Həftəsonu hindu dini nümayəndə heyəti Eyfelə gəlməzdən əvvəl qüllənin qadın işçilərindən gözə görünməmələri tələb edilib. Bu, qalmaqala səbəb olub. Yalnız abidənin işçiləri deyil, həm də siyasətçilər qəzəbləniblər. Milli Assambleyanın sədri bildirib ki, Fransada heç kim qadınlara görünməz olmağı deyə bilməz.
Ötən şənbə günü "Bochasanvasi Akshar Purushottam Swaminarayan Sanstha" (BAPS) adlı hindu təşkilatı ilə əlaqəli təxminən 100 nəfərlik bir qrup Paris abidəsini ziyarət edib. Həmkarlar ittifaqının nümayəndəsi Diana Davoine Fransa televiziyasına bildirib ki, "nümayəndə heyətinin səfəri zamanı qadınlardan iş yerlərini kişilərə təhvil vermələri tələb olunub". Eyfel qülləsinin əməkdaşları açıqlamasında "qadın işçilərin cinsi mənsubiyyətlərinə görə işdən uzaqlaşdırılmasına, dəyişdirilməsinə və görünməz hala gətirilməsinə səbəb olan peşəkar təlimatlar" adlandırdıqları tapşırıqları qınayıblar.
Abidəni idarə edən SETE şirkəti hindu nümayəndə heyətinin dini səbəblərə görə "qadınlarla qarşılıqlı əlaqəni" məhdudlaşdıracaq bir səyahət təşkil olunmasını xahiş etdiyini bidirib və əlavə edib ki, bu cür şərtlər qəbul olunmamalı idi.
Bazar ertəsi yayımlanan açıqlamada Parisdəki BAPS təşkilatı qaldırılan məsələlərə son dərəcə ciddi yanaşdığını və yaradılmış hər hansı bir ağrı və ya narahatlığa görə üzr istədiyini bildirib.
BAPS öz veb saytında özünü hindu dəyərlərinə əsaslanan "cəmiyyətin yaxşılaşdırılmasına sadiq olan könüllülərin mənəvi icması" kimi təsvir edir. Təşkilat London, Los-Anceles və Sidney də daxil olmaqla dünyanın bir neçə irişəhərlərində böyük məbədlər açıb.
Sosial media "X"də paylaşım edən Paris meri Emmanuel Qrequar, Eyfel qülləsi işçiləri arasında baş verən qəzəbdən xəbərdar olduğunu və bu cür şərtlərə razılaşmağın qəbuledilməz olduğunu vurğulayıb. O, "bunlar mənim dəyərlərim deyil, hər kəsin qadın və kişi arasında fərq qoymadan sərbəst hərəkət edə biləcəyi Eyfel qülləsinə rəhbərlik etməli olan dəyərlər də deyil", - deyə yazıb və hadisə ilə bağlı araşdırma başladacağını əlavə edib.
Milli Assambleyanın Sədri Yael Braun-Pivet də hadisəni qınayıb: "Qadınlara xarici qonaqların tələblərini ödəmək üçün kənara çəkilmələri deyildiyini qəbul etməkdən imtina edirəm. Qonaqpərvərlik heç vaxt dəyərlərimizdən imtina etmək demək deyil. Fransada qadınlar ictimai həyatda tam iştirak edirlər. Heç kim onlara görünməz olmağı demir". İfrat sağçı "Milli Birlik" siyasi partiyasının lideri Marin Le Pen isə deyib: "Fransada qadınların mövcudluğunun "məhdud" olmasını heç vaxt qəbul etməyəcəyik".
Eyfel qülləsinin veb saytında abidənin bazar ertəsi müstəsna hallar səbəbindən bağlandığı bildirilib. Artıq bilet alan ziyarətçilərə elektron poçtlarını yoxlamaları tövsiyə edilib və hər hansı bir narahatlığa görə üzr istəyiblər.
Son məlumata əsasən, çərşənbə axşamı Eyfel ziyarətçilər üçün yenidən açılıb.
Rizvan CƏFƏROV,
"Azərbaycan"