edilməsinə razılıq verə və bundan iqtisadi fayda əldə edə bilməlidir. 

Rəqəmsal əsərlərin mənşəyinin müəyyənləşdirilməsi üçün texnoloji həllərin inkişaf etdirilməsi də əhəmiyyətli məqamdır. Məsələn, rəqəmsal nişanlar, metadata, məzmunun mənşəyini göstərən texnologiyalar və etibarlı qeydiyyat sistemləri gələcəkdə mühüm rol oynaya bilər. Müəlliflərin və yaradıcı sənaye nümayəndələrinin süni intellekt savadlılığının artırılmasına da ehtiyac var. Yazıçı, jurnalist, bəstəkar, dizayner və digər yaradıcı peşə sahibləri süni intellektdən yalnız istifadə etməyi deyil, öz hüquqlarını qorumağı da bilməlidir.

Eyni zamanda Azərbaycan dilində milli rəqəmsal resursların yaradılması sürətləndirilməli, həmçinin bu resursların formalaşdırılması müəlliflik hüququnun qorunması ilə paralel aparılmalıdır. Dövlət qurumları, texnologiya şirkətləri, yaradıcı sənayelər, hüquqşünaslar və müəlliflər arasında daimi dialoq mexanizminin qurulmasına da ehtiyac vardır. Çünki bu sahədə qaydaları yalnız bir tərəfin müəyyən etməsi mümkün görünmür.


İnsanın rolu


Əslində, süni intellekt və müəlliflik hüququ ətrafında gedən müzakirələrin mərkəzində texnologiyadan çox daha fundamental bir sual durur: insan yaradıcılığının dəyəri nədir? Süni intellekt saniyələr ərzində mətn yaza, şəkil yarada və musiqi bəstələyə bilər. Amma bu, insanın yaradıcılıq missiyasını aradan qaldırmır. Əksinə, insanın qarşısında yeni vəzifə qoyur. Bu yeni vəzifə maşının edə bildiyi işi təkrarlamaq yox, maşının imkanlarından istifadə etməklə yeni ideyalar və məzmun yaratmaqdır. Gələcəyin yaradıcısı süni intellekti öz yaradıcılığının alətinə çevirə bilən, amma yaradıcılığın özünü maşına həvalə etməyən insan olacaq. Bu mənada rəqəmsallaşma müəlliflik hüququnun sonunu deyil, onun yeni mərhələsini gətirir.

Azərbaycan üçün də qarşıda bununla bağlı mühüm seçim var: rəqəmsal dünyada yalnız texnologiyadan istifadə edən ölkə olmaq, yoxsa öz intellektual kapitalını, milli kontentini və yaradıcı potensialını qoruyan, onların əsasında yeni iqtisadi dəyər yaradan ölkəyə çevrilmək? Azərbaycan dövləti son illər görülən ardıcıl işlərlə məhz ikinci istiqamətə doğru irəliləmək üçün mühüm addımlar atıb.

Gələcəyin əsas sərvəti neft, qaz və hətta məlumatın özü deyil. Əsas sərvət həmin məlumatdan yeni fikir, yeni məhsul və yüksək əlavə dəyər yarada bilmək qabiliyyətidir. Süni intellekt bu qabiliyyəti əvəz edə bilərmi? Bəlkə də müəyyən sahələrdə yaradıcılıq prosesinin böyük hissəsini öz üzərinə götürməyi bacarır. Amma insanın ideya yaratmaq, məna vermək və məsuliyyət daşımaq qabiliyyəti hələ də əvəzolunmaz olaraq qalır. Məhz buna görə süni intellekt dövrünün ən mühüm müəlliflik hüququ prinsipi bəlkə də belə səslənməlidir: texnologiya yaradıcılığın vasitəsi ola bilər, amma yaradıcılığın mərkəzində insan dayanmalıdır.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Neftçalanın Şirvanlı kəndində Xəzərin sahili təmizliyə çıxdı

11:05
09 Sentyabr

Hindular Eyfeli ziyarət zamanı orada çalışan qadın işçiləri görmək istəməyiblər

11:00
09 Sentyabr

Mahir vokal ifaçısı

10:55
09 Sentyabr

İsrafdan uzaq olaq 

10:50
09 Sentyabr

Gədəbəyin balı da adı ilə tanınır

10:45
09 Sentyabr

Əmin-amanlıq, diqqət və firavanlıq

10:40
09 Sentyabr

Əlilliyi olan şəxslər Qubaya səfər ediblər

10:35
09 Sentyabr

"Conder"lər start xəttindədir

10:30
09 Sentyabr

Onlayn kreditlər və hüquqi məsuliyyət - Ali Məhkəmədən vətəndaşlara tövsiyələr

10:20
09 Sentyabr

DİN AMERİPOL-da müşahidəçi statusu qazanıb

10:10
09 Sentyabr

Süni intellekt səhiyyənin sərhədlərini genişləndirir

10:00
09 Sentyabr

Ümid ünvanı

09:50
09 Sentyabr

Azərbaycanın gələcək mühəndislərinə BP-nin növbəti hədiyyəsi

09:40
09 Sentyabr

1100-dən çox işçiyə uşağının doğulması ilə bağlı ödənişli atalıq məzuniyyəti verilib

09:30
09 Sentyabr

Bakı, Naxçıvan və Gəncə hava limanları 8 ayda 5,7 milyondan çox sərnişinə xidmət göstərib

09:20
09 Sentyabr

Dövlət büdcəsinin gəlirləri proqnozu 3 faiz üstələyib

09:10
09 Sentyabr

Yeni subsidiya mexanizmləri aqrar sektorda daha böyük imkanlara qapı açır

09:00
09 Sentyabr

Gələcəyə doğru...

08:50
09 Sentyabr

Rəqəmsallaşma müəlliflik hüququnun sonu yox, yeni mərhələsidir

08:40
09 Sentyabr

TBMM-in nümayəndə heyəti Milli Məclisdə 

08:30
09 Sentyabr

Revanşistlərin ucuz şousu

08:20
09 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!